Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-417/2024 22.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “maddi ziyanın ödənilməsil” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi :
1. İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək məhkəmədən, Cavabdeh “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 370 manat 92 qəpik məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (yüz əlli) manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 551 manat 32 qəpik məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli, TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almış, hazırda Azərbaycan Respublikası Audiovizual Şurasının 15 dekabr 2022-ci il tarixli UPO-001 qeydiyyat nömrəli xüsusi lisenziyası əsasında fəaliyyət göstərir. Bu məqsədlə İddiaçı MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında yaşayış və qeyri-yaşayış sahələrinə kabel xəttləri çəkir. Lakin bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında xx.xx.2008-ci il, xx.xx.2011-ci il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il, xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. DİN BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən cavabdeh Bakı şəhəri Nizami rayonu, Tofiq Abbasov küçəsi, ev 42, mənzil 2-də qeydiyyatdadır. 28 saylı MKİS tərəfindən verilmiş arayışa əsasən ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi xx.xx.2006-cı ildən cavabdehə məxsusdur. Belə ki, xx.xx.2010-cu il tarixdə həmin ünvanda yaşayan cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən mənzil “K@TV1” xidmətlərinin göstərilməsi üçün Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini xx.xx.2016-cı il tarixinədək etmiş və xx.xx.2016-cı il tarixdə borcsuz şəbəkədən ayrılmışdır. xx.xx.2021-ci il tarixdə "xxxx" hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Teleradio üzrə mütəxəssisinin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 8592 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. 8592 N saylı akt tərtib edilənədək həmin ünvanda yerləşən mənzilə sonuncu dəfə xx.xx.2018-ci il tarixdə baxış keçirilmişdir. Beləliklə də, yuxarıda qeyd olunan qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 (doqquz) manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 (on) manat təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keşirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Sözügedən ünvana son baxışın keçirildiyi xx.xx.2018-ci il tarixdən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2021-ci il tarixə qədər olan müddət 1124 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 33 qəpik maddi ziyan hesablamaq şərtilə müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulmuş zərərin məbləği 370 manat 92 qəpik təşkil edir. Bundan əlavə, İddiaçı MMC "xxxx" hüquq firması ilə bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (yüz əlli) manat pul ödəyir. Dəymiş zərərin əvəzinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubu göndərilmiş, lakin bu günədək cavabdeh tərəfindən dəymiş zərərin əvəzi ödənilməmişdir.
İş materialları :
3. İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli “xidmətlərin göstərilməsi”nə dair müqaviləyə əsasən müəyyən olunur ki, həmin müqaviləyə əsasən İddiaçı MMC müqavilənin qüvvədə olduğu müddətdə özünəməxsus olan kabel şəbəkəsinə qanunsuz qoşulmalarla bağlı yaranmış hüquq pozuntularının aşkar edilməsi, aradan qaldırmasını və bununla bağlı müvafiq sənədləşmənin aparılmasını və digər xidmətlərin göstərilməsini "xxxx" MMC-yə sifariş vermişdir. Müqavilə 5 il müddətinə bağlanmışdır.
4. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 8592 nömrəli “İddiaçı MMC-nin “KATV1” kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında” aktın surətindən görünür ki, "xxxx" MMC tərəfindən xx.xx.2019-cu il tarixli, 001 saylı müqavilə əsasında İddiaçı MMC-yə hüquqi xidmət göstərən hüquq firmasının və İddiaçı MMC-nin əməkdaşlarının iştirakı xx.xx.2021-ci il tarixində Nizami rayonu Tofiq Abbasov 42 ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman, həmin binanın 2 saylı mənzilinin “KATV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmiş və bununla əlaqədar aktın tərtib olunmasında mənzil sakinin iştirakını təmin etmək və tərtib edilmiş aktı təqdim etmək məqsədi ilə həmin mənzilin qapısını döydüklərini və nəticədə mənzilin qapısının açan olmadığı bildirilmişdir. Həmçinin aktdan görünür ki, qapının arxasında cavab verən şəxs özünü kirayəçi kimi təqdim etmişdir.
5. İş materiallarına ünvan 2 ünvanına baxış keçirilən zaman aparılan videoçəkilişə dair CD disk əlavə edilmişdir.
6. İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli arayışından surətindən görünür ki, ünvan 3 ünvanına 8592 N saylı akt tərtib olunana qədər sonuncu dəfə xx.xx.2018-ci il tarixində baxış keçirilmişdir.
7. İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı MMC ilə ünvan 4 ünvanında yaşayan Cavabdeh arasında bağlanmış “KATV1 kabel televiziyası xidmətinin göstərilməsi”nə dair müqaviləyə əsasən xx.xx.2010-cu il tarixində bu ünvan KATV1 Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş və xx.xx.2016-cı il tarixinədək isə son ödənişi etmiş və xx.xx.2016-cı il 25.30 azn borc ilə şəbəkədən ayrılmışdır.
8. İddiaçı MMC tərəfindən təqdim edilmiş arayışdan görünür ki, İddiaçı MMC-nin “K@TV1” Kabel Televiziyası xidmətinin bir teleqəbuledici üçün aylıq abunə haqqı xidməti xx.xx.2015-ci il tarixindək 9 manatdır, xx.xx.2015-ci tarixindən etibarən 10 manat təşkil edir və eyni mənzildə hər əlavə qoşulan teleqəbuledici üçün isə aylıq abunə haqqı xidməti 2 manatdır.
9. İş materiallarına əlavə edilmiş xx.xx.1996-cı il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, ev 42, 2 saylı mənzil xx.xx.1996-cı il tarixdən Cavabdeh mülkiyyətində olmuşdur.
10. Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 28 saylı Mənzil Komunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 37 nömrəli arayışın surətindən görünür ki, Cavabdeh T.Abbasov küçəsi 42 saylı evin 2 nömrəli mənzilində yaşayır və xx.xx.2006-cı ildən evin sahibidir.
11. Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentinin Bakı şəhəri Nizami rayon Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh ünvan 6 ünvanında qeydiyyatdadır, lakin faktiki olaraq orada yaşamır və həmin mənzildə başqa şəxslər yaşayırlar.
12. Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 28 saylı Mənzil Komunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 7 nömrəli arayışın surətindən görünür ki, Cavabdeh ünvan 6 ünvanında qeydiyyatdadır, lakin faktiki olaraq orada yaşamır.
13. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1996-cı il tarixdən Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, ev 42, 2 saylı mənzil Bakı şəhəri 24 saylı DNK-nın 4Ə-4 reyestr nömrəli xx.xx.2023-cü il tarixli alqısatqı müqaviləsinə əsasən X2 adına qeydiyyatdan keçmişdir və hazırda sonuncunun mülkiyyətindədir.
14. Cavabdeh ilə X4 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin notariat təsdiq edilmiş surətindən görünür ki, satıcı Cavabdeh ünvan 6 ünvanda yerləşən, ümumi sahəsi 53 kv/m olan mənzili 92000 manata alıcı X1.
15. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, ********** qeyddiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, ev 42, 2 saylı mənzil X2 mülkiyyətindədir.
16. xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları :
17. İddiaçı MMC-nin nümayəndəsi və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər.
18. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, MKTB-nin 28 saylı MKİS-nin arayışından görünür ki, 2006-cı ildən cavabdeh həmin mənzildə yaşayır. Kirayəçilərlə kirayə müqaviləsi bağlanmamışdır.
19. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşin faktiki halı :
20. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, "xxxx" hüquq firması tərəfindən İddiaçı MMC ilə bağlanmış “hüquqi xidmətin göstərilməsi” müqaviləsinə əsasən Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, ev 42 ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirilən zaman, həmin binanın 2 saylı mənzilinin “K@TV1” kabel şəbəkəsinə müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmişdir.
21. Mübahisəli mənzil 1996-cı il tarixdən xx.xx.1996-cı il tarixdən xx.xx.2023-cü il tarixədək Cavabdeh mülkiyyətində olmuşdur. Hazırda isə xx.xx.2023-cü il tarixdən isə həmin mənzil X2 mülkiyyətindədir.
22. İddiaçı qeyd edilən ünvana sonuncu baxışı keçirildiyi xx.xx.2018-ci il tarixdən qanunsuz qoşulma barədə aktın tərtib edildiyi xx.xx.2021-ci il tarixə iddiaçının göstərdiyi kabel televiziyası xidmətlərindən müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində istifadəyə görə ona dəymiş ziyanın ödənilməsi tələbini irəli sürmüşdür.
Tətbiq edilən hüquq :
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsi :
21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Məhkəmənin mövqeyi :
25. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi rədd edilməlidir.
26. İşin məhkəmə tərəfindən araşdırılan faktiki hallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında kabel televiziyası xidmətləri göstərilməsinə dair müqavilə münasibətləri olmuş, lakin xx.xx.2016-cı il tarixdə müqavilə münasibətlərinə xitam verilmişdir.
27. İddiaçı tərəfindən cavabdehin mülkiyyətində olan ünvan 6 ünvanına son baxış xx.xx.2018-ci il tarixdə keçirilmişdir. Hazırda həmin tarixdən qanunsuz qoşulma barədə aktın tərtib edildiyi xx.xx.2021-ci il tarixədək iddiaçının göstərdiyi kabel televiziyası xidmətlərindən müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində istifadəyə görə ona dəymiş ziyanın ödənilməsi tələbini irəli sürmüşdür.
28. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
29. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.
30. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən istənilən iddia tələbi üzrə məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin hansı hüquqi dəyərləndirməni irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.
31. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri çıxış edir.
32. Belə ki, işin tədqiq edilən hallarından görünür ki, İddiaçı MMC-nin Cavabdeh qarşı olan maddi ziyanın ödənilməsinə dair iddia tələbi tərəflər arasında mövcud olana hər hansı müqavilə münasibətlərinə əsaslanmayıb, cavabdehin iddiaçının göstərdiyi kabel televiziyası xidmətlərinə qanunsuz qoşulması nəticəsində cavabdehə zərər vurulmasından irəli gəlir.
33. Mülki qanunvericiliyə əsasən hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl mülki hüquq pozuntusudur (1096.1m). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (1097.1 m).
34. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqa zidd olması - ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi - təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması - qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması - zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18.04.22-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 14 aprel 2021-ci il tarixli Qərarında qeyd edilir ki, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər.
37. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqedən çıxış edərək məhkəmə qeyd edir ki, iddiaçının irəli sürdüyü iddia tələbinin faktiki halları onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamaqdadır.
38. Belə ki, iddiaçı onun göstərdiyi kabel televiziyası xidmətlərinə qanusuz qoşulma əməlində Cavabdeh təqsirli olmasını, zərər vurulmasını, zərərin həcmini və zərərlə cavabdehin əməli arasında səbəbli əlaqəni sübuta yetirə bilməmişdir.
39. Məhkəmə qeyd edir ki, iddiaçı onun göstərdiyi kabel televiziyası xidmətlərinə qanunsuz qoşulma nəticəsində ona 370.92 manat zərər vurulduğunu bildirməsinə baxmayaraq bunu sübut edə bilməmişdir.
40. İddiaçı ona 370.92 manat zərərin vurulması ilə bağlı tələbini həmin mənzilə son baxış keçirildiyi xx.xx.2018-ci tarixdən qanunsuz qoşulma barədə aktın tərtib edildiyi xx.xx.2021-ci il tarixə qədər olan 1124 gün müddətində həmin dövr üçün aylıq abunə haqqının məbləği ilə hesablamaqla əsaslandırmışdır.
41. İşin məhkəmə tərəfindən araşdırılan hallaından görünür ki, iddiaçı "xxxx" MMC ilə "xxxx" hüquq firması arasında xidmətlərin göstərilməsinə dair xx.xx.2008, xx.xx.2011, xx.xx.2014, xx.xx.2015, xx.xx.2018, xx.xx.2019-cu illərdə müqavilə bağlanmışdır. Həmin müqavilənin predmetini isə müqavilənin qüvvədə olduğu müddətdə iddiaçıya məxsus olan kabel şəbəkəsinə qanunsuz qoşulmalarla bağlı yaranmış hüquq pozuntularının aşkar edilməsi, aradan qaldırmasını və bununla bağlı müvafiq sənədləşmənin aparılmasını və digər xidmətlərin göstərilməsi təşkil etmişdir.
42. Belə olan halda məhkəmə qeyd edir ki, zərərin hesablandığı xx.xx.2018-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək olan müddətdə İddiaçı MMC-nin müqavilə münasibətində olduğu "xxxx" firması tərəfindən həmin binaya baxış keçirilməməsinə baxmayaraq zərərin son baxış keçirildiyi vaxtdan hesablanmaqla cavabdehdən tələb edilməsi hüquqdan sui-istifadədir.
43. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012- ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi.
44. Oxşar mövqe Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervsog Selskabsstyrelsen” işi üzrə 09 Mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyribərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur.
45. Məlum olduğu kimi, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi hər hansı bir şəxsin əmlakda onun iradəsi xaricində əmələ gələn azalmayı, yəni zərəri eynilə və ya pulla aradan qaldırmaq, zərər verən hadisə nəticəsində zərər çəkənin əmlakında azalmış olan dəyər yerinə keyfiyyət və ya kəmiyyət baxımından eyni olan dəyər qoymaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (1096 və 1097-ci maddələr). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Bu mənada zərər mülki-hüquqi məsuliyyətin ən önəmli ünsürünü təşkil edir.
46. Həmçinin iddiaçı tərəfindən təqdim edilmiş “İddiaçı MMC-nin “KATV1” kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, 8592 N saylı aktın surətindən və videoçəkilişdən görünür ki, Bakı şəhəri, Nizami rayonu Tofiq Abbasov 42 ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirilən zaman, həmin binanın 2 saylı mənzilinin “KATV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmiş və bununla əlaqədar aktın tərtib olunmasında mənzil sakinin iştirakını təmin etmək və tərtib edilmiş aktı təqdim etmək məqsədi ilə həmin mənzilin qapısı döyülmüş və qapının arxasından cavab verən şəxs mənzildə kirayəçi olduğunu bildirmişdir.
47. Məhkəmə iddiaçının nümayəndəsinin izahatına münasibətdə Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqedən çıxış edərək qeyd etməyi zəruri hesab edir ki, (hansıki işin mənzildə yaşayanların kirayəçilər olmasına halına münasibətdə qeyd etmişdir ki, kirayəçilərlə kirayə müqaviləsi bağlanmamışdır) mülki məsuliyyətin yaranması üçün zərərin məhz cavabdehin hərəkətləri nəticəsində vurulduğu, onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqə olduğu sübut edilməlidir.
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
49. Məhkəmə iş materiallarını və iddiaçı tərəfindən təqdim edilmiş sübutları araşdıraraq, hazırki mülki işin hallarına yuxarıda qeyd edilən normaları tətbiq edərək bu qənaətə gəlir ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutlar onun iddia etdiyi faktların təsdiqini tapması üçün kifayət etmir. Belə olan halda, iddia tələbi əsassızdır və rədd edilməlidir.
Nəticə :
49. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia tələbi rədd edilməlidir.
50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi:
İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. İddiaçı "xxxx" MMC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva