Məhkəmə qərarları › İş №e-2(007)-2969/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-2969/2024

04.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-2969/2024 04.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və ipoteka predmetinə tutma yönəldilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: İddia tələbi :

1. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və ipoteka predmetinə tutma yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.2023-cü il tarixli, 162/23A nömrəli kredit müqaviləsinə əsasən yaranmış 15097.72 (on beş min doxsan yeddi manat yetmiş iki qəpik) manat əsas, 815.81 (səkkiz yüz on beş manat səksən bir qəpik) manat faiz, 23.83 (iyirmi üç manat səksən üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 15937.36 (on beş min doqquz yüz otuz yeddi manat otuzaltı qəpik) manat kredit borcunun, ödənilmiş 138 (bir yüz otuz səkkiz manat) manat məbləğində dövlət rüsumunun, ümumilikdə 16075.36 (on altı min yetmiş beş manat otuz altı qəpik) manat borcun Cavabdeh2 tutularaq "xxxx" ASC-yə ödənilməsi və tutmanın BA № 345282 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən Cavabdeh1 məxsus olan X1 markalı, 77CY211 dövlət qeydiyyat nişanlı, BAN№LZWADAGA4MB004699, Mühərrik №18L41520217 nömrəli və Cavabdeh2 xeyrinə ipoteka ilə yüklü edilmiş avtomobilə yönəldilməsi, avtomobilin hərrac vasitəsilə satılması, satışdan əldə edilən məbləğin borc məbləğinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında ikinciyə illik 33 faiz hesablanmaqla 24 ay müddətinə 18700 manat kredit verilməsini nəzərdə tutan xx.xx.2023-cü il tarixli 162/23A nömrəli kredit müqaviləsi imzalanmış, bu müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədilə BA № 345282 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən Cavabdeh1 məxsus olan X1 markalı, 77CY211 dövlət qeydiyyat nişanlı, BAN №LZWADAGA4MB004699, Mühərrik №18L41520217 nömrəli avtomobilin Cavabdeh2 xeyrinə ipoteka ilə yüklü edilməsini nəzərdə tutan xx.xx.2023-cü il tarixli, 162/23A nömrəli ipoteka müqaviləsi imzalanmışdır. Hal-hazırda kredit müqaviləsi üzrə Cavabdeh2 bu gün üçün 15097.72 manat əsas, 815.81 manat faiz, 23.83 manat cərimə borcu, cəmi 15937.36 manat kredit borcu mövcuddur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun və xx.xx.2023-cü il tarixli, 162/23A saylı ipoteka müqaviləsinin tələblərinə müvafiq olaraq BA № 345282 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən, Cavabdeh1 məxsus olan X1 markalı, 77CY211 dövlət qeydiyyat nişanlı, BAN № LZWADAGA4MB004699, Mühərrik № 18L41520217 nömrəli və Cavabdeh2 xeyrinə ipoteka ilə yüklü edilmiş avtomobilə tutma yönəldilməsinə başlayır. Həmçinin, xx.xx.2023-cü il tarixli, 162/23A saylı ipoteka müqaviləsinin 9.1-ci maddəsinə əsasən, İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka ilə təmin edilmiş öhdəliyin vaxtından əvvəl icra edilməsi haqqında İpoteka saxlayanın tələbinin irəli sürülməsi haqqında yazılı bildirişin alındığı vaxtdan başlayaraq 30 (otuz) təqvim günü ərzində icra olunmadıqda; Belə ki, hal-hazırda "xxxx" ASC ilə Cavabdeh2arasında olan xx.xx.2023-cü il tarixli, 162/23A nömrəli kredit müqaviləsinə əsasən yaranmış kredit borcu Cavabdeh2 tərəfindən tam şəkildə ödənilməmişdir. Bu halda kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və ipoteka predmetinə tutma yönəldilməsi tələbinə dair məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

İş materialları :

3. İddiaçı "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 162/23A saylı kredit müqaviləsindən görünür ki, iddiaçı cavabdehə 24 ay müddətinə, illik 33% olmaqla, 18700 manat məbləğində kredit verməyi, cavabdeh isə krediti qəbul etməyi, göstərilən müddətə və qaydada krediti və kreditə hesablanacaq faizləri iddiaçıya qaytarmağı öz üzərinə götürmüşdür.

4. İddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 162/23A saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 tərəfindən mülkiyyət hüququ ilə ona məxsus olan BAN nömrəsi LZWADAGA4MB004699, mühərrik nömrəsi 18L41520217 olan “X1” markalı nəqliyyat vasitəsi 162/23A saylı, xx.xx.2023-cü il tarixli, kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə ipoteka saxlayanın xeyrinə yüklü edilmişdir.

5. İddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh2 ünvanlanmış “ipoteka predmetinə tutmanın yönəldilməsi”nə dair xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixinə 16274.10 manat əsas, 235.21 manat faiz, 3.19 manat cərimə borcu olduğu və “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun və xx.xx.2023-cü il tarixli, 162/23A saylı ipoteka müqaviləsinin tələblərinə müvafiq olaraq BA345282 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən Cavabdeh1 məxsus olan Chevrolet Captiva markalı 77CY211 dövlət qeydiyyat nişanlı avtomobilə tutma yönəldilməsinə başlanıldığı bildirilmişdir.

6. İddiaçı "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixə xx.xx.2023-cü il tarixli, 162/23A saylı kredit müqaviləsi üzrə əsas borc 15097.72 manat, faiz borcu 815.81 manat, cərimə borcu isə 23.83 manat təşkil edir.

7. İddiaçı "xxxx" ASC tərəfindən AR DİN BDYPİ-nə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktundan görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəlikləri vaxtında və lazımı qaydada icra etmədiyinə görə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, tutmanın ipoteka predmetinə yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş edilmişdir.

8. İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən xx.xx.2023-cü il tarixli, 152151 nömrəli çıxarışdan görünür ki, ipoteka qoyan şəxs- Cavabdeh1 ilə ipoteka saxlayan şəxs- "xxxx" ASC arasında “Chevrolet Captiva” markalı 77CY211 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ipotekası haqqında 162/23A saylı, xx.xx.2023-cü il tarixli ipoteka müqaviləsi bağlanmışdır.

9. xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 138 manat dövlət rüsumu ödənilmişdir. Tərəflərin izahatları :

10. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, o hər ay qrafik üzrə ödənişləri vaxtlı-vaxtındə həyəta keçirmişdir. O, cəmi 2 ay kredit ödənişini gecikdirmişdir. İddiaçı tərəf ona zəng vuraraq maşını onlara verməyini istəyib. O isə cavab olaraq bildirmişdir ki, maşını onlara verməyəcəkdir. İzahatında qeyd etmişdir ki, nə üçün 15 min borca görə 40 minlik maşını onlara versin, hazırda avtomobil ustadadır təmir olunduqdan sonra maçını özü satıb borcu ödəyəcəkdir. Həmçinin izahatında qeyd etmişdir ki, iddiaçı tərəfindən onun ünvanına pretenziya məktubu göndərilməmiş, məhkəməyə qədər mübahisənin həll edilməsi üçün təklif edilməmişdir. Ona sadəcə telefon vasitəsilə zəng edilib ödəniş etməli olduğu bildirilərək maşın tələb edilmişdir. Qeyd etmişdir ki, maşını vermək istəmir, iddiaçı tərəf ilə mübahisəni həll etmək istəyir.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı "xxxx" ASC və Cavabdeh1 məhkəmə iclasına gəlməmişlər.

12. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 elektron kabinet vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə hazırlıq iclasının onların iştiraki olmadan keçirilməsini xahiş etmişdir.

13. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq :

14.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.1. məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə; 260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.2. Qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir. 260.3. Qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. 260.4. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. 260.6. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa.

15. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarı :

1.1. Məhkəmələrin diqqətinə çatdırılsın ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (bundan sonra “MPM”) müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. İddianın baxılmamış saxlanılmasına səbəb olan maneə aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququna malik olur. 1.3. Ərizənin baxılmamış saxlanılması bütün məhkəmə instansiyalarında iddia icraatı və xüsusi icraat işlərinə baxıldıqda qanunvericilikdə müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla tətbiq edilir.

16. “Dövlət rüsumu haqqında” Qanun :

5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə.

Məhkəmənin mövqeyi :

17. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq, cavabdehin izahatını dinləyərək qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və mülki iş baxılmamış saxlanılmalıdır.

18. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, məhkəmə ərizəni baxılmamış saxlayır.

19. İşin faktiki hallarından görünür ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli, 162/23A saylı kredit müqaviləsi bağlanılmışdır. Müqaviləyə əsasən iddiaçı cavabdehə 24 ay müddətinə, illik 33% olmaqla, 18700 manat məbləğində kredit verməyi, cavabdeh isə krediti qəbul etməyi, göstərilən müddətə və qaydada krediti və kreditə hesablanacaq faizləri iddiaçıya qaytarmağı öz üzərinə götürmüşdür.

20. İddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli, 162/23A saylı kredit müqaviləsinin təminatı olaraq xx.xx.2023-cü il tarixli, 162/23A saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən Cavabdeh1 tərəfindən mülkiyyət hüququ ilə ona məxsus olan BAN nömrəsi LZWADAGA4MB004699, mühərrik nömrəsi 18L41520217 olan “X1” markalı nəqliyyat vasitəsi 162/23A saylı, xx.xx.2023-cü il tarixli, kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə ipoteka saxlayanın xeyrinə yüklü edilmişdir.

21. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək ayda 1074.66 manat ödəniş etmək şərtilə 18700 manat məbləğində kredit verilmiş və cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini lazımi qaydada yerinə yetirməmiş, nəticədə xx.xx.2024-cü il tarixə xx.xx.2023-cü il tarixli, 162/23A saylı kredit müqaviləsi üzrə əsas borc 15097.72 manat, faiz borcu 815.81 manat, cərimə borcu isə 23.83 manat təşkil edir.

22. Məhkəmə ilk növbədə qeyd edir ki, Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.

23. Həmçinin tərəflər araında bağlanılmış xx.xx.2023-cü il tarixli, 162/23A saylı kredit müqaviləsinin 7.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu müqavilədən irəli gələn hər bir mübahisə tərəflərin özləri arasında qarşılıqlı razılaşma yolu ilə həll ediləcəkdir. 7.3-cü bəndində nəzərdə tutulmuşdur ki, tərəflər arasında mübahisələrin həll edilməsi qarşılıqlı qaydada öz razılığını tapmadıqda və ya tərəflər razılığa gələ bilmədikdə mübahisələrin həlli Azərbaycan Respublikasının məhkəmələrində qanunvericiliyə uyğun həll ediləcəkdir.

24. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən mübahisənin məhkəmədən kənar (pretenziya) həll edilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydaya riayət edilməmişdir.

25. Belə ki, iddiaçı tərəfindən mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət edildiyini təsdiq edən hər hansı bir sənəd iş materiallarına əlavə edilməmiş, o cümlədən Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatda iddiaçı tərəfindən ona pretenziya məktubu göndərilmədiyini bildirmişdir.

26. Məhkəmə həmçinin müqavilələrin ləğv edilməsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun mövqeyini diqqətə çatdırmağı zəruri hesab edir.

27. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqedən çıxış edərək qeyd edir ki, müqavilə qüvvədə olduğu üçün iddiaçı məhkəməyə hazırki iddia tələbi ilə müraciət etməzdən öncə ilk növbədə müqavilənin ləğv edilməsi təklifi ilə cavabdehə müraciət etməli idi.

28. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il Qərarında qeyd edilir ki, nəzərə alınmalıdır ki, Mülki Məcəllənin Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları adlanan 421-ci maddəsi yalnız müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) hallarını nəzərdə tutmur. Belə ki, Mülki Məcəllənin 421.1-ci maddəsi ləğvetmə ilə bağlı olmayıb, müqavilə azadlığı və tərəflərin bərabərliyi prinsiplərinə uyğun olaraq onların qarşılıqlı razılaşması ilə müqavilə münasibətlərinin dəyişdirilməsi və ya ona xitam verilməsinin mümkünlüyünü nəzərdə tutur. , Mülki Məcəllənin 421.2-ci maddəsində qeyd olunan əsasların mövcud olduğu hallarda müqavilənin ləğv edilməsinin məhkəmədən kənar qaydası, Məcəllənin 423.2-ci maddəsində isə ləğvetmənin xüsusi qaydası (müstəsna hal - Mülki Məcəllənin 422.1-ci maddəsinə uyğun olaraq şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi mövcud olduğu təqdirdə) nəzərdə tutulmuşdur. Məhkəmədən kənar qayda iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə şərtləndirildiyi halda, xüsusi qayda məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada - məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir.

29. Həmin Qərarda qeyd edilir ki, müqavilənin birtərəfli qaydada dəyişdirilməsi və ya Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulan əsaslar olmadan onun ləğv edilməsi yalnız “şəraitin sonradan əhəmiyyətli dərəcədə dəyişməsi” halında və həmin Məcəllənin 422-ci maddəsində nəzərdə tutulan şərtlər daxilində baş verə bilər. Həmçinin, sadalanan hal və şərtlərin baş verdiyi təqdirdə müqavilənin birtərəfli qaydada və hansı həcmdə dəyişdirilməsi, buna şərait olmadıqda isə onun ləğv edilməsi tərəfin öz subyektiv mülahizəsi ilə deyil, yalnız məhkəmə tərəfindən müəyyən edilməklə baş verə bilər.

30. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarda formalaşdırdığı hüquqi mövqedən göründüyü kimi, Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda müqaviləyə xitam verilməsi tərəflərin qarşılıqlı razılaşması ilə məhkəmədən kənar qaydada həyata keçirilməli, yalnız 422-ci maddədə nəzərdə tutulmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında müqavilə məhkəmə qaydasında dəyişdirilməli və ya ləğv edilməlidir.

31. Belə olan halda məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə qüvvədə olduğu və cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyi, iddiaçı isə qüvvədə olan müqavilə üzrə icra edilməmiş öhdəliyin tam şəkildə yerinə yetirilməsini tələb etdiyi və Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hazırki hal üzrə müqavilənin ləğv edilməsi məhkəmədən kənar qaydada həyata keçirilməli olduğu üçün iddiaçı ilk öncə müqavilənin ləğv edilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş məhkəmədən kənar qaydaya riayət etməlidir.

32. Məhkəmə tərəfindən tədqiq edilmiş iş materiallarından görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh2 “ipoteka predmetinə tutmanın yönəldilməsi”nə dair xx.xx.2024cü il tarixli bildiriş əlavə edilmişdir. Həmin bildirşdə Cavabdeh2 xx.xx.2024-cü il tarixinə kredit müqaviləsi üzrə 16274.10 manat əsas, 235.21 manat faiz, 3.19 manat cərimə borc olduğu və “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun və xx.xx.2023-cü il tarixli, 162/23A saylı ipoteka müqaviləsinin tələblərinə müvafiq olaraq BA345282 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən Cavabdeh1 məxsus olan Chevrolet Captiva markalı 77CY211 dövlət qeydiyyat nişanlı avtomobilə tutma yönəldilməsinə başlanıldığı bildirilmişdir.

33. Göründüyü kimi, məktubda iddiaçı tərəfindən cavabdehə aralarında bağlanılmış kredit müqaviləsinin ləğv edilməsi ilə əlaqədar iradə ifadəsi, kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsinin tələb edilməsi, borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı iradə ifadəsi bildirilməmiş, sadəcə tərəfə borcunun olması və ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı bildiriş ünvanlanmışdır.

Nəticə :

34. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydaya əməl etmədiyinə görə mülki prosessual qanunvericiliyin tələbinə əsasən iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və ipoteka predmetinə tutma yönəldilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır.

35. Həmçinin məhkəmə qeyd edir ki, hazırki mülki iş materiallarına əlavə edilmiş 138 (yüz otuz səkkiz) manat məbləğində dövlət rüsum müştəri: "xxxx" ASC, VÖEN:**********; Transaksiya nömrəsi:64616881; qəbzin nömrəsi:64616881; mədaxil qəbzi:**********; büdcə təsnifat kodu: 14221104; tarix:xx.xx.2024, saat:09:55) dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır.

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara Aldı:

İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və ipoteka predmetinə tutma yönəldilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə iddiaçıya geri qaytarılsın. Ödənilmiş 138 (yüz otuz səkkiz) manat məbləğində dövlət rüsum müştəri: "xxxx" ASC, VÖEN:**********; Transaksiya nömrəsi:64616881; qəbzin nömrəsi:64616881; mədaxil qəbzi:**********; büdcə təsnifat kodu: 14221104; tarix:xx.xx.2024, saat:09:55) dövlət büdcəsindən iddiaçıya qaytarılsın Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar