Məhkəmə qərarları › İş №e-2(007)-372/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-372/2023

06.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-372/2023 06.01.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 iştirakları ilə, İddiaçı "xxxx" BOKT MMC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" BOKT MMC cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 xeyirlərinə 5164,80 manat əsas, 402,85 manat faiz, 163,46 manat cərimə borcunun, 77,32 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" BOKT MMC ilə Cavabdeh3 arasında bağlanmış 01MK002020 saylı xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə illik 26 % ödəmək şərtilə 6000 manat məbləğində kredit verilmişdir Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh1 ilə bağlanmış 01MK002020-Z1 saylı xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürüb. Əlavə olaraq Cavabdeh2 ilə bağlanmış 01MK002020-Z saylı xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürüb. Lakin cavabdehlər müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduqları kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdirlər. Məhkəmə iclasında Cavabdeh3 iddia ərizəsinə münasibətdə qeyd etdi ki, o, bankdan 6000 manat məbləğində ticarət məqəsdi olmadan özü üçün kredit götürmüşdür. O, bir ay ödəniş etdikdən sonra pandemiya düşmüş, pandemiya vaxtı etdiyi ödənişlər isə əsas məbləğdən çıxılmamışdır. Pandemiyadan sonra onu bankdan çağırmış və müqavilənin müddətini uzatmışlar. Evdə ondan başqa işləyən yoxdur. O, 3-4 aydır ödəniş edə bilmir, yeni qrafik versələr ödəniş edəcəkdir. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsinə münasibətdə qeyd etdi ki, o zamindir və əsas borclu Mahirdir. Göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş iddiaçı "City Finance” BOKT MMC-nin nümayəndəsi və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, iddiaçının nümayəndəsi və həmin cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etmişdir. O əlavə olaraq bildirmişdir ki, cavabdeh fikirləşmişdir ki, pandemiya dövründə faizlər və cərimələr dayanmalı idi, amma faizlərin dayandırılması ilə bağlı onlara Mərkəzi Bankdan heç bir məlumat daxil olmamışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" BOKT MMC ilə Cavabdeh3 arasında bağlanmış 01MK002020 saylı xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh3 18 ay müddətinə illik 26 faiz ödənilmək şərti ilə 6000 manat məbləğində kredit verilmişdir. Cavabdeh3 isə öz növbəsində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Bu kredit müqaviləsinə əsasan yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 və Cavabdeh1 ilə Bank arasında bağlanılmış 01MK002020-Z saylı və 01MK002020-Z1 saylı xx.xx.2020-ci il tarixli zaminlik müqavilələrinə əsasən onlar zamin qismində sözügedən kredit müqavilələrinin tərəfləri olmuş, razılaşmalarından irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün Cavabdeh3 ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdürlər. "xxxx" BOKT MMC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, kredit müqaviləsi üzrə borclu Cavabdeh3 banka 5164,80 manat əsas, 402,85 manat faiz, 163,46 manat cərimə borcu olmaqla, ümumilikdə 5731,11 manat borcu vardır. Lakin cavabdehlər kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehlərin iddiaçıya borcu yaranmışdır. Qeyd edilənlərlə müəyyən olundu ki, borclu Cavabdeh3 iddiaçı "xxxx" BOKT MMC ilə bağladığı xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərini pozmuşdur və X1 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri, cəriməni və digər xərcləri ödəməlidir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, cərimə (dəbbə pulu) əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı yaranmış borcun Cavabdeh3 ilə yanaşı zaminlər Cavabdeh1 və Cavabdeh2 tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0-cı maddəsinə əsasən, zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə qeyd edir ki, "xxxx" BOKT MMC ilə Cavabdeh1 və Cavabdeh2 arasında zaminlik müqavilələri xx.xx.2020-ci il tarixdə bağlanmışdır. İddiaçı tərəfindən iddia ərizəsi isə xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Göründüyü kimi, iddiaçı cavabdehlər ilə bağlı zaminliklə təmin edilmiş öhdəliyin icrası müddətinin başa çatmasından 04 aya yaxın müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Qanunverici isə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməsini nəzərdə tutmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməli, yaranmış borc Cavabdeh3 tutulmalı, zaminlərə münasibətdə təmin edilməməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Davudov Mahı̇ r Qələmşah oğlundan "xxxx" Bank Olmayan Kredı̇ t Təşkı̇ latı MMC-nin xeyrinə 5164,80 manat əsas borc, 402,85 manat faiz borcu, 50 manat cərimə borcu olmaqla 5617,65 manat və dövlət rüsumuna görə ödənilmiş 77,32 manat vəsaitin əvəzi tutulmalı, iddia qalan hissədə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Davudov Mahı̇ r Qələmşah oğlundan “City Finance" Bank Olmayan Kredı̇ t Təşkı̇ latı MMC-nin xeyrinə 5164,80 manat əsas borc, 402,85 manat faiz borcu, 50 manat cərimə borcu olmaqla 5617,65 manat və dövlət rüsumuna görə ödənilmiş 77,32 manat vəsaitin əvəzi tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar