Məhkəmə qərarları › İş №e-2(007)-3740/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-3740/2025

17.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-3740/2025 17.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı ASC Cavabdeh qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə icraat qaydasında) iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 109819-682899/3 nömrəli kredit müqaviləsi üzrə 3100.33 manat məbləğində əsas borc və 300.74 manat faiz borcu olmaqla, cəmi 3401.07 manat, 109797- PC********** nömrəli kredit müqaviləsi üzrə 1472.3 manat məbləğində əsas borc və 102.97 manat faiz borcu olmaqla, cəmi 1575.27 manat, hər iki müqavilə üzrə 4976.34 manat borcun və 69.77 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasmda bağlanmış 17 mart 2025 il tarixli, 109819-682899/3 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 27 ay müddətinə, illik 20% dərəcəsi ilə 3195 manat məbləğində kredit verilmiş, 11 iyul 2023 il tarixli 109797-PC********** nömrəli Kredit müqaviləsinə əsasən 24 faiz dərəcəsilə, 36 ay müddətinə 1400 manat məbləğində kredit xətti ayrılmışdır. 109797-PC********** nömrəli müqavilənin 2.10-cu bəndinə əsasən, kredit xətti aylıq faiz ödənişi 30 gündən artıq gecikdirilərsə kredit xəttinin limiti sıfırlanır, limit sıfırlandığı tarixdən etibarən 10 təqvim günü ərzində qalıq borc məbləği (əsas borc, faizlər və cərimə) kapitallaşdırılaraq avtomatik olaraq bank daxili qaydalar ilə tənzimlənən məhsulun şərtilə uyğun olaraq növbəti 12 və ya 24 aylıq annuitet (aylıq bərabər) ödənişi forması ilə olan kreditə çevrilir və bu Müqavilənin 2.3-cü bəndində nəzərdə tutulmuş illik faiz dərəcəsi ilə borcalan tərəfindən banka qaytarılır. Odur ki, sonradan bu müqavilənin 2.10-cu bəndində göstərilmiş amil yarandığına görə 11 iyul 2023-cü il tarixli kredit xətti müqaviləsi 23 iyun 2025-ci il tarixdə avtomatik olaraq kreditə çevrilmişdir. Müqaviləyə əsasən borcalanın borclu olduğu 1575.27 (1472.3 manat əsas borc və ona hesablanmış 102.97 manat faiz borcu) manat borc məbləği kapitallaşaraq 24 ay müddətinə 24 % dərəcəsi ilə annuitet (aylıq bərabər) qrafikə bölünmüşdür. Kredit xətti müqaviləsinin 2.11-ci bəndinə əsasən kapitallaşmış öhdəliyin avtomatik qaydada annuitet ödəniş formalı kreditə çevrildiyi gün cədvəl üzrə aylıq ödəniş günü olaraq qəbul edilir və növbəti aydan etibarən cədvəl üzrə ödəniş icra edilməlidir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. 07 oktyabr 2025-cü il tarixinə cavabdehin 109819-682899/3 nömrəli kredit müqaviləsi üzrə 3100.33 manat məbləğində əsas borcu və 300.74 manat faiz borcu olmaqla, cəmi 3401.07 manat, 109797-PC********** nömrəli kredit müqaviləsi üzrə 1472.3 manat məbləğində əsas borcu və 102.97 manat faiz borcu olmaqla, cəmi 1575.27 manat, hər iki müqavilə üzrə 4976.34 manat məbləğində kredit borcu yaranmışdır. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürmüşdür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında, tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır.

İş materialları :

3. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış 11 iyul 2023-cü il tarixli, 109797- PC********** saylı kredit müqaviləsindən görünür ki, bu müqaviləyə uyğun olaraq bank 36 ay müddətinə, illik 24% dərəcəsi ilə 1400 manat məbləğində borclana kredit xətti açmağı, borcalan isə bu müqavilə ilə müəyyən olunmuş şərtlərlə açılmış kredit xəttindən istifadə etməyi və kredit xətti üzrə aldığı kredit məbləğini, habelə kredit xəttindən istifadəyə görə illik 24 faiz dərəcəsi ilə hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürmüşdür.

4. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh ödəniş cədvəli ilə nəzərdə tutulmuş tarixə ödəməli olan olduğu aylıq ödənişi ödəməyərək kredit müqaviləsinin şərtini pozmuşdur. Odur ki, 1472.3 manat əsas borc və 83.98 manat faiz borcu olmaqla, cəmi 1556.28 manat məbləğində vəsaiti xəbərdarlığı aldığı günün növbəti iş günündən başlayaraq 7 gün müddətindən gec olmayaraq banka ödəməsi tələb edilmiş, 1556.28 manat borcunu xx.xx.2025-ci il tarixinədək ödəmədiyi təqdirdə barəsində qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlərin görüləcəyi barədə xəbərdar edilmişdir.

5. İddiaçı ASC tərəfindən təqdim edilən 07 oktyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, 11 iyul 2023-cü il tarixli, 109797-PC********** saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə borcalanın banka 1472.3 manat əsas borc və 102.97 manat faiz borcu olmaqla, cəmi 1575.27 manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 76 gün təşkil edir.

6. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış 17 mart 2025-ci il tarixli, 109819- 682899/3 saylı kredit müqaviləsindən görünür ki, bu müqaviləyə uyğun olaraq bank 27 ay müddətinə, illik 20% dərəcəsi ilə 3195 manat məbləğində borclana istehlak krediti verməyi, borcalan isə həmin kreditin qəbul edilməsini və İddiaçı ASC-nin kredit və qeyri kredit xidmətlərinin göstərilməsinin ümumi şərtləri və bu Müqavilə ilə müəyyən edilmiş şərtlərlə və qaydada kreditin əsas məbləğini Banka qaytarmağı, kreditlə hesablanmış faizləri, kreditin rəsmiləşdirilməsi və xidmət olunmasına görə haqları, kreditin qaytarılmasını gecikdirdiyi üçün faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür.

7. TT250763Z4FY nömrəli, xx.xx.2025-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh Elləz oğluna 3195 manat kredit verilmişdir.

8. 17 mart 2025-ci il tarixli, 109819-682899/3 saylı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə 1-dən (Ödəniş Cədvəli) görünür ki, Cavabdeh illik 20 faiz dərəcəsi ilə ödəmək şərti ilə 27 ay (xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2027-ci il tarixədək) müddətinə, 3195 manat əsas məbləğ, 798.68 manat faiz ödəniş etməlidir.

9. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh ödəniş cədvəli ilə nəzərdə tutulmuş tarixə ödəməli olan olduğu aylıq ödənişi ödəməyərək kredit müqaviləsinin şərtini pozmuşdur. Odur ki, 3100 manat əsas borc və 167.47 manat faiz borcu olmaqla, cəmi 3267.8 manat məbləğində vəsaiti xəbərdarlığı aldığı günün növbəti iş günündən başlayaraq 7 gün müddətindən gec olmayaraq banka ödəməsi tələb edilmiş, 3267.8 manat borcunu xx.xx.2025-ci il tarixinədək ödəmədiyi təqdirdə barəsində qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlərin görüləcəyi barədə xəbərdar edilmişdir.

10. İddiaçı ASC tərəfindən təqdim edilən 07 oktyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, 17 mart 2025-ci il tarixli, 109819-682899/3 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə borcalanın banka 3100 manat əsas borc və 300.74 manat faiz borcu olmaqla, cəmi 3401.07 manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 141 gün təşkil edir.

11. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 69.77 manat dövlət rüsumu ödənilmişdir.

İşin faktiki halları :

12. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İşin məhkəmə tərəfindən araşdırılmalı olan halı müqavilə üzrə yaranmış borc məbləğidir.

13. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək qeyd edir ki, işdə olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur.

14. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasında 11 iyul 2023-cü il tarixli, 109797- PC********** saylı kredit müqaviləsinin bağlanılmasından irəli gələn öhdəliklər üzrə hüquq münasibətinə Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır.

15. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasında 17 mart 2025-ci il tarixli, 109819- 682899/3 saylı kredit müqavilələrinin bağlanılmasından irəli gələn öhdəliklər üzrə hüquq münasibətinə Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dən sonra qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır.

Tətbiq edilən hüquq :

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :

421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

442. maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1. əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 729.1. borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 729.2. borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

741. əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.4. Faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır. 740.5. Müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borc müqaviləsi üzrə faizlər və (və ya) haqlar müqavilənin qüvvədə olduğu hər bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, faizlər və (və ya) haqlar borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 744.1. Kredit müqaviləsi tərəflər arasında yazılı formada bağlanılır və kredit müqaviləsinin bir nüsxəsi borcalana verilir. 744.2. Kredit müqaviləsində ən azı aşağıdakılar göstərilməlidir: 744.2.1. borcverənin adı və ünvanı; 744.2.2. borcalanın adı və ünvanı; 744.2.3. kreditin məbləği və valyutası; 744.2.4. kreditin qaytarılma müddəti və ödəniş şərtləri; 744.2.5. kreditin təyinatı; 744.2.6. kredit üzrə tətbiq edilən faizlərin illik dərəcəsi və (və ya) digər ödənişlərin məbləği, həmçinin faktiki illik faiz dərəcəsi (müqavilə üzrə dəyişən faiz dərəcəsi şərtləşdirildikdə, ilkin faktiki illik faiz dərəcəsi); 744.2.7. tətbiq edildikdə, kredit üzrə faizlərin tutulmadığı müddət barədə aydın və dəqiq məlumat.

Məhkəmənin mövqeyi :

18. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

19. İşin faktiki halı odur ki, İddiaçı ASC ilə Cavabdeh arasında Konstitusiya məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə uyğun olaraq müqavilənin bütün mühüm şərtləri barədə tələb olunan formada razılıq əldə edilmiş 11 iyul 2023-cü il tarixli, 109797- PC********** saylı və 17 mart 2025-ci il tarixli, 109819-682899/3 saylı kredit müqavilələri bağlanmışdır.

20. Belə ki, tərəflər arasında bağlanılmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC Cavabdeh illik 24% dərəcəsi ilə, 36 ay müddətinə 1400 manat məbləğində kredit xətti açmış və 17 mart 2025-ci il tarixli, 109819-682899/3 saylı kredit müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə 27 ay müdətinə, illik 20 % faiz dərəcəsi ilə, xx.xx.2025-ci il tarixdən xx.xx.2027-ci il tarixədək ayda 147.92 manat, sonuncu ay 147.76 manat ödəmək şərti ilə 3195 manat məbləğində kredit verilmişdir.

21. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 299.2, 299.4,445 Və 449-cu X1 Şərh Edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 Dekabr 2014-cü il qərarında qeyd edilir ki, MM-in 729.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir.

22. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.2 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər.

23. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Mülki qanunvericiliyə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

24. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, xx.xx.2023cü il tarixli, 109797-PC********** saylı və 17 mart 2025-ci il tarixli, 109819-682899/3 saylı kredit müqavilələri üzrə İddiaçı ASC öz üzərinə düşən öhdəliyi yerinə yetirməsinə baxmayaraq Cavabdeh tərəfindən müqavilə öhdəlikləri vaxtında və lazımi qaydada icra edilməmiş, nəticədə cavabdehin banka əsas və faiz borcu yaranmışdır.

25. Belə olan halda məhkəmə qeyd edir ki, İddiaçı ASC Cavabdeh qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

26. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet (annuitet ödənişlər – əsas məbləğ və hesablanmış faizlər) ödənişlərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

27. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 299, 421.2, 422.2, 424.2 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun 29 mart 2022-cü il qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.2-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

28. Həmin qərarda həmçinin qeyd edilir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir.

29. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən müəyyən olunur ki, 17 mart 2025-ci il tarixli, 109819-682899/3 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə cavabdehin banka 3100 manat əsas borc və 300.74 manat faiz borcu olmaqla, cəmi 3401.07 manat və 11 iyul 2023-cü il tarixli, 109797-PC********** saylı kredit müqaviləsi üzrə isə xx.xx.2025-ci il tarixinə banka 1472.3 manat əsas borc və 102.97 manat faiz borcu olmaqla, cəmi 1575.27 manat borcu mövcuddur.

30. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli (11 iyul 2023cü il tarixli, 109797-PC********** saylı kredit müqaviləsi üzrə) və xx.xx.2025-ci il tarixli (17 mart 2025-ci il tarixli, 109819-682899/3 saylı kredit müqaviləsi üzrə) bildirişlərdən görünür ki, iddiaçı cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi ilə əlaqədar borcun vaxtından əvvəl qaytarılmasını tələb etmiş, bununla da öhdəliklərin lazımi qaydada icra edilməməsi ilə əlaqədar müqavilədən imtina etməsi ilə bağlı iradə ifadəsini qarşı tərəfə bildirmişdir. Odur ki, həmin tarixdən mübahisəli kredit müqavilələri birtərəfli qaydada ləğv edildiyindən iddiaçı yalnız həmin tarixədək olan müqavilə üzrə hesablanmış faizləri (xx.xx.2025-ci il tarixli bildirişdə göstərilən məbləğdə, 83.98 manat və xx.xx.2025-ci il tarixli bildirişdə göstərilən 167.47 manat məbləğində) tələb edə bilər.

31. Belə olan halda məhkəmə qeyd edir ki, Cavabdeh 11 iyul 2023-cü il tarixli, 109797- PC********** saylı və 17 mart 2025-ci il tarixli, 109819-682899/3 saylı kredit müqavilələrindən irəli gələn öhdəliklərini icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının 11 iyul 2023-cü il tarixli, 109797-PC********** saylı kredit müqaviləsi üzrə əsas borca görə 1472.3 manat və faiz borcu qismində 83.98 manat ödənilməsi və 17 mart 2025-ci il tarixli, 109819-682899/3 saylı kredit müqaviləsi üzrə əsas borca görə 3100.33 manat və faiz borcu qismində 167.47 manat ödənilməsi tələbini əsaslı hesab edir

Məhkəmə Xərcləri :

32. Məhkəmə qeyd edir ki, Azərbayn Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 68.24 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir.

Nəticə :

33. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli, 11 iyul 2023-cü il tarixli, 109797-PC********** saylı kredit müqaviləsi üzrə əsas borca görə 1472.3 manat və faiz borcu qismində 83.98 manat və 17 mart 2025-ci il tarixli, 109819-682899/3 saylı kredit müqaviləsi üzrə əsas borca görə 3100.33 manat və faiz borcu qismində 167.47 manat olmaqla, cəmi 4824.08 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 68.24 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ASC-nin hesabına ödənilməlidir.

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi :

İddia tələbi qismən təmin edilsin. Cavabdeh 11 iyul 2023-cü il tarixli, 109797-PC********** saylı kredit müqaviləsi üzrə əsas borca görə 1472.3 manat və faiz borcu qismində 83.98 manat və 17 mart 2025-ci il tarixli, 109819-682899/3 saylı kredit müqaviləsi üzrə əsas borca görə 3100.33 manat və faiz borcu qismində 167.47 manat olmaqla, cəmi 4824.08 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 68.24 manat məbləğində pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulsun. İddiaçı ASC-nin iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar