Məhkəmə qərarları › İş №e-2(007)-390/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-390/2023

03.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-390/2023 03.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 5214.21 manat əsas; 882.82 manat faiz, cəmi 6097.03 manat məbləğində vəsaitin və ödənilmiş 80.98 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, RGTK4797350A113 saylı kredit müqaviləsinə əsasən ona kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və kassa məxaric qəbzidir. Nəticədə cavabdehin xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə 5214.21 manat əsas; 882.82 manat faiz; cəmi 6097.03 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə xx.xx.2022-ci il, xx.xx.2022ci il, xx.xx.2023-cü il və xx.xx.2023 il tarixli ərizələrlə müraciət edərək, iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan işə baxılmasını və iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, iddianı qəbul edir, banka borcu vardır. Banka aylıq ödənişlər etmişdir. Maddi vəziyyəti yaxşı olmadığından ödəniş edə bilməmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ASC-nin Nizami filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, RGTK4797350A113 nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə 60 ay müddətinə illik 22% faiz dərəcəsi ilə 5214.21 manat kredit verilmişdir. Cavabdeh kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - xx.xx.2022-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh hər ayın 11-dən gec olmayaraq 60 ay müddətinə hər ay 144.01 manat, sonuncu ay 148.61 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. - xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixinə banka 5214.21 manat əsas, 882.82 manat faiz borcu olmaqla, cəmi 6097.03 manat borcu vardır. - xx.xx.2022-ci il tarixli İddiaçı ASC-nin kassa məxaric orderindən görünür ki, Cavabdeh 5214.21 manat məbləğində pulu İddiaçı ASC-dən təhvil almışdır. - İddiaçı ASC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, İddiaçı ASC Cavabdeh 5676.41 manat yaranmış borcun, həmçinin 633.57 manat gecikmə borcunun 5 təqvim günü ərzində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. - xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 80.98 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, RGTK4797350A113 nömrəli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank tərəfindən cavabdehə 60 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 5214.21 manat kredit verilmişdir. Cavabdeh krediti müqavilədə göstərilən müddətədək geri qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh kredit borcunun ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmişdir, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, tərəflər arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirərək müqavilədə nəzərdə tutulan məbləği cavabdehə versə də, sonuncu öz öhdəliklərinə əməl etməmiş və layiqincə icra etməmişdir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh İddiaçı ASC ilə bağladığı xx.xx.2022ci il tarixli, RGTK4797350A113 saylı kredit müqaviləsi üzrə götürdüyü öhdəliklərə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 443.1 və 448.1-ci maddələri ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəlikləri icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və digər xərcləri ödəməlidir. Məhkəmə hesab edir ki, mövcud şəraitdə iddianın təmin edilməsinə mane olan hal yoxdur, işdə olan sübutlar əsasında qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 5214.21 manat məbləğində əsas, 882.82 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 6097.03 manat məbləğində borc və ödənilmiş dövlət rüsumu 80.98 manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5214.21 manat məbləğində əsas, 882.82 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 6097.03 manat məbləğində borc və ödənilmiş dövlət rüsumu 80.98 manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar