Məhkəmə qərarları › İş №e-2(007)-3065/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-3065/2024

18.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-3065/2024 18.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :

1. İddiaçı Bank "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə icraat qaydasında) iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli, RPF-00003-16/19A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2024-cü il tarixinə ödənilməmiş 470.03 manat əsas borcun, 3.52 manat faiz borcun, ümumilikdə 473.55 manat borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçının xeyrinə tutularaq ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli, RPF-00003-16/19A saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, Bank "xxxx" ASC 3940.13 manat məbləğində krediti illik 1 faizlə 60 ay müddətinə Cavabdeh2 mülkiyyətinə vermiş, borclu isə həmin kreditdən iddiaçı ilə bağlanmış MK-00873-17/14A saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə istifadə etməyi və krediti 21..2024-cü il tarixinədək faiz ilə birlikdə Bank "xxxx" ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında “Problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri” barəsində xx.xx.2019-cu il tarixli, RPF-00003-16/19A saylıKredit Müqaviləsinə 2 saylı Əlavə bağlanmışdır. Kreditin təminatı qismində Cavabdeh1 xx.xx.2019-cu il tarixli, RPFZ-00003-16/19Asaylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh2nın həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Cavabdehlər kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya və zaminə dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə iddiaçı cavabdehlərlə arasında olan müqaviləsinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur.

İş materialları :

3. İddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli RPF-00003-16/19A saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh2 illik 1% faiz ilə 60 ay müddətinə 3940.13 manat məbləğində kredit borcalanın mülkiyyətinə verilməyi, borcalan isə həmin krediti xx.xx.2024-cü il tarixinədək faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür.

4. İddiaçı Bank "xxxx" ASC ilə zamin Cavabdeh1 və Cavabdeh2 arasında bağlanİlmış xx.xx.2019-ci il tarixli, RPFZ-00003-16/19A saylı Zaminlik müqaviləsindən görünür ki, cavabdeh Səmədov X1 Rafiq Rasim oğlunun Bank "xxxx" ASC ilə borclu Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli RPF-00003-16/19A saylı 60 ay müddətinə, illik 1% faiz olmaqla 3940.13 manat məbləğdə kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti daçımaq öhdəliyini öz üzərinə götürmüşdür.

5. RPF-00003-16/19A saylı, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə 2 saylı əlavə olan və iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh2 tərəfindən imzalanmış “Problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri”dən görünür ki, tərəflər arasında kredit müqaviləsinin restrukturizasiya edilməsi şərtləri barədə razılıq əldə edilmişdir.

6. xx.xx.2019-cu il tarixli RPF-00003-16/19A saylı kredit müqaviləsinə əlavə 1 olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 kredit müqaviləsinə uyğun olaraq 60 ay müdətinə, illik 1% faiz dərəcəsi ilə, ayda 67.36 manat ödəmək şərti ilə, xx.xx.2019-cu tarixindən başlayaraq xx.xx.2024-cü il tarixədək 3940.13 manat məbləğində əsas borc ödənişi və 100.90 manat faiz ödənişi etməlidir.

7. İddiaçı Bank "xxxx" ASC tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış bildirişin surətindən görünür ki, cavabdeh tərəfindən kredit müqaviləsinin tələbləri pozulmuş, kredit ödənişləri müqavilənin tərkib hissəsi hesab edilən ödəniş cədvəlinə uyğun həyata keçirilməmiş, bununla da kredit öhdəlikləri lazımınca icra edilməmişdir. Nəticədə cavabdehlərin xx.xx.2024-cü il tarixə olan borc qalığı 470.03 manat əsas borc, 3.52 manat faiz borcu olmaqla, cəmi 473.55 manat borcu olmuşdur. Cavabdehlər müqaviləyə vaxtından əvvəl xitam veriləcəyi və məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişlər.

8. İddiaçı Bank "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü tarixli maliyyə arayışından görünür ki, Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-ci il tarixli RPF-00003-16/19A saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə 470.03 manat əsas borc, 3.52 manat faiz borcu, 0 manat dəbbə borcu olmaqla, cəmi 473.55 manat borcu vardır.

9. Cavabdeh2 məxsus hesab nömrəsindən xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində çıxarışdan görünür ki, xx.xx.2019-cu il tarixdə 3940.13 manat kredit verilmişdir. Hesab üzrə 3574 manat ödəniş edilmiş və sonuncu ödəniş xx.xx.2023cü il tarixdə edilmişdir.

10. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı Bank "xxxx" ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu və 0.4 manat komissiya ödənilmişdir.

İşin faktiki halları :

11. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır.

12. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək qeyd edir ki, işdə olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur.

13. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli RPF-00003-16/19A saylı kredit müqaviləsinin və iddiaçı ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanılmış xx.xx.2019-ci il tarixli, RPFZ-00003- 16/19A saylı Zaminlik müqaviləsinin bağlanılmasından irəli gələn öhdəlik hüquq münasibətinə Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır.

Tətbiq edilən hüquq :

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :

739.1. borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

741. əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

442. maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1. əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 408.7. Əgər müqavilənin bütün mühüm şərtlərini əks etdirən təklifdən onu irəli sürmüş şəxsin təklifdə göstərilmiş şərtlər ilə müqaviləni cavab verən istənilən şəxslə bağlamaq iradəsi aydın görünürsə, belə təklif ümumi oferta sayılır. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

Məhkəmənin mövqeyi :

16. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

17. Qeyd etmək lazımdır ki, qanunvericilikdə kredit müqaviləsi borc müqaviləsinin bir növü kimi müəyyən edilmişdir. Belə ki, mülki qanunvericiliyə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (MM 739.2).

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası mülki Məcəlləsinin 746-cı maddəsinin istehlak kreditlərinə tətbiqinin mümkünlüyü baxımından şərh edilməsinə dair” 27 may 2019-cu il tarixli Qərarında qeyd edilir ki, kredit müqaviləsi ikitərəfli müqavilələrdən olub, bağlanması ilə hər iki tərəf, yəni həm kredit alan, həm də kredit verən üçün müəyyən vəzifələr yaratmış olur. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür.

19. Qeyd etmək lazımdır ki, kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir.

20. İş materiallarına əlavə edilmiş Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli RPF-00003-16/19A saylı kredit müqaviləsi və xx.xx.2019-cU il tarixli RPF-00003-16/19A saylı kredit müqaviləsi əlavə olan ödəniş cədvəlinə əsasən müəyyən edilmişdir ki, Cavabdeh2 kredit müqaviləsinə uyğun olaraq 60 ay müdətinə, 1% faiz olmaqla, ayda 67.36 manat ödəmək şərti ilə, xx.xx.2019-cu tarixindən başlayaraq xx.xx.2024-cü il tarixədək 3940.13 manat məbləğində əsas borc ödənişi etməyi öhdəsinə götürmüşdür.

21. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, iddiaçı Bank "xxxx" ASC tərəfindən xx.xx.2019-ci il tarixli RPF-00003-16/19A saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək Cavabdeh2 60 ay müdətinə, illik 1% faiz dərəcəsi ilə, ayda 67.36 manat ödəmək şərti ilə, xx.xx.2019-cu il tarixindən başlayaraq xx.xx.2024-cü il tarixədək 3940.13 manat məbləğində kredit verilmiş, lakin Cavabdeh2 iş materiallarına əsasən (maliyyə arayışı) müəyyən olunur ki, xx.xx.2019-ci il tarixli RPF-00003-16/19A saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca, yəni vaxtında, ödəniş qrafikinə uyğun yerinə yetirməmişdir.

22. Məhkəmə qeyd edir ki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditiora zərər dəyir. Mülki qanunvericiliyə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

23. Mülki qanunvericiliyə əsasən (MM 421.2) tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

24. İddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh2 qızı arasında bağlanmış xx.xx.2019-ci il tarixli RPF-00003-16/19A saylı kredit müqaviləsinin 2.9-cu bəndində nəzərdə tutulmuşdur ki, borcverən borcalanın bu müqavilə üzrə öhdəliyinin vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən aşağıdakı hallarda bu müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə və kreditin qalıq məbləğinin bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş bütün dövr üçün hesablanmış kredit faizinin qalıq məbləği ilə birlikdə qaytarılmasını borcalandan tələb edə bilər : borcalan krediti və onun faizlərinin ödənilməsi dövriliyini ən azı iki dəfə beş təqvim günündən çox pozduqda və d.

25. Belə olan halda məhkəmə qeyd edir ki, Cavabdeh2 öz üzərinə düşən öhdəliyi yerinə yetirməməsi, ödəniş qrafikini pozması işin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edildiyindən iddiaçı Bank "xxxx" ASC hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

26. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən qeyd edir ki, Cavabdeh2 xx.xx.2019-ci il tarixli RPF-00003-16/19A saylı kredit müqaviləsi üzrə əsas borcu 470.03 manat, faiz borcu isə 3.52 manat təşkil edir.

Zaminlik müqavilələri üzrə zaminlərdən tutulmanın aparılması ilə bağlı :

27. Məhkəmə qeyd edir ki, iddiaçı Bank "xxxx" ASC-nin iddia tələbi zamin Cavabdeh1 aid hissədə əsaslı olduğundan təmin edilməlidir.

28. Mülki qanunvericiliyə əsasən (MM 470.1) zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur (471). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (MM 472).

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır.

30. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2019-ci il tarixli, RPFZ-00003- 16/19A saylı Zaminlik müqavilələrində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilmişdir. Belə ki, xx.xx.2019-ci il tarixli müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuşdur ki, zamin borcverən qarşısında borcalalnın xx.xx.2019-ci il tarixli, RPF-00003-16/19A nömrəli 60 ay müdətinə, 1% faiz olmaqla, 3940.13 manat borc məbləğdə kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti daşımaq öhdəliyini öz üzərinə götürmüşdür.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 472-ci maddəsində göstərilir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göründüyü kimi, qanunverici zaminin məsuliyyətinin iki növünü fərqləndirmişdir: - birgə məsuliyyət; - subsidiar məsuliyyət. Birgə (solidar, latınca “solidus”- tam, bütöv) məsuliyyətin başlıca cəhəti ondan ibarətdir ki, zaminlik müqaviləsi üzrə bu məsuliyyət növü razılaşdırıldığı halda kreditor əsas öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə öz istəyi və mülahizəsi ilə tələbini, eyni zamanda, həm əsas borcluya, həm də birgə məsuliyyət daşıyan zaminə və ya onlardan birinə qarşı yönəldə bilər. Subsidiar (latınca “subsidiarius” - ehtiyat, yardımçı) məsuliyyət zamanı zaminliklə təminat altına alınmış öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor, ilk növbədə, əsas borcluya qarşı tələb irəli sürməli, onun tərəfindən öhdəliyin icrasının təmin edilməsi üçün mümkün vasitələrdən istifadə etməli, məhkəmədə iddia qaldıraraq borclunun müqavilədən irəli gələn vəzifələrinin məcburi icrasına və (və ya) dəymiş zərərin əvəzinin ödənilməsinə yönəlmiş zəruri hərəkətləri etməlidir. Yalnız bundan sonra öhdəliyin icra edilməsi ilə bağlı tələb subsidiar məsuliyyət daşıyan zaminə qarşı irəli sürülə bilər.

32. Həmin müqavilələrin 2.1-ci bəndində nəzərdə tutulmuşdur ki, zamin borcalanın kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyinin nəticəsində əmələ gələn faizlərin, dəbbə pulunun, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla bağlı zərərin əvəzinin ödənilməsinə görə Bank qarşısında borcalan ilə eyni həcmdə birgə məsuliyyət daşıyır.

33. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd etdiyimiz mövqeyindən çıxış edərək qeyd edir ki, tərəflər arasında bağlanmış zaminlik müqaviləsi üzrə Cavabdeh1 “borc alan”la birgə məsuliyyət daşımağı öhdəsinə götürdüyündən iddiaçı Cavabdeh1 qarşı iddia tələbi ilə müraciət etməkdə haqlı olmuşdur.

34. Qeyd olunanlara əsasən məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2019-cu il tarixli, RPF-00003-16/19A saylı kredit müqaviləsi üzrə 470.03 manat əsas borc, 3.52 manat faiz borcu olmaqla, cəmi 473.55 manat pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir.

Məhkəmə xərcləri :

35. İddiaçı Bank "xxxx" ASC məhkəməyə müraciət etmək üçün ödənilmiş ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat və ödənilmiş bank xidmət haqqının əvəzi qismində 0.40 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutulmasını xahiş etmişdir.

36. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyinə görə Azərbaycan Respublikası MPMnin 119.1-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 manat manat məbləğində vəsait müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

37. Məhkəmə iddiaçı Bank "xxxx" ASC-nin ödənilmiş 0.40 manat xidmət haqqının cavabdehdən tutulması tələbi ilə bağlı qeyd edir ki, iddiaçı pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərcin əvəzini cavabdehdən tələb etmək hüququna malik olduğundan, tələb əsaslıdır, 0.40 manat xidmət haqqı cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.

Nəticə :

38. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməli və xx.xx.2019-cu il tarixli kredit müqaviləsi və zaminlik müqavilələri üzrə 470.03 manat əsas borc, 3.52 manat faiz borcu olmaqla, cəmi 473.55 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Məmmədov Rasim Rafiq oğlundan müştərək qaydada tutularaq iddiaçı Bank "xxxx" ASC-nin hesabına ödənilməlidir.

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi :

İddia tələbi təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 470.0 manat əsas borc, 3.52 manat faiz borcu olmaqla, cəmi 473.55 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat və ödənilmiş bank xidmət haqqının əvəzi qismində 0.40 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Bank "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar