Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2913/2025 06.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli 341322-CNS-63386 saylı “Kredit borcun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən xx.xx.2025-ci il tarixə Banka borclu olduğu 5971,09 manat məbləğində əsas borc, 312,65 manat məbləğində faiz borcu, ümumilikdə isə 6283,74 manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 82,84 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli 341322-CNS-63386 saylı “Kredit borcunun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli 341322-1-32761 saylı kredit müqaviləsi üzrə Banka xx.xx.2025-ci il tarixə mövcud olan borcu kapitallaşdırılmış və Cavabdeh 5971,09 manat məbləğində borcu illik 13 faiz hesablanması şərti ilə 36 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2025-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka ümumilikdə 6283,74 manat məbləğində borcu qalmışdır. Borc üzrə cərimə tətbiq edilməmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “kredit alan”ın vəzifəsidir. Tərəflərin izahatları: Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, ilkin krediti istehlak məqsədilə öz adından götürmüş, 2 ay işsiz qaldığı üçün ödənişlərdə problem yaranmış, o da bank əməkdaşları ilə danışıb onlara ailə vəziyyəti ilə əlaqədar ödəniş edə bilmədiyini bildirmiş, onlar da mədəniyyətsiz şəkildə ana-atasını təhdid etdiklərinə görə əsəbləşib məhkəməyə verilməsini tələb etmişdir. İndi o, dövlət işində işləyir, 780 manat əmək haqqı alır, kirayə və kommunal xərclərə aylıq 550 manat pul ödəyir, qalan pul ilə kreditləri ödəməyə gücü çatmır. Ancaq banka borcunu heç vaxt ödəməyəcəyini bildirməmişdir. Faizlər dayansa, az-az ödəyə bilər. O, 23 iyul 2025-ci il tarixdən sonra ödəniş etməmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddiaçı elektron qaydada ərizələr verərək bildirmişdir ki, iddia ərizəsini müdafiə edir, iş yükünün çox olması ilə əlaqədar olaraq, Bankın nümayəndəsinin məhkəmə iclasında iştirakı üzrlü səbəbdən mümkün olmayacaqdır. Bununla əlaqədar olaraq, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli 341322-CNS-63386 saylı Kredit borcunun restrukturizasiyasına dair müqaviləsinə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli 341322-1-32761 saylı kredit müqaviləsi üzrə Banka xx.xx.2025-ci il tarixə mövcud olan borcu kapitallaşdırılmış və Cavabdeh 5971,09 manat məbləğində borcu illik 13 faiz hesablanması şərti ilə 36 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu Cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyə əməl etməyib, öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə banka borcu yaranmışdır. İddiaçı ASC-nin xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, müqavilə üzrə borclunun banka 5971,09 manat əsas, 312,65 manat faiz borcu olmaqla, cəmi 6283,74 manat məbləğində borcu vardır. İddiaçı "Bank VTB (Azərbaycan)” ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, iddiaçı cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi ilə əlaqədar borcun vaxtından əvvəl qaytarılmasını tələb etmiş, bununla da öhdəliklərin lazımi qaydada icra edilməməsi ilə əlaqədar müqavilədən imtina etməsi ilə bağlı iradə ifadəsini qarşı tərəfə bildirmişdir. Odur ki, həmin tarixdən mübahisəli kredit müqaviləsinə birtərəfli qaydada xitam verildiyindən iddiaçı yalnız həmin tarixədək olan müqavilə üzrə hesablanmış (xx.xx.2025-ci il tarixli bildirişdə göstərilən məbləğdə), yəni 312,65 manat faiz borcunu tələb etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, işdə iştirak edən şəxsin izahatını dinləyib araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 739.1-ci, 739.3-cü, 448.1-ci maddələrinə əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. Qeyd edilənlərlə müəyyən olundu ki, borclu Cavabdeh İddiaçı ASC ilə arasında bağlanmış Kredit müqaviləsinə əsasən üzrə götürdüyü öhdəliyə əməl edib krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və digər xərcləri ödəməli, cavabdehdən iddiaçının xeyrinə 5971,09 manat əsas borc, 312,65 manat faiz borcu olmaqla, ümumilikdə 6283,74 manat məbləğində kredit borcu tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 82,84 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli, 341322-CNS-63386 saylı müqaviləyə əsasən 5971,09 manat əsas borc, 312,65 manat faiz borcu olmaqla, cəmi 6283,74 manat məbləğində borc və ödənilmiş 82,84 manat dövlət rüsumunun əvəzi "Bank VTB (Azərbaycan)" ASC-nin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-2913/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2913/2025
06.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver