Məhkəmə qərarları › İş №e-2(007)-4366/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-4366/2025

26.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-4366/2025 26.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “kredit borcu”) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi İmanzadə Türbət Rəşad qızının katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 6439.63 manat əsas, 265.8 manat faiz, 10.58 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 6716.01 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 87.17 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 35 ay müddətinə illik 25% ödəmək şərtilə 6951 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verməyi və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 3 dekabr 2025-ci il tarixinə "xxxx" KB ASC-yə 6439.63 manat əsas, 265.8 manat faiz, 10.58 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 6716.01 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.

İş materialları :

3. İddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2025-ci il tarixli,181nkAHM/25 saylı kredit müqaviləsindən görünür ki, bu müqaviləyə görə bank xx.xx.2028-ci il tarixinədək illik 25% ödəmək şərti ilə 6951 manat məbləğində krediti borcalanın mülkiyyətinə verməyi və ona bank hesabı açmağı, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Kreditin məqsədli təyinatı 6945.58 manat təşkil edən xx.xx.2024-cü il tarixli, 59nkLKN/24 nömrəli müqavilənin bağlanılmasıdır.

4. İddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 181nkAHM/25 saylı kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, cavabdeh illik 25 faiz dərəcəsi ilə, 35 ay müddətinə ( xx.xx.2025-ci il tarixdən xx.xx.2028-ci il tarixinədək) hər ay 282 manat (sonuncu ay 274.20) ödəmək şərti ilə 6951 manat əsas, 2911.2 manat məbləğində faiz borcu olmaqla, cəmi 9862.2 manat ödəniş etməyi öhdəsinə götürmüşdür.

5. İddiaçı "xxxx" KB ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, cavabdeh xx.xx.2025-ci il tarixli, 181nkAHM/25 saylı müqavilə üzrə öhdəliklərin icrasını gecikdirmiş, yəni “ödəniş cədvəli”ndə nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir. xx.xx.2025-ci il tarixinə 6927.7 manat əsas, 164.36 manat faiz, 4.82 manat cərimə olmaqla, cəmi 7096.88 manat borcu yaranmışdır. Qeyd edilənlərə əsasən iddiaçı bütün borc məbləğinin tam olaraq 3 (üç) iş günü müddətində ödəməklə kredit müqaviləsinin 3 iş günü müddətində ləğv etməyi təklif etmiş, əks halda iddia tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir.

6. İddiaçı "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli,181nkAHM/25 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə 6439.63 manat əsas borc, 265.8 manat faiz borcu, 10.58 manat cərimə olmaqla, cəmi 6716.01 manat borcu vardır.

7. İddiaçı "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2025-xx.xx.2026-cı il dövri əhatə edən hesabdan çıxarışdan görünür ki, cavabdehin hesabına xx.xx.2025-ci il tarixli,181nkAHM/25 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixində 6951 manat pul vəsaiti köçürülmüşdür. Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə 300 manat, xx.xx.2025-ci il tarixdə 50 manat, xx.xx.2025-ci il tarixdə 100 manat, xx.xx.2025-ci il tarixdə 0.60 manat, xx.xx.2025-ci il tarixdə 200 manat və xx.xx.2025-ci il tarixdə 150 manat məbləğində ödəniş edilmişdir.

8. xx.xx.2025-ci il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" KB ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 87.17 manat dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları :

9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə elektron kabinet vasitəsi ilə ərizə ilə müraciət edərək məhkəmədən işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, borcu ödəməkdən boyun qaçırmır. Əvvəl işləyirdi, sonra işdən çıxdığından ödəniş apara bilməmişdir. Həm faizin, həm də aylıq ödənişin azaldılmasını istəyir.

İşin faktiki halı :

11. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixli, 181nkAHM/25 saylı kredit müqaviləsinin bağlanması və həmin kredit müqaviləsi üzrə cavabdeh tərəfindən öhdəliyin pozulması, lazımi qaydada yerinə yetirməməsi və nəticədə iddiaçıya borcun yaranması hazırki mülki işin mübahisəsiz halıdır.

12. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasında xx.xx.2025-ci il tarixli, 181nkAHM/25 saylı kredit müqaviləsinin bağlanılmasından irəli gələn öhdəlik hüquq münasibətinə Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dən sonra qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır.

Məhkəmə baxışının hədləri:

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :

743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 744.1. Kredit müqaviləsi tərəflər arasında yazılı formada bağlanılır və kredit müqaviləsinin bir nüsxəsi borcalana verilir. 744.2. Kredit müqaviləsində ən azı aşağıdakılar göstərilməlidir: 744.2.1. borcverənin adı və ünvanı; 744.2.2. borcalanın adı və ünvanı; 744.2.3. kreditin məbləği və valyutası; 744.2.4. kreditin qaytarılma müddəti və ödəniş şərtləri; 744.2.5. kreditin təyinatı; 744.2.6. kredit üzrə tətbiq edilən faizlərin illik dərəcəsi və (və ya) digər ödənişlərin məbləği, həmçinin faktiki illik faiz dərəcəsi (müqavilə üzrə dəyişən faiz dərəcəsi şərtləşdirildikdə, ilkin faktiki illik faiz dərəcəsi); 744.2.7. tətbiq edildikdə, kredit üzrə faizlərin tutulmadığı müddət barədə aydın və dəqiq məlumat. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 740.4. Faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır. 740.5. Müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borc müqaviləsi üzrə faizlər və (və ya) haqlar müqavilənin qüvvədə olduğu hər bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, faizlər və (və ya) haqlar borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

442. maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

Məhkəmənin mövqeyi :

16. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

17. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında müqavilənin bütün mühüm şərtləri barədə tələb olunan formada razılıq əldə edilmiş xx.xx.2025-ci il tarixli, 181nkAHM/25 saylı kredit müqaviləsi bağlanmışdır.

18. Belə ki, sözügedən kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 35 ay müddətinə, xx.xx.2028-ci il tarixinədək illik 25% dərəcəsi ilə, hər ay 282 manat ödəmək şərtilə 6951 manat məbləğində kredit verilmişdir.

19. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 Və 449-cu X1 Şərh Edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 Dekabr 2014-cü il Qərarında qeyd edilir ki, MM-in 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir.

20. İşin müəyyən edilmiş halı odur ki, kredit müqaviləsi üzrə iddiaçı tərəfindən üzərinə götürülən öhdəlik yerinə yetirilərək cavabdehə müqavilə şərtlərinə uyğun kredit verilməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun kreditor qarşısında icra edilməmiş kredit öhdəliyi vardır. Belə olan halda, iddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

21. Müəyyən edilmişdir ki, cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürülən öhdəliyin yerinə yetirilməməsi nəticəsində iddiaçı tərəfindən müqavilə birtərəfli qaydada ləğv edilmişdir.

22. Belə ki, iddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, iddiaçı cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi ilə əlaqədar borcun vaxtından əvvəl qaytarılmasını tələb etmiş, bununla da öhdəliklərin lazımi qaydada icra edilməməsi ilə əlaqədar müqavilədən imtina etməsi ilə bağlı iradə ifadəsini qarşı tərəfə bildirmişdir. Odur ki, həmin tarixdən mübahisəli kredit müqaviləsinə birtərəfli qaydada ləğv edilmişdir.

23. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

24. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

25. Həmin qərarda həmçinin qeyd edilir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir.

26. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet (annuitet ödənişlər – əsas məbləğ və hesablanmış faizlər) ödənişlərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

27. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən müqavilə birtərəfli qaydada ləğv edildiyi tarixə cavabdehin iddiaçı qarşısında 6927.7 manat əsas, 164.36 manat faiz borcu olmuş, cərimə isə 4.82 manat təşkil etmişdir. Müqavilə birtərəfli qaydada ləğv edildikdən sonra isə cavabdeh tərəfindən cəmi 800.6 manat ödəniş edilmişdir. Lakin müəyyən edilmişdir ki, cavabdeh tərəfindən edilmiş ödənişlər iddiaçı tərəfindən əsassız olaraq cərimə və artıq faiz ödənişinə silinmişdir.

28. Belə ki, müəyyən edilmişdir ki, müqavilə birtərəfli qaydada ləğv edildiyi tarixə cavabdehin 164.36 manat faiz borcu olmasına baxmayaraq müqavilə ləğv edildikdən sonra cavabdeh tərəfindən edilmiş ödənişlərin 282.16 manat hissəsi faiz borcuna, o cümlədən 30.37 manat ödəniş isə cəriməyə silinmişdir.

29. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən müqavilə xx.xx.2025-ci il tarixində birtərəfli qaydada ləğv edildiyindən iddiaçı yalnız həmin tarixədək olan müqavilə üzrə hesablanmış faizləri (xx.xx.2025-ci il tarixli bildirişdə göstərilən məbləğdə, 164.36 manat məbləğində) tələb edə və müqavilə şərti əsasında cərimə hesablaya bilər.

30. Mülki qanunvericiliyə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir (MM 432.4m).

31. Qanunvericiliyin tələbinə uyğun olaraq məhkəmə iddiaçının diqqətinə çatdırmağı zəruri hesab edir ki, müqavilə birtərəfli qaydada ləğv edildikdən sonra cavabdeh tərəfindən edilmiş ödənişlərin 164.36 manat hissəsi faiz borcundan silinməli, qalan 636.24 manat hissəsi isə əsas borc məbləğindən silinməlidir.

32. İddiaçı "xxxx" ASC tərəfindən irəli sürülmüş iddia tələbinin 10.58 manat məbləğində cərimənin tutulması hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanılmış kredit müqaviləsinin 3.1-ci bəndinə əsasən iddiaçı cərimə tələbi irəli sürməkdə haqlı olsa da, müqavilə birtərəfli qaydada ləğv edildikdən sonrakı müddət üçün cərimə hesablamaqda haqlı olmamışdır.

33. Məhkəmə iddiaçının diqqətinə çatdırmağı zəruri hesab edir ki, müqavilə birtərəfli qaydada ləğv edildikdən sonra iddiaçı tərəfindən müqavilə şərtinə istinad edilərək cərimə hesablanması və edilmiş ödənişlərin cəriməyə silinməsi qanunvericiliyin tələblərinə ziddir.

34. Məhkəmə yuxarıdakıları nəzərə alaraq qeyd edir ki, Cavabdeh xx.xx.2025-ci il tarixli,181nkAHM/25 saylı kredit müqaviləsi üzrə əsas borc 6291.46 manat (6927.7- 636.24), faiz borcu 0 manat, cərimə isə 4.82 manat təşkil edir.

Məhkəmə xərcləri :

35. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 82.97 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Nəticə :

36. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli və xx.xx.2025-ci il tarixli,181nkAHM/25 saylı kredit müqaviləsi üzrə 6291.46 manat əsas borc, 4.82 manat cərimə olmaqla, cəmi 6296.28 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 82.97 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı "xxxx" KB ASC-nin hesabına ödənilməlidir.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 223-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 6291.46 manat əsas borc, 4.82 manat cərimə olmaqla, cəmi 6296.28 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 82.97 manat məbləğində pul vəsaiti tutulsun. İddia tələbi qalan hissəsə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar