Məhkəmə qərarları › İş №e-2(007)-3979/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-3979/2024

06.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-3979/2024 06.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :

1. İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh xx.xx.2019-cu il tarixli, AL/44785/71/3 saylı müqaviləyə əsasən 79.35 manat əsas borcun, xx.xx.2023-cü il tarixli CC/46244/95/3 saylı müqaviləyə əsasən 2294.78 manat əsas, cəmi 2374.13 manat borcun və 44 manat məbləğındə ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq :

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.4 müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.6. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

Məhkəmənin mövqeyi :

3. Məhkəmə iddia ərizəsini araşdıraraq qeyd edir ki, iddia ərizəsinin məzmununa dair mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.

4. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsində müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir.

5. İddia ərizəsi öyrənilərkən müəyyən edilmişdir ki, iddiaçı ilə X2 arasında xx.xx.2019cu il tarixli, AL/44785/71/3 saylı və xx.xx.2023-cü il tarixli CC/46244/95/3 saylı kredit sazişləri bağlanılmışdır. X2 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir.

6. xx.xx.2024-cü il tarixli, “qanun üzrə vərəsəlik haqqında şəhadətnamə”dən görünür ki, X1 vərəsəsi əri Cavabdehdur.

7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunur ki, Konstitusiya Məhkəməsinin Plenumu borclunun ölümü halında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq hesab edir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

8. Beləliklə, iddiaçı ilk öncə vərəsədən öhdəliyin icrasını tələb etməli, vərəsə tərəfindən öhdəlik yerinə yetirilmədiyi halda məhkəməyə müraciət etməlidir. İş materiallarına iddiaçı tərəfindən cavabdehdən öhdəliyin icrasını tələb etməsini təsdiq edən sübut əlavə edilməmişdir.

9. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilir ki, kreditor və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan RespublikASİ Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır.

10. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqedən çıxış edərək qeyd edir ki, müqavilə qüvvədə olduğu üçün iddiaçı məhkəməyə hazırki iddia tələbi ilə müraciət etməzdən öncə ilk növbədə müqavilənin ləğv edilməsi təklifi ilə cavabdehə müraciət etməli idi.

11. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il Qərarında qeyd edilir ki, nəzərə alınmalıdır ki, Mülki Məcəllənin Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları adlanan 421-ci maddəsi yalnız müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) hallarını nəzərdə tutmur. Belə ki, Mülki Məcəllənin 421.1-ci maddəsi ləğvetmə ilə bağlı olmayıb, müqavilə azadlığı və tərəflərin bərabərliyi prinsiplərinə uyğun olaraq onların qarşılıqlı razılaşması ilə müqavilə münasibətlərinin dəyişdirilməsi və ya ona xitam verilməsinin mümkünlüyünü nəzərdə tutur. , Mülki Məcəllənin 421.2-ci maddəsində qeyd olunan əsasların mövcud olduğu hallarda müqavilənin ləğv edilməsinin məhkəmədən kənar qaydası, Məcəllənin 423.2-ci maddəsində isə ləğvetmənin xüsusi qaydası (müstəsna hal - Mülki Məcəllənin 422.1-ci maddəsinə uyğun olaraq şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi mövcud olduğu təqdirdə) nəzərdə tutulmuşdur. Məhkəmədən kənar qayda iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə şərtləndirildiyi halda, xüsusi qayda məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada - məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir.

12. Həmin Qərarda qeyd edilir ki, müqavilənin birtərəfli qaydada dəyişdirilməsi və ya Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulan əsaslar olmadan onun ləğv edilməsi yalnız “şəraitin sonradan əhəmiyyətli dərəcədə dəyişməsi” halında və həmin Məcəllənin 422-ci maddəsində nəzərdə tutulan şərtlər daxilində baş verə bilər. Həmçinin, sadalanan hal və şərtlərin baş verdiyi təqdirdə müqavilənin birtərəfli qaydada və hansı həcmdə dəyişdirilməsi, buna şərait olmadıqda isə onun ləğv edilməsi tərəfin öz subyektiv mülahizəsi ilə deyil, yalnız məhkəmə tərəfindən müəyyən edilməklə baş verə bilər.

13. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarda formalaşdırdığı hüquqi mövqedən göründüyü kimi, Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda müqaviləyə xitam verilməsi tərəflərin qarşılıqlı razılaşması ilə məhkəmədən kənar qaydada həyata keçirilməli, yalnız 422-ci maddədə nəzərdə tutulmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında müqavilə məhkəmə qaydasında dəyişdirilməli və ya ləğv edilməlidir.

14. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı ilk növbədə vərəsə qarşı tələb irəli sürməli, vərəsə tərəfindən kredit müqaviləsi üzrə öhdəlik icra edilmədiyi halda Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hazırki hal üzrə müqavilənin ləğv edilməsi məhkəmədən kənar qaydada həyata keçirilməli olduğu üçün iddiaçı ilk öncə müqavilənin ləğv edilməsi məhkəmədən kənar qaydasına riayət etməlidir.

Nəticə :

15. Beləliklə, məhkəmə qeyd edir ki, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədiyi üçün İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlər ilə birlikdə geri qaytarılmalıdır.

16. Həmçinin məhkəmə qeyd edir ki, hazırki mülki iş materiallarına əlavə edilmiş 43 (qırx üç) manat məbləğində dövlət rüsumu (Ödəyici:Bank of Baku: VÖEN:**********; qəbzin nömrəsi:**********; büdcə təsnifat kodu:142211: transaksiya nömrəsi:50907 tarix:xx.xx.2024, saat:10:17:37) dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır.

17. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149, 152, 263-264, 268, 269, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara Aldı:

İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. Ödənilmiş 43 (qırx üç) manat məbləğində dövlət rüsumu (Ödəyici:Bank of Baku: VÖEN:**********; qəbzin nömrəsi:**********; büdcə təsnifat kodu:142211: transaksiya nömrəsi:50907 tarix:xx.xx.2024, saat:10:17:37) dövlət büdcəsindən iddiaçıya geri qaytarılsın. İddiaçı ASC-yə göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar