Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-395/2025 06.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X2, Cavabdeh2 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı "xxxx" ASC Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cəmi 6330.84 manat borc olmaqla – bundan 3457.61 manat əsas, 2538.19 manat faiz, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 335.04 manat faiz borcunun və iş üzrə ödənilmiş 83.31 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Gənclik filialı ilə Cavabdeh2 arasında bağlanmış 19 avqust 2019-cu il tarixli 04/3648/DİK nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə illik 25 (iyirmi beş) faiz dərəcəsi ilə 4200 (dörd min iki yüz) manat məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında 19 avqust 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 3.1.4-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə və məhkəməyə müraciət Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********697 saylı xx.xx.2024-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 6330.84 manat təşkil edir. Bundan 3457.61 manat əsas borc, 2538.19 manat faiz borcu və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanmış 335.04 manat faiz borcu təşkil edir.
İş materialları :
3. İddiaçı "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 04/3648/DİK saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh2 36 ay müddətinə, illik 25 faiz ödəmək şərtilə 4200 manat kredit verilməsini və kreditalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür.
4. xx.xx.2019-cu il tarixli, 04/3648/DİK saylı zaminlik müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh1 Cavabdeh2 04/3648/DİK saylı 18 dekabr 2019-cu il tarixli kredit üzrə “Bank” qarşısında öz öhdəliklərini (əsas borc, faiz, dəbbə pulu, borc tutulması üzrə məhkəmə xərcləri və öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində “Banka” dəyən digər zərərin ödənilməsi) yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür.
5. xx.xx.2019-cu il tarixli 04/3648/DİK saylı kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh2 36 ay müddətinə, illik 25 % dərəcəsi ilə, xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2022-ci il tarixinə qədər hər ay 166.99 manat, sonuncu ay isə 167.07 manat ödəmək şərti ilə 4200 manat məbləğində kredit verilmişdir.
6. İddiaçı "xxxx" ASC tərəfindən təqdim edilmiş 30 iyul 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixinə 04/3648/DİK saylı kredit müqaviləsi üzrə 3457.61 manat əsas, 2538.19 manat faiz, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 335.04 manat faiz borcu vardır.
7. İddiaçı "xxxx" KB ASC tərəfindən Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdeh müqavilə üzrə öhdəliklərin icrasını gecikdirmiş, yəni “ödəniş cədvəli”ndə nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir. Nəticədə xx.xx.2024-cü il tarixinə cavabdehin 3457.61 manat əsas borc, 2538.19 manat faiz borcu və 0 manat cərimə, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan 335.04 manat faiz məbləği, ümumilikdə 6330.84 manat borcu yaranmışdır. Qeyd edilənlərə əsasən iddiaçı bütün borc məbləğinin tam olaraq 3 (üç) iş günü müddətində ödənilməsinin təmin olunmağı, əks təqdirdə bank öz hüquqlarının müdafiəsi məqsədi ilə kredit müqaviləsi üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət edilməsi bildirilmişdir.
8. “Asan ödəniş” sistemindən çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixli, **********61 nömrəli mədaxil qəbzi ilə "xxxx" ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 83.31 manat dövlət rüsumu ödənilmişdir.
9. xx.xx.2019-cu il tarixdə açılmış Cavabdeh2 məxsus hesab üzrə xx.xx.2022xx.xx.2024-cü il tarixli dövrləri əhatə edən çıxarışdan görünür ki, sonuncu dəfə kredit müqaviləsi üzrə ödəniş xx.xx.2023-ci il tarixdə olmuşdur. Hesab üzrə 50 manat məbləğində ödəniş edilmişdir.
Tərəflərin izahatları :
10. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
11. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul edərək izahatında bildirmişdir ki, sonuncu ödənişi xx.xx.2019-cu il tarixdə etmişdir. Müharibəyə gedib gəldikdən sonra iş tapmaqda çətinlik çəkdiyi üçün ödəniş edə bilməmişdir.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh1 məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşin faktiki halları :
13. İddiaçı "xxxx" ASC ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli 04/3648/DİK saylı kredit müqaviləsi, Cavabdeh1 ilə 04/3648/DİK saylı Zaminlik müqaviləsi bağlanması, Cavabdeh2 oğluna 4200 manat kredit verilməsi və cavabdeh tərəfindən öhdəliyin lazımi qaydada yerinə yetirilməməsi hazırki mülki işin mübahisəsiz halıdır.
14. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 04/3648/DİK saylı kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinə Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır.
Tətbiq edilən hüquq :
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq :
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :
739.1. borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
741. əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
442. maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1. əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 417.1. Müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. 417.2. Əgər tərəflər müqavilənin şərtlərini müfəssəl müəyyənləşdirmişlərsə, bunlar müqavilənin standart şərtləri sayılmır. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditorun qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 477.0.1. Zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
Məhkəmənin mövqeyi :
18. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddia tərəfinin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
19. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
20. Azərbaycan Respublikası Konstitusiya məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən zəruri şərtlər dedikdə, müqavilənin müddəti, məbləği, faiz dərəcəsi, valyuta vəs. dair şərtlərdir.
21. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh2 arasında müqavilənin bütün mühüm şərtləri barədə tələb olunan formada razılıq əldə edilmiş xx.xx.2019-cu il tarixli, 04/3648/DİK saylı kredit müqaviləsi bağlanmışdır.
22. Belə ki, kredit müqaviləsi və müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəyə əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə, illik 25 % dərəcəsi ilə, xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2022-ci il tarixinə qədər hər ay 166.99 manat, sonuncu ay isə 167.07 manat ödəmək şərti ilə 4200 manat məbləğində kredit verilmişdir.
23. Qeyd etmək lazımdır ki, qanunvericilikdə kredit müqaviləsi borc müqaviləsinin bir növü kimi müəyyən edilmişdir. Belə ki, mülki qanunvericiliyə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (MM 739.2).
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası mülki Məcəlləsinin 746-cı maddəsinin istehlak kreditlərinə tətbiqinin mümkünlüyü baxımından şərh edilməsinə dair” 27 may 2019-cu il tarixli Qərarında qeyd edilir ki, kredit müqaviləsi ikitərəfli müqavilələrdən olub, bağlanması ilə hər iki tərəf, yəni həm kredit alan, həm də kredit verən üçün müəyyən vəzifələr yaratmış olur. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür.
25. Qeyd etmək lazımdır ki, kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir.
26. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, xx.xx.2019-ci il tarixli, 04/3648/DİK saylı kredit müqaviləsi üzrə iddiaçı "xxxx" ASC öz üzərinə düşən öhdəliyi yerinə yetirməsinə baxmayaraq, Cavabdeh2 tərəfindən müqavilə üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra edilməmiş, nəticədə cavabdehin banka əsas və faiz borcu yaranmışdır.
27. Məhkəmə qeyd edir ki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditiora zərər dəyir. Mülki qanunvericiliyə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
28. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi də qeyd edilən məqsədlərlə yanaşı, banklara göstərilən etimadın artmasına müsbət təsir göstərməklə, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyini və inkişafını təmin edir.
29. Mülki qanunvericiliyə əsasən (MM 421.2) tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
30. İddiaçı "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 04/3648/DİK saylı kredit müqaviləsinin 3.1.4-cü bəndində nəzərdə tutulmuşdur ki, bank bu müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən aşağıdakı hallarda birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verə və verilmiş kreditin yerdə qalan əsas məbləğ və ödəniş qrafiki üzrə həmin dövrə hesablanmış faizlərlə birlikdə qaytarılmasını məhkəmə qaydasında tələb edə bilər: a) kreditalan davam edən 30 gün ərzində ona verilmiş kredit hissəsini və onun faizini tərəflər arasında yazılı tərtib olunmuş razılaşmada göstərilən qrafik üzrə ödəmədikdə; b) kreditalan müqavilə müddəti ərzində ona verilmiş kredit hissəsini və ona hesablanmış faizləri gecikmə günlərinin sayından asılı olmayaraq ödəniş qrafiki üzrə azı iki dəfə gecidirərsə və s.
31. Belə olan halda məhkəmə qeyd edir ki, Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməməsi işin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edildiyindən iddiaçı "xxxx" ASC hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır.
32. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet (annuitet ödənişlər – əsas məbləğ və hesablanmış faizlər) ödənişlərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
33. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
34. Həmin qərarda həmçinin qeyd edilir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir.
35. İddiaçı "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 04/3648/DİK saylı kredit müqaviləsi və müqavilənin tərkib hissəsi olan 1 saylı Əlavədən görünür ki, Cavabdeh2 36 ay müddətinə, illik 25 % dərəcəsi ilə, xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2022-ci il tarixinə qədər hər ay 166.99 manat, sonuncu ay isə 167.07 manat ödəmək şərti ilə 4200 manat əsas, 1811.72 manat faiz ödəniş etməyi öhdəsinə götürmüşdür.
36. İşin məhkəmə tərəfindən tədqiq edilmiş halları ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə cəmi 1005.01 manat məbləğində ödəniş edilmişdir.
37. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında qeyd etmişdir ki, cavabdeh tərəfindən ödənişlər qrafik üzrə ödənilmədiyindən, gecikmələr ilə ödənildiyindən ödənilən vəsaitdən cərimə faizləri silinmişdir.
38. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 5.1-ci bəndində nəzərdə tutulmuşdur ki, kreditalan bu müqavilənin 2.1-ci bəndində göstərilən qaydada və 2.3-cü bəndinə uyğun olaraq tərəflər arasında yazılı tərtib olunmuş razılaşmada göstərilən qrafik üzrə ödəniş müddətləri keçdikdən sonra krediti və faizi qaytarmadıqda bank hər gecikdirilən gün üçün qrafik üzrə ödənilməli əsas borca görə 0.3%-i miqdarında penya tələb etmək hüququna malikdir.
39. Belə olan halda məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən kreditin qaytarılması müddətlərinə riayət edilməməsi işin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edildiyindən iddiaçı cavabdeh tərəfindən ödənilmiş vəsaiti faiz borcuna silməkdə haqlı olmuşdur.
40. Belə olan halda məhkəmə qeyd edir ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixli, 04/3648/DİK saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının əsas borca görə 3457.61 manat və faiz borcu qismində 2538.19 manat ödənilməsi tələbini əsaslı hesab edir.
41. İddiaçı cavabdehdən həmçinin Mülki Mcəllənin 445.7-ci maddəsinə əsasən illik 5 faiz olaraq 335.04 manat məbləğində pul vəsaitinin tutulması tələbini irəli sürmüşdür.
42. Məhkəmə iclasında tədqiq edilmiş iş materiallarına əsasən müəyyən olunur ki iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə qurtarmışdır.
43. Belə olan halda iddiaçı həmin tarixədək kreditdən istifadəyə görə faizləri, həmin tarixdən sonra isə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən müqavilə üzrə borcun gecikdirilməsinə görə hesablanmış illik 5%-i tələb edə bilər.
44. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu X1 Şərh Edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 Dekabr 2014-cü il qərarında qeyd edilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
45. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən kredit müqaviləsinin müddətinin qurtardığı xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixə gecikdirilmiş vaxt üçün 335.04 manat faiz borcu hesablanmışdır.
46. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" ASC-nin iddia tələbi Cavabdeh2ı 3457.61 manat əsas borc, 2538.19 manat kreditdən istifadəyə görə faiz borcu, 335.04 manat Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanan illik 5 faiz borcun tutulması hissəsində əsaslıdır.
Zaminlik müqaviləsi üzrə zamindən tutulmanın aparılması ilə bağlı :
47. Məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" ASC-nin iddia tələbi zamin Cavabdeh1 aid hissədə əsaslı olmadığından təmin edilməməlidir.
48. Mülki qanunvericiliyə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür(MM 470.1). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (MM 472).
49. Məhkəmə iclasında təqdiq edilmiş xx.xx.2019-cu il tarixli, 04/3648/DİK saylı zaminlik müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh1 Cavabdeh2 04/3648/DİK saylı 18 dekabr 2019-cu il tarixli kredit üzrə “Bank” qarşısında öz öhdəliklərini (əsas borc, faiz, dəbbə pulu, borc tutulması üzrə məhkəmə xərcləri və öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində “Banka” dəyən digər zərərin ödənilməsi) yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür.
50. Məhkəmə qeyd edir ki, kreditor qarşısında zaminlik öhdəliyinin əmələ gəlməsinin özünəməxsus əsası vardır. Belə ki, zaminlik müqaviləsinin bağlanması nə zaminin, nə də kreditorun hüquq və öhdəliklərinin yaranmasına səbəb olmur. Zaminin kreditor qarşısında borcu ödəmə öhdəliyi, habelə kreditorun zaminə qarşı tələbi yalnız MM-in 472.1-ci maddəsində göstərildiyi kimi, borclunun əsas öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsindən sonra yaranır.
51. İşin müəyyən edilmiş halı ondan ibarətdir ki, Cavabdeh2 tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürülmüş öhdəlik lazımi qaydada yerinə yetirilməmişdir. Belə olan halda iddiaçının zaminə qarşı tələb hüququ yaranmışdır. Lakin mülki qanunvericilikdə kreditorun zaminə qarşı tələb hüququ müddətlə məhdudlaşdırılmışdır.
52. Belə ki, mülki qanunvericilikdə zaminlik institutu öhdəliyin təmini üsullarından biri kimi nəzərdə tutulmasına baxmayaraq, zaminin kreditor qarşısında əsas borclunun öhdəliyinin icrasına görə məsuliyyəti öhdəliyin tam icrası müddəti ilə müəyyən edilməmişdir.
53. Mülki Məcəllənin 447-ci maddəsində zaminliyə xitam verilməsi əsasları müəyyən edilmişdir. Həmin əsaslardan biri də zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilməsidir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir (MM 477.0.4 m).
54. Normanın məzmunundan göründüyü kimi, zaminliyin verildiyi müddət qayda olaraq müqavilədə göstərilməlidir. Qanun, bunun göstərilməməsi imkanını nəzərdə tutsa da, müddətin göstərilmədiyi təqdirdə zaminliyin xitamı üçün konkret müddətlər müəyyən etmişdir. Bu müddətlər, zaminliyin bağlı olduğu əsas öhdəliyin icrası vaxtının çatdığı gündən bir il və ya əsas öhdəliyin icrası müddəti göstərilmədiyi, müəyyənləşdirilə bilmədiyi, yaxud tələbetmə məqamı ilə müəyyənləşdirildiyi halda zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi dövrdür. Həmin müddətlər keçdikdə zaminliyə qanuna əsasən xitam verilir. Bunun üçün ayrıca iddia qaldırılması və məhkəmə qərarının çıxarılması tələb olunmur.
55. Zaminliyə qanuna əsasən xitam verilməsi zaminə qarşı tələb hüququnun aradan qalxmasına, buna müvafiq olaraq zaminin kreditor qarşısında öhdəliyi olan borclu vəziyyətindən çıxmasına dəlalət edir.
56. Həmçinin göründüyü kimi, sözügedən maddədə nəzərdə tutulan müddətlər hüquqi təbiətinə görə iddia müddəti deyil, kəsici müddətlərdir. İddia müddətləri və kəsici müddətlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, kəsici müddət- şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır (B.Mürsəlovun şikayəti üzrə 2020- ci il 12 mart tarixli Qərarı). Eyni hüquqi mövqe “A.Nadirova və qeyrilərinin şikayəti üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 mart 2022-ci il tarixli qərarında da ifadə olunub.
57. İşin məhkəmə tərəfindən tədqiq edilmiş faktiki hallarından görünür ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 xx.xx.2021-ci il tarixədək kredit verilmişdir. Zaminlik müqaviləsində isə zaminlik müqaviləsinin qüvvəsi ilə bağlı 2 müddət müəyyən edilmişdir.
58. Belə ki, xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinin 4.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, müqavilə hər iki tərəfin onu imzaladığı andan bağlanmış hesab edilir və kredit müqaviləsinin qüvvədə olduğu bütün dövr ərzində, o cümlədən kredit müqaviləsinin uzadıldığı müddətədək qüvvədə olur.
59. Müqavilənin qeyd edilən bəndindən görünür ki, zaminlik müqaviləsinin qüvvəsi ilə bağlı 2 müddət müəyyən edilmişdir:
1. Konkret müddət – kredit müqaviləsinin qüvvədə olduğu bütün dövr ərzi.
2. Qeyri müəyyən müddət- kredit müqaviləsinin uzadıldığı müddətədək.
60. Məhkəmə müqavilənin yuxarıda qeyd edilən “zaminlik müqaviləsinin kredit müqaviləsinin qüvvədə olduğu bütün dövr ərzində qüvvədə olması” şərti ilə bağlı aşağıdakıları qeyd edir.
61. Tərəflər arasında bağlanılmış kredit müqaviləsi və əlavədən müəyyən edilir ki, kredit müqaviləsi 36 ay müddətinə, yəni xx.xx.2022-ci il tarixədək verilir; kredit müqaviləsinin 2.5-ci bəndində nəzərdə tutulmuşdur ki, kredit “kreditalanın” bu müqaviləin 3.1.3-cü bəndində göstərilən hesablaşma hesabına köçürülməklə verilir. Kereditin alınma tarixi onun bu hesaba köçürüldüyü tarixdən hesablanır.
62. Müqavilənin qeyd edilən bəndindən göründüyü kimi kredit müqaviləsinin müddəti xx.xx.2022-ci ilədək müəyyən edilmişdir. Belə olan halda zaminlik müqaviləsi üzrə zaminin kreditor qarşısında əsas öhdəliyin icrasının təmini üçün üzərinə götürdüyü öhdəlik həmin müddətədək qüvvədə olmuşdur.
63. Həmçinin zaminlik müqaviləsinin 4.3-cü bəndində zaminlik müqaviləsinə xitam verilməsinin əsasları göstərilmişdir. Həmin əsaslardan biri də, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının qurtardığı gündən bir il ərzində “Bank”ın “Zamin”ə qarşı iddia irəli sürmədiyi halda xitam verilməsidir.
64. İddiaçı "xxxx" cavabdeh (zamin) Cavabdeh1 qarşı hazırki iddia tələbi ilə zaminliyin təmin etdiyi öhdəliyin icrasının bitdiyi vaxtdan 2 il sonra müraciət etmişdir.
65. Odur ki, Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinin tələbinə uyğun olaraq zaminliyə onun verilmə müddəti qurtarması əsası ilə xitam verilməlidir.
66. Məhkəmə xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinin 4.1-ci bəndində qeyd edilən zaminlik müqaviləsinin “kredit müqaviləsinin uzadıldığı müddətədək qüvvədə olması” şərti ilə bağlı aşağıdakıları qeyd edir.
67. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən müqavilənin müddəti, faiz, məbləğ və valyuta müqavilənin mühüm şərtləridir. Yəni qeyd edilən şərtlər müqavilədə tərəflər üçün qeyri-müəyyən olmamalı, dəqiq, onkret göstərilməlidir.
68. Mülki Məcəllənin 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir.
69. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 31 may 2018-ci il tarixli Qərarında Mülki Məcəlləinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur.
70. Həmin Plenum qərarında həmçinin qeyd edilir ki, zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır.
71. Göründüyü kimi kredit müqaviləsinin müddətinin zaminin razılığı alınmadan uzadılması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilərək zaminliyə xitam verilməsi əsası kimi müəyyən edilmişdir.
73. Belə olan halda zaminlik müqaviləsinin qeyd edilən bəndi ilə əlaqədar məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu X1 şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında göstərilmişdir ki, öhdəlik hüququnda müqavilənin standart şərtlərinə dair normalarda şəffaflıq prinsipinin tərkib hissəsi kimi müəyyənlik prinsipi (tələbi) mövcuddur. Həmin prinsipə əsasən müqavilənin standart şərtlərində dispozisiya şərtləri və hüquqi nəticələr elə dəqiqliklə təsvir olunmalıdır ki, bu zaman bir tərəfdən müqavilənin standart şərtlərinin istifadəçisi üçün əsaslandırılmamış heç bir qiymətləndirmə azadlığı imkanları yaranmasın, digər tərəfdən isə müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquqlarını müəyyənləşdirə bilməsi (onun bu hüquqları həyata keçirməsinin qarşısının alınmaması üçün) mümkün olsun. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir (Mülki Məcəllənin 419.1, 419.2 və 420.1.2-ci maddələri).
74. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası mülki Məcəlləsinin 746-cı maddəsinin istehlak kreditlərinə tətbiqinin mümkünlüyü baxımından şərh edilməsinə dair” 27 may 2019-cu il tarixli Qərarında qeyd edilir ki, standart şərtli müqavilələrdə vətəndaş (fiziki şəxs) iqtisadi cəhətdən zəif tərəf kimi çıxış edir və hüquqlarının xüsusi müdafiəsinə ehtiyac duyur. Mülki Məcəllənin 420-ci maddəsi ilə təklif etmiş tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər barəsində tətbiq etdiyi müqavilənin standart şərtlərindən etibarsız hesab edilənlər müəyyən edilmişdir. Belə etibarsız hesab edilən şərtlərdən biri də Mülki Məcəllənin 420.1.4-cü maddəsində göstərilmişdir. Qeyd edilən maddəyə görə, təklif etmiş tərəfə vəd olunmuş işi dəyişmək və ya ondan imtina hüququ verən müddəalar, bu barədə razılaşma müqavilənin digər tərəfi üçün qeyri-məqbul olduğu halda (dəyişiklik edilməsi şərti) etibarsız sayılır.
75. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 420.2-ci maddəsinə əsasən müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır.
76. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 390.1 və 390.5-ci maddələrinin və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin İİİ hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1 və 560.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 18 dekabr 2023-cü il tarixli qərarda qeyd edilmişdir ki, Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, bu prinsip Mülki Məcəllənin ayrı-ayrı normalarında mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalarda nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1-ci maddəsinə müvafiq olaraq, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan suiistifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarı).
77. Buna görə də, Azərbaycan Respublikasının qanunvericiliyi ilə hüquqdan sui-istifadə üzərində həyata keçirilən razılaşmaların və hərəkətlərin etibarsız olduğu müəyyən edilmişdir (Mülki Məcəllənin 560.2-ci maddəsi).
78. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında göstərilmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq və açıq-aşkar ona uyğun gəlməyən tərzdə həyata keçirirsə, o, bu hüququndan suiistifadə etmiş olur (Mirolubovs və başqaları Latviyaya qarşı iş üzrə 2009-cu il 15 sentyabr tarixli Qərar).
79. Qeyd edilənlərə əsasən zaminlik müqaviləsinin 4.1-ci bəndində nəzərdə tutulmuş şərti ilə əlaqədar məhkəmə qeyd edir ki, müqavilənin qeyd edilən şərti Konstitusiya Məhkəməsi Plenumunun zaminlik institutu ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə, vicdanlılıq prinsipinə zidd olduğundan etibarsız şərtdir.
80. Beləliklə, tərəflər arasında bağlanmış zaminlik müqaviləsinə xitam verildiyindən iddiaçının iddia tələbi Cavabdeh1 aid hissədə təmin edilməməlidir.
Məhkəmə Xərcləri :
81. İş materialları əsasında müəyyən edilir ki, iddiaçı "xxxx" ASC məhkəməyə müraciət etmək üçün 83.31 manat məbləğində dövlət rüsumu ödəmişdir.
82. Buna görə də məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə uyğun olaraq dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 83.31 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə :
83. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli və xx.xx.2019-ci il tarixli, 04/3648/DİK saylı kredit müqaviləsi üzrə 3457.61 manat əsas borc, 2538.19 manat faiz borcu, Azərabycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanan illik 335.04 manat borc olmaqla, cəmi 6330.84 (altı min üç yüz otuz manat səksən dörd qəpik) manat pul vəsaiti və ödənilmiş 83.31 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh2 tutularaq iddiaçı "xxxx" KB ASC-nin hesabına ödənilməlidir.
84. İddia tələbi Cavabdeh1 aid hissədə təmin edilməməlidir.
85. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi :
İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 xx.xx.2019-cu il tarixli, 04/3648/DİK saylı kredit müqaviləsi üzrə 3457.61 manat əsas borc, 2538.19 manat faiz borcu, Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanan illik 335.04 manat borc olmaqla, cəmi 6330.84 manat pul vəsaiti və ödənilmiş 83.31 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçı LPO "xxxx" ASC-nin hesabına ödənilsin. İddiaçı LPO "xxxx" ASC-nin iddia tələbi Cavabdeh1 aid hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva