Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-3374/2022 28.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 205NFPK saylı kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2014-ci il tarixli, 3861NF saylı kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 (beş) il müddətinə 1 (bir) il güzəşt müddəti olmaqla, illik 1 (bir) faiz dərəcəsi ilə 3945 (üç min doqquz yüz qırx beş manat 00 qəpik) manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 28 noyabr 2019-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə “Kredit verən” “Kredit alan”a “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın icrası ilə əlaqədar güzəştli şərtlərlə kredit verməyi, “Kredit alan” isə krediti qəbul edib, bu Müqavilənin 1.2-ci bəndi ilə müəyyən olunan məqsəd üçün istifadə etməyi və müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə krediti qaytarmağı və ona hesablanmış faizləri (bundan sonra ismin müvafiq hallarında faizlər adlanacaq) “Kredit verənə ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1.5ci bəndinə əsasən “Kredit alan” tərəfindən bu Müqavilə üzrə öhdəlikləri lazımınca yerinə yetirilmədikdə kreditin geri qaytarılması ilə bağlı çəkdiyi və ya çəkməli olduğu bütün xərclərin (zərərin) əvəzinin, habelə əldən çıxmış faydanın ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Qeyd edilən müqavilənin 2.1.6-cı bəndinə əsasən “Kredit alan” öz öhdəliklərini bu Müqavilə üzrə iki dəfədən çox və ya 90 (doxsan) gün ərzində icra etmədikdə və ya lazımınca icra etmədikdə “Kredit verən” qalıq borcun ödənilməsi barədə məhkəməyə müraciət edir və bunun üçün zəruri tədbirlər görür. Müqavilənin 3.3-cü bəndinə əsasən Kredit məbləği kreditin “Kredit alan” üçün açılan ssuda hesabına köçürüldüyü tarixdən 1 (bir) il güzəşt müddətinin bitdiyi gündən başlayaraq hər 30 (otuz) təqvim gününün bitdiyi sonuncu gün “Kredit alan” tərəfindən “Kredit verən”in hesabına nağd və ya köçürmə yolu ilə bu Müqavilənin 4.1-ci bəndi ilə müəyyən olunan müddət ərzində hər ay bərabər hissələrlə geri qaytarılır. Qeyd edilən müqavilənin 3.4-cü bəndinə əsasən “Kredit alan” kreditdən istifadəyə görə “Kredit verənə illik 1 (bir) % faiz ödəyir. Müqavilənin 3.5-ci bəndinə əsasən Faizlər kreditin ssuda hesabına daxil olduğu günün ertəsi günündən kredit qaytarılan günədək hesablanır. Qeyd edilən müqavilənin 3.6-cı bəndinə əsasən faizlər kreditin ssuda hesabına daxil olduğu gündən etibarən hər 30 (otuz) təqvim gününün bitdiyi sonuncu gün “Kredit alan” tərəfindən “Kredit verən”in hesabına nağd və ya köçürülmə yolu ilə ödənilir. Faizlərin son ödənişi kreditin son ödənişi ilə birlikdə ödənilir. Müqavilənin 3.8-ci bəndinə əsasən kredit məbləği “Kredit alan" tərəfindən 'Kredit verənə bu Müqavilənin 4.1-ci bəndində göstərilən müddət ərzində tam olaraq qaytarılır. Qeyd edilən müqavilənin 4.4.1-ci bəndinə əsasən kreditin və faizlərin ödənilməsi “Kredit alan” tərəfindən 2 (iki) dəfədən və ya 90 (doxsan) gündən artıq müddətə gecikdirildikdə müqavilə “Kredit verən” tərəfindən 2.4.5-ci yarımbəndi ilə müəyyən olunan şərtlərlə birtərəfli qaydada vaxtından əvvəl ləğv edilər. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2022-ci il tarixli, **********2181 saylı pretenziya göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh1 xx.xx.2022-ci il tarixə kredit üzrə cəmi borcu 4048,34 (dörd min qrıx səkkiz manat, 34 qəpik) manat təşkil edir. Bundan 3945 (üç min doqquz yüz qırx beş manat 00 qəpik) manat əsas, 103,29 (bir yüz üç manat 29 qəpik) manat faiz, 0,05 (0 manat 05 qəpik) manat cərimə borcu təşkil edir. Qeyd edilənlərə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 205NFPK kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, həmin müqavilə üzrə cəmi 4048,34 (dörd min qrıx səkkiz manat, 34 qəpik) manat, bundan 3945 (üç min doqquz yüz qırx beş manat 00 qəpik) manat əsas, 103,29 (bir yüz üç manat 29 qəpik) manat faiz, 0,05 (0 manat 05 qəpik) manat cərimə borcu və iş üzrə ödənilmiş 61 (altmış bir) manat dövlət üsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 205NFPK saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə istehlak məqsədi ilə 60 ay müddətinə illik 1 faiz ödəmək şərti ilə 3945 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir; - İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, o, kreditor qarşısında borclunun kredit müqaviləsi üzrə öhdəliklərin icra etmədikdə və ya lazımnca icra etmədikdə həmin öhdəliyin tamamilə icra edilməsini öhdəsinə götürmüşdür; - xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 banka 3945 manat əsas borc, 103,29 manat faiz borcu, 0,05 manat dəbbə borcu olmaqla, ümumilikdə 4048,34 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli kredit müqaviləsi imzalanmışdır. İddiaçı Bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu Cavabdeh1 öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. İşdən görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə Bank tərəfindən cavabdehə bildiriş göndərilmiş, lakin qanunda müəyyən edilmiş müddətin keçməsinə baxmayaraq cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Hazırki iş üzrə zaminlik müqaviləsində (1.1-ci maddə) borc alanın kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminin iddiaçı qarşısında məsuliyyəti tam olaraq öz üzərinə götürdüyü və borc alan ilə birlikdə iddiaçı qarşısında məsuliyyət daşıdığı nəzərdə tutulmuşdur. Beləliklə, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməməklə kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Bu səbəbdən kreditor ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 3945 manat əsas, 103,29 manat faiz borcunun və 0,05 manat cərimə borcunun borc alan və zamin olan cavabdehlərdən tutulmasına dair iddia təmin edilməlidir. Eyni zamanda məhkəmə belə qənaətə gəlir ki, borclu kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında icra etmədiyindən iddia tələbi müqavilənin ləğv edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 61 manatı da cavabdehlərdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 205NFPK kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 3945 manat əsas borc, 103,29 manat faiz borcu, 0,05 manat dəbbə borcu, ümumilikdə 4048,34 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 61 manat dövlət rüsumunun əvəzi tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-3374/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-3374/2022
28.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver