Məhkəmə qərarları › İş №e-2(007)-3123/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-3123/2023

13.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-3123/2023 13.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “hərracın keçirilməsi xərclərinin və icra ödənişlərinin ödənilməsi” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “hərracın keçirilməsi xərclərinin və icra ödənişlərinin ödənilməsi” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(007)-5618/2015 saylı qətnaməsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “avtomobil krediti müqaviləsi” üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilərək, cavabdehdən ümumilikdə 18835.89 ABŞ dolları məbləğində pul məbləğinin və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun İddiaçı ASC-nin xeyrinə tutulması; tutma ipoteka predmeti olan cavabdehə məxsus «Seat İbiza ST” markalı, ** GB *** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobil açıq hərracdan satılması və satışdan əldə olunan pul vəsaiti İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəlmişdir. Bakı şəhəri Nizami rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli 17/**-CM-***87 saylı sifariş məktubuna əsasən Cavabdeh məxsus “Seat İbiza ST” markalı, ** GB *** dövlət nömrə nişanlı avtomobil hərrac təşkilatçısı "xxxx" MMC vasitəsi ilə açıq hərraca çıxarılmışdır. Lakin təkrar hərracın baş tutmaması səbəbindən “İpoteka haqqında” Azərbaycan Respubikası Qanununun 43.7-ci maddəsinə əsasən ipoteka predmeti ipoteka saxlayana təklif olunmuşdur. Hərrac təşkilatçısı "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 69/01 saylı “Hərracın yekunları barədə Protokolu”na əsasən “İpoteka haqqında” Azərbaycan Respubikası Qanununun 43.7-ci maddəsinə müvafiq olaraq Cavabdeh məxsus “Seat İbiza ST” markalı, ** GB *** dövlət nömrə nişanlı avtomobil ipoteka saxlayan İddiaçı ASC tərəfindən əldə edilmişdir. Hərrac təşkilatçısı "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 135 saylı hesab-fakturasından göründüyü kimi, Cavabdeh məxsus “Seat İbiza ST” markalı, ** GB *** dövlət nömrə nişanlı avtomobilin açıq hərracdan satılması ilə əlaqədar 239.07 manat məbləğində xidmət haqqı (202.60 manat və 36.47 manat vergi (18% ƏDV) ümumilikdə 239.07 manat) ödənişinin ödənilməsi nəzərdə tutulmuşdur. xx.xx.2022-ci il tarixli 27415859 saylı ödəniş tapşırığı ilə müəyyən olunur ki, İddiaçı ASC tərəfindən "xxxx" MMC-nin hesabına xx.xx.2022-ci il tarixli 135 saylı hesab-fakturaya əsasən Cavabdeh məxsus “Seat İbiza ST” markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərrac xidmətinin dəyəri olaraq 202.60 manat ödənilmişdir. xx.xx.2022-ci il tarixli 27415858 saylı ödəniş tapşırığı ilə müəyyən olunur ki, İddiaçı ASC tərəfindən X1 hesabına xx.xx.2022-ci il tarixli EQ seriya EBCJ № 445378 əsasən 36.47 ƏDV ödənilmişdir. Qeyd olunan ödəniş tapşırıqlarından göründüyü kimi, 239.07 manat məbləğində hərracın keçirilməsi xərci borclu Cavabdehin əvəzinə tələbkar İddiaçı ASC tərəfindən ödənilmişdir. Halbuki, qüvvədə olan qanunvericiliyinin tələbinə əsasən icra ödənişi ilə əlaqədar çəkilən xərclər (hərracın keçirilməsi xərcləri) borclu tərəfindən ödənilir. Qeyd olunanlara əsasən məcburi icra tədbirləri zamanı tələbkar İddiaçı ASC tərəfindən ödənilmiş 239.07 manat məbləğində hərracın keçirilməsi xərci və 334.69 manat icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər, cəmi 573.76 manat pulun, həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2.-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. İş materiallarından göründüyü kimi, 239.07 manat məbləğində hərracın keçirilməsi xərci və 334.69 manat məbləğində icra ödənişi borclunun əvəzinə tələbkar İddiaçı ASC tərəfindən ödənilmişdir. Halbuki, qüvvədə olan qanunvericiliyinin tələbinə əsasən həm icra ödənişi, həm də icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər (hərracın keçirilməsi xərcləri) borclu tərəfindən ödənilir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. “İcra haqqında” Qanunun 78.1-ci maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri- əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır. “İcra haqqında” Qanunun 79.1-ci maddəsinə əsasən icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir. “İcra haqqında” Qanunun 79.2.1-ci maddəsinə əsasən borclunun əmlakının daşınmasına, saxlanmasına və satılmasına dair xərclər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə aiddir. “İcra haqqında” Qanunun 81.1 -ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər borcludan tutulur. Tutulmuş məbləğ icra xidməti icra məmurlarının xüsusi fonduna köçürülür. “İcra haqqında” Qanunun tələbindən göründüyü kimi, icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün təyin edilmiş müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra edildiyi halda, icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi iləəlaqədar çəkilən xərclərin ödənilməsi borclunun öhdəliyinə aid edilmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə əsasənəgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki,qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdətutulmasın. Göründüyü kimi, borclu Cavabdeh məcburi icra tədbirləri zamanı icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərcləri ödəməməklə qanunvericiliklə üzərinə düşən öhdəliyi icra etməmiş, həmin ödənişləri onun əvəzinə tələbkar ödəmiş və bunun nəticəsində, borclu Cavabdeh tərəfindən tələbkar İddiaçı ASC-nə maddi zərər yetirilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı ASC tərəfindən ödənilmiş 239.07 manat məbləğində hərracın keçirilməsi xərci, 334.69 manat məbləğində icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər, ümumilikdə 573.76 manat məbləğində borc və ödənilmiş 30 manat Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 239.07 manat məbləğində hərracın keçirilməsi xərci, 334.69 manat məbləğində icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər, ümumilikdə 573.76 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar