Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-4119/2021 09.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məmmədov İbrahim Alim oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili- Bakı şəhəri 30 saylı Vəkil Bürosunun vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili- Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh “ELBİTE" Məhdud Məsuliyyətli Cəmiyyəti “Agrinol” markalı mühərrik yağlarının Azərbaycan Respublikasına rəsmi idxalçısıdır. Qeyd olunan mühərrik yağlarının istehsalçısı “Agrinol” şirkətinin rəsmi internet səhifəsində (http://agrinol.ua/ru/regional-dealers.php) “ELBİTE" Məhdud Məsuliyyətli Cəmiyyəti həmin şirkətin Azərbayı Respublikasında yeganə distributoru kimi göstərilmişdir. İddiaçı bir neçə dəfə Cavabdehndən mühərrik yağları almışdır. Sonuncu dəfə iddiaçı 2018-ci ilin sentyabr ayında cavabdehdən “Agrinol” markalı 2 boçka (hər biri- 205 lt olan, partiya nömrəsi 396) mühərrik yağı almış və özünə məxsus “SHAGMAN” markalı yük avtomobillərində (dövlət nömrə nişanları: 99XM703, 90JU704, 99XN715, 90ON709, 99HK706, 99LN718) HOVO markalı yük avtomobillərdə (dövlət nömrə nişanı: 99XK708, 99LM716, 99XM710 99KM714, 99KN720) istifadə etmişdir, lakin bütün yük avtomobilləri mühərrik yağları dəyişdikdən 2 və ya 3 gün sonra xarab olmuşdur. Təkrar olaraq, 2018-ci ilin sentyabr, oktyabr və noyabr aylarında yük avtomobillərinə cavabdehdən alınmış mühərrik yağı tökülmüş və lakin yenə eyni problemlə qarşılaşdıqdan sonra təmir işləri həyata keçirən ustalar tərəfindən problemin mühərrik yağı ilə bağlı olduğu aşkar edilmişdir. Avtomobillər aşağıda göstərilən müddətdə istifadəsi mümkün olmadan, tam istifadəyə yararsız vəziyyətdə ustaların yanında qalmışdır. -99XM703 dövlət nömrə nişanlı “SHAGMAN” markalı -7 gün; -90JU704 dövlət nömrə nişanlı “SHAGMAN” markalı -9 gün; -99XN715 dövlət nömrə nişanlı “SHAGMAN” markalı -18 gün; -90ON709 dövlət nömrə nişanlı “SHAGMAN” markalı -8 gün; -99HK706 dövlət nömrə nişanlı “SHAGMAN” markalı -19 gün; -99LN718 dövlət nömrə nişanlı “SHAGMAN” markalı -17 gün; -99XK708 dövlət nömrə nişanlı “HOVO” markalı -9 gün; -99LM716 dövlət nömrə nişanlı “HOVO” markalı -8 gün; -99XM710 dövlət nömrə nişanlı “HOVO” markalı -16 gün; - 99KM714, dövlət nömrə nişanlı“HOVO” markalı -10 gün. Avtomobilin təmiri ustaların mühərrik yağları ilə bağlı rəyindən sonra İddiaçı müvafiq sahədə ixtisaslaşmış qurumdan da rəy almağı zəruri hesab etmişdir. Azərbaycan Milli Elmlər Akademiyası, Akademedik Y.H.Məmmədəliyev adına X1 yalnız hüququ şəxslərin müraciətləri əsasında ekspertiza keçirildiyi üçün İddiaçı həmin quruma təsisçisi olduğu "xxxx" MMC adından müraciət edərək, mühərrik yağının fiziki-kimyəvi göstəricilərinə dair rəy verilməsini xahiş etmişdir. 10.05.2019-cu il tarixli sınaqla bağlı Azərbaycan Milli Elmlər Akademiyası, Akademik Y.H.Məmmədəliyev adına X2 17.05.2019-cu il tarixli 28.28.16/314 saylı məktubuna əsasən, müayinə zamanı SAE 15W40 sürtgü yağının göstəriciləri arasında uyğunsuzluğun olduğu, istifadədən sonra təqdim edilmiş sürtgü yağı 50 saat qızdırıldıqdan sonra çöküntünün miqdarının 1.26% (norma ГОСТ 11063-91 -0.5% ), mexaniki qarışığın miqdarının isə 1.0452% (norma ГОС 6370-83-0.015%) olduğu, yekun olaraq təqdim edilmiş yağın normalara uyğun olmadığı müəyyən edilmişdir. Göründüyü kimi cavabdeh tərəfindən keyfiyyətsiz və dövlət standartlarının tələblərinə uyğun olmayan yağ satıldığı halda o, iddiaçının müraciətlərini nəzərə almamış, vurulmuş zərərin nəticələrini aradan qaldırmaqdan imtina etmişdir. Nəticədə İddiaçı nəqliyyat vasitəsinin boş dayanmasına görə 16940 (on altı min doqquz yüz qırx) manat, təmirlə əlaqədar 91858 (doxsan bir min səkkiz yüz əlli səkkiz) manat, cəmi 108.798 (yüz səkkiz min yeddi yüz doxsan səkkiz manat) maddi ziyan vurulmuşdur. Qeyd olunan ziyanın vurulması müvafiq təmir və digər xidmətləri göstərən və avadanlıqlar satışını həyata keçirən şəxslərin verdiyi qəbzlər, arayışlar, təmir aktları və müqavilələr ilə təsdiq edilir. İddiaçı dəfələrlə Cavabdehna müraciət etsə də cavabdeh vurulmuş maddi ziyanı ödəməkdən imtina etmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı nəqliyyat vasitələrini gəlir əldə edilməsi üçün istifadə edir. Lakin cavabdehin satdığı keyfiyyətsiz yağlar avtomobillərin xarab olmasına və uzun müddət fəaliyyətsiz qalmasına, nəticədə iddiaçıya 16940 (on altı min doqquz yüz qırx) manat dəyərində əldən çıxmış fayda formasında ziyan vurulmasına səbəb olmuşdur. Yuxarıda göstərilən Azərbaycan Milli Elmlər Akademiyası, Akademik Y.H.Məmmədəliyev adına X2 17.05.2019-cu il tarixli 28.28.16/314 saylı məktubuna əsasən də mühərrik yağları Azərbaycan Respublikasında qüvvədə olan normativ sənədlərin tələblərinə uyğun olmamışdır. Bununla da cavabdeh tərəfindən “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmuşdur. Bundan başqa nəzərə alınmalıdır ki, xeyli məbləğdə pul xərcləyərək əldə etdiyi nəqliyyat vasitələrinin cavabdehin hərəkətləri nəticəsində xarab olması, iddiaçının sarsıntı keçirməsinə və işgüzar nüfuzunun aşağı düşməsinə səbəb olmuşdur. Belə ki, iddiaçı nəqliyyat vasitələrin alınmasına xərclədiyi pulu uzun müddət işləyərək, əziyyətlər çəkərək, maddi məhrumiyyətlərə məruz qalaraq qazanmışdır. Cavabdeh isə ona keyfiyyətsiz yağ satmış, nəqliyyat vasitəsinin xarab olmasına səbəb olmuş, sonradan nasazlığın aradan qaldırılmasına çalışmamış, vurulmuş ziyanı ödəməkdən uzun müddət ərzində boyun qaçırmışdır. İddiaçı avtomobillərin təmiri üçün tanışlarından borc pul götürmək məcburiyyətində qalmışdır. Həmçinin avtomobillər uzun müddət nasaz vəziyyətdə olduğu üçün iddiaçı digər şəxslər qarşısında vəzifə öhdəliklərini icra edə bilməmiş, nəticədə işgüzar nüfuzuna ziyan vurulmuşdur. Uzun müddətdir ki, cavabdehin ona vurulmuş ziyanı ödəməməsi və illərdə üzərində çalışdığı işgüzar nüfuzunun aşağı düşməsi onun psixoloji və mənəvi sarsıntı keçirməsinə səbəb olmuşdur. Buna görə də, Cavabdehndən “iddiaçıya vurulmuş maddi ziyana görə 91858 (doxsan bir min səkkiz yüz əlli səkkiz) manat pulun, əldən çıxmış faydaya görə 16940 (on altı min doqquz yüz qırx) manat pulun, mənəvi zərərə görə 20000 (iyirmi min) manat pulun və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib izahatında göstərmişdir ki, o, "xxxx" MMC-nin direktorudur və 2017-ci ildən bəri Cavabdeh MMC-dən avtomobillər üçün sürtkü yağı alıb istifadə edirlər. Cavabdeh MMC-nin rəhbər şəxsi kimi tanıdığı Telman Qacarovla heç vaxt şəxsən görüşməmiş, həmişə ehtiyac yarandıqda telefon vasitəsilə əlaqə saxlayıb, yağ sifariş vermişdir. Belə ki, əvvəllər sahibi olduğu MMC-nin istifadəsində olan nəqliyyat vasitələri üçün sürtkü yağlarını ayrı-ayrı dükanlardan almışlar, sonradan isə qeyd etdiyi dükanlardan həmin yağı haradan topdan aldıqlarını soruşduqda onlara bildirilmişdir ki, Azərbaycan Respublikasına həmin yağların gətirilməsi ilə Cavabdeh MMC məşğuldur. Həmin dövrdən etibarən cavabdehlə münasibətləri yaranmış, yağları birbaşa çəllək şəklində telefon vasitəsilə oradan sifariş vermişlər. 2018-ci ilin avqust ayında onlar yenidən avtomobillər üçün Cavabdeh MMC-yə 2 çəllək yağ sifariş vermişlər, həmin yağları Telmanın bacısı oğlu kimi tanıdığı Tərxan adlı şəxs gətirib onlara çatdırmışdır. İlkin olaraq, sahibi olduğu 4 avtomobildə həmin yağları istifadə etmişlər, 1 həftədən sonra isə avtomobillərdə problemlər yaranmağa başlamışdır. Hətta həmin yağlar onlara məxsus qarajda ustalar tərəfindən dəyişdirilərkən ustalar yağların mazut rəngi olduğunu bildirmişlər. O, bundan sonra Cavabdeh MMC-nin sahibi Telman adlı şəxsə zəng edərək bu barədə bildirmiş, Telman isə həmin çəlləklərin şəklini çəkib ona göndərməsini xahiş etmişdir. O, çəlləklərin şəklini Telmana çəkib göndərdikdən sonra Telman daha 2 çəllək ona göndərmiş və bunun müqabilində pul belə istəməmişdir. O, qeyd etdiyi əlavə 2 çəllək gəldikdən sonra Telmanın daha əvvəlcədən göndərdiyi 2 çəlləyi tam rahat şəkildə işlətmişdir. Sonradan göstərdiyi problemlər yarandıqda artıq məsələnin yağdan qaynaqlandığını başa düşmüş və “Opet” yağlarından istifadə etməyə başlamışlar. Hal-hazırda da cavabdehə məxsus “Agrinol” yağı deyil, məhz “Opet” yağından istifadə edirlər. Telmanın göndərdiyi yağların keyfiyyətsizliyi məsələsi ilə bağlı Telman sonradan ona məxsus qaraja şəxsən gəlmiş, Telmanı ilk dəfə orada üzdən görmüşdür. Həmin vaxt, Telman 1 lt ilkin partiya göndərdiyi çəlləkdən, 1 lt isə ikinci partiya göndərdiyi yağlardan nümunə kimi götürmüş və Ukraynaya müayinə üçün göndərəcəyini bildirmişdir. Daha sonra Telman yenidən bildirmişdir ki, yağları ixrac edən şirkətin nümayəndələrinin özləri Bakı şəhərinə seminar keçirilməsi üçün gələcəklər, həmin vaxt yağlara da baxacaqlar. Sonradan yenidən Telman zavoddan səs çıxmadığını bildirirərək yenidən yağ nümunələri istəmişdir. Bundan sonra cavab gəlmədiyini görüb onlar özü həmin yağdan laboratoriyaya nümunə göndərmiş və “X4”ndan cavab məktubu gəlmişdir ki, həmin yağlar yararsızdır. Bundan sonra, o, Telmana problemin məhz onun göndərdiyi yağda olduğunu bildirmişdir. 2021-ci ilədək isə cavabdeh onlara darıxmamalarını, məsələni yoluna qoyacaqlarını bildirsə də, bunun heç bir nəticəsi olmamışdır. Əlavə olaraq qeyd edir ki, həmin yağlar onlara məxsus qarajda ustalar tərəfindən dəyişdirilmişdir. Sertifikat məsələsi ilə bağlı qeyd edir ki, heç bir yağ dəyişmə məntəqəsinin hazırda da sertifikatı yoxdur. Belə ki, onlar ilk dəfə deyil ki, qarajda yağ dəyişirlər, problem isə sadəcə cavabdehin verdiyi yağdan sonra yaranmışdır. Bu barədə yuxarıda qeyd etdiyi laboratoriyanın verdiyi mütəxəssis rəyi sübutdur. İddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili X12 iddiaçının göstərdikləri ilə oxşar məzmunlu izahat verib, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edib, ərizə ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq göstərdi ki, ərizəyə əlavə edilmiş X3 17 may 2019-cu il tarixli məktubundan da görünür ki, cavabdehin verdiyi yağ istifadəyə yararsızdır. Qarşı tərəf məhkəmə iclasında istifadə edilmiş, qapağı açıq yağların təbii olaraq istifadəyə yararsız olacağını bildirsə də, o, buna cavab olaraq qeyd edir ki, onlara cavabdehin göndərdiyi yağların istifadə edilməmiş 1 çəllək nümunəsi qarajda mövcuddur, lazım gələrsə həmin yağla bağlı da ekspertiza aparıla bilər. Qarajda olan həmin yağ məhz iddiaçı tərəfindən onlara göndərilən yağdır, hesab edir ki, bunu ayrıca qaydada sübut etməyə zərurət yoxdur. Bununla yanaşı, onların yeganə səhvi ondan ibarətdir ki, cavabdehlə birlikdə Ukraynadan gələn mütəxəssislərin gəlişini, yağlara baxışını aktlaşdırmamışlar. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X7 verdiyi iddia tələbini qəbul etməyib, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyib, verdiyi izahatında bildirdi ki, iddia tələbi ümumilikdə əsassızdır, məhkəmə iclasında qarşı tərəfin səsləndirdikləri fikirlərin, o cümlədən ərizənin dəlillərinin heç bir hüquqi əsası yoxdur, göstərilənlərin hamısı heç bir hüquqi məntiqə söykənmir. Belə ki, iddiaçının cavabdehin iddia tələbinə cavab verməli olan şəxs olduğuna dair yeganə sübut hesab etdiyi sənəd X2 17 may 2019-cu il tarixli məktubudur, hansı ki, həmin məktubun məzmunundan da görünür ki, “istifadədən sonra təqdim edilmiş” sürtkü yağı normalara uyğun deyil və istifadəyə yararsızdır. Göründüyü kimi, iddiaçı istifadə edilmiş sürtkü yağını laboratoriyaya təqdim etmişdir, məlumdur ki, istifadə edilmiş yağ təbii olaraq normalara uyğun olmamalıdır. Bununla yanaşı, iddiaçı ümumiyyətlə həmin yağın iddiaçı tərəfindən ona təqdim edildiyini, həmin yağın həqiqətən də standartlara uyğun məkanda və qaydada dəyişdirildiyini, yağ dəyişmə ilə məşğul olan ustaların buna icazə verən lisenziyasının olub-olmadığını, yağın vaxtında dəyişdirilib-dəyişdirilmədiyini və buna zərurətin olubolmamasını, yağ dəyişən zaman avtomobillərin texniki vəziyyətinin hansı səviyyədə olmasını, avtomobillərin məhz yağ dəyişdikdən sonra nasaz vəziyyətə düşməsini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Hansı ki, belə sübutlar olmadan, iddianın təmin edilməsi üçün də əsas yoxdur. Əlavə olaraq qeyd edir ki, bütün məhkəmə prosesləri zamanı iddiaçı tərəf sübut və şahid təqdim edəcəklərini bildirsələr də, hər hansı belə sübut təqdim etməmişlər. Göstərdiklərini nəzərə alaraq, ümumilikdə əsassız olan iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrinin surətlərindən görünür ki, ** XM *** dövlət qeydiyyat nişanlı “SHAGMAN” markalı, 90JU704 dövlət qeydiyyat nişanlı “SHAGMAN” markalı, 99XN715 dövlət qeydiyyat nişanlı “SHAGMAN” markalı, 90ON709 dövlət qeydiyyat nişanlı “SHAGMAN” markalı, 99HK706 dövlət qeydiyyat nişanlı “SHAGMAN” markalı, 99LN718 dövlət qeydiyyat nişanlı “SHAGMAN” markalı, 99XK708 dövlət qeydiyyat nişanlı “HOVO” markalı, 99LM716 dövlət qeydiyyat nişanlı “HOVO” markalı, 99XM710 dövlət qeydiyyat nişanlı “HOVO” markalı, 99KM714 dövlət qeydiyyat nişanlı “HOVO” markalı nəqliyyat vasitələri İddiaçı mülkiyyətindədir; -“Agrinol.ua.ru” internet səhifəsindən əldə edilmiş çıxarışdan görünür ki, Cavabdeh MMC Ukrayna Respublikasının “Agrinol” markalı mühərrik yağlarının Azərbaycan Respublikasına rəsmi idxalçısı, distributorudur; -Mühərriklərin təmiri ilə əlaqədar yük maşınlarının dayandığı iş günlərinin siyahısının surətindən görünür ki, yük maşınlarının işləmədiyi müddət aşağıdakı kimidir: 99XM703 dövlət nömrə nişanlı “SHAGMAN” markalı-7 gün; 90JU704 dövlət nömrə nişanlı “SHAGMAN” markalı-9 gün; 99XN715 dövlət nömrə nişanlı “SHAGMAN” markalı-18 gün; 90ON709 dövlət nömrə nişanlı “SHAGMAN” markalı-8 gün; 99HK706 dövlət nömrə nişanlı “SHAGMAN” markalı-19 gün; 99LN718 dövlət nömrə nişanlı “SHAGMAN” markalı-17 gün; 99XK708 dövlət nömrə nişanlı “HOVO” markalı-9 gün; 99LM716 dövlət nömrə nişanlı “HOVO” markalı-8 gün; 99XM710 dövlət nömrə nişanlı “HOVO” markalı-16 gün; 99KM714, dövlət nömrə nişanlı “HOVO” markalı-10 gün. Həmin yük maşınlarının orta hesabla gündəlik gətirdikləri gəlir nəzərə alınmaqla, şirkətin ümumilikdə 16940 manat məbləğində əldə çıxmış faydası olmuşdur; -23 sentyabr 2021-ci il tarixli pretenziyadan və ona əlavə edilmiş qaimənin surətindən görünür ki, Cavabdeh MMC-yə onlardan alınmış yağın keyfiyyətsiz olması səbəbindən İddiaçı külli miqdarda ziyan vurulduğu bildirilmiş, vurulmuş 108,798 manat maddi ziyanın ödənilməsi təklif edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə Cavabdeh MMC-yə xəbərdarlıq edilmişdir; -15 sentyabr 2018-ci il, 24 sentyabr 2018-ci il, 02 oktyabr 2018-ci il, 08 oktyabr 2018ci il, 15 oktyabr 2018-ci il, 16 oktyabr 2018-ci il, 22 oktyabr 2018-ci il, 30 oktyabr 2018-ci il, 07 noyabr 2018-ci il, 14 noyabr 2018-ci il, 20 noyabr 2018-ci il və 27 noyabr 2018-ci il tarixli təmir aktlarının surətlərindən görünür ki, müvafiq olaraq ** XM *** dövlət qeydiyyat nişanlı “SHAGMAN” markalı, 90JU704 dövlət qeydiyyat nişanlı “SHAGMAN” markalı, 99XN715 dövlət qeydiyyat nişanlı “SHAGMAN” markalı, 90ON709 dövlət qeydiyyat nişanlı “SHAGMAN” markalı, 99HK706 dövlət qeydiyyat nişanlı “SHAGMAN” markalı, 99LN718 dövlət qeydiyyat nişanlı “SHAGMAN” markalı, 99XK708 dövlət qeydiyyat nişanlı “HOVO” markalı, 99LM716 dövlət qeydiyyat nişanlı “HOVO” markalı, 99XM710 dövlət qeydiyyat nişanlı “HOVO” markalı, 99KM714 dövlət qeydiyyat nişanlı “HOVO” markalı nəqliyyat vasitələrinə texniki baxış keçirildikdən sonra ehtiyat hissələri yenisi ilə əvəz edilmiş və ümumilikdə 91858 manat məbləğində cari-təmir bərpa işləri görülmüşdür. Bununla bağlı, nəqliyyat vasitələrinin sahibi və mühərrik ustaları tərəfindən aktlar tərtib edilməklə imzalanmışdır; -Azərbaycan Milli Elmlər Akademiyası akademik Y.H.Məmmədəliyev adlına X2 28.28.16/314 nömrəli, 17 may 2019-cu il tarixli məktubunun surətindən görünür ki, "xxxx" MMC tərəfindən istifadə olunan sürtkü yağlarında yaranmış problemin hansı səbəbdən yaranmasının yoxlanılması üçün təqdim edilmiş istifadə edilmiş sürtkü yağı laborator müayinədən keçirilmişdir. Müayinə zamanı müəyyən edilmişdir ki, SAE- 15W40 sürtkü yağının göstəriciləri arasında uyğunsuzluq vardır. Belə ki, istifadədən sonra çöküntünün miqdarı 1.26% (norma ГОСТ 11063-91- 0.5%), mexaniki qarışığın miqdarı isə 1.0452% (norma ГОСТ 6370-83-0.015%) olmuşdur. Bununla da bildirilmişdir ki, təqdim edilmiş yağ normalara uyğun deyil və istifadəyə yararsızdır. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı Rəhimli X8 Respublikasının “Agrinol” mühərrik yağlarının Azərbaycan Respublikasındakı rəsmi idxalçısı Cavabdeh MMC-dən mühərrik yağları almışdır. Hazırda iddiaçı, cavabdehdən aldığı mühərrik yağlarını mülkiyyətində olan yük maşınlarında istifadə etdikdən sonra yük maşınlarında nasazlıq yarandığını, buna görə də həmin yük maşınlarının təmirinə çəkilmiş xərclər də daxil olmaqla, ona vurulmuş maddi və mənəvi ziyanın cavabdeh tərəfindən ona ödənilməsini xahiş edir. Məhkəmə ilk növbədə iddia tələbinin maddi ziyanla bağlı hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı həmin tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən keyfiyyətsiz və dövlət standartlarına uyğun olmayan yağ satıldığı halda cavabdeh, iddiaçının müraciətlərini nəzərə almamış, vurulmuş zərərin nəticələrini aradan qaldırmaqdan imtina etmişdir, nəticədə iddiaçıya nəqliyyat vasitələrinin boş dayanmasına görə 16.940 manat və təmirlə əlaqədar 91.585 manat olmaqla, ümumilikdə 108.798 manat məbləğində maddi ziyan vurulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşin faktiki hallarından müəyyən edilir ki, iddiaçı cavabdehin ona satdığı “Agrinol” markalı mühərrik yağlarının keyfiyyətsiz və standartlara uyğun olmadığını, nəticədə isə hüquqla və ya qanunla müdafiə edilən iddiaçıya birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməlin, yəni ona maddi ziyanın Cavabdeh MMC tərəfindən vurulduğunu qeyd etsə də, qanunla sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq, bunu təsdiq edən dəlillərini məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iddiaçı tərəf məhkəmə iclasında sözügedən mühərrik yağlarının həqiqətən də cavabdeh tərəfindən ona təqdim edilib-edilmədiyini, təqdim edilmişdirsə bunu təsdiq edən müvafiq sübutunu (təhvil-təslim aktı, qaimə və.s), mühərrik yağı iddiaçı tərəfindən təqdim edilmişdirsə nəqliyyat vasitələrində istifadə edilmiş yağın eyni yağ olub-olmamasını (sonradan iddiaçı tərəfindən dəyişdirilib-dəyişdirilmədiyini), nəqliyyat vasitələrində mühərrik yağı dəyişdirilərkən həmin vasitələrin texniki cəhətdən saz vəziyyətdə olub-olmaması, mühərrik yağını dəyişən ustaların bu işi görmək üçün müvafiq lisenziyasının olub-olmamasını, məhz qeyd olunan mühərrik yağları istifadə edildikdən sonra nəqliyyat vasitələrində texniki nasazlıqların yaranmasını, nəqliyyat vasitələrinin mühərrik yağlarının həqiqətən də standartlara uyğun məkanda və qaydada dəyişdirilməsini təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iddiaçının sübut qismində məhkəmə təqdim etdiyi Azərbaycan Milli Elmlər Akademiyası akademik Y.H.Məmmədəliyev adlına X2 28.28.16/314 nömrəli, 17 may 2019cu il tarixli məktubuna münasibətdə isə qeyd edir ki, həmin məktubdan da göründüyü kimi iddiaçı tərəfindən sözügedən mühərrik (sürtkü) yağı laboratoriyaya istifadə edildikdən sonra təqdim edilmişdir, nəzərə alınsa ki, istifadədən sonra təqdim edilmiş yağın istifadəyə yararsız olunması müəyyən edilmişdir, həmin dəlil cavabdeh tərəfindən maddi ziyan vurulmasını təsdiq edən mötəbər sübut qismində qəbul edilə bilməz, hansı ki, həmin məktubda iddiaçı tərəfindən təqdim edilməklə yoxlanılmış mühərrik yağının məhz onun cavabdehdən aldığı “Agrinol” markalı mühərrik yağı olub-olmaması da müəyyən olunmur. Belə olan halda, məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin əldən çıxmış faydanın tutulması ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tələbini həmin hissədə onunla əsaslandırmışdır ki, ona məxsus nəqliyyat vasitələrinin təmirdə olduğu müddətdə gündəlik əldə edilən gəlirlər nəzərə alınmaqla, cavabdehin hərəkəti onun əldə edə biləcəyi gəlirlərin əldən çıxmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına əsasən Mülki Məcəllənin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə qeyd edir ki, iddia tələbinin maddi ziyanla bağlı hissəsi sübuta yetirilməmişdir, hazırkı tələb isə ilkin tələblə bağlı törəmə tələbdir, iddiaçı buna dair sübutlarını da məhkəməyə təqdim edə bilməmişdir. Ona görə məhkəmə hesab edir ki, müvafiq sübutlar olmadığından, iddia tələbi əldən çıxmış faydanın tutulması ilə bağlı hissədə də təmin edilməməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı mənəvi ziyanın ödənilməsi barədə iddia qaldırsa da, özünə mənəvi ziyan vurmaya dair məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, mənəvi ziyanla bağlı iddia tələbi də təmin edilməməlidir. Mülki qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla da, müəyyən edildi ki, iddiaçının iddia tələbində göstərdiklərinin hər hansı bir əsası yoxdur, sübutetmə yükü qanunla onun üzərinə düşməsinə baxmayaraq, iddiaçı iddia tələbini məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmiş və tələbi ilə bağlı məhkəməyə heç bir mötəbər və əsaslı sübut təqdim etməmişdir. Əksinə, yuxarıda qeyd edilən işin faktiki halları ilə iddiaçının dəlillərinin əsassız olduğu tam sübuta yetirilmişdir və həmin əsaslarla da, məhkəmə hesab edir ki, ümumilikdə əsassız olan iddia tələbi təmin edilməməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı “Cavabdehndən “iddiaçıya vurulmuş maddi ziyana görə 91858 (doxsan bir min səkkiz yüz əlli səkkiz) manat pulun, əldən çıxmış faydaya görə 16940 (on altı min doqquz yüz qırx) manat pulun, mənəvi zərərə görə 20000 (iyirmi min) manat pulun və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pulun tutularaq İddiaçı ödənilməsi” tələbinə dair iddiası əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-4119/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-4119/2021
09.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver