Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2931/2025 27.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün pul tələbi”) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı "xxxx" QSC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı "xxxx" QSC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 16262.54 manat pul vəsaitinin ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi ümumilikdə cəmi 1323.59 manat borcun və ödənilmiş dövlət rüsumu 33.23 manat iddiaçı “X3 Azərbaycan” QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "X3" QSC arasında bağlanmış 07 dekabr 2022-ci il tarixli 288066 saylı kredit müqaviləsinə əsasən bank cavabdehə 48 ay müddətinə, illik 15 faiz olmaqla, 15000 (on beş min) manat məbləğində kredit vermişdir. “X3 Azərbaycan” QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq, kredit müqaviləsi üzrə ödənişləri mütəmadi olaraq gecikdirmişdir. Cavabdehə dəfələrlə bu barədə sifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə, həmçinin məhkəmədən kənar qaydada kreditin ödənilməsinə dair bildirişlərin (Pretenziyaların) verilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmiş və bu günə kimi “X3 Azərbaycan” QSC-yə olan borcunu ödəməmişdir. Lakin, öhdəliklər cavabdeh tərəfindən tam, vaxtında və lazımı qaydada icra edilmədiyindən Banka küllü miqdarda maddi zərər dəymişdir. Nəticədə Bank məhkəməyə müraciət etmiş və Nizami Rayon Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə 14788.79 manat əsas borc, 1181.78 manat faiz borcu, 153.60 manat cərimə olmaqla, ümumilikdə 16124.17 manat borc və dövlət büdcəsinə köçürülmüş 138.37 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Göründüyü kimi, cavabdehin 22 noyabr 2023-cü il tarixə borc üzrə 16262.54 manat ödənilməmiş borcun qalması qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə də təsdiq edilmişdir. Cavabdeh 22 noyabr 2023-cü ildən sonra bu günə kimi qətnaməni icra etməmiş və hal-hazıradək də kredit müqaviləsindən irəli gələn öhdəliklər icra edilmədiyi səbəbindən iddiaçının gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etmək hüququ yaranmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kərar qaydada həll etmək məqsədi ilə tərəfindən cavabdehə yazılı xəbərdarlıq edilmiş, lakin bundan sonrada öhdəliklər onun tərəfindən icra edilməmişdir. Hazırda cavabdehin kredit müqaviləsi üzrə ödənilməli olan borc məbləğindən illik 5 faiz olaraq 1323.59 manat məbləğində Banka maddi zərər dəymişdir. Cavabdehin Bank qarşısında icra edilməmiş pul öhdəliyi üzrə hesablanmış gecikdirilmiş vaxt üçün illik 5% (beş faiz) olmaqla: xx.xx.2023 tarixindən xx.xx.2025 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı- 586 gün - 1323.59 manat olmaqla ümumilikdə cəmi 1323.59 manat təşkil edir.
İş materialları :
3. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-2462/2023 saylı qətnaməsindən görünür ki, iddia tələbi təmin edilərək Cavabdeh iddiaçı "xxxx" QSCnin xeyrinə 14788.79 manat əsas borc, 1181.78 manat faiz borcu, 153.60 manat cərimə olmaqla, cəmi 16124.17 manat borcun və 138.37 manat dövlət rüsumunun tutulması qət edilmişdir.
4. İddiaçı "xxxx" QSC tərəfindn təqdim edilən X1 məxsus hesabdan çıxarışdan görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixli məhkəmə qərarı üzrə ödəməli olduğu borc məbləğindən ödəniş etməmiş, xx.xx.2025-ci il tarixinə qalıq borc məbləği 16.262.54 manat, əsas məbləğ üzrə gecikmə gün sayı 586 gün, 5% məbləği isə 1323.59 manat təşkil edir.
5. İddiaçı "xxxx" QSC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, “X3 Azərbaycan” QSC Cavabdeh mübahisənin məhkəmədən kənar qaydada həll edilməsini təklif edərək banka dəymiş zərərə görə 1323.59 manat məbləğində pul vəsaitinin 3 gün müddətində ödənilməsi təklif edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir.
6. İddiaçı "xxxx" QSC tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 07 dekabr 2022-ci il tarixli 288066 nömrəli kredit müqaviləsi üzrə ödənilməli olan borclardan qalan pul vəsaitinin gecikdirilməsinə görə xx.xx.2025-ci il tarixə illik 5 faizlə hesablanmış ümumilikdə cəmi 1323.59 manat məbləğində borcu vardır.
7. xx.xx.2025-ci il tarixli, **********717 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 33.23 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları :
8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı "xxxx" QSC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ərizə təqdim edərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir.
9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
10. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşin faktiki halı :
11. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-2462/2023 saylı qətnaməsi ilə iddiaçı "xxxx" QSC-nin iddia tələbi təmin edilərək, Cavabdeh iddiaçının xeyrinə 14788.79 manat əsas, 1181.78 manat faiz borcu və 153.60 manat cərimə olmaqla, cəmi 16124.17 manat məbləğində pul vəsaitinin tutulması qət ediulmişdir.
12. Sözügedən Məhkəmə qətnaməsi çıxdığı vaxtdan (xx.xx.2023-cü il) hazırki iddia ərizəsi tərtib edildiyi vaxtadək (xx.xx.2025-ci il) cavabdeh tərəfindən kredit borcundan ödəniş edilməmişdir.
13. İddiaçı "xxxx" QSC Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-2462/2023 saylı qətnaməsi ilə cavabdehdən tutulmalı olan 16124.17 manat məbləğində pul vəsaitinin ödənilməsinin 586 gün (xx.xx.2023-xx.xx.2025) gecikdirilməsinə görə illik 5% məbləğində dəymiş zərərin tutulmasını tələb edir.
Məhkəmə baxışının hədləri:
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 82.3. bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :
442. Öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (23 fevral 2024-cü il tarixli Qanun ilə dəyişiklik edilənədək qüvvədə olan redaksiya). 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 740.4. Faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır (23 fevral 2024-cü il tarixli Qanun ilə yeni redaksiya).
Məhkəmənin mövqeyi :
13. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
14. İddiaçı "xxxx" QSC tərəfindən Cavabdeh qarşı “1323.59 manat məbləğində pul vəsaitinin tutulması” tələbi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-2462/2023 saylı qətnaməsi üzrə Cavabdeh tutulmalı olan 16262.54 manat məbləğində pul vəsaitinin 586 gün gecikdirilməsinə görə illik 5% məbləğində pul vəsaitinin cavabdehdən tutulmalı olması ilə əsalandırılmışdır.
15. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.
16. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.
17. Hazırki iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 445.7-ci maddəsi təşkil edir. İddia tələbinin qanuni əsasını təşkil edən MM-in 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur.
18. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
19. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normadakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsinin qarşısının alınmasına yönəlmişdir.
20. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Həmçinin, vəsaitdən qanunsuz istifadə nəticəsində kreditora zərər vurulubsa, o, MM-in 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
31. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında göstərilmişdir ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər
23. Məhkəmə yuxarıda istinad olunan normaları və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərini qarşılıqlı təhlil edərək belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti (borc və faizləri) tam həcmdə kreditora qaytarılanadək borclu kreditor qarşısında məsuliyyət daşıyır və kreditor hər hansı əlavə sübut təqdim etmədən həmin dövr üzrə MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik 5 % məbləğin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər.
24. Nəzərə alınmalıdır ki, bankların əsas fəaliyyəti məhz ayrı-ayrı şəxslərə kredit verməklə gəlir əldə etməkdən ibarət olduğundan hər hansı kredit müqaviləsi üzrə borclu kredit öhdəliklərini vaxtında icra etməyərək nəzərdə tutulan pul vəsaitlərini banka ödəmədikcə, eləcə də bankla həmin borclu arasında yaranan kredit mübahisəsi üzrə məhkəmə və icra icraatı uzun müddət ərzində davam etdikcə, bank həmin vəsaitləri dövriyyəyə yönəltməklə gəlir götürmək imkanından məhrum olur ki, bu da nəticə etibarilə banka əldən çıxmış fayda formasında zərərin dəyməsi ilə nəticələnir
25. Hazırki işin halları da ondan ibarətdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla ilk olaraq həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, sonradan iddiaçı həmin kredit müqaviləsi üzrə müəyyən edilən borcun tutulması tələbi ilə məhkəməyə müraciət etmiş və məhkəmə qətnaməsi ilə kredit müqaviləsi üzrə borcun tutulması qət edilmidir.
26. İddiaçı xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixindən, yəni Məhkəmə qətnaməsi çıxdığı tarixdən xx.xx.2025-ci il tarixədək, yəni hazırkı iddia ərizəsinin tərtib edildiyi tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1323.59 manat məbləğində borcun cavabdeh tərəfindən ödənilməsini tələb etmişdir.
27. Məhkəmə iddia tələbinin zərərin ödənilməsindən ibarət olmasını nəzərə alaraq qeyd edilməsini zəruri hesab edir ki, mülki qanunvericiliyə əsasən zərərin ödənilməsi tələbinin təmin olunması üçün sübutetmə yükü iddiaçının üzərinə qoyulsa da, MM-in 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik 5% ödəməyə borcludur. Göründüyü kimi, istinad olunan maddə, öhdəliyin icrasının gecikdirilməsinin mübahisə doğurmadığı halda, kreditoru gecikdirilmiş vaxt üçün illik beş faizədək zərərə məruz qaldığını sübut etmək yükündən azad etmişdir.
28. Beləliklə, iddiaçı “X3 Azərbaycan” QSC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehin məhkəmə Qətnaməsinə əsasən həmin tarixə 14788.79 manat əsas borc öhdəliyinin olması və Məhkəmə qətnaməsi çıxarıldığı vaxtdan sonra da öhdəliyini icra etməməsi işin mübahisəsiz hallarını təşkil etdiyindən, Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbləri baxımından iddiaçı tərəfindən zərərin əvəzinin ödənilməsi tələbinin irəli sürülməsi əsas borc öhdəliyinə münasibətdə əsaslıdır.
29. Belə ki, hazırki işin faktiki hallarından görünür ki, iddiaçı tərəfindən irəli sürülən gecikdirilmiş vaxt üçün hesablanmış 1323.59 manat məbləğində pul vəsaiti Məhkəmə qətnaməsi üzrə cavabdehdən tutulmalı olan 14788.79 manat əsas, 1181.78 manat faiz və 153.6 manat cərimə olmaqla, cəmi 16124.17 manat məbləğində pul vəsaitinə münasibətdə hesablanmışdır.
30. Məlum olduğu kimi, borclu pul öhdəliyinin icrasını gecikdirdiyi halda faizdən faiz ödənilməsinin yolverilməzliyi qaydası tətbiq olunur (bu qayda Mülki Məcəllənin 445.7-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyasında nəzərdə tutulmuşdur).
31. Müqayisə üçün qeyd edilməlidir ki, 24 fevral 2023-cü il tarixli 822- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə yeni redaksiyada verilən Mülki Məcəllənin 740.4-cü maddəsinə görə, “Faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır”.
32. Göründüyü kimi, qanunverici hər iki normada mürəkkəb faiz tətbiqini qadağan edərək, gecikdirmə faizlərinin məhz əsas borc qalığına, özü də əsas borcun qaytarıldığı günədək hesablandığını nəzərdə tutmuşdur.
33. Odur ki, gecikdirilmiş vaxt üçün illik 5 faiz məbləği yalnız əsas borc öhdəliyinə münasibətdə hesablanmaqla cavabdehdən iddiaçının xeyrinə 1187.15 manat pul vəsaiti (14788.79x0.05:365x586) tutulmalıdır.
Məhkəmə xərcləri :
34. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 31.87 manat pul vəsaiti rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Nəticə :
35. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1187.15 manat məbləğində vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 31.87 manat məbləğində vəsait tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh gecikdirilmiş əsas borc öhdəliyinə görə 1187.15 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 31.87 manat pul vəsaiti tutularaq iddiaçı YapıKredi Bank Azərbaycan” QSC -yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir
Hakim Starə Əliyeva