Məhkəmə qərarları › İş №e-2(007)-3459/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-3459/2025

10.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-3459/2025 10.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi ilə, İddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı “X1 Azərbaycan” QSC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “X1 Azərbaycan” QSC-nin xeyrinə əsas məbləğ üzrə: 13800 AZN, faiz məbləği üzrə: 853,67 AZN, cərimə məbləği üzrə: 30,43 AZN, cəmi borc: 14684 AZN məbləğində kredit borcu, həmçinin dövlət büdcəsinə köçürülmüş 134.05 AZN məbləğində dövlət rüsumunun tutulması (ödənilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İdiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx/xx/2025-ci il tarixində “X1 Azərbaycan” QSC ilə Cavabdeh arasında 308952 nömrəli Kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən, Bank tərəfindən borclanan Cavabdeh istehlak yönümlü 13800 manat məbləğində pul ayrılmışdır və o, 48 ay müddətində kreditin əsas məbləği və ona illik 16% faiz dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. “X1 Azərbaycan” QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərin tam icara etsə də, borclanan Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Borclanana bu barədə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günədək borcu ödəməmişdir. Tərəflərin izahatları: Məhkəmə iclaslarının vaxtı və yeri haqqında xəbərdar edilmiş iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmiş, iddiaçı elektron qaydada ərizələr verərək bildirmişdir ki, məhkəməyə iddia ilə müraciət olunan zaman bütün zəruri hesab edilən sənədlər məhkəməyə təqdim edilmişdir. İddia ərizəsi tam əsaslı və qanunidir. Qeyd olunanlara əsasən, iddia ərizəsində qeyd edilənləri nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak etmiş Cavabdeh bildirmişdir ki, o, 12 faizlə kredit götürmüş, ona 6 ay vaxt verilmiş, həmin məbləği də ödəyib bitirmişdir. Sonradan ona vaxt verəndə artıq 16 faizlə ödəməli olduğunu bildirmişlər. Əgər bilsə idi, banka borcu 12 faizlə hesablamasını və məhkəməyə vermələrini bildirərdi. Çünki o, ödəmə qabiliyyətinin aşağı düşməsi barədə məlumat vermişdir. Onun evində onkoloji xəstəsi və 2 azyaşlı uşağı var. Aldığı əmək haqqısından da əlində qalanı ilə ödəniş etmişdir. O, bankdan ödəniş üçün müddət istəmiş, anasının onkoloji xəstəliyi ilə bağlı dərman, müalicələri üçün də çox xərc çəkmişdir, hər bir halda anasının müalicə etmək əvəzinə banka borcu ödəyə bilməzdi. O, maaşını alan kimi "xxxx" ASC-yə olan borcunu ödəməli idi. Ancaq onun maaşının hamısı icra şöbəsi tərəfindən tutulduğu üçün həmin banka olan borcunu da ödəyə bilməmişdir. Əgər onun borcu ödəməmək kimi bir fikri olsa idi, əvvəlcədən banka deyərdi ki, məhkəməyə müraciət etsinlər. O, “Socar” Təhlükəsizlik İdarəsində işləyir. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, “X1 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 308952 nömrəli Kredit müqaviləsinə əsasən ona 48 ay müddətində illik 16 faiz dərəcəsi ilə 13800 manat məbləğində kredit verilmişdir. Cavabdeh öz növbəsində kreditin əsas məbləğlərin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. “X1 Azərbaycan” QSC-nin xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, müqavilə üzrə borclunun banka 13800 manat əsas, 853,67 manat faiz, 30,43 manat cərimə, ümumilikdə 14684,1 manat məbləğində borcu vardır. İddiaçı "X1 Azərbaycan” QSC-nin Cavabdeh elektron qaydada ünvanladığı bildirişdən görünür ki, iddiaçı cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi ilə əlaqədar borcun vaxtından əvvəl qaytarılmasını tələb etmiş, bununla da öhdəliklərin lazımi qaydada icra edilməməsi ilə əlaqədar müqavilədən imtina etməsi ilə bağlı iradə ifadəsini qarşı tərəfə bildirmiş, gecikmədə olan kredit borcu ümumilikdə (faiz və cərimə borcu daxil) 1648,80 manat müəyyən edilmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci, 739.2-ci, 741-ci, 408.7-ci, 421.3-cü, 448.1-ci maddələrinə əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. Qeyd edilənlərlə müəyyən olundu ki, borclu Cavabdeh İddiaçı “X1 Azərbaycan” QSC arasında bağlanmış 308952 nömrəli xx.xx.2025-cü il tarixli Kredit müqaviləsinə əsasən üzrə götürdüyü öhdəliyə əməl edib krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və digər xərcləri ödəməli, cavabdehdən iddiaçının xeyrinə 13800 manat əsas borc, 853,67 manat faiz borcu, 30,43 manat cərimə borcu, ümumilikdə 14684,10 manat məbləğində kredit borcu tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 134,05 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh "X1 Azərbaycan" QSC-nin xeyrinə xx.xx.2025-ci il tarixli, 308952 nömrəli kredit müqaviləsinə əsasən 13800 manat əsas borc, 853,67 manat faiz borcu, 30,43 manat cərimə borcu, ümumilikdə 14684,10 manat məbləğ və ödənilmiş 134,05 manat dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar