Məhkəmə qərarları › İş №e-2(007)-2924/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2924/2025

27.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2924/2025 27.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 Baləsər oğlu, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələbi üzrə mülki iş (Açar sözlər: “kredit borcu, zaminliyə xitam”) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 Baləsər oğlu, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1 Baləsər oğlu, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xeyrlərinə 9423.84 manat əsas, 4703.29 manat faiz borcu, 2951.4 manat cərimə borcu və 142 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış 01MK001520 saylı, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 26 % dərəcəsi ilə 10000 manat məbləğində kredit verilmişdir. Əlavə olaraq, kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 ilə aralarında bağlanmış 01MK001520-Z saylı, xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsi və Cavabdeh3 ilə aralarında bağlanmış 01MK001520—1 saylı, xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsinə əsasən zaminlər kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərlərinə götürmüşlər. Bundan başqa xx.xx.2021-ci il tarixində Cavabdeh1 ilə aralarında bağlanmış 01MK001520 saylı, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə edilmiş 2 saylı əlavə üzrə kredit müqaviləsinin tarixi xx.xx.2024-cü il tarixinədək uzadılmışdır. Eyni zamanda xx.xx.2021-ci il tarixində zaminlər Cavabdeh2 və Cavabdeh3 ilə aralarında bağlanmış zaminlik müqavilələrinə edilmiş 1 saylı əlavə üzrə zaminlik müqavilələrinin tarixi xx.xx.2025-ci il tarixindədək uzadılmışdır. Lakin cavabdehlər müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduqları kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdirlər. Nəticədə cavabdehlərin "xxxx" BOKT MMC-yə 9423.84 manat əsas, 4703.29 manat faiz borcu, 2951.4 manat cərimə borcu yaranmışdır.

İş materialları :

3. İddiaçı "xxxx" MMC ilə Cavabdeh1 Baləsər oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli 01MK001520 nömrəli kredit müqaviləsindən görünür ki, “BOKT” 10000 manat məbləğində pul vəsaitini illik 26% dərəcəsiylə “Kredit alan”a verməyi, “Kredit alan” isə krediti 24 ay müddətinə “Müqavilə”nin şərtlərinə uyğun olaraq “Bokt”a geri qaytarmağı öhdəsinə öhdəsinə götürmüşdür.

4. İddiaçı "xxxx" MMC ilə Cavabdeh1 Baləsər oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli 01MK001520 nömrəli kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 Baləsər oğlu xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixədək hər ay 539 manat, sonuncu ay 536.02 manat ödəmək şərtilə, 10000 manat əsas, 2933.02 manat faiz borcu olmaqla, cəmi 12933.02 manat ödəniş etməlidir.

5. İddiaçı "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2020-ci il tarixli 01MK001520-Z nömrəli zaminlik müqaviləsindən görünür ki, “BOKT” ilə “Kredit alan” arasında 23 yanvar 2020-ci il tarixində bağlanmış Kredit Müqaviləsinə əsasən, “Kredit alan” “Bokt” qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək “Zamin” “Kredit alan”la birlikdə “Bokt” qarşısında eyni həcmdə, birgə və bütün əmlakı ilə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. “Zamin” tərəfindən “müqavilə” üzrə təminat altına alınan tələb limiti 10000 manat təşkil edir.

6. İddiaçı "xxxx" MMC ilə Cavabdeh3 arasında bağlanılmış xx.xx.2020-ci il tarixli 01MK001520-Z-1 nömrəli zaminlik müqaviləsindən görünür ki, “BOKT” ilə “Kredit alan” arasında 23 yanvar 2020-ci il tarixində bağlanmış Kredit Müqaviləsinə əsasən, “Kredit alan” “Bokt” qarşısında öz ödhəliklərini tam yerinə yetirənədək “Zamin” “Kredit alan”la birlikdə “Bokt” qarşısında eyni həcmdə, birgə və bütün əmlakı ilə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. “Zamin” tərəfindən “müqavilə” üzrə təminat altına alınan tələb limiti 10000 manat təşkil edir.

7. İddiaçı "xxxx" MMC ilə Cavabdeh1 Baləsər oğlu arasında 05 iyul 2021-ci il tarixində bağlanmış “xx.xx.2020-ci il tarixli 01MK001520 nömrəli kredit müqaviləsinə 2 saylı əlavə”dən görünür ki, xx.xx.2020-ci il tarixli 01MK001520 nömrəli kredit müqaviləsi xx.xx.2024-cü il müddətinə qədər uzadılmış və ödəniş qrafiki həmin aylara görə hesablanmışdır. Müqavilənin digər şərtləri dəyişdirilmədən saxlanılmışdır.

8. İddiaçı "xxxx" MMC ilə Cavabdeh1 Baləsər oğlu arasında 05 iyul 2021-ci il tarixində bağlanmış “xx.xx.2020-ci il tarixli 01MK001520 nömrəli kredit müqaviləsinə 1 saylı əlavə”dən görünür ki, Cavabdeh1 Baləsər oğlu xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixədək hər ay 482 manat, sonuncu ay 470 manat ödəmək şərtilə, 11957.64 manat əsas, 5382.68 manat faiz borcu olmaqla, cəmi 17340.22 manat ödəniş etməlidir.

9. İddiaçı "xxxx" MMC ilə Cavabdeh2 arasında 05 iyul 2021-ci il tarixində bağlanılmış “xx.xx.2020-ci il tarixli 01MK001520 saylı Zaminlik müqaviləsinə 1 saylı əlavə”dən görünür ki, bu Əlavə qüvvəyə mindiyi tarixdən Müqavilənin bağlı olduğu 01MK001520 saylı, xx.xx.2020-ci il tarixli Kredit müqaviləsi üzrə Borcalanın kredit müqaviləsi xx.xx.2024-cü il müddətinə uzadılmışdır. Ödəniş qrafiki həmin aylara görə hesablanmışdır.

10. İddiaçı "xxxx" MMC ilə Cavabdeh3 arasında 05 iyul 2021-ci il tarixində bağlanılmış “xx.xx.2020-ci il tarixli 01MK001520 saylı Zaminlik müqaviləsinə 1 saylı əlavə”dən görünür ki, bu Əlavə qüvvəyə mindiyi tarixdən Müqavilənin bağlı olduğu 01MK001520 saylı, xx.xx.2020-ci il tarixli Kredit müqaviləsi üzrə Borcalanın kredit müqaviləsinin müddəti xx.xx.2024-cü il müddətinə uzadılır. Ödəniş qrafiki həmin aylara görə hesablanmışdır.

11. İddiaçı "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2025-cİ tarixli maliyyə arayışından görünür ki, "xxxx" MMC ilə Cavabdeh1 Baləsər oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli 01MK001520 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə müqavilə üzrə 9423.84 manat əsas borc, 4703.29 manat faiz borcu, 2951.40 manat cərimə olmaqla, cəmi 17078.99 manat borc vardır.

12. İddiaçı "xxxx" MMC tərəfindən təqdim edilmiş Cavabdeh1 Baləsər oğluna məxsus hesabdan xx.xx.2021-xx.xx.2023 dövrü əhatə edən çıxarışdan görünür ki, hesab üzrə sonuncu dəfə xx.xx.2023-cü il tarixində ödəniş edilmişdir. Cavabdeh tərəfindən 8128.01 manat ödəniş edilmiş, həmin vəsaitin 2503.80 manat əsas borcdan, 4874.63 manat faiz borcundan, 749.58 manat cərimdən silinmiş, borc qalığı 10165.70 manat təşkil edir.

13. İddiaçı "xxxx" MMC tərəfindən təqdim edilmiş Cavabdeh1 Baləsər oğluna məxsus hesabdan 02 iyul 2025-ci il tarixli çıxarışdan görünür ki, Cavabdeh1 Baləsər oğlu xx.xx.2023-cü il tarixdən-xx.xx.2024-cü il tarixədək cəmi 415 manat ödəniş etmiş, həmin məbləğ faiz borcundan silinmişdir.

14. İddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 01MK001520 saylı kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyindən "xxxx" MMC-yə 17078.5 manat borcu yaranmış, borc 5 gün müddətində tam qaytarılmadığı halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

15. İddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh3 ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, "xxxx" MMC ilə bağlanmış xx.xx.2020-ci il tarixli 01MK001520-Z saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliklərə zamin olmuşdur. Qeyd olunan müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyi üçün "xxxx" MMC-yə 17078.5 manat borc yaranmış, borc 5 gün müddətində tam olaraq qaytarılmadığı halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

16. İddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, "xxxx" MMC ilə bağlanmış xx.xx.2020-ci il tarixli 01MK001520-Z saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliklərə zamin olmuşdur. Qeyd olunan müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyi üçün "xxxx" MMC-yə 17078.5 manat borcu yaranmış, borc 5 gün müddətində tam olaraq qaytarılmadığı hallda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

17. xx.xx.2025-ci il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən məhkəməyə müraciət etmək üçün 142 manat dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları :

18. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 Baləsər oğlu, Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

20. Belə ola halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşin faktiki halı :

21. İddiaçı "xxxx" MMC ilə Cavabdeh1 Baləsər oğlu arasında xx.xx.2020-ci il tarixli 01MK001520 saylı kredit müqaviləsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə arasında xx.xx.2020-ci il tarixli 01MK001520-Z saylı zaminlik müqaviləsi bağlanılması, Cavabdeh1 Baləsər oğlu tərəfindən kredit müqaviləsindən və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən zaminlik müqaviləsindən irəli gələn öhdəliklərin lazımi qaydada yerinə yetirilməməsi hazırki mülki işin mübahisəsiz halıdır.

22. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasında bağlanılan müqavilədən irəli gələn öhdəlik hüquq münasibətinə Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır.

Məhkəmə baxışının hədləri:

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :

421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 739.1. borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

741. əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

Məhkəmənin mövqeyi :

26. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

27. İşin tədqiq edilmiş hallarına əsasən müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh1 Baləsər arasında xx.xx.2020-cü il tarixli 01MK001520 saylı kredit müqaviləsi və həmin kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixli Əlavə Saziş bağlanmışdır.

28. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

29. Azərbaycan Respublikası Konstitusiya məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən zəruri şərtlər dedikdə, müqavilənin müddəti, məbləği, faiz dərəcəsi, valyuta və s. dair şərtlərdir.

30. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh1 Baləsər oğlu arasında müqavilənin bütün mühüm şərtləri barədə tələb olunan formada razılıq əldə edilmiş kredit müqaviləsi bağlanmışdır.

31. İşin tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh1 Baləsər oğluna xx.xx.2020-ci il tarixli 01MK001520 nömrəli kredit müqaviləsi üzrə illik 26% dərəcəsi ilə, 24 ay müddətinə, hər ay 539 manat (sonuncu ay 536.02 manat) ödəniş etmək şərtilə 10000 manat məbləğində kredit verilmişdir. Daha sonra tərəflər arasında xx.xx.2021-ci il tarixli əlavə saziş imzalanmış və həmin sazişə əsasən kredit müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Əlavə Sazişə əsasən cavabdeh xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2024-cü il tarixədək hər ay 482 manat ödəniş etmək şərtilə 11957.64 manat əsas borc və 5382.58 manat faiz borcu olmaqla, cəmi 17.340.22 manat məbləğində pul vəsaitini ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin digər şərtləri dəyişdirilmədən saxlanılmışdır.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası mülki Məcəlləsinin 746-cı maddəsinin istehlak kreditlərinə tətbiqinin mümkünlüyü baxımından şərh edilməsinə dair” 27 may 2019-cu il tarixli Qərarında qeyd edilir ki, kredit müqaviləsi ikitərəfli müqavilələrdən olub, bağlanması ilə hər iki tərəf, yəni həm kredit alan, həm də kredit verən üçün müəyyən vəzifələr yaratmış olur. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür.

33. İşin müəyyən edilmiş halı odur ki, kredit müqaviləsi üzrə iddiaçı tərəfindən üzərinə götürülən öhdəlik yerinə yetirilərək cavabdehə müqavilə şərtlərinə uyğun kredit verilməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun kreditor qarşısında icra edilməmiş kredit öhdəliyi vardır. Belə olan halda, iddiaçı "xxxx" MMC Cavabdeh1 Baləsər oğluna qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

34. Müəyyən edilmişdir ki, cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürülən öhdəliyin yerinə yetirilməməsi nəicəsində iddiaçı tərəfindən müqavilə birtərəfli qaydada ləğv edilmişdir.

35. Belə ki, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh1 Baləsər oğluna ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, iddiaçı cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi ilə əlaqədar borcun vaxtından əvvəl qaytarılmasını tələb etmiş, bununla da öhdəliklərin lazımi qaydada icra edilməməsi ilə əlaqədar müqavilədən imtina etməsi ilə bağlı iradə ifadəsini qarşı tərəfə bildirmişdir. Odur ki, həmin tarixdən mübahisəli kredit müqaviləsinə birtərəfli qaydada ləğv edilmişdir.

36. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

37. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

38. Həmin qərarda həmçinin qeyd edilir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir.

39. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet (annuitet ödənişlər – əsas məbləğ və hesablanmış faizlər) ödənişlərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

40. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən müəyyən olunur ki, əsas borc 9423.84 manat, faiz borcu 4703.29 manat təşkil edir.

41. Belə olan halda məhkəmə qeyd edir ki, Cavabdeh1 Baləsər oğlunun xx.xx.2020-ci il tarixli 01MK001520 nömrəli kredit müqaviləsinə xx.xx.2021-ci il tarixli əlavə sazişdən irəli gələn öhdəliklərini icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının əsas borca görə 9423.84 manat və faiz borcu qismində 4703.29 manat ödənilməsi tələbini əsaslı hesab edir.

42. İddiaçı "xxxx" MMC tərəfindən irəli sürülmüş iddia tələbinin 2951.4 manat məbləğində cərimənin tutulması hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanılmış kredit müqaviləsinin 2.8-ci bəndinə əsasən kredit alan ödəniş cədvəlinə uyğun olaraq ödənişləri vaxtında etmədikdə, gecikdirilən gündən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə əsas faizlə yanaşı gecikdirilən hər gün üçün cərimə kimi gündəlik 0.5 faiz dəbbə pulu ödəməsi barədə öhdəlik götürmüşdür.

43. Mülki qanunvericiliyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər(MM 462.1; 465.2m).

44. Məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələbinı uyğun olaraq iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, iddiaçı tərəfindən hesablanmış cərimə hissəsində iddia qismən təmin edilməlidir.

45. Nəzərə alınmalıdır ki, dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur.

46. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, 2951.4 manat təşkil edən cərimə məbləğinin 100 manata qədər azaldılmasını məqsədəmüvafiq hesab edir.

Zaminlik müqaviləsi üzrə zamindən tutulmanın aparılması ilə bağlı :

47. Məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" MMC-nin iddia tələbi zaminlər Cavabdeh2 və Cavabdeh3 aid hissədə əsaslı olmadığından təmin edilməməlidir.

48. Mülki qanunvericiliyə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür(MM 470.1). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (MM 472).

49. İddiaçı "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2020-ci il tarixli 01MK001520-Z nömrəli zaminlik müqaviləsindən görünür ki, “BOKT” ilə “Kredit alan” arasında 23 yanvar 2020-ci il tarixndə bağlanmış Kredit Müqaviləsinə əsasən, “Kredit alan” “Bokt” qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək “Zamin” “Kredit alan”la birlikdə “Bokt” qarşısında eyni həcmdə, birgə və bütün əmlakı ilə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. “Zamin” tərəfindən “müqavilə” üzrə təminat altına alınan tələb limiti 10000 manat təşkil edir.

50. İddiaçı "xxxx" MMC ilə Cavabdeh3 arasında bağlanılmış xx.xx.2020-ci il tarixli 01MK001520-Z-1 nömrəli zaminlik müqaviləsindən görünür ki, “BOKT” ilə “Kredit alan” arasında 23 yanvar 2020-ci il tarixndə bağlanmış Kredit Müqaviləsinə əsasən, “Kredit alan” “Bokt” qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək “Zamin” “Kredit alan”la birlikdə “Bokt” qarşısında eyni həcmdə, birgə və bütün əmlakı ilə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. “Zamin” tərəfindən “müqavilə” üzrə təminat altına alınan tələb limiti 10000 manat təşkil edir.

51. İddiaçı "xxxx" MMC ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixdə bağlanılmış “xx.xx.2020-ci il tarixli 01MK001520 saylı Zaminlik müqaviləsinə 1 saylı əlavə”dən görünür ki, bu Əlavənin qüvvəyə mindiyi tarixdən Müqavilənin bağlı olduğu 01MK001520 saylı, xx.xx.2020-ci il tarixli Kredit müqaviləsi üzrə borcalanın kredit müqaviləsi xx.xx.2024-cü il tarixinədək uzadılmışdır.

52. İddiaçı "xxxx" MMC ilə Cavabdeh3 arasında xx.xx.2021-ci il tarixdə bağlanılmış “xx.xx.2020-ci il tarixli 01MK001520 saylı Zaminlik müqaviləsinə 1 saylı əlavə”dən görünür ki, Bu Əlavənin qüvvəyə mindiyi tarixdən Müqavilənin bağlı olduğu 01MK001520 saylı, xx.xx.2020-ci il tarixli Kredit müqaviləsi üzrə Borcalanın kredit müqaviləsi xx.xx.2024-cü il tarixinədək uzadılmışdır.

53. Məhkəmə qeyd edir ki, kreditor qarşısında zaminlik öhdəliyinin əmələ gəlməsinin özünəməxsus əsası vardır. Belə ki, zaminlik müqaviləsinin bağlanması nə zaminin, nə də kreditorun hüquq və öhdəliklərinin yaranmasına səbəb olmur. Zaminin kreditor qarşısında borcu ödəmə öhdəliyi, habelə kreditorun zaminə qarşı tələbi yalnız MM-in 472.1-ci maddəsində göstərildiyi kimi, borclunun əsas öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsindən sonra yaranır.

54. İşin müəyyən edilmiş halı ondan ibarətdir ki, Cavabdeh1 Baləsər oğlu tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürülmüş öhdəlik lazımi qaydada yerinə yetirilməmişdir. Belə olan halda iddiaçının zaminə qarşı tələb hüququ yaranmışdır. Lakin mülki qanunvericilikdə kreditorun zaminə qarşı tələb hüququ müddətlə məhdudlaşdırılmışdır.

55. Belə ki, mülki qanunvericilikdə zaminlik institutu öhdəliyin təmini üsullarından biri kimi nəzərdə tutulmasına baxmayaraq, zaminin kreditor qarşısında əsas borclunun öhdəliyinin icrasına görə məsuliyyəti öhdəliyin tam icrası müddəti ilə müəyyən edilməmişdir.

56. Mülki Məcəllənin 447-ci maddəsində zaminliyə xitam verilməsi əsasları müəyyən edilmişdir. Həmin əsaslardan biri də zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilməsidir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir (MM 477.0.4 m).

57. Normanın məzmunundan göründüyü kimi, zaminliyin verildiyi müddət qayda olaraq müqavilədə göstərilməlidir. Qanun, bunun göstərilməməsi imkanını nəzərdə tutsa da, müddətin göstərilmədiyi təqdirdə zaminliyin xitamı üçün konkret müddətlər müəyyən etmişdir. Bu müddətlər, zaminliyin bağlı olduğu əsas öhdəliyin icrası vaxtının çatdığı gündən bir il və ya əsas öhdəliyin icrası müddəti göstərilmədiyi, müəyyənləşdirilə bilmədiyi, yaxud tələbetmə məqamı ilə müəyyənləşdirildiyi halda zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi dövrdür. Həmin müddətlər keçdikdə zaminliyə qanuna əsasən xitam verilir. Bunun üçün ayrıca iddia qaldırılması və məhkəmə qərarının çıxarılması tələb olunmur.

58. Zaminliyə qanuna əsasən xitam verilməsi zaminə qarşı tələb hüququnun aradan qalxmasına, buna müvafiq olaraq zaminin kreditor qarşısında öhdəliyi olan borclu vəziyyətindən çıxmasına dəlalət edir.

59. Həmçinin göründüyü kimi, sözügedən maddədə nəzərdə tutulan müddətlər hüquqi təbiətinə görə iddia müddəti deyil, kəsici müddətlərdir. İddia müddətləri və kəsici müddətlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, kəsici müddət- şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır (B.Mürsəlovun şikayəti üzrə 2020- ci il 12 mart tarixli Qərarı). Eyni hüquqi mövqe “A.Nadirova və qeyrilərinin şikayəti üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 mart 2022-ci il tarixli qərarında da ifadə olunub.

60. "xxxx" MMC ilə Cavabdeh1 Baləsər arasında xx.xx.2020-cü il tarixdə 01MK001520 saylı kredit müqaviləsi üzrə bağlanılmış xx.xx.2021-ci il tarixli Əlavə Sazişə əsasən müqavilənin müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır.

61. Kredit müqaviləsi üzrə bağlanılan əlavə Sazişlə yanaşı, həm də zaminlik müqaviləsi üzrə zaminlər ilə eyni tarixdə əlavə saziş bağlanılmış və həmin Sazişə əsasə zaminlər xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin müddətinin xx.xx.2024-cü il tarixədək uzadılmasına, müqavilənin qalan şərtlərinin isə dəyişdirilmədən saxlanılmasına razılaşmışlar.

62. İddiaçı ilə zaminlər arasında bağlanılmış xx.xx.2020-ci il tarixli zaminlik müqavilələrinin 5.1-ci bəndində nəzərdə tutulmuşdur ki, müqavilə imzaladığı gündən qüvvəyə minir və “01MK001520 saylı kredit müqaviləsi”ndən irəli gələn öhdəliklərin “BOKT” qarşısında yerinə yetirilməsi tarixinədək qüvvədə qalır.

63. Məhkəmə qeyd edir ki, Müqavilədə zaminlik müqaviləsinin qüvvədə olma müddəti ilə bağlı müəyyən edilmiş “kredit müqaviləsindən irəli gələn öhdəliklərin “BOKT” qarşısında yerinə yetirilməsi tarixinədək” şərti qeyri dəqiq olduğundan iki şəkildə qiymət verilə bilər:

1. Kreditin müddəti, yəni annuitet (annuitet ödənişlər – əsas məbləğ və hesablanmış faizlər) ödənişlərin həyata keçirilməsi müəyyən edilmiş müddət (xx.xx.2024-cü il tarixədək olan müddət)

2. Kredit müqaviləsinin müddəti, yəni borclu tərəfindən öhdəliyin tam icrasınadək olan müddət.

64. Birinci halda, iddiaçı tərəfindən zaminlərə qarşı xx.xx.2025-ci il tarixədək tələb irəli sürülməli idi.

65. Belə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

66. Yəni birinci halda, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtı çatdığı gündən, yəni xx.xx.2024-cü il tarixdən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi üçün xitam verilməlidir.

67. İkinci halda ilə bağlı isə, yəni zaminliyin qüvvədə olma müddəti öhdəliyin borclu tərəfindən tam icrasınadək müəyyən edilmişdirsə, məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

68. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən müqavilənin müddəti, faiz, məbləğ və valyuta müqavilənin mühüm şərtləridir. Yəni qeyd edilən şərtlər müqavilədə tərəflər üçün qeyri-müəyyən olmamalı, dəqiq, onkret göstərilməlidir.

69. Mülki Məcəllənin 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir.

70. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 31 may 2018-ci il tarixli Qərarında Mülki Məcəlləinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur.

71. Həmin Plenum qərarında həmçinin qeyd edilir ki, zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır.

72. Göründüyü kimi kredit müqaviləsinin müddətinin zaminin razılığı alınmadan uzadılması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilərək zaminliyə xitam verilməsi əsası kimi müəyyən edilmişdir. Yəni zaminlik müqaviləsində müddətin dəqiq şəkildə müəyyən edilməsi zaminlik müqaviləsinin mühüm şərtidir.

73. Belə olan halda, zaminlik müqaviləsinin qeyd edilən bəndi ilə əlaqədar məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında göstərilmişdir ki, öhdəlik hüququnda müqavilənin standart şərtlərinə dair normalarda şəffaflıq prinsipinin tərkib hissəsi kimi müəyyənlik prinsipi (tələbi) mövcuddur. Həmin prinsipə əsasən müqavilənin standart şərtlərində dispozisiya şərtləri və hüquqi nəticələr elə dəqiqliklə təsvir olunmalıdır ki, bu zaman bir tərəfdən müqavilənin standart şərtlərinin istifadəçisi üçün əsaslandırılmamış heç bir qiymətləndirmə azadlığı imkanları yaranmasın, digər tərəfdən isə müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquqlarını müəyyənləşdirə bilməsi (onun bu hüquqları həyata keçirməsinin qarşısının alınmaması üçün) mümkün olsun. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir (Mülki Məcəllənin 419.1, 419.2 və 420.1.2-ci maddələri).

74. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası mülki Məcəlləsinin 746-cı maddəsinin istehlak kreditlərinə tətbiqinin mümkünlüyü baxımından şərh edilməsinə dair” 27 may 2019-cu il tarixli Qərarında qeyd edilir ki, standart şərtli müqavilələrdə vətəndaş (fiziki şəxs) iqtisadi cəhətdən zəif tərəf kimi çıxış edir və hüquqlarının xüsusi müdafiəsinə ehtiyac duyur. Mülki Məcəllənin 420-ci maddəsi ilə təklif etmiş tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər barəsində tətbiq etdiyi müqavilənin standart şərtlərindən etibarsız hesab edilənlər müəyyən edilmişdir. Belə etibarsız hesab edilən şərtlərdən biri də Mülki Məcəllənin 420.1.4-cü maddəsində göstərilmişdir. Qeyd edilən maddəyə görə, təklif etmiş tərəfə vəd olunmuş işi dəyişmək və ya ondan imtina hüququ verən müddəalar, bu barədə razılaşma müqavilənin digər tərəfi üçün qeyri-məqbul olduğu halda (dəyişiklik edilməsi şərti) etibarsız sayılır.

75. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 420.2-ci maddəsinə əsasən müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır.

76. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 390.1 və 390.5-ci maddələrinin və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin İİİ hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1 və 560.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 18 dekabr 2023-cü il tarixli qərarda qeyd edilmişdir ki, Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, bu prinsip Mülki Məcəllənin ayrı-ayrı normalarında mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalarda nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1-ci maddəsinə müvafiq olaraq, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan suiistifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarı).

77. Buna görə də, Azərbaycan Respublikasının qanunvericiliyi ilə hüquqdan sui-istifadə üzərində həyata keçirilən razılaşmaların və hərəkətlərin etibarsız olduğu müəyyən edilmişdir (Mülki Məcəllənin 560.2-ci maddəsi).

78. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında göstərilmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq və açıq-aşkar ona uyğun gəlməyən tərzdə həyata keçirirsə, o, bu hüququndan suiistifadə etmiş olur (Mirolubovs və başqaları Latviyaya qarşı iş üzrə 2009-cu il 15 sentyabr tarixli Qərar).

79. Qeyd edilənlərə əsasən zaminlik müqaviləsinin 5.1-ci bəndində nəzərdə tutulmuş şərti ilə əlaqədar məhkəmə qeyd edir ki, müqavilənin qeyd edilən şərti Konstitusiya Məhkəməsi Plenumunun zaminlik institutu ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə, vicdanlılıq prinsipinə zidd olduğundan etibarsız şərtdir.

80. Beləliklə, tərəflər arasında bağlanmış zaminlik müqaviləsinə xitam verildiyindən iddiaçının iddia tələbi Cavabdeh2 və Cavabdeh3 aid hissədə təmin edilməməlidir.

Məhkəmə xərcləri :

81. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 142 manat məbləğində pul vəsaiti Cavabdeh1 Baləsər oğlundan iddiaçının xeyrinə tutulmalıdır.

82. Məhkəmə iddiaçı "xxxx" MMC-nin ödənilmiş 0.40 manat xidmət haqqının cavabdehdən tutulması tələbi ilə bağlı qeyd edir ki, iddiaçı pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərcin əvəzini cavabdehdən tələb etmək hüququna malik olduğundan, tələb əsaslıdır, 0.40 manat xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Nəticə :

83. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 Baləsər oğlundan 9423.84 manat əsas borc, 4703.29 manat faiz borcu, 100 manat cərimə olmaqla, cəmi 14227.13 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 142 manat və bank xidmət haqqının əvəzi qismində 0.40 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

84. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 Baləsər oğlundan 9423.84 manat əsas borc, 4703.29 manat faiz borcu, 100 manat cərimə olmaqla, cəmi 14227.13 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 142 manat və bank xidmət haqqının əvəzi qismində 0.40 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilsin. İddiaçı "xxxx" MMC-nin iddia tələbi qalan hissədə və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 aid olan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar