Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2978/2025 13.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X2 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “şəxsin kredit borcunun vərəsələrdən tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi: İddiaçı ASC Cavabdeh qarşı “şəxsin kredit borcunun vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2015-ci il tarixli CC/18813/49/3 saylı müqaviləyə əsasən 2006.18 ABŞ dolları əsas 57.2 ABŞ dolları faiz 0 ABŞ dolları cərimə borcu cəmi 2063.38 ABŞ dolları borcun və 56 manat məbləğındə ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X1 oğlu ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli CC/18813/49/3 saylı, müqaviləyə əsasən 3000 ABŞ Dolları məbləğində kredit verilmişdir. Hazırda mərhum X1 2063.38 ABŞ dolları borcu vardır. X1 oğlu xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. 4 saylı asan xidmət notariat qurumunun verdiyi şəhadətnaməyə əsasən X1 oğlu vərəsələri olmaqla miras qoyana məxsus əmlak vərəsəlik qaydasında onlara keçmişdir. İddia ərizəsinə tələbin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestr”dən çıxarış əlavə edilmişdir. Cavabdehin ərizəsi: Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, iddiaçı "xxxx" ASC-nin cavabdeh X1 oğluna qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hal-hazırda həmin mülki iş məhkəmənin icraatındadır. Müqavilə 30 yanvar 2015-ci ildə bağlanmış və iddia vermə müddəti keçmişdir. Həmin müqavilə onun atası X1 oğlu ilə bağlanmışdır. Atası isə xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Hazırkı vəziyyətdə də iddiaçı qanun ilə müəyyən olunmuş iddia müddətini əldən vermişdir və bu səbəbdən də Mülki Məcəllənin 375-ci maddəsinin tələbləri tətbiq edilməlidir. Göstərilənləri nəzərə alaraq, müqavilə tələbi üzrə iddia müddətinin keçməsini nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materialları: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bank of Baku ASC ilə X1 oğlu arasında bağlanmış xx.xx.2015-ci il tarixli CC/18813/49/3 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən X1 oğluna 36 ay müddətinə illik 28% ödəmək şərti ilə 3000 ABŞ dolları məbləğində kredit verilmişdir. X1 oğlu kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - Bank of Baku ASC-nin xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, X1 oğlunun Bank of Baku ASC-yə 2006.18 ABŞ dolları əsas, 57.2 ABŞ dolları faiz borcu vardır. - AZ-İİ seriyalı 460434 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1 oğlu xx.xx.2015-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 206 nömrə ilə qeyd edilmişdir; - 4 saylı Bakı Asan xidmət mərkəzində notariat kontorunun xx.xx.2015-ci il tarixli şəhadətnaməsindən görünür ki, xx.xx.2015-ci il tarixdə vəfat etmiş X1 oğlunun vərəsəsi Cavabdeh hesab edirmiş, o miras əmlakdan irs almışdır.. xx.xx.2025-ci il tarixli iddia ərizəsinin verilməsi üçün Bank of Baku ASC tərəfindən 56 manat dövlət rüsumu ödənilmişdir. İşdə iştirak edən şəxslər: İddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə müraciət edərək məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh məhkəmə iclasında izahatında göstərdi ki, krediti onun mərhum atası götürmüş, bundan 10 il keçməsinə baxmayaraq bank zəng edərək ona borcun ödənilməsini bildirmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə cavabdehin və iddiaçının nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxşının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
378. Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 04 iyun 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından müqavilə öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması anına münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2025-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 378, 379 və 380-ci maddələrinin tələblərindən irəli gələrək və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq müqavilələrdən yaranan öhdəliklər üzrə borclunun ölümü ilə öhdəlikdə tərəfin dəyişməsi iddia müddətinin axımının dayandırılmasına və ya kəsilməsinə səbəb olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427-ci maddəsi ilə müəyyən edilmiş icra müddətləri ərzində öhdəlik icra edilməzsə kreditor ölmüş borclunun vərəsələrinə qarşı həmin Məcəllənin 377-ci maddəsi ilə təsbit edilmiş müddətlərdən etibarən iddia irəli sürmək hüququna malik olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli qərarına əsaəsn, Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4cü maddəsində nəzərdə tutulanəşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz.
Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə yuxarıda sadalanan iş materiallarına əsasən ilk olaraq, cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsinə münasibətdə qeyd edir ki, hazırki tələb üzrə iddia müddətinin tətbiq edilməsi üçün əsasla mövcud deyil. Odur ki, hazırda iddiaçı tərəfindən məhkəmə yönəlmiş iddia tələbinə iddia müddətinin tətbiq edilməməli, tələbə qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə araşdırması aparılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə iclasında müəyyən olundu ki, X1 oğlunun vərəsəsi olan Cavabdeh miras əmlakı qəbul etdiyindən on, mərhumun öhdəliyi üçün məsuliyyət daşıyır. Cavabdeh mirası qəbul etdiyindən, mərhumun öhdəliyi üçün öz payına mütənasib olaraq məsuliyyət daşıdığından iddia tələbi X1 oğlunun xx.xx.2015-ci il tarixli müqavilə üzrə yaranmış borcunun cavabdehdən tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, Cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış əsas borc məbləğini və gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunu ödəməlidir. Məhkəmə hesab edir ki, mövcud şəraitdə iddianın təmin edilməsinə mane olan hal yoxdur, işdə olan sübutlar əsasında qətnamə çıxarılmalıdır.
Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, iddiaçı isə tələb etdiyindən, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Nəticə: Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2015-ci il tarixli, CC/18813/49/3 saylı Kredit müqaviləsi üzrə 2006.18 ABŞ dolları əsas borc və 57.2 ABŞ dolları faiz borcu olmaqla, cəmi 2063.38 ABŞ dolları məbləği ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan manatı ilə və dövlət rüsumunun əvəzi qismində 56 manat pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh xx.xx.2015-ci il tarixli, CC/18813/49/3 saylı Kredit müqaviləsi üzrə 2006.18 ABŞ dolları əsas borc və 57.2 ABŞ dolları faiz borcu olmaqla, cəmi 2063.38 ABŞ dolları məbləği ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan manatı ilə və dövlət rüsumunun əvəzi qismində 56 manat pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Rauf Əhmədov