Məhkəmə qərarları › İş №e-2(007)-447/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-447/2025

30.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-447/2025 30.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" BOKT MMC-nin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi ilə, İddiaçı BOKT MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı BOKT MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh iddiaçı “SF X2 Kredit Təşkilatı” MMC-nin xeyrinə 380 əsas, 19 manat faiz, 55.10 manat komissiya və 195.90 manat cərimə olmaqla, cəmi 650 manat borcun və ödənilmiş dövlət rüsumu məbləğinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, **********003 saylı “mikrokredit müqaviləsi”nə əsasən cavabdehin sorğusu əsasında ona 30 gün müddətinə illik 60.85 %ödəmək şərtilə 380 manat məbləğində kredit verilmişdir. Müqaviləyə əsasən cavabdeh ona verilmiş 380 manat mikro kredit məbləği ilə yanaşı, həmin məbləğdən istifadəyə görə 19 manat, xidmət haqqına görə isə 55.10 manat cərimə olmaqla, cəmi 454.10 manat pul məbləğini qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etsə də, cavabdeh öhdəliyini vaxtında icra etməmişbunula da müqavilə şərtlərini pozmuşdur. Borcun ödənilməsi ilə əlaqədar olaraq cavabdeh dəfələrlə şifahi və yazılı qaydada xəbərdar edilsə də, o, borcunu ödəməmişdir. Həmin müqavilənin 1.14-cü bəndinə görə, öhdəliklərin vaxtında yetirilməməsinə görə kreditor cavabdehdən geri ödənilməmiş ümumi məbləğ üzrə hər gecikdirilən gün üçün 0.85%-i həcmində faiz tələb etmək hüququna malikdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçı tərəfindən ona 195.90 manat məbləğində cəriməhesablanmışdır. Beləliklə, cavabdehin müqavilə üzrə maliyyə arayışı tərtib edilən tarixə olan borcu 650 manat təşkil edir.

İş materialları :

3. İddiaçı BOKT MMC ilə Cavabdeh arasında bağlanmış 09 fevral 2024-cü il tarixli **********003 nömrəli kredit müqaviləsindən görünür ki, cavabdehə xx.xx.2024-cü il tarixinədək illik 60.85 faiz dərəcəsi ilə 380 manat məbləğində kredit verilmişdir. Verilmiş kredit məbləğindən istifadəyə görə haqq 19 manat, verilmiş kredit məbləği üzrə xidmət haqqının məbləği 55.10 manat olmaqla, ödəniləcək ümumi məbləğ 454.10 manat təşkil etmişdir.

4. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, xx.xx.2024-cü il tarixdə 541124******1487 nömrəli kart hesabına 380 manat mədaxil edilmişdir.

5. İddiaçı BOKT MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-ci il tarixli bildirişdən görünür ki, xx.xx.2024-cü il tarixli, **********003 saylı mikrokredit müqaviləsinə əsasən sorğusu əsasında ona 30 gün müddətinə illik 60.85 faiz ödəmək şərti ilə 380 manat məbləğində kredit verilmişdir. O, üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Həmçinin öhdəliklərini vaxtında yetirmədiyinə görə müqavilənin 1.14-cü bəndinə əsasən ona 195.90 manat məbləğində cərimə hesablanmışdır. Müqavilə üzrə bugünə olan borcu 650 manat təşkil edir. Cavabdeh bu xəbərdarlığı aldığı tarixdən 3 gün ərzində borcu ödəmədiyi təqdirdə, aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir.

6. İddiaçı BOKT MMC tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı BOKT MMC ilə Cavabdeh arasında bağlanmış 09 fevral 2024-cü il tarixli **********003 saylı mikrokredit müqaviləsi üzrə maliyyə arayışı tərtib edilən tarixə 380 manat əsas, 19 manat faiz, 55.10 manat komissiya və 195.90 manat cərimə olmaqla cəmi 650 manat borc mövcuddur.

7. xx.xx.2024-cü il tarixli, **********70 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı BOKT MMC tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir.

8. İddiaçı BOKT MMC tərəfindən iş materiallarına əlavə edilmiş sms-bildirişdən görünür ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh tərəfindən kredit müqaviləsi təsdiqlənmişdir.

9. İddiaçı BOKT MMC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, İddiaçı BOKT MMC mülki dövriyyədə bir qayda olaraq istehlak məqsədli mikrokreditlərin verilməsini həyata keçirir. Kreditin verilməsi “manato.az” internet səhifəsi vasitəsi ilə “online” (müştərinin nömrəsinə göndərilən OTP kodunu daxil etməklə) qaydada verilir və hazırki işdə belə olmuşdur. Odur ki, tərəflər arasında müqavilədə cavabdehin fiziki imzası həkk olunmamış, əvəzində 4 rəqəmli OTP kodu göstərilmişdir. Eyni zamanda müqavilədə nəzərdə tutulan kredit məbləği cavabdehin göstərmiş olduğu kart hesabına köçürülmüşdür. Tərəflərin izahatları :

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı BOKT MMC-nin nümayəndəsi və Cavabdeh məhkəmə iclasına gəlməmişlər.

11. Belə olan halda məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşin faktiki halları :

12. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı BOKT MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, **********003 saylı kredit müqaviləsinin bağlanması və həmin kredit müqaviləsi üzrə cavabdehin qeyd etdiyi hesaba xx.xx.2024-cü il tarixdə 380 manat məbləğində pul vəsaiti köçürülməklə kredit verildiyi və cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliyin pozulması, lazımi qaydada yerinə yetirməməsi və nəticədə iddiaçıya borcun yaranması hazırki mülki işin mübahisəsiz halıdır.

13. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasında 09 fevral 2024-cü il tarixli **********003 nömrəli kredit müqaviləsinin bağlanılmasından irəli gələn öhdəlik hüquq münasibətinə Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dən sonra qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır.

Tətbiq edilən hüquq :

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :

743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 744.1. Kredit müqaviləsi tərəflər arasında yazılı formada bağlanılır və kredit müqaviləsinin bir nüsxəsi borcalana verilir. 744.2. Kredit müqaviləsində ən azı aşağıdakılar göstərilməlidir: 744.2.1. borcverənin adı və ünvanı; 744.2.2. borcalanın adı və ünvanı; 744.2.3. kreditin məbləği və valyutası; 744.2.4. kreditin qaytarılma müddəti və ödəniş şərtləri; 744.2.5. kreditin təyinatı; 744.2.6. kredit üzrə tətbiq edilən faizlərin illik dərəcəsi və (və ya) digər ödənişlərin məbləği, həmçinin faktiki illik faiz dərəcəsi (müqavilə üzrə dəyişən faiz dərəcəsi şərtləşdirildikdə, ilkin faktiki illik faiz dərəcəsi); 744.2.7. tətbiq edildikdə, kredit üzrə faizlərin tutulmadığı müddət barədə aydın və dəqiq məlumat. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 740.4. Faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır. 740.5. Müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borc müqaviləsi üzrə faizlər və (və ya) haqlar müqavilənin qüvvədə olduğu hər bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, faizlər və (və ya) haqlar borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

442. maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1. əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

Məhkəmənin mövqeyi :

16. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

17. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, İddiaçı BOKT MMC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır.

18. Mülki qanunvericiliyinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür (Mülki Məcəllə maddə 743.1).

19. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

20. Azərbaycan Respublikası Konstitusiya məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən zəruri şərtlər dedikdə, müqavilənin müddəti, məbləği, faiz dərəcəsi, valyuta vəs. dair şərtlərdir.

21. Həmçinin mülki qanunvericiliyə əsasən kredit müqaviləsində ən azı aşağıdakılar göstərilməlidir : borcverənin adı və ünvanı; borcalanın adı və ünvanı; kreditin məbləği və valyutası; kreditin qaytarılma müddəti və ödəniş şərtləri; kreditin təyinatı; kredit üzrə tətbiq edilən faizlərin illik dərəcəsi və (və ya) digər ödənişlərin məbləği, həmçinin faktiki illik faiz dərəcəsi (müqavilə üzrə dəyişən faiz dərəcəsi şərtləşdirildikdə, ilkin faktiki illik faiz dərəcəsi); tətbiq edildikdə, kredit üzrə faizlərin tutulmadığı müddət barədə aydın və dəqiq məlumat.

22. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, İddiaçı BOKT MMC ilə Cavabdeh arasında müqavilənin bütün mühüm şərtləri barədə tələb olunan formada razılıq əldə edilmiş kredit müqaviləsi bağlanmışdır.

23. Belə ki, işin məhkəmə tərəfindən tədqiq edilmiş halları ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə 30 gün müdətinə, illik 60.85 % faiz dərəcəsi ilə, xx.xx.2024cü il tarixədək 380 manat məbləğində kredit verilmişdir.

24. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 Və 449-cu X1 Şərh Edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 Dekabr 2014-cü il Qərarında qeyd edilir ki, MM-in 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir.

25. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər.

26. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditiora zərər dəyir. Mülki qanunvericiliyə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

27. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, xx.xx.2024cü il tarixli, **********003 saylı kredit müqaviləsi üzrə İddiaçı BOKT MMC öz üzərinə düşən öhdəliyi yerinə yetirməsinə baxmayaraq Cavabdeh tərəfindən müqavilə öhdəlikləri vaxtında və lazımi qaydada icra edilməmiş, nəticədə cavabdehin banka əsas və faiz borcu yaranmışdır.

28. Belə olan halda məhkəmə qeyd edir ki, İddiaçı BOKT MMC cavabdeh qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

29. Belə olan halda məhkəmə Cavabdeh xx.xx.2024-cü il tarixli, **********003 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının əsas borca görə 380 manat ödənilməsi tələbini əsaslı hesab edir.

30. İddiaçı cavabdehdən onun xeyrinə 380 manat əsas borcdan əlavə 19 manat faiz borcunun tutulması tələbini irəli sürmüşdür.

31. Müqavilənin xüsusi şərtlərindən görünür ki, verilmiş kredit məbləğindən istifadəyə görə haqq verilmiş kredit məbləğinin təqdim olunması və istifadəsinə görə borcalan tərəfindən BOKT-a müəyyən olunmuş müddət ərzində ödənilən, verilmiş kreditdən istifadəyə görə ödənilməli olan faiz və ya haqdan ibarətdir.

32. İddiaçı BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, **********003 saylı kredit müqaviləsində kredit müqaviləsindən istifadəyə görə haqq 19 manat müəyyən edilmişdir. Məhkəmə iddiaçının cavabdehdən kredit məbləğindən istifadəyə görə haqq tutulmasına dair tələbini əsaslı hesab edir.

33. Həmçinin İddiaçı BOKT MMC Cavabdehdən 195.90 manat cərimə borcunun tutulması tələbini irəli sürmüşdür.

34. “Müqavilənin ümumi şərtləri”nin 2.2-ci bəndində qeyd olunur ki, borcalanın öhdəliklərindən biri də müqavilənin şərtlərinə uyğun verilmiş kredit məbləği və bütün digər məbləğləri müqavilə ilə müəyyən edilmiş müddətlərdə və qaydada qaytarmaqdır.

35. Həmin müqavilənin 1.14-cü bəndinə görə, öhdəliklərin vaxtında yetirilməməsinə görə kreditor cavabdehdən geri ödənilməmiş ümumi məbləğ üzrə hər gecikdirilən gün üçün 0.85%-i həcmində faiz tələb etmək hüququna malikdir.

36. İddia ərizəsinin təsviri hissəsindən görünür ki, iddiaçı cavabdehdən 195.9 manat məbləğində cərimə tutulması tələbini müqavilənin qeyd edilən bəndinə istinad etməklə irəli sürmüşdür.

37. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, iddiaçı tərəfindən hesablanmış cərimə hissəsində iddia qismən təmin edilməlidir.

38. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, 195.90 manat təşkil edən cərimə məbləğinin 10 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir.

39. İddiaçı həmçinin Cavabdeh 55.10 manat komissiya haqqı tutulması tələbini irəli sürmüşdür.

40. İddiaçı BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, **********003 saylı kredit müqaviləsinin xüsusi şərtlərində 55.10 manat məbləğində pul vəsaiti verilmiş kredit məbləği üzrə xidmət haqqının məbləği olaraq müəyyən edilmişdir.

41. Həmin müqavilənin “verilmiş kredit məbləği üzrə xidmət haqqının miqdarı” adlı qrafasına əsasən müəyyən edilmişdir ki, həmin məbləğ qeyd edilən xidmətlərə görə müəyyən edilmmişdir: borcalanın ödəmə qabiliyyətinə və maliyyə davranışına keçmiş məlumatlara və digər məlumatlara əsaslanaraq və Borcalanın xidmət tələblərinə əsasən verilmiş kredit məbləği üzrə xidmət aşağıdakı hərəkətləri əhatə edə bilər, lakin bunlarla məhdudlaşmır: borcalanın onun ödəmə qabiliyyətinin daxili və xarici qiymətləndirilməsi; borcalanın ödənişlərinin, ödənilməmiş məbləğlərin və hər hansı ödəniş tarixlərinin uçotu, izlənməsi və üzləşdirilməsi; istənilən məsələ və ya rəylə bağlı dəstək üçün borcalan ilə əlaqə; kredit limitinin artırılması və ya azadılması üçün təklif və ya tələb; kreditin ödənilməməsi hallarında standart həllər; kreditin restrukturizasiyasına dair təkliflər və yardım; borcalanın ödənişlərini asanlaşdırmaq və sürətləndirmək üçün banklarla qarşılıqlı əlaqə vəs.

42. Məhkəmə tərəflər arasında bağlanılmış müqavilənin cavabdehdən “verilmiş kredit məbləği üzrə xidmət haqqı”nın məbləği qismində 55.1 manat tutulmasına dair şərti ilə bağlı aşağıdakıları qeyd edir.

43. İlk növbədə, tərəflər arasında bağlanılmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsinin şərtlərindən görünür ki, tərəflər arasında qısa müddətli kredit müqaviləsi bağlanılaraq, iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixə 380 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin şərtlərindən görünür ki, kredit müqaviləsi illik 60.85 faiz dərəcəsi ilə, verilmiş kredit məbləğindən istifadəyə görə haqq qismində 19 manat, verilmiş kredit məbləğindən istifadəyə görə haqq, faizlə 5% olaraq müəyyən edilmişdir.

44. Göründüyü kimi qısa müddət ərzində verilmiş kreditə görə bir neçə əsas ilə verilmiş kreditin məbləğinə tənasübsüz olan əlavə xərclər müəyyən edilmişdir.

45. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu X1 şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında göstərilmişdir ki, öhdəlik hüququnda müqavilənin standart şərtlərinə dair normalarda şəffaflıq prinsipinin tərkib hissəsi kimi müəyyənlik prinsipi (tələbi) mövcuddur. Həmin prinsipə əsasən müqavilənin standart şərtlərində dispozisiya şərtləri və hüquqi nəticələr elə dəqiqliklə təsvir olunmalıdır ki, bu zaman bir tərəfdən müqavilənin standart şərtlərinin istifadəçisi üçün əsaslandırılmamış heç bir qiymətləndirmə azadlığı imkanları yaranmasın, digər tərəfdən isə müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquqlarını müəyyənləşdirə bilməsi (onun bu hüquqları həyata keçirməsinin qarşısının alınmaması üçün) mümkün olsun. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir (Mülki Məcəllənin 419.1, 419.2 və 420.1.2-ci maddələri).

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası mülki Məcəlləsinin 746-cı maddəsinin istehlak kreditlərinə tətbiqinin mümkünlüyü baxımından şərh edilməsinə dair” 27 may 2019-cu il tarixli Qərarında qeyd edilir ki, standart şərtli müqavilələrdə vətəndaş (fiziki şəxs) iqtisadi cəhətdən zəif tərəf kimi çıxış edir və hüquqlarının xüsusi müdafiəsinə ehtiyac duyur. Mülki Məcəllənin 420-ci maddəsi ilə təklif etmiş tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər barəsində tətbiq etdiyi müqavilənin standart şərtlərindən etibarsız hesab edilənlər müəyyən edilmişdir. Belə etibarsız hesab edilən şərtlərdən biri də Mülki Məcəllənin 420.1.5-ci maddəsində göstərilmişdir. Qeyd edilən maddəyə görə, təklif etmiş tərəfə müqavilənin digər tərəfindən çəkilmiş xərclər üçün tənasübsüz surətdə yüksək əvəz (çəkilmiş xərclərin tənasübsüz surətdə yüksək əvəzi) tələb etmək hüququ verən müddəalar etibarsız sayılır.

47. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən həm kreditdən istifadəyə görə müəyyən edilmiş haqq, həm ödənişlərin gecikdirilməsinə görə cərimə hessablanmaqla yanaşı, həmçinin cavabdehə göstəriməsi sübut olunmayan xidmətlərə görə əlavə vəsait tələb edilir.

48. Məhkəmə qeyd edir ki, ümumiyyətlə həmin “verilmiş kredit məbləği üzrə xidmət haqqının miqdarı”nın müəyyən edilməsi üçün müqavilədə nəzərədə tutulmuş xidmətlərin göstərilməsi iddiaçının göstərdiyi fəaliyyətdən irəli gələn xidmətlərdir. Həmin xidmətlərə görə, yəni öz vəzifəsinin icrası üçün cavabdehdən əlavə xərc tutulması hüquqdan suiistifadə kimi qiymətləndirilməlidir.

49. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 420.2-ci maddəsinə əsasən müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır.

50. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 390.1 və 390.5-ci maddələrinin və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin İİİ hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1 və 560.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 18 dekabr 2023-cü il tarixli qərarda qeyd edilmişdir ki, Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, bu prinsip Mülki Məcəllənin ayrı-ayrı normalarında mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalarda nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1-ci maddəsinə müvafiq olaraq, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan suiistifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarı).

51. Buna görə də, Azərbaycan Respublikasının qanunvericiliyi ilə hüquqdan sui-istifadə üzərində həyata keçirilən razılaşmaların və hərəkətlərin etibarsız olduğu müəyyən edilmişdir (Mülki Məcəllənin 560.2-ci maddəsi).

52. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında göstərilmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq və açıq-aşkar ona uyğun gəlməyən tərzdə həyata keçirirsə, o, bu hüququndan suiistifadə etmiş olur (Mirolubovs və başqaları Latviyaya qarşı iş üzrə 2009-cu il 15 sentyabr tarixli Qərar).

53. Qeyd edilənlərə əsasən məhkəmə qeyd edir ki, müqavilənin qeyd edilən şərti mülki qanunvericiliyə, o cümlədən vicdanlılıq prinsipinə zidd olduğundan etibarsız şərtdir.

54. Beləliklə, iddiaçı “”SF Azerbaijan” BOKT MMC-nin iddia tələbi cavabdehdən 55.1 manat komissiya haqqının tutulmasına dair hissədə təmin edilməməlidir.

Məhkəmə xərcləri:

55. İş materialları əsasında müəyyən edilir ki, İddiaçı BOKT MMC tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

56. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Nəticə :

57. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli və xx.xx.2024-cü il tarixli, **********003 saylı kredit müqaviləsi üzrə 380 manat əsas, 19 manat faiz, 10 manat cərimə borcu olmaqla, cəmi 409 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı BOKT MMC-nin hesabına ödənilməlidir.

58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi :

İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı BOKT MMC-nin xeyrinə xx.xx.2024-cü il tarixli, **********003 saylı kredit müqaviləsi üzrə 380 manat əsas, 19 manat faiz, 10 manat cərimə olmaqla, cəmi 409 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar