Məhkəmə qərarları › İş №e-2(007)-4423/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-4423/2025

23.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-4423/2025 23.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı BOKT MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı BOKT MMC Cavabdeh qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə icraat qaydasında) iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh iddiaçının xeyrinə 500.00 manat əsas, 67.50 manat faiz, 137.50 manat xidmət haqqı və 295.00 manat cərimə olmaqla,cəmi 1000.00 manat borcun və ödənilmiş 30.00 manat dövlət rüsumu məbləğinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT MMC mülki dövriyyədə bir qayda olaraq istehlak məqsədli mikrokreditlərin verilməsini həyata keçirir. Kreditin verilməsi “Manato.az” internet səhifəsi vasitəsilə “online” qaydada (müştərinin nömrəsinə göndərilən OTP kodunu daxiletməklə) verilir. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli **********002 saylı “mikrokredit müqaviləsi”nə əsasən, cavabdehin sorğusu əsasında ona 45 gün müddətinə illik 108 % ödəmək şərtilə 500 manat məbləğində kredit verilmişdir. Müqaviləyə əsasən cavabdeh ona verilmiş həmin mikro kredit məbləği ilə yanaşı, müqavilənin xüsusi şərtlərində qeyd edilən pul məbləğlərini (kreditdən istifadəyə görə haqq və xidmət haqqı) də qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etsə də, cavabdeh öhdəliyini vaxtında icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Belə ki, cavabdehin əsas borc üzrə 500.00 manat, faiz borcu üzrə 67.50 manat, xidmət haqqı üzrə 137.50 manat və cərimə borcuna görə isə 295.00 manat borcu yaranmışdır. Borcun ödənilməsi ilə əlaqədar olaraq cavabdehə dəfələrlə şifahi və yazılı qaydada xəbərdar edilsə də, o, borcunu ödəməmişdir. Müqavilənin 1.14-cü bəndinə görə, öhdəliklərin vaxtında yerinə yetirilməməsinə görə kreditor borcalandan geri ödənilməmiş ümumi məbləğ üzrə hər gecikdirilən gün üçün 0,6%-i həcmində faiz tələb etmək hüququna malikdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçı tərəfindən ona 295.00 manat məbləğində cərimə hesablanmışdır. Beləliklə,cavabdehin müqavilə üzrə maliyyə arayışı tərtib edilən tarixə olan ümumi borcu 1000.00 manat təşkil edir.

İş materialları :

3. İddiaçı BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli **********002 saylı kredit müqaviləsindən görünür ki, cavabdehə illik 108% dərəcəsi ilə 500 manat məbləğində kredit verilmişdir. Verilmiş kredit məbləğindən istifadəyə görə haqq 67.50 manat, verilmiş kredit məbləği üzrə xidmət haqqının məbləği 137.50 manat olmaqla, ödəniləcək ümumi məbləğ 705 manat təşkil etmişdir.

4. xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, xx.xx.2025-ci il tarixdə 409858******8686 nömrəli kart hesabına 500 manat mədaxil edilmişdir.

5. İddiaçı BOKT MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, xx.xx.2025-ci il tarixli **********002 saylı mikrokredit müqaviləsi üzrə 1000 manat məbləğində borcu olması, borcu 3 gün müddətində ödəməsi və əks halda aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir.

6. İddiaçı BOKT MMC tərəfindən təqdim edilən xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli **********002 saylı kredit müqaviləsi üzrə maliyyə arayışı tərtib edilən tarixə 500 manat əsas, 67.50 manat faiz, 137.50 manat komissiya və 295 manat cərimə olmaqla, cəmi 1000 manat borc yaranmışdır.

7. xx.xx.2025-ci il tarixli, **********26 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı BOKT MMC tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir.

İşin faktiki halları :

8. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır.

9. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək qeyd edir ki, işdə olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur.

10. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasında xx.xx.2025-ci il tarixli **********002 saylı kredit müqaviləsinin bağlanılmasından irəli gələn öhdəlik hüquq münasibətinə Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dən sonra qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır.

Tətbiq edilən hüquq :

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :

743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 744.1. Kredit müqaviləsi tərəflər arasında yazılı formada bağlanılır və kredit müqaviləsinin bir nüsxəsi borcalana verilir. 744.2. Kredit müqaviləsində ən azı aşağıdakılar göstərilməlidir: 744.2.1. borcverənin adı və ünvanı; 744.2.2. borcalanın adı və ünvanı; 744.2.3. kreditin məbləği və valyutası; 744.2.4. kreditin qaytarılma müddəti və ödəniş şərtləri; 744.2.5. kreditin təyinatı; 744.2.6. kredit üzrə tətbiq edilən faizlərin illik dərəcəsi və (və ya) digər ödənişlərin məbləği, həmçinin faktiki illik faiz dərəcəsi (müqavilə üzrə dəyişən faiz dərəcəsi şərtləşdirildikdə, ilkin faktiki illik faiz dərəcəsi); 744.2.7. tətbiq edildikdə, kredit üzrə faizlərin tutulmadığı müddət barədə aydın və dəqiq məlumat. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 740.4. Faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır. 740.5. Müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borc müqaviləsi üzrə faizlər və (və ya) haqlar müqavilənin qüvvədə olduğu hər bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, faizlər və (və ya) haqlar borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

442. maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

Məhkəmənin mövqeyi :

13. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

14. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, İddiaçı BOKT MMC ilə Cavabdeh arasında müqavilənin bütün mühüm şərtləri barədə tələb olunan formada razılıq əldə edilmiş kredit müqaviləsi bağlanmışdır.

15. Belə ki, tərəflər arasında bağlanılmış xx.xx.2025-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik 108% faiz dərəcəsi ilə, xx.xx.2025-cü il tarixədək 500 manat məbləğində kredit verilmişdir.

16. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 Və 449-cu X1 Şərh Edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 Dekabr 2014-cü il Qərarında qeyd edilir ki, MM-in 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir.

17. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, xx.xx.2025ci il tarixli **********002 saylı kredit müqaviləsi üzrə İddiaçı BOKT MMC öz üzərinə düşən öhdəliyi yerinə yetirməsinə baxmayaraq Cavabdeh tərəfindən müqavilə öhdəlikləri vaxtında və lazımi qaydada icra edilməmiş, nəticədə cavabdehin banka əsas və faiz borcu yaranmışdır.

18. Mülki qanunvericiliyə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər.

19. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditiora zərər dəyir. Mülki qanunvericiliyə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

20. Belə olan halda məhkəmə qeyd edir ki, Cavabdeh öz üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirməməsi işin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edildiyindən İddiaçı BOKT MMC cavabdehə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

21. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet (annuitet ödənişlər – əsas məbləğ və hesablanmış faizlər) ödənişlərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri

22. Məhkəmə qeyd edir ki, Cavabdeh xx.xx.2025-ci il tarixli **********002 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının əsas borca görə 500 manat ödənilməsi tələbini əsaslı hesab edir.

23. İddiaçı cavabdehdən onun xeyrinə 500 manat əsas borcdan əlavə 67.50 manat faiz borcunun tutulması tələbini irəli sürmüşdür.

24. Müqavilənin xüsusi şərtlərindən görünür ki, verilmiş kredit məbləğindən istifadəyə görə haqq verilmiş kredit məbləğinin təqdim olunması və istifadəsinə görə borcalan tərəfindən BOKT-a müəyyən olunmuş müddət ərzində ödənilən, verilmiş kreditdən istifadəyə görə ödənilməli olan faiz və ya haqdan ibarətdir.

25. İddiaçı BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli **********002 saylı kredit müqaviləsində kredit müqaviləsindən istifadəyə görə haqq 67.50 manat müəyyən edilmişdir. Məhkəmə mülki qanunvericiliyin kredit müqaviləsinə dair normalarını nəzərə alaraq iddiaçının cavabdehdən kredit məbləğindən istifadəyə görə haqq (faiz) tutulmasına dair tələbini əsaslı hesab edir.

26. Həmçinin İddiaçı BOKT MMC Cavabdeh 295 manat cərimə borcunun tutulması tələbini irəli sürmüşdür.

27. “Müqavilənin ümumi şərtləri”nin 2.2-ci bəndində qeyd olunur ki, borcalanın öhdəliklərindən biri də müqavilənin şərtlərinə uyğun verilmiş kredit məbləği və bütün digər məbləğləri müqavilə ilə müəyyən edilmiş müddətlərdə və qaydada qaytarmaqdır.

28. Həmin müqavilənin 1.14-cü bəndinə görə, öhdəliklərin vaxtında yerinə yetirilməməsinə görə kreditor cavabdehdən geri ödənilməmiş ümumi məbləğ üzrə hər gecikdirilən gün üçün 0.6%-i həcmində faiz tələb etmək hüququna malikdir.

29. İddia ərizəsinin təsviri hissəsindən görünür ki, iddiaçı cavabdehdən 295 manat məbləğində cərimə tutulması tələbini müqavilənin qeyd edilən bəndinə istinad etməklə irəli sürmüşdür.

30. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, iddiaçı tərəfindən hesablanmış cərimə hissəsində iddia qismən təmin edilməlidir.

31. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, 295 manat təşkil edən cərimə məbləğinin 50 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir.

32. İddiaçı həmçinin Cavabdeh 137.50 manat komissiya haqqı tutulması tələbini irəli sürmüşdür.

33. İddiaçı BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli **********002 saylı kredit müqaviləsinin xüsusi şərtlərində 137.50 manat məbləğində pul vəsaiti verilmiş kredit məbləği üzrə xidmət haqqının məbləği olaraq müəyyən edilmişdir.

34. Həmin müqavilənin “verilmiş kredit məbləği üzrə xidmət haqqının miqdarı” adlı qrafasına əsasən müəyyən edilmişdir ki, həmin məbləğ qeyd edilən xidmətlərə görə müəyyən edilmmişdir: borcalanın ödəmə qabiliyyətinə və maliyyə davranışına keçmiş məlumatlara və digər məlumatlara əsaslanaraq və Borcalanın xidmət tələblərinə əsasən verilmiş kredit məbləği üzrə xidmət aşağıdakı hərəkətləri əhatə edə bilər, lakin bunlarla məhdudlaşmır: borcalanın onun ödəmə qabiliyyətinin daxili və xarici qiymətləndirilməsi; borcalanın ödənişlərinin, ödənilməmiş məbləğlərin və hər hansı ödəniş tarixlərinin uçotu, izlənməsi və üzləşdirilməsi; istənilən məsələ və ya rəylə bağlı dəstək üçün borcalan ilə əlaqə; kredit limitinin artırılması və ya azadılması üçün təklif və ya tələb; kreditin ödənilməməsi hallarında standart həllər; kreditin restrukturizasiyasına dair təkliflər və yardım; borcalanın ödənişlərini asanlaşdırmaq və sürətləndirmək üçün banklarla qarşılıqlı əlaqə vəs.

35. Məhkəmə tərəflər arasında bağlanılmış müqavilənin cavabdehdən “verilmiş kredit məbləği üzrə xidmət haqqı”nın məbləği qismində 137.50 manat tutulmasına dair şərti ilə bağlı aşağıdakıları qeyd edir.

36. İlk növbədə, tərəflər arasında bağlanılmış xx.xx.2025-ci il tarixli kredit müqaviləsinin şərtlərindən görünür ki, tərəflər arasında qısa müddətli kredit müqaviləsi bağlanılaraq, iddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixə 500 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin şərtlərindən görünür ki, kredit müqaviləsi illik 108 faiz dərəcəsi ilə, verilmiş kredit məbləğindən istifadəyə görə haqq qismində 67.50 manat, verilmiş kredit məbləğindən istifadəyə görə haqq, faizlə 13.5% olaraq müəyyən edilmişdir.

37. Göründüyü kimi qısa müddət ərzində verilmiş kreditə görə bir neçə əsas ilə verilmiş kreditin məbləğinə tənasübsüz olan əlavə xərclər müəyyən edilmişdir.

38. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu X1 şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında göstərilmişdir ki, öhdəlik hüququnda müqavilənin standart şərtlərinə dair normalarda şəffaflıq prinsipinin tərkib hissəsi kimi müəyyənlik prinsipi (tələbi) mövcuddur. Həmin prinsipə əsasən müqavilənin standart şərtlərində dispozisiya şərtləri və hüquqi nəticələr elə dəqiqliklə təsvir olunmalıdır ki, bu zaman bir tərəfdən müqavilənin standart şərtlərinin istifadəçisi üçün əsaslandırılmamış heç bir qiymətləndirmə azadlığı imkanları yaranmasın, digər tərəfdən isə müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquqlarını müəyyənləşdirə bilməsi (onun bu hüquqları həyata keçirməsinin qarşısının alınmaması üçün) mümkün olsun. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir (Mülki Məcəllənin 419.1, 419.2 və 420.1.2-ci maddələri).

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası mülki Məcəlləsinin 746-cı maddəsinin istehlak kreditlərinə tətbiqinin mümkünlüyü baxımından şərh edilməsinə dair” 27 may 2019-cu il tarixli Qərarında qeyd edilir ki, standart şərtli müqavilələrdə vətəndaş (fiziki şəxs) iqtisadi cəhətdən zəif tərəf kimi çıxış edir və hüquqlarının xüsusi müdafiəsinə ehtiyac duyur. Mülki Məcəllənin 420-ci maddəsi ilə təklif etmiş tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər barəsində tətbiq etdiyi müqavilənin standart şərtlərindən etibarsız hesab edilənlər müəyyən edilmişdir. Belə etibarsız hesab edilən şərtlərdən biri də Mülki Məcəllənin 420.1.5-ci maddəsində göstərilmişdir. Qeyd edilən maddəyə görə, təklif etmiş tərəfə müqavilənin digər tərəfindən çəkilmiş xərclər üçün tənasübsüz surətdə yüksək əvəz (çəkilmiş xərclərin tənasübsüz surətdə yüksək əvəzi) tələb etmək hüququ verən müddəalar etibarsız sayılır.

40. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən həm kreditdən istifadəyə görə müəyyən edilmiş haqq, həm ödənişlərin gecikdirilməsinə görə cərimə hesablanmaqla yanaşı, həmçinin cavabdehə göstəriməsi sübut olunmayan xidmətlərə görə əlavə vəsait tələb edilir.

41. Məhkəmə qeyd edir ki, ümumiyyətlə həmin “verilmiş kredit məbləği üzrə xidmət haqqının miqdarı”nın müəyyən edilməsi üçün müqavilədə nəzərədə tutulmuş xidmətlərin göstərilməsi iddiaçının göstərdiyi fəaliyyətdən irəli gələn xidmətlərdir. Həmin xidmətlərə görə, yəni öz vəzifəsinin icrası üçün cavabdehdən əlavə xərc tutulması hüquqdan suiistifadə kimi qiymətləndirilməlidir.

42. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 420.2-ci maddəsinə əsasən müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır.

43. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 390.1 və 390.5-ci maddələrinin və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin İİİ hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1 və 560.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 18 dekabr 2023-cü il tarixli qərarda qeyd edilmişdir ki, Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, bu prinsip Mülki Məcəllənin ayrı-ayrı normalarında mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalarda nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1-ci maddəsinə müvafiq olaraq, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan suiistifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarı).

44. Buna görə də, Azərbaycan Respublikasının qanunvericiliyi ilə hüquqdan sui-istifadə üzərində həyata keçirilən razılaşmaların və hərəkətlərin etibarsız olduğu müəyyən edilmişdir (Mülki Məcəllənin 560.2-ci maddəsi).

45. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında göstərilmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq və açıq-aşkar ona uyğun gəlməyən tərzdə həyata keçirirsə, o, bu hüququndan suiistifadə etmiş olur (Mirolubovs və başqaları Latviyaya qarşı iş üzrə 2009-cu il 15 sentyabr tarixli Qərar).

46. Qeyd edilənlərə əsasən məhkəmə qeyd edir ki, müqavilənin qeyd edilən şərti mülki qanunvericiliyə, o cümlədən vicdanlılıq prinsipinə zidd olduğundan etibarsız şərtdir.

47. Beləliklə, İddiaçı BOKT MMC-nin iddia tələbi cavabdehdən 137.50 manat komissiya haqqının tutulmasına dair hissədə təmin edilməməlidir.

Məhkəmə xərcləri:

48. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Nəticə :

49. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli və xx.xx.2025-ci il tarixli **********002 saylı kredit müqaviləsi üzrə 500 manat əsas, 67.50 manat faiz, 50 manat cərimə borcu olmaqla, cəmi 617.50 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı BOKT MMC-nin hesabına ödənilməlidir.

50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi :

İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı BOKT MMC-nin xeyrinə xx.xx.2025-ci il tarixli **********002 saylı kredit müqaviləsi 500 manat əsas, 67.50 manat faiz, 50 manat cərimə olmaqla, cəmi 617.50 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar