Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-379/2023 25.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin“Nizami” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, nzaz11892 saylı Kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 06% dərəcəsi olmaqla 36 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. xx.xx.2018-ci il tarixli, nzaz11892 saylı Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehlərə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh1 oğlu öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh1 xx.xx.2018-ci il tarixli, nzaz11892 saylı Kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 2200,01 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 1494,81 manat məbləğində faiz borcu və 2701,6 manat məbləğində dəbbə borcu, cəmi 6396,42 manat təşkil edir. xx.xx.2018-ci il tarixli, nzaz11892 saylı Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Tovuz rayonunun Əlimərdanlı kəndində 0,08 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 123,1 m2 olan fərdi yaşayış evini, xx.xx.2018-ci il tarixli, nzaz11892 saylı İpoteka müqaviləsinə əsasən İddiaçı ASC qarşısında yüklü edilmişdir. İpoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli, nzaz11892 saylı Kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (Bank) girova ödəniş yönəldə bilər”. Eyni zamanda həmin Müqavilənin 5.4cü bəndinə əsasən (borcluya aid hissədə), “müştəri bir dəfə bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən Bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa, çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, Bankın bu Müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır”. Göstərilənlərə əsasən, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə xx.xx.2018-ci il tarixli, nzaz11892 saylı Kredit müqaviləsi üzrə 2200,01 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 1494,81 manat məbləğində faiz borcu və 2701,6 manat məbləğində dəbbə borcu, cəmi 6396,42 manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 83.97 AZN məbləğində, cəmi 113 manat pulun tutulması, tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh2 Tovuz rayonunun Əlimərdanlı kəndində 0,08 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 123,1 m2 olan fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, bu əmlakın açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx.xx.2018-ci il tarixli, nzaz11892 saylı Kredit müqaviləsi üzrə cəmi 6396,42 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 113 manat məbləğində pulun İddiaçı ASC-nə ödənilməsi, ipoteka predmeti tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Tovuz rayonunun Əlimərdanlı kəndində 0,08 ha torpaq sahəsindən və onun üzərində yerləşən ümumi sahəsi 123,1 m olan fərdi yaşayış evindən çıxarılması və əmlakın boşaldılması, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx.xx.2018-ci il tarixli, nzaz11892 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin Cavabdeh1 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı ASC Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh1 kredit müqaviləsi üzrə 0 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 1526,38 manat məbləğində faiz borcu, cərimə borcuna görə 2701,6 manat olmaqla, cəmi 4227,98 manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 83.97 manat, cəmi 113 manat pulun tutulması, tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh2 Tovuz rayonunun Əlimərdanlı kəndində 0,08 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 123,1 m2 olan fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, bu əmlakın açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx.xx.2018-ci il tarixli, nzaz11892 saylı Kredit müqaviləsi üzrə cəmi 4227,98 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 113 manat məbləğində pulun İddiaçı ASC-nə ödənilməsi, ipoteka predmeti tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Tovuz rayonunun Əlimərdanlı kəndində 0,08 ha torpaq sahəsindən və onun üzərində yerləşən ümumi sahəsi 123,1 m olan fərdi yaşayış evindən çıxarılması və əmlakın boşaldılması, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx.xx.2018-ci il tarixli, nzaz11892 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin Cavabdeh1 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi Nümayəndə elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, son tələblərini müdafiə etdiklərini və baxış iclasının onların iştirakı olmadan keçirilərək, iddia tələblərinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 19 aprel 2018-ci il tarixli, nzaz11892 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 06 faiz ödəmək şərti ilə 15000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 24 aprel 2018-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 özünə məxsus Tovuz rayonunun Əlimərdanlı kəndində 0,08 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 123,1 m2 olan fərdi yaşayış evini 19 aprel 2018-ci il tarixli kredit müqaviləsi üzrə götürülmüş 15000 manat kredit məbləğinin təminatı kimi ipoteka qoymuşdur; - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Tovuz rayonunun Əlimərdanlı kəndində 0,08 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 123,1 m2 olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə 13 sentyabr 2012-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır; - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Tovuz rayonunun Əlimərdanlı kəndində 0,08 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 123,1 m2 olan fərdi yaşayış evi 24 aprel 2018-ci il tarixli ipoteka müqaviləsinin öhdəliyi üçün 24 may 2018-ci il tarixdə İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir; - İddiaçı ASC-nin 18 aprel 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə 0,01 manat əsas, 1526,38 manat faiz, 2701,6 manat cərimə borcu olmaqla, cəmi 4227,99 manat borcu vardır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 oktyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 19 aprel 2018-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ASC-yə olan borcu əsas borc üzrə 0,01 manat, faiz borc üzrə 1780,01 manat, cəmi 1780,02 manat məbləğində borc müəyyən olunmuşdur. - xx.xx.2022-ci i tarixli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, 83.97 manat dövlət rüsumu ödəmişdir. - İddiaçı tərəfindən DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün 30 manat pul vəsaiti ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 19 aprel 2018-ci il tarixli nzaz11892 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 06% ödəmək şərti ilə 15000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüş və həmin pulu nağd şəkildə İddiaçı ASC-dən almışdır. Cavabdeh2 isə, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi tam mülkiyyət hüququ ilə özünə məxsus Tovuz rayonunun Əlimərdanlı kəndində 0,08 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 123,1 m2 olan fərdi yaşayış evini 19 aprel 2018-ci il tarixli kredit müqaviləsi üzrə götürülmüş 15000 manat kredit məbləğinin təminatı kimi ipoteka qoymuşdur. Lakin cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, borclu Cavabdeh1 İddiaçı ASC ilə bağladığı 19 aprel 2018-ci il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə əməl edib krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh1 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 443.1 və 448.1-ci maddələri ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından yaranmış borc məbləğini ödəməlidir. Məhkəmə iddiaçının xeyrinə tutulmalı olan borc məbləğinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən sonuncu dəqiqləşdirmə barədə ərizədə 0 manat əsas borc, 1526,38 manat faiz borcu, 2701,6 manat cərimə olmaqla, ümumilikdə 4227,98 manat borcun tutulması xahiş edilsə də, cavabdehin vəsatəti əsasında təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli rəyində Cavabdeh1 İddiaçı ASC-yə olan borcu əsas borc üzrə 0,01 manat, faiz borc üzrə 1780,01 manat, cəmi 1780,02 manat məbləğində borc müəyyən olunmuşdur. Məhkəmə, cavabdehin də mənafeyini nəzərə alaraq, ekspert rəyindən sonra iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə verdiyi ərizəni də nəzərə alaraq, hesab edir ki, ekspert rəyində Cavabdeh1 banka olan faiz borcunun 1780,01 manat qeyd edilməsinə baxmayaraq, iddiaçı sözügedən faiz borcunu 1526,38 manat həcmində tələb etdiyindən, həmin məbləğ əsas götürülməlidir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə əsaslı xələl gətirə bilər. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə 0 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 2701,6 manat dəbbə (cərimə) pununun tutulması əsaslı hesab edilə bilməz, həmin hissədə iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər; 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən, ipoteka öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur; 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır; Bununla bağlı məhkəmə hesab edir ki, hazırkı halda Cavabdeh1 iddiaçının xeyrinə kredit borcuna münasibətdə ümumilikdə 1526,38 manat məbləğində pul vəsaiti tutulmalı olduğundan, tutmanın ipotekaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Tovuz rayonunun Əlimərdanlı kəndində 0,08 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 123,1 m2 olan fərdi yaşayış evinə yönəldilməsi zərurəti yoxdur. Məhkəmə hesab edir ki, tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində tələbin təmin edilməsi istər mütənasiblik, istərsə də məhkəmənin gəldiyi qənaət baxımından “ağlabatan” deyil, ona görə də tutmanın ipotekaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Tovuz rayonunun Əlimərdanlı kəndində 0,08 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 123,1 m2 olan fərdi yaşayış evinə yönəldilməsinə zərurət və əsaslar yoxdur. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi “tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh2 Tovuz rayonunun Əlimərdanlı kəndində 0,08 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 123,1 m2 olan fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, bu əmlakın açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx.xx.2018-ci il tarixli, nzaz11892 saylı Kredit müqaviləsi üzrə cəmi 4227,98 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 113 manat məbləğində pulun İddiaçı ASC-nə ödənilməsi, ipoteka predmeti tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Tovuz rayonunun Əlimərdanlı kəndində 0,08 ha torpaq sahəsindən və onun üzərində yerləşən ümumi sahəsi 123,1 m olan fərdi yaşayış evindən çıxarılması və əmlakın boşaldılması, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx.xx.2018-ci il tarixli, nzaz11892 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin Cavabdeh1 tutulması” ilə bağlı hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 19 aprel 2018-ci il tarixli nzaz11892 saylı kredit müqaviləsi üzrə 1526,38 manat faiz borcu Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla bağlı məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə uyğun olaraq, iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 83,97 manat dövlət rüsumunun 33,97 manat hissəsi Cavabdeh1 iddiaçının xeyrinə tutulmalı, dövlət rüsumunun 50,97 manat hissəsi, o cümlədən iddia tələbi tutmanın ipoteka predmetinə yönəldilməsinə dair hissədə təmin edilmədiyindən həmin tələblə bağlı çəkilmiş digər xərclər iddiaçının özünə aid edilməli, həmçinin cavabdehin vəsatəti əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf olunmuş vəsait Cavabdeh1 tutulub, müvafiq hesaba köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 19 aprel 2018-ci il tarixli nzaz11892 saylı kredit müqaviləsi üzrə 1526,38 manat faiz borcu və ödənilmiş dövlət rüsumunun 33,97 manat hissəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat məbləğində pul vəsaiti Cavabdeh1 alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (VÖEN: **********, Hesab AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №e-2(007)-379/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-379/2023
25.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver