Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-4420/2025 19.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı Cavabdehnə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :
1. İddiaçı Cavabdehnə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh MMMC-dən 6147.84 manat pulun və ödənilmiş 82 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 150.3. İddiaçı ondan asılı olmayan səbəblərə görə hər hansı konkret sübutu iddia ilə birgə təqdim edə bilmədikdə, bunu iddia ərizəsində göstərməlidir. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. İddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən formasına və məzmununa riayət edilmədikdə. 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə; 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
3. “Dövlət rüsumu haqqında” Qanun :
5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə.
Məhkəmənin mövqeyi :
4. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, iddia ərizəsinin məzmununa dair mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır.
5. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir.
6. İddiaçı hazırki iddia tələbini ona məxsus əmlaklara (qaraj) cavabdehin təqsirli hərəkətləri nəticəsində lazımi texniki qulluq göstərilməməsi səbəbindən yararsız hala düşməsi, antisanitar vəziyyətə salınması nəticəsində ona maddi ziyan dəyməsi ilə əsaslandırmış və iddia tələbinin faktiki halları qismində məhkəməyə bildirmişdir ki, iddiaçıya məxsus qeyri-yaşayış sahələrinə Cavabdehn tərəfindən heç bir razılıq alınmadan mülkiyyətçinin iradəsinə zidd olaraq tikinti materialları yığılmış, həmin qarajlardan istifadə qeyri-mümkün vəziyyətə salınmışdır. Bu səbəbdən onun tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə kommunal xidmətlərə görə tutulmuş 6147.84 manat məbləğində pul vəsaiti cavabdehdən dəymiş ziyan olaraq tutulmalıdır.
7. Lakin iddiaçı tərəfindən iddia tələbinin faktiki əsasını təşkil edən hallara dair sübutlar - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi, 6147.84 manat məbləğində pul vəsaitinin ödənilməsinə dair qəbz, mülkiyyətində olan qarajlara dair sənədlər, tərəflər arasında bağlanmış müqavilə (varsa) iş materiallarına əlavə edilməmişdir. Halbuki mülki prosesual qanunvericiliyə əsasən iddiaçının ilk vəzifəsi iddia tələbinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutları iddia ərizəsinə əlavə etməkdir.
8. Həmçinin iddiaçı tərəfindən iddia tələbinin faktiki hallarını təsdiq edən sübutu iddia ərizəsi ilə birlikdə təqdim edə bilməsinin mümkünsüzlüyü də iddia ərizəsində göstərilməmişdir.
9. Mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən formasına və məzmununa riayət edilmədikdə məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.
Nəticə :
10. Beləliklə, məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzmununa dair mülki prosessual qanunvericiliyin tələbinə riayət olunmadığı üçün İddiaçı Cavabdehnə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlər ilə birlikdə geri qaytarılmalıdır.
11. Həmçinin məhkəmə qeyd edir ki, hazırki mülki iş materiallarına əlavə edilmiş 82 manat məbləğində dövlət rüsumu (Ödəyici : İddiaçı, qəbzin nömrəsi:, GPP qəbz nömrəsi: **********84; tarix: xx.xx.2025, saat: 16:34) dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır
12. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149, 152, 263-264, 268, 269, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara Aldı:
İddiaçı Cavabdehnə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Ödənilmiş 82 manat məbləğində dövlət rüsumu (Ödəyici : İddiaçı, qəbzin nömrəsi:, GPP qəbz nömrəsi: **********84; tarix: xx.xx.2025, saat: 16:34) dövlət büdcəsindən iddiaçıya geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva