Məhkəmə qərarları › İş №e-2(007)-4208/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-4208/2025

02.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-4208/2025 02.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi X1, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Tələb:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləti Dövlət Xidmətinə qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İşdə iştirak edən tərəflərin izahatı:

2. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi X3 iddia tələbini müdafiə edib, bildirdi ki, qeyri-yaşayış obyekti tikilib və 2022-ci ildə icarəyə verilmişdir. Müqavilə 2 illikdir və onun icarə haqqını ödəməyə imkanı çatmır. İcarə müqaviləsinin ləğvini istəyir.

3. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X4 bildirdi ki, iddiaçı kommersiya fəaliyyəti ilə məşğul olur. Kommersiya fəaliyyəti ilə bağlı torpaq sahəsinin daimi istifadəsi nəzərdə tutulmayıb. İcarə müqaviləsinin müddətinin uzaldılması icarə verənin hüququdur. Tərəfin ödəməyə imkanı yoxdur, amma dövlətin yerindən istifadə edir. Bu əsassızdır və düzgün deyil. Tərəf həmin torpaq sahəsini özəlləşdirsə, daha uyğun olardı.

Tətbiq edilən hüquq:

4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər.

5. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının:

3-cü bəndinə əsasən məhkəmələr nəzərə almalıdır ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə (ümumi və ya kommersiya məhkəməsi üzrə) düzgün verilməməsi əsası, ərazi aidiyyətindən fərqli olaraq iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. Belə ki, MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş məhz ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunan prosessual hüquq normalarının tələblərinə uyğun olaraq məhkəmələrə izah edilir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə düzgün verilməməsi zamanı iddia ərizəsinin geri qaytarılması deyil, onun məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 32.7-ci maddəsi ilə bir məhkəmədən digərinə göndərilmiş işin onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməli olması ilə bağlı müddəa, məhkəmənin həmin işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadla razılaşmayaraq, işin göndərən məhkəməyə geri qaytarılmasını qadağan edən norma kimi qəbul edilməlidir. Yəni, bu norma heç də aidiyyəti üzrə göndərilmiş işin onu qəbul edən məhkəmə tərəfindən iddia ərizəsinin MPMin 149, 150-ci maddələrinin tələblərinə cavab verməməsi əsası ilə MPM-in 152-ci maddəsinə istinad etməklə tərəfə geri qaytarılmasının qarşısını almır. Həmin Qərarın 11-ci bəndinə əsasən MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır.

Məhkəmənin mövqeyi:

6. Məhkəmə iclasında “Elektron məhkəmə” informasiya sistemindən çıxarılmış çıxarışdan görünür ki, İddiaçı “torpaqların istismara və kirayəyə verilməsi” fəaliyyəti göstərmək üçün ********** nömrəli VÖEN-i vardır. İddia ərizəsindən görünür ki, İddiaçı Abdüləzim qızı və cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında xx.xx.2022-ci il tarixli hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahələrinin icarəyə verilməsi barədə 1332 saylı müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, 32 saylı binanın yaxınlığında olan dövlət mülkiyyətinə aid 505.0 kv.m torpaq sahəsinə dair icarə müqaviləsi bağlanmışdır. İddiaçıya həmin torpaq sahəsi üzərində icarə hüququ Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2022-ci il tarixində qeydiyyata alınmış və çıxarış verilmişdir. Həmçinin həmin torpaq sahəsi üzərində Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, 32 (Yeni qaydalarla: AZ1027, Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti, 555) ünvanında iddiaçının xüsusi mülkiyyətində olan qeyri-yaşayış binası olan, 612.40 kv.m ümumi sahəsi olan daşınmaz əmlak mövcuddur. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən daşınmaz əmlak xx.xx.2023-cü il tarixində iddiaçının tam mülkiyyətinə verilərək qeydiyyata alınmış və ona çıxarış verilmişdir. Göründüyü kimi iddiaçı kommersiya fəaliyyəti ilə məşğuldur.

7. Beləliklə, məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırki mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.

8. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24, 26, 32, 34, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə e-2(007)-4208/2025 nömrəli mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad tərəflərə təqdim olunduqdan 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar