Məhkəmə qərarları › İş №e-2(007)-3302/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-3302/2024

02.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-3302/2024 02.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 7231.85 manat əsas, 589.38 manat faiz, 18.10 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 7839.33 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 98.40 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 59 ay müddətinə illik 25% ödəmək şərtilə 7751 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verməyi və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 12 sentyabr 2024-cü il tarixinə "xxxx" KB ASC-yə 7231.85 manat əsas, 589.38 manat faiz, 18.1 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 7839.33 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir

İş materialları :

3. İddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli, 850nkNFT/23 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı "xxxx" KB ASC tərəfindən Cavabdeh xx.xx.2028-ci il tarixədək kreditdən istifadəyə görə illik 25 faiz ödəmək şərti ilə 7751 manat kredit verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Kreditin məqsədli təyinatı xx.xx.2023-cü il tarixli 2542nkNARb/23 nömrəli müqavilənin bağlanması olmuşdur (məbləğ 7750.95 manat).

4. xx.xx.2023-cü il tarixli, 850nkNFT/23 saylı kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədən görünür ki, Cavabdeh 59 ay (xx.xx.2023-cü il tarixdən xx.xx.2028-ci ilədək) müddətinə, illik faiz dərəcəsi 25 %, hər ay 230 manat ödəmək şərtilə 7751.0 manat kredit verilmişdir.

5. İddiaçı "xxxx" KB ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdeh müqavilə üzrə öhdəliklərin icrasını gecikdirmiş, yəni “ödəniş cədvəli”ndə nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir. xx.xx.2024-cü il tarixinə 7231.85 manat əsas, 352.71 manat faiz, 15.70 manat cərimə olmaqla, cəmi 7600.26 manat borcu yaranmışdır. Qeyd edilənlərə əsasən iddiaçı bütün borc məbləğinin tam olaraq 3 (üç) iş günü müddətində ödəməklə kredit müqaviləsinin 3 iş günü müddətində ləğv etməyi təklif etmiş, əks halda iddia tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir.

6. İddiaçı "xxxx" KB ASC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 850nkNFT/23 saylı kredit müqaviləsi üzrə 7231.85 manat əsas borc, 589.38 manat faiz borcu və 18.10 manat cərimə olmaqla, cəmi 7839.33 manat borcu vardır.

7. xx.xx.2023-xx.xx.2024-cü il dövri əhatə edən hesabdan çıxarışdan görünür ki, cavabdehin hesabına xx.xx.2023-cü il tarixində 850nkNFT/23 saylı kredit müqaviləsi üzrə 7751 manat pul vəsaiti köçürülmüşdür. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdən sonra xx.xx.2024-cü il tarixdə 100 manat məbləğində ödəniş edilmişdir.

8. xx.xx.2024-cü il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" KB ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 98.40 manat dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları :

9. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, sosial məzuniyyətdə olduğu, maddi çətinlikləri olduğu üçün ödəniş edə bilməmişdir. Həmçinin qeyd etmişdir ki, sonuncu ödənişi avqust ayında etmişdir.

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və elektron məhkəmə informasiya sistemi vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinə onların iştirakı olmadan baxaraq iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşin faktiki halı :

12. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında xx.xx.2023-ci il tarixli, 850nkNFT/23 saylı kredit müqaviləsinin bağlanması və həmin kredit müqaviləsi üzrə cavabdeh tərəfindən öhdəliyin pozulması, lazımi qaydada yerinə yetirməməsi və nəticədə iddiaçıya borcun yaranması hazırki mülki işin mübahisəsiz halıdır.

13. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasında xx.xx.2023-ci il tarixli, 850nkNFT/23 saylı kredit müqaviləsinin bağlanılmasından irəli gələn öhdəlik hüquq münasibətinə Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır.

Məhkəmə baxışının hədləri:

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 191.3. cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :

739.1. borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

741. əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

442. maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1. əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

Məhkəmənin mövqeyi :

17. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehin izahatını nəzərə alaraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

18. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

19. Azərbaycan Respublikası Konstitusiya məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən zəruri şərtlər dedikdə, müqavilənin müddəti, məbləği, faiz dərəcəsi, valyuta vəs. dair şərtlərdir.

20. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında müqavilənin bütün mühüm şərtləri barədə tələb olunan formada razılıq əldə edilmiş xx.xx.2023-cü il tarixli kredit müqaviləsi bağlanmışdır.

21. Belə ki, işin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli, 850nkNFT/23 saylı kredit müqaviləsinə əsasən iddiaçı "xxxx" KB ASC tərəfindən Cavabdeh 59 ay (xx.xx.2023-cü il tarixdən xx.xx.2028-ci ilədək) müddətinə, illik faiz dərəcəsi 25 %, hər ay 230 manat ödəmək şərtilə 7751.0 manat kredit verilmişdir.

22. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 Və 449-cu X1 Şərh Edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 Dekabr 2014-cü il qərarında qeyd edilir ki, MM-in 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir.

23. Mülki qanunvericiliyə əsasən (MM 421.2) tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

24. xx.xx.2023-ci il tarixli, 850nkNFT/23 saylı kredit müqaviləsinin 2.7-ci bəndində nəzərdə tutulmuşdur ki, “bank” “borcalan” kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi dövriliyini ən azı 2 dəfə 5 təqvim günündən çox pozduqda müqaviləyə vaxtından əvvəl xitam verə və kreditin qalıq məbləğinin 1.1-ci bəndində nəzərdə tutulmuş bütün dövr üçün hesablanmış kredit faizinin qalıq məbləği ilə birlikdə qaytarılmasını borcalandan tələb edə bilər

25. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, xx.xx.2023cü il tarixli, 850nkNFT/23 saylı kredit müqaviləsi üzrə iddiaçı "xxxx" KB ASC öz üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş materiallarına (maliyyə arayışı, hesabdan çıxarış) və cavabdehin izahatına əsasən müəyyən olunur ki, Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra edilməmiş, nəticədə cavabdehin bank qarşısında icra edilməmiş öhdəliyi qalmışdır.

26. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

27. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet (annuitet ödənişlər – əsas məbləğ və hesablanmış faizlər) ödənişlərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

28. İddiaçı "xxxx" KB ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli, 850nkNFT/23 saylı kredit müqaviləsi üzrə öhdəliklərin lazımınca və vaxtında icra edilməməsi nəticəsində yaranmış 7231.85 manat əsas borc, 352.71 manat faiz borcu və 15.70 manat cərimə olmaqla, cəmi 7600.26 manat bütün borc məbləğinin tam şəkildə ödənilərək kredit müqaviləsinin ləğv edilməsi təklif edilməklə, müqavilənin birtərəfli qaydada ləğv edilməsi ilə bağlı iradə ifadəsi bildirilmişdir.

29. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

30. Həmin qərarda həmçinin qeyd edilir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir.

31. Məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi xx.xx.2024-cü il tarixdən birtərəfli qaydada ləğv edildiyindən iddiaçı yalnız həmin tarixədək olan müqavilə üzrə hesablanmış faizləri (bildirişdə göstərilən məbləğdə, 352.71 manat məbləğində) tələb edə bilər.

32. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə, yəni iddiaçı "xxxx" ASC tərəfindən müqavilə birtərəfli qaydada ləğv edildiyi tarixdən sonra 100 manat ödəniş edilmişdir.

33. İddiaçı tərəfindən təqdim edilən hesabdan çıxarışa əsasən müəyyən olunur ki, iddiaçı "xxxx" ASC tərəfindən müqavilənin birtərəfli qaydada ləğv edilməsi ilə bağlı iradə ifadəsi xx.xx.2024-cü il tarixdə bildirilməsinə və cavabdeh tərəfindən həmin tarixdən sonra ödənilən pul vəsaiti faiz və cərimə borcuna silinməsinə baxmayaraq iddiaçı cavabdehdən 589.38 manat faiz, 18.10 manat cərimə borcu və 98.40 manat dövlət rüsumunun tutulması tələbi irəli sürmüşdür.

34. Mülki qanunvericiliyə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir (MM 432.4m).

35. Belə olan halda məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən ödənilmiş 100 manat pul vəsaiti faiz borcundan silinməlidir.

36. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən qeyd edir ki, xx.xx.2023-cü il tarixli, 850nkNFT/23 saylı kredit müqaviləsi üzrə əsas borc 7231.85 manat, faiz borcu isə 252.71 manat təşkil edir.

37. Həmçinin iddiaçı "xxxx" ASC Cavabdeh 18.10 manat məbləğində cərimənin tutulması tələbini irəli sürmüşdür.

38. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, 18.10 manat təşkil edən cərimə məbləğinin 1 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir.

39. İş materialları əsasında müəyyən edilir ki, iddiaçı "xxxx" KB ASC məhkəməyə müraciət etmək üçün 98.40 manat məbləğində dövlət rüsumu ödəmişdir.

40. Buna görə də məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə uyğun olaraq dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 94.86 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Nəticə :

41. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli və xx.xx.2023-cü il tarixli, 850nkNFT/23 saylı kredit müqaviləsi üzrə 7231.85 manat əsas borc, 252.71 manat faiz borcu, 1 manat cərimə borcu olmaqla, cəmi 7485.56 manat borc məbləği və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 94.86 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı "xxxx" KB ASC-nin hesabına ödənilməlidir.

42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-5, 284-6, 326-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi :

İddia tələbi qismən təmin edilsin. Cavabdeh X2 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 7231.85 manat əsas borc, 252.71 manat faiz borcu, 1 manat cərimə borcu olmaqla, cəmi 7485.56 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 94.86 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" KB ASC-nin hesabına ödənilsin. İddiaçı "xxxx" KB ASC-nin iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar