Məhkəmə qərarları › İş №e-2(007)-3188/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-3188/2024

23.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-3188/2024 23.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçının vəkil və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçının Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “pul” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Tələb:

1. İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialından iddiaçının xeyrinə 32.400 manat əsas borcun, 300 manat vəkil xidmətlərinə görə ödənilmiş pulun, 189 manat ödənilmiş dövlət rüsumunun, cəmi 32.889 manat vəsaitin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş və iş üzrə hazırlıq iclası təyin edilmişdir.

İşdə iştirak edən tərəflər:

3. Məhkəmə iclasında İddiaçının vəkil və nümayəndəsi Nümayəndə ərizə verərək, iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə baxılmadan geri qaytarılmasını xahiş etdi.

4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də nümayəndəsinin iştirakını təmin etməmişdir.

5. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilməlidir. 114.1.3-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.3-cü maddəsinə görə, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

7. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun:

5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır.

8. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 24 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun Qərarı:

“Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında dəyişiklik edilərək, qərarın 5.1.2ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.

Məhkəmənin mövqeyi:

9. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır.

10. Beləliklə, məhkəmə hesab edir ki, işin məhkəmə baxışına hazırlanması mərhələsi olduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinin tələbinə görə geri qaytarılmalıdır.

11. Həmçinin iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarıldığından məhkəmə hesab edir ki, İddiaçının vəkil və nümayəndəsi Nümayəndə tərəfindən ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən geri qaytarılmalıdır.

12. İş materiallarına əlavə edilmiş **********08 nömrəli mədaxil qəbzdən (“AsanPay vasitəsilə, qəbz nömrəsi: **********08, büdcə təsnifat kodu: 14221102, tarix: xx.xx.2024, saat 12:10:25) görünür ki, hazırki iş üzrə İddiaçının vəkil və nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 189 manat məbləğində dövlət rüsumu ödəmişdir.

Nəticə:

13. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, İddiaçının Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “pul” tələbinə dair iddia ərizəsi geri qaytarıldığından, ödənilmiş 189 manat məbləğində dövlət rüsumu İddiaçının vəkil və nümayəndəsi Nümayəndə büdcədən geri qaytarılmalıdır.

14. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci, 263-264-cü və 267-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Qərara aldı:

İddiaçının Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddia ərizəsinin verilməsinə görə İddiaçının vəkil və nümayəndəsi Nümayəndə tərəfindən ödənilmiş 189 manat (“AsanPay vasitəsilə, qəbz nömrəsi: **********08, büdcə təsnifat kodu: 14221102, tarix: xx.xx.2024, saat 12:10:25) dövlət rüsumu dövlət büdcəsindən qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan tərəflərə təqdim olunduqdan 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar