Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-4386/2025 26.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “borc” tələbi) Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “borc” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə Nizami Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:
1. İddiaçı “X1 Azərbaycan” QSC Cavabdeh qarşı “borc” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 118,03 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar:
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə “X1 Azərbaycan” QSC arasında kredit müqaviləsi bağlanıb. Qeyd olunmuş müqavilə üzrə cavabdeh öhdəliklərini yerinə yetirməyib, iddiaçıya olan borcunu ödəməkdən imtina edib. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilib və məhkəmənin qətnaməsi ilə bankın iddiası təmin edilib. Nəticədə, iddiaçı "xxxx" QSC "xxxx" MMC ilə bağlanmış xx.xx.2021-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən Məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş edib. “Azcollect" MMC öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aidiyyəti orqanlara müraciət edərək, borcun tam həcmdə geri ödətdirilməsini təmin edib. "xxxx" QSC ilə ”Azcollect“ MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli Hüquqi Xidmət Haqqında müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh tərəfindən cəmi 786,93 manat məbləğində ödənilən borc məbləği “Azcollect“ MMC tərəfindən təmin edilib və bu ödənişlərə görə də iddiaçı tərəfindən "xxxx" MMC-yə 118,03 manat məbləğində xidmət haqqı ödənilib. Yuxarıda qeyd edilən xx.xx.2021-ci il tarixli “Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMC-yə cavabdeh(lər) tərəfindən "xxxx" QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində yəni ümumilikdə 118,03 manat məbləğində xidmət haqqı ödəyib. "xxxx" QSC ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinin 5 və 6-cı bəndində “Borcvеrən”in hüquq və vəzifələri, borcalanın hüquq və vəzifələri (öhdəlikləri)ndə qeyd edilib: “Borcalan” tərəfindən bu müqavilə üzrə öhdəlikləri lazımınca yеrinə yеtirilmədikdə krеdit və ona hеsablanmış faiz borcunu, o cümlədən krеdit üzrə gеcikdirilmiş və/və ya ödənilməmiş əsas borcu və ondan istifadə üçün hеsablanmış bütün faizləri, bu müqaviləyə müvafiq olaraq hеsablanan cərimə məbləğlərini, krеditin gеri qaytarılması ilə bağlı çəkdiyi və/və ya çəkməli olduğu (o cümlədən sığorta və hüquqi xidmətl ilə bağlı çəkdiyi/çəkməli olduğu) bütün хərclərin (zərərin) əvəzinin, həbelə əldən çıxmış faydanın ödənilməsini tələb еtmək (tutmaq\almaq); Bu müqavilə üzrə öhdəliklərini lazımınca yеrinə yеtirmədikdə krеditin gеri qaytarılması ilə bağlı “Borcverənin” çəkdiyi və\və ya çəkməli olduğu bütün хərclərin (zərərin, məsrəflərin və s., o cümlədən sığorta və hüquq xidməti ilə bağlı çəkdiyi/çəkməli olduğu xərclərin) əvəzini, habelə “Borcverənin” əldən çıxmış faydasını ödəmək.
Məhkəmə baxışının hədləri:
3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq:
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
5. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
Məhkəmənin mövqeyi:
6. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməməlidir.
7. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, "xxxx" MMC ilə "xxxx" QSC arasında bağlanmış xx.xx.2021-ci il tarixli hüquqi xidmət haqqında müqaviləyə əsasən büronun müqavilə üzrə istifadə olunan kreditlərdən yaranan borclarının alınması üçün göstəriləcəyi hüquqi xidmətlərin əvəzində bank bir aylıq dövrdə həyata keçirilən ümumi borc yığılmasından cəmi 15% nisbətində hüquqi xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçının verdiyi məlumata əsasən “X1 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli "Hüquqi xidmət haqqında" müqavilənin şərtlərinə uyğun olaraq borcalan Cavabdeh tərəfindən borcun banka ödənilməsini "xxxx" MMC təmin etmişdir. Cavabdehə ödətdirilmiş məbləğ 786,93 manat, bank tərəfindən "xxxx" MMC-yə ödənilmiş xidmət haqqının məbləği isə 118,03 manat təşkil edir. İddiaçı "xxxx" MMC-yə edilmiş ödənişlə bağlı məhkəməyə sübut təqdim etməyib.
8. İş materialları ilə həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli 2(007)-1468/2020 saylı qətnaməsi üzrə borclu Cavabdeh 618,07 manat əsas borc, 75,36 manat faiz borcu, 60 manat cərimə borcu, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 2.0 manat, bildirişlərin (pritenziyaların) göndərilməsi üçün poçt xərcləri olaraq 1,50 manat olmaqla, ümumilikdə 756,93 (yeddi yüz əlli altı manat, doxsan üç qəpik) manat vəsait və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manatın “X1 Azərbaycan” QSC-nin xeyrinə tutulması qət edilib. Bakı şəhəri Nizami rayon icra şöbəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılıb.
9. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
10. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
11. Göründüyü kimi, mülki-prosessual qanunvericilik nümayəndəyə çəkilmiş xərcləri işə baxılması ilə əlaqədar olan məsrəflərə aid etmiş və həmin məbləği ağlabatan məbləğdə xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini nəzərdə tutmuşdur.
12. Digər tərəfdən, məhkəmə qeyd edir ki, iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli Hüquqi xidmət haqqında müqavilədə ümumi, mücərrəd şəkildə MMC tərəfindən iddiaçıya hüquqi yardım göstərilməsi əks olunmuş, konkret olaraq cavabdehlə bağlı heç bir müddəa öz əksini tapmayıb. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçının cavabdehdən tələb etdiyi məbləğ məhkəmə qərarının icrası mərhələsində ona hüquqi yardımın göstərilməsi ilə bağlı olsa belə, iddia yenə də təmin edilə bilməz.
13. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.1-ci maddəsinə əsasən icra sənədi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmə və ya digər orqan, habelə “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tələbkar tərəfindən icraya yönəldilir. “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tələbkar tərəfindən icraya yönəldilən icra sənədləri istisna olmaqla, digər icra sənədləri “Elektron icra” informasiya sistemi ilə inteqrasiya olunmuş “Elektron məhkəmə”, “Elektron notariat” və digər dövlət orqanlarının (qurumlarının) müvafiq informasiya ehtiyatları və sistemləri vasitəsilə icraya yönəldilir. İnformasiya ehtiyatları və sistemləri mövcud olmayan dövlət orqanları (qurumları) və bələdiyyələr icra sənədlərini “Elektron icra” informasiya sistemində həmin dövlət orqanları (qurumları) və bələdiyyələr üçün yaradılmış elektron kabinetlərdə yerləşdirməklə icraya yönəldirlər. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan (qurumdan) “Elektron icra” informasiya sistemi vasitəsilə qəbul etməli və icraata başlamalıdır. 8.2-ci maddəsinə əsasən İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü və dördüncü abzaslarında müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. 78.1-ci maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 10 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyriəmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən yüz manat, borclu hüquqi şəxsdən isə beş yüz manat miqdarında icra ödənişi alınır.
14. Qanunvericilik icra mərhələsində çəkilən xərclərin alınmasını icra məmurunun müstəsna səlahiyyətlərinə aid etməklə, həmin məbləğin tutulmalı olan məbləğin 10 faizi həcmində müəyyən edib, iddiaçı tərəfindən icra ilə bağlı çəkilən xərclərin cavabdehdən tələb edilməsi isə qanunla nəzərdə tutulmayıb.
Nəticə:
15. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı ilə "xxxx" MMC arasında hüquqi yardım haqqında müqavilə bağlanması, eyni zamanda iddiaçı tərəfindən həmin şirkətə hansısa hüquqi yardıma görə 118,03 manat pul ödənilməsinin cavabdehə, habelə onunla bağlanmış kredit müqaviləsi üzrə borcun ödənilməsinə heç bir aidiyyəti yoxdur. Buna görə də, hazırki iddianın təmin edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, iddia təmin edilməməlidir.
16. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
17. Məhkəmə hesab edir ki, iddia rədd edilmədiyindən, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçı “X1 Azərbaycan” QSC-yə aid edilməlidir
18. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284- 6, 216-220-ci maddələrini rəhbər tutaraq,
QƏT ETDİM:
İddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədirlik edən: Qumru Əliyeva