Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-40/2024 01.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ziyanın əvəzinin ödənilməsi üçün 50674,82 manat və ödənilmiş 244 manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 02 avqust 2022-ci il tarixində saat 20:00 radələrində Cavabdeh etibarnamə ilə idarə etdiyi “AUDİ A6 minik” markalı ** UH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Nizami rayonu, R. Teymurov küçəsi ilə hərəkət edərkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci bəndinin tələblərini və Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tələblərini pozaraq, ona məxsus, etibarnamə əsasında X2 idarə etdiyi “Mercedes Benz E350 minik” markalı ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsindən vurmuşdur. Bakı Şəhəri DYPİ Yol Patrul Xidməti baş inspektoru polis baş leytenantı X5 02 avqust 2022-ci il tarixli qərarına əsasən “AUDİ A6 minik” markalı ** UH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücü Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh tətbiq edilmişdir. Onun avtomobili "xxxx" Şirkətinin rəsmi dileri “AvtoStar Kaukasus” tərəfindən müayinə edilmişdir. “AvtoStar Kaukasus” verilən Zədə Aktına əsasən Cavabdeh tərəfindən törədilən inzibati xəta nəticəsində ona məxsus “Mercedes Benz E350 minik” markalı ** VJ *** qeydiyyat nişanlı avtomobilinin ümumi dəyəri 52704,76 manat məbləğində olan elektrik naqili (R12/5) (77,22 manat), sığortalar bloku (251,13 manat), ön fənər (5589,83 manat), idarəetmə bloku (ön fənər) (658 manat), idarəetmə bloku (ön fənər/dönmə bucağının tənzimlənməsi) (700,89 manat), təhlükəsizlik yastığı (pəncərə/sağ) (1162,21 manat), naqil R12/11, R/12/12 (təhlükəsizlik yastığı) (77,22 manat), təhlükəsizlik yastığı (ön sərnişin) (1781,45 manat), təhlükəsizlik yastığı (ön sürücü) (2206,38 manat), təhlükəsizlik kəməri (arxa/sağ oturacaq) (514,31 manat), təhlükəsizlik kəməri (arxa/sol oturacaq) (514,31 manat), elektrik naqili (R12/4) (308,88 manat), təhlükəsizlik kəməri (ön/sağ oturacaq) (514,31 manat), təhlükəsizlik kəməri (ön/sol oturacaq) (514,31 manat), ötürücü (radar/ön bufer) (1523,24 manat), bolt (5X40) (4,32 manat), bolt (m5X35) (8,16 manat), lyuk mexanizmi (sol) (748,31 manat), lyuk yönləndirici (497,85 manat), ön şüşə (1424,42 manat), yapışqan (şüşə) (312,84 manat) radiator barmaqlığı (180,42 manat), damın üzlüyü (2274,68 manat), cihazlar paneli (5188,98 manat), mühərrikin alt qoruyucu örtüyü (arxa) (248,9 manat), mühərrikin alt qoruyucu örtüyü (ön/sağ) (105,72 manat), pərçim (10,7 manat), şurup 4.8X19 (27,32 manat), qoşqu qapağı (ön bufer) (78,13 manat), ön bufer (1846,32 manat), bərkidici (ön bufer/sağ qanad) (9,49 manat), şurup 6.3X19 (10,68 manat), sıxıcı qayka 0,5-2,5mm (13,16 manat), ön bufer toru (sağ) (105,21 manat), pərçim (70,56 manat), ön bufer dayaq kronşteyni (sağ) (88,58 manat), ön bufer içliyi (orta) (199,89 manat), ön qanadaltı örtük (ön/sağ) (127,31 manat), ön qanad sağ (939,27 manat), kapot (2147,58 manat), ön bufer bərkidici (sağ) (117,44 manat), absorber (ön köndələn dayaq/sağ) (220,37 manat), ön qoruyucu dayaq (köndələn) (501,93 manat), bərkidici (radiator) (221,05 manat), təkər diski R20 AMG (ön/sağ və sol) (3822,88 manat), tutucu (soyutma pompası) (35,99 manat), tutucu (soyutma borusu/aşağı hərarət) (19,06 manat), ön asqı qolu (sol) (578,15 manat), torks başlıqlı bolt M14X1,5X125 (71,7 manat), şayba (23,04 manat), qayka M14X1,5 (10,74 manat), ön uzununa qol (sağ) (581,05 manat), ön balka (2297,34 manat), balkanın ön boltu M14X1,5-SGX50 (16,08 manat), balkanın arxa boltu M14X1,5-SGX100 (61,64 manat) və o, avtobilinin təmirinə ümumilikdə 2970,06 manat olmaqla dəmirçi 450 manat, rəngsaz 350 manat, elektrik 150 manat, mexanik xidmətləri tələb olunur. Beləliklə, Cavabdeh oğlunun qanunsuz hərəkəti nəticəsində ona 55674,82 manat məbləğində ziyan vurulmuşdur, 5000 manat icbari sığorta tərəfindən ona ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinə uyğun olaraq vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə məsələ baxılmamışdır. Cavabdeh isə vurulmuş zərərin əvəzini ödəməkdən imtina edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, iddia tələbini qəbul etmir. Ekspert rəyindəki məbləğlə razı deyil. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 bildirmişdir ki, iddia tələbini qəbul etmir. Məbləğ şişirdilib, ekspert rəyindəki məbləğlə razı deyil. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “AutoStar Kaukasus" şirkəti tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli zədə aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı “Mercedes Benz E350" markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə 44665,05 manat (ƏDV-siz), ƏDV 8039,71 manat, cəmi 52704,76 manat, xidmət haqqı 2516,99 manat (ƏDV-siz), 453,07 manat ƏDV, cəmi 2970,06 manat, yekun zərər 55674,82 manat müəyyən edilmişdir. - 02 avqust 2022-ci il tarixli, 007602 nömrəli arayışa əsasən “Mercedes Benz E350 minik” markalı ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ yan künc tərəfi, sol qabaq künc və təkər hissəsi tam yararsız haldadır. 4 ədəd salonda təhlükəsizlik yastığı açılıb. - 02.08.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinib. - 02.08.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat məbləğində cərimə edilmişdir. - “Elektron notariat” X1 çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixdə İddiaçı “Mercedes Benz E350 minik” markalı ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarət etmək üçün xx.xx.2028-ci il tarixədək X4 etibarnamə vermişdir. - BB seriyalı 172007 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz E 350 minik” markalı ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçıdır. - “AB Consulting" şirkəti tərəfindən tərtib edilmiş 01 may 2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən 2019-cu il buraxılışlı “Mercedes Benz E350" markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 24525 manat müəyyən edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 fevral 2023-cü il tarixli, 9/9252 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, “AutoStar Kaukasus" şirkəti tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı, “Mercedes Benz E350 minik” markalı ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 47148 manat (ƏDV-siz) müəyyən edilir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 iyun 2023-cü il tarixli, 8/1578 nömrəli rəyindən görünür ki, yol-nəqliyyat hadisələri eksperti tərəfindən nəqliyyat vasitələrinə baxış keçirilərkən onların zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün deyildir. Belə ki, nəqliyyat vasitələrində daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan zədələr olduğundan, nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən, müxtəlif testlər keçirilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəsislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən bilər. Odur ki, qeyd olunan sual üzrə yol-nəqliyyat hadisələri ekspertizaları tədqiqatı aparılmır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyul 2023-cü il tarixli, 9/4036 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “AutoStar Kaukasus" şirkəti tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı “Mercedes Benz E350" markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 47148,0 manat (ƏDV-siz) müəyyən edilir. Qeyd edilir ki, nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə Ekspertizası Mərkəzinin 27 yanvar 2015-ci il tarixli 422-li məktubunda göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizaların aparılması məqsədə müvafiq hesab olunduğundan, 2019-cu il buraxılışlı "Mercedes Benz E350" markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası məqsədilə zədələnmiş hissələrin (dəyişilməli və bərpa oluna bilən) və görüləcək əl işlərinin qiymətləndirilməsi üzrə ekspertiza tədqiqatı e-2(007)- 311/2023 nömrəli mülki iş materiallarında olan xx.xx.2022-ci il tarixli qüsur aktı əsasında aparılır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2023-cü il tarixli, 9/8661-8-3485 nömrəli rəyindən görünür ki, baxışa təqdim olunmuş “Mercedes Benz E350” markalı avtomobilə ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobil təmir edildiyindən qeyd olunan suallar üzrə yol-nəqliyyat hadisələri ekspertizaları tədqiqatı aparılması mümkün deyildir. Nəzəri hesablama yolu ilə iş materiallarında olan “AutoStar Kaukasus" şirkəti tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı, “Mercedes Benz E350” markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 47148,0 manat (ƏDV-siz) müəyyən edilir. Nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı, “Mercedes Benz E350” markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 25222,0 manat müəyyən edilir. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktında göstərilən 2 adda ehtiyyat hissələri barədə kifayət qədər məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. - 14.10.2022-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən 244 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, 02 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, R. Teymurov küçəsi ilə hərəkət edərkən “AUDİ A6 minik” markalı ** UH *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Mercedes Benz E350 minik” markalı ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Cavabdeh İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Nəticədə “Mercedes Benz E350 minik” markalı ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Sığorta tərəfindən iddiaçıya icbari sığortaya görə 5000 manat məbləğində zərərin əvəzi ödənilmişdir. Hazırda iddiaçı 50674.82 manat məbləğində zərərin cavabdehdən alınaraq ona ödənilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Mercedes Benz E350 minik” markalı ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobil və “AUDİ A6 minik” markalı ** UH *** dövlət qeydiyyat nişanlı avtomobillərin toqquşması ilə yol-nəqliyyat hadisəsinin baş verməsi, bu zaman iddiaçıya məxsus avtomobilin əzilməsi nəticəsində ona maddi zərər vurulması, cavabdehin yolnəqliyyat hadisəsini törətməkdə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsi, iddiaçı tərəfindən həmin qərarın mübahisələndirilmədiyi işin mübahisəsiz hallarıdır və cavabdeh tərəfindən etiraf edilir, məhkəmə tədqiqi zamanı bu hallar öz təsdiqini tapmışdır. İş üzrə cavabdeh tərəfindən mübahisələndirilən hal, yalnız dəymiş maddi zərərin məbləği ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi. tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 18 aprel 2022-ci il tarixli Qərarına əsasən delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. X9 yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Mülki Məcəllənin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslərin daşıması nəticəsinə gəlmişdir. Məhkəmə iclasında işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericiliyin normalarını pozan hərəkəti nəticəsində İddiaçı maddi zərər vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi zərərin əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi zərərin əvəzini ondan tələb etmək hüququ olan iddiaçıya ödəməlidir. Məhkəmə, qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də Cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən, vurduğu maddi zərəri və iş üzrə digər xərcləri ödəməlidir. Dəymiş maddi zərərin həcmi ilə bağlı qeyd edilməlidir ki, “AutoStar Kaukasus" şirkəti tərəfindən tərtib edilmiş 05 avqust 2022-ci il tarixli zədə aktından görünür ki, “Mercedes Benz E350 minik” markalı ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobilə 52704,76 manat zərər dəymişdir. Mübahisəli hal yarandığından, məhkəmə tərəfindən məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmişdir, verilmiş ekspert rəyi ilə 2019-cu il buraxılışlı, “Mercedes Benz E350 minik” markalı ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 47148 manat müəyyən edilmişdir. Həmçinin Sığorta Şirkəti tərəfindən icbari sığortaya görə 5000 manat məbləğində ona zərərin əvəzi ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə, məhkəmə tədqiqi zamanı toplanmış və tədqiq edilmiş sübutları qiymətləndirərək, o cümlədən cavabdeh tərəfin etirazlarının əsasını təşkil edən hər hansı sübutlarını təqdim etməməsini nəzərə alaraq, belə qənaətə gəlir ki, maddi zərərin məbləği məhz məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi əsas götürülməklə müəyyən edilməlidir, ekspertin rəyi işin faktiki halları ilə uyğunluq təşkil etdiyindən mötəbər sübut növündə qəbul edilməlidir. Rəylə müəyyən edilmiş təxminən 47148 manat məbləğində pul vəsaitindən Sığorta Şirkəti tərəfindən ödənilmiş 5000 manat məbləğində zərərin əvəzi çıxılmaqla 42148 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərinə aid olan ödənilmiş 244 manat dövlət rüsumunun 36,59 manatı Cavabdeh, 207,44 manatı iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 42148 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan başqa, iddia qismən təmin edildiyindən, məhkəmə əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 250 manatın 207,93 manatı Cavabdeh və 36,07 manatı İddiaçı tutulub X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 42148 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 244 manat dövlət rüsumunun 36,59 manatı Cavabdeh, 207,44 manatı iddiaçıya aid edilsin. Məhkəmə əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 250 manatın 207,93 manatı Cavabdeh və 36,07 manatı İddiaçı tutulsun X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №e-2(007)-40/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-40/2024
01.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver