Məhkəmə qərarları › İş №e-2(007)-4517/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-4517/2025

06.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-4517/2025 06.03.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə ((Açar sözlər: “subroqasiya qaydasında pul tələbi, hadisə yerindən yayınma”) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi İmanzadə Türbət Rəşad qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 1800 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişi və 38 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1838 manat pul vəsaitinin tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Range Rover” markalı, ** BY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixində PME********** saylı müqavilə ilə "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır. xx.xx.2024-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh Hüseyn oğlunun idarə etdiyi “Range Rover” markalı, ** BY *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi Bakı şəhəri ərazisində hərəkət edən zaman yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə “Atəşgah Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti” də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanan “Opel Astra” markalı, ** VA *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan hadisə ilə bağlı tərtib olunan qərara əsasən “Range Rover” markalı, ** BY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh Hüseyn oğlu inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Cavabdeh Hüseyn oğlu “Range Rover” markalı, ** BY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi yerindən yayınmışdır. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkənə 1800 manat məbləğində maddi zərər dəymişdir. Qeyd edək ki, 29 iyun 2022ci il tarixli Azərbaycan Respublikası Mərkəzi X5 tərəfindən “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair Qayda”nın təsdiq edilməsi barədə Qərar qəbul edilmişdir. Bu Qaydalara əsasən hesablaşma zərərçəkənin sığortaçısı ilə zərərvuranın sığortaçısının arasında həyata keçirilir. Bu hesablaşmaların həyata keçirilməsi məqsədilə İcbari Sığorta Bürosu tərəfindən hesablaşma bankında açılan və iştirakçılar tərəfindən vəsaitlərin ödənildiyi bank hesabı - xüsusi hesab mövcuddur. Beləliklə, "xxxx" ASC qeyd edilən yol nəqliyyatı hadisəsində zərərvuran tərəfin sığortaçısı olduğu üçün zərərçəkən tərəfin sığortaçısı olan “Atəşgah Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti'nin hesabına 1800 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Bildirmək istəyirlər ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.

İş materialları :

3. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi”ndən görünür ki, “Range Rover” markalı, ** BY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixədək "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır. Üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat, üçüncü şəxslərin sağlamlığına dəyən zərərə görə: bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat, bir hadisə üzrə 50000 manat sığorta ödənişi müəyyən edilmişdir.

4. xx.xx.2025-ci il tarixli zərər vuranın şəhadətnamə məlumatlarından görünür ki, sığorta olunmuş nəqliyyat vasitəsi məlumatları: ** BY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, şəhadətnaməsi nömrəsi PME**********, sığortalı haqqında məlumat: X1, sığortaçı "xxxx" ASC. Zərərvuran şəxsin məlumatlar: Cavabdeh, hadisə yerinin məlumatları: hadisə növü toqquşma, ərazi təsviri Heydər Əliyev prospekti. Zərərçəkən nəqliyyat vasitəsinin sığorta şəhadətnaməsi məlumatları: X3, sığortaçı "xxxx" ASC.

5. CLM**********73 nömrəli, xx.xx.2024-ci il tarixli “sığorta ödənişi akt”ından görünür ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC-də sığortalanmış “Range Rover” markalı, ** BY *** dövlət qeydiyyat nişanlı avtomobil “Opel Astra” markalı, ** VA *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, “Opel Astra” markalı, ** VA *** dövlət qeydiyyat nişanlı avtomobilə 1800 manat maddi ziyan dəymiş, dəymiş ziyana görə "xxxx" ASC tərəfindən X2 1800 manat məbləğində köçürmə üsulu ilə sığorta ödənişi həyata keçirilmişdir.

6. “Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsinə dair” xx.xx.2024-cü il tarixli hesabatdan görünür ki, “Opel Astra” markalı, ** VA *** dövlət nəqliyyat nişanlı avtomobilə dəymiş zərər 1800 manat məbləğində qiymətləndirilmişdir.

7. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışın surətindən görünür ki, xx.xx.2024-cü il tarixində saat 17:05 dəqiqədə toqquşma növlü yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin baş verməsində təqsiri olan şəxslər barədə məlumatdan görünür ki, yol-nəqliyyat hadisəsini törətmiş avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh avtonəqliyyat vasitəsinin markası- “Range Rover” markalı, dövlət qeydiyyat nişanı-** BY ***-dir. Hadisə nəticəsində “Opel Astra” markalı, ** VA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurulmuşdur.

8. “Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında” TP ******* seriyalı, xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə, saat 17:05-də Heydər Əliev prospekti ərazisində “Range Rover” markalı, ** BY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcı keçmə qaydalarının pozulması, yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və inzibati cərimə növündə inzibati tənbeh olunmuşdur.

9. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 38 manat dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları :

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir, lakin xx.xx.2026-cı ildə məhkəmə hazırlıq iclasında izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul edir, tələb olunan məbləği hissə-hissə ödəyə bilər.

İşin faktiki halı :

12. Cavabdeh tərəfindən idarə edilən “Range Rover” markalı, ** BY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçı “Meqa Sığorta" ASC tərəfindən xx.xx.2023-cü il tarixli, PME********** nömrəli müqavilə üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə sığortalanmışdır.

13. xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Range Rover” markalı, ** BY *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Heydər Əliyev prospektində yol hərəkət qaydalarını pozmuş, nəticədə “Opel Astra” markalı, ** VA *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuş və hadisə yerindən yayınmışdır.

14. Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə növündə iznibati tənbeh tətbiq edilmişdir.

15. Hadisə nəticəsində “Opel Astra” markalı, ** VA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin miqdarı 1800 manat məbləğində müəyyən edilmişdir.

Məhkəmə baxışının hədləri:

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :

21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

19. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun:

25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda. 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. 52.1. Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. 53.1. Mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar.

Məhkəmənin mövqeyi :

20. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

21. Məhkəmə ilk növbədə qeyd edir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

22. İcbari sığorta üzrə subroqasiya hüququnun yaranma əsaslarından biri “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsində müəyyən edilmişdir. Həmin normada sadalanan əsas hazırki mülki işin faktiki halına uyğun gəldiyi üçün iddiaçı "xxxx" ASC həmin əsasla icbari sığorta məbləğini geri tələb etmişdir. Həmin əsas-avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ halıdır.

23. İşin məhkəmə tərərfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC-də “icbari sığorta müqaviləsi” üzrə sığortalanmış “Range Rover” markalı, ** BY *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən idarə edilərkən “Opel Astra” markalı, ** VA *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, hadisəsi nəticəsində “Opel Astra” markalı, ** VA *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymiş və Cavabdeh hadisə yerindən yayınmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh təqsirli olduğu müəyyən edilərək, Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə növündə iznibati tənbeh tətbiq edilmişdir.

24. Baş vermiş sığorta hadisəsi nəticəsində “Opel Astra” markalı, ** VA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1800 manat məbləğində sığorta ödənişi edilmişdir.

25. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin həmin Qanunun 10.2, 13.1, 13.2, 52.1 və 58.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 aprel 2023-cü il tarixli Qərarında qeyd edilir ki, sığorta hadisəsi sığorta təminatı altına alınmış riskin reallaşmasıdır ki, onun baş verməsi ilə sığorta ödənişini tələb etmək hüququ yaranır.

26. Subroqasiya hüququnu tənzimləyən yuxarıda qeyd edilmiş maddi hüquq normalarının tələblərindən göründüyü kimi, subroqasiya hüququnun yaranmasının əsas şərtlərindən biri baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olmasıdır ki, Cavabdeh hadisə yerindən yayınması işdə olan və məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar (inzibati tənbeh vermə haqqında qərar) ilə müəyyən edilmişdir.

27. Məhkəmə həmçinin qeyd edir ki, subroqasiya hüququ sığorta ödənişi etmiş sığortaçının dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı geriyə tələb hüququdur.

28. Bu mənada subroqasiya hüququna söykənməklə irəli sürülmüş tələbin əsaslı olması üçün bu tələbin yönəldiyi şəxsin vurulmuş zərərə görə məsuliyyət daşıması müəyyən edilməlidir.

29. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, subroqasiya zərərvurmadan irəli gələn məsuliyyətin labüdlüyü və zərərin əvəzinin tam ödənilməsi prinsiplərinin həyata keçirilməsinə xidmət edən hüquqi vasitələrdən biridir. Belə ki, sığortalı (faydalanan şəxs) əksər hallarda ona vurulmuş zərəri əhatə edən sığorta ödənişini almaqla, sonrakı tutulmaya marağını itirir. Nəticədə zərər vuran şəxs məsuliyyətdən yayına bilər. Yalnız subroqasiya zərər vuran şəxsdən zərərin əvəzinin tutulmasını təmin edir. Mahiyyətcə, subroqasiya tələb hüququnun güzəştidir (sessiya). Ona görə də sığortaçıya keçən hüquq sığortalı (faydalalan şəxs) ilə zərərə görə məsuliyyət daşıyan şəxs arasında münasibətləri tənzimləyən qaydalara, yəni delikt haqqında normalara riayət etməklə həyata keçirilir. Beləliklə, tərəflər arasında öhdəliyin əmələ gəlmə əsası mülki hüquq pozuntusunun (deliktin) törədilməsidir.

30. MM-nin 1096-cı, 1097.1-ci və 1108.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir.

31. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarında qeyd edilir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: -törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; -əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; -törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; -zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır.

32. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.

33. Məhkəmə qeyd edir ki, Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərə görə mülki hüquqi məsuliyyət daşıması işdə olan və məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar (“inzibati tənbeh vermə haqqında” qərar, qüsur aktı və d) ilə müəyyən edilmişdir.

34. Məhkəmə qeyd edir ki, Cavabdeh təqsirli hərəkətləri nəticəsində baş vermiş sığorta hadisəsinə görə sığorta ödənişi edən iddiaçı ödədiyi sığorta ödənişi məbləğini Cavabdeh subroqasiya qaydasında tələb etməkdə haqlıdır.

35. Belə ki, mülki qanunvericiliyə əsasən yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

36. Məhkəmə qeyd edir ki, işdə olan və məhkəmə tərəfindən tədqiq edilən sübutlar Cavabdeh “Range Rover” markalı, ** BY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə qanuni əsaslarla sahiblik etdiyi müəyyən edilmişdir.

37. Dəymiş zərərin məbləği ilə bağlı məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

38. İşdə olan və məhkəmə tərəfindən tədqiq edilən sübutlara (qüsur aktı, şığorta ödənişi aktı) əsasən müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC tərəfindən “Opel Astra” markalı, ** VA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə dəymiş zərərə görə 1800 manat sığorta ödənişi edilmişdir.

39. Odur ki, yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1800 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASCyə ödənilməlidir.

Məhkəmə xərcləri :

40. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyinə görə Azərbaycan Respublikası MPNnin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 38 manat məbləğində pul vəsaiti Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır.

Nəticə :

41. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh ödənilmiş 1800 manat sığorta ödənişinin, 38 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir.

42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1800 manat sığorta ödənişi və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 38 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar