Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-493/2023 02.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Quluzadə Emil Mirələm oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə BMP**********70 nömrəli, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 5842,73 manat əsas kredit borcunun, həmçinin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 78,43 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Nizami filialı ilə X2 oğlu arasında bağlanmış BPM**********70 nömrəli xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə illik 20 faiz ödəmək şərtilə 6000 manat məbləğində kredit verilmişdir. X2 oğlu xx.xx.2020-ci il tarixdə vəfat etmiş və ölüm faktı Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınaraq, xx.xx.2020-ci il tarixdə ölüm haqqında şəhadətnamə verilmişdir. Kredit müqaviləsi üzrə borc qaldığından tərəflərinzdən sorğu verilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisindən əldə edilən məlumata əsasən müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X2 oğlunun vərəsəlik işinin açılmasına dair mərhumun ünvan 1-də qeydiyyatda olan, xx.xx.1959-cu il təvəllüdlü arvadı – Cavabdeh müraciət etmiş və o miras əmlakdan tam hissədə paya dair Qanun üzrə X1 Şəhadətnamə almışdır. Borc alanın vəfat etdiyi tarixə kredit müqaviləsi üzrə 5842,73 manat əsas kredit borcu qaldığından, vərəsə olan cavabdehə öhdəliyin yerinə yetirilməsi haqqında tərəflərindən xx.xx.2022-ci il tarixdə bildiriş (mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması barədə) göndərilərək, xəbərdarlıq edilsə də, öhdəliklər yerinə yetirilməmişdir. Hazırda iddia ərizəsinə əlavə edilən maliyyə arayışından da göründüyü kimi, xx.xx.2022-ci il tarixə yuxarıda sözügedən kredit müqaviləsi üzrə 5842,73 manat əsas kredit borcu ödənilməmiş qalmaqdadır. Həmçinin, notariat ofisindən əldə edilən məlumatdan da görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadırlar. Beləliklə, borc alanın vəfat etdiyi tarixə hesablanmış kredit borcu mirası qəbul etmiş vərəsə tərəfindən ödənilmədiyi üçün, borcun məhkəmə qaydasında tələb edilməsi zərurəti yaranmışdır. Bundan başqa, hazırki mübahisə üzrəiddia qiyməti ümumilikdə 5842,73 manat olduğundan, tərəflərindən 78,43 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı ödənilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehə mənzil miras qalmışdır və miras kütləsi yaranmış borcdan çoxdur. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, o, uzun müddətdir ki, mərhumla ayrı yaşayırdı. Mərhumun kredit götürməsindən xəbəri olmamışdır. Mərhum vəfat etdikdən sonra ondan miras qalmış 4 otaqlı mənzili miras əmlakı kimi qəbul etmişdir. Onun kredit borcunu ödəmək imkanı yoxdur. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" ASC ilə X2 oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********70 saylı Kredit müqaviləsindən görünür ki, bank tərəfindən X2 oğluna 36 ay müddətinə illik 20% ödəmək şərti ilə 6000 manat məbləğində kredit verilmişdir. X2 oğlu kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlıvaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli bildirişinin surətindən görünür ki, Cavabdeh Bank qarşısında olan gecikdirilmiş borcun 5 gün ərzində qaytarılması və ödənilməsi tələb olunmuşdur, əks təqdirdə "xxxx" ASC yaranmış tam borcun ödənilməsi üçün məhkəməyə müraciət edərək qanunvericiliklə nəzərdə tutulmuş bütün hüquqlardan istifadə edəcəyi barədə xəbərdar etmişdir. - "xxxx" ASC-nin maliyyə arayışından görünür ki, X2 oğlunun "xxxx" ASC-yə 5842,73 manat əsas borcu vardır. - AZ-İİ seriyalı 045231 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 oğlu xx.xx.2020-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 103 nömrə ilə qeyd edilmişdir; - 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notarial ofisinin xx.xx.2022-ci il tarixli 930 saylı məktubundan görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 109, mənzil 34-də qeydiyyatda olmuş X2 oğlunun vərəsəlik işinin açılmasına dair mərhumun ünvan 1-də qeydiyyatda olan, xx.xx.1959-cu il təvəllüdlü arvadı Cavabdeh müraciət etmiş və o miras əmlakdan tam hissədə paya dair Qanun üzrə Vəsəlik hüququ haqqında Şəhadətnamə almışdır. - Dövlət rüsumu haqqında məlumatdan görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə 78,43 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı "xxxx" ASC ilə X2 oğlu arasında xx.xx.2020-ci il tarixli Kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, borclu müqaviləylə üzərinə düşən öhdəliklərə əməl etməmişdir. "xxxx" ASC tərəfindən X2 oğluna 36 ay müddətinə müddətinə illik 20% ödəmək şərti ilə 6000 manat məbləğində kredit verilmişdir. X2 oğlu qeyd olunan məbləği kredit müqavilələrində göstərilən müddətədək geri qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh X2 oğlu xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Mərhumun həyat yoldaşı Cavabdeh vərəsəlik işinin açılmasına dair notariat ofisinə müraciət etmiş və o, miras əmlakdan tam hissədə paya dair Qanun üzrə X1 Şəhadətnamə almışdır. İddiaçı yaranmış borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh üzərinə düşən öhdəliklərə əməl etməmişdir. Qeyd edilən səbəblərdən iddaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq, X2 oğluna "xxxx" ASC ilə bağladığı xx.xx.2020-ci il tarixli BPM**********70 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə müddətinə illik 20% ödəmək şərti ilə 6000 manat məbləğində kredit verilmişdir. X2 oğlu isə aldığı krediti ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X2 oğlu xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 04 iyun 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. İş materiallarına əlavə edilmiş 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notarial ofisinin xx.xx.2022-ci il tarixli 930 saylı məlumatından da göründüyü kimi, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X2 oğlunun vərəsəlik işinin açılmasına dair mərhumun arvadı Cavabdeh müraciət etmiş və o miras əmlakdan tam hissədə paya dair Qanun üzrə X1 Şəhadətnamə almışdır. Məhkəmə iclasında Cavabdeh mərhumdan miras qalmış dörd otaqlı mənzili miras əmlakı kimi qəbul etdiyini bildirmişdir. Cavabdeh mənzili miras əmlakı kimi qəbul etdiyindən iddia üzrə tutulmalı olan borc da qəbul edilmiş miras həddində tutulmalıdır. Hazırda isə borcun miras kütləsindən çox olması mübahisələndirilməmiş və ya cavabdeh borcun mirasdan çox olduğunu sübut edəcək dəlillərini məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə iclasında müəyyən olundu ki, X2 oğlunun vərəsəsi olan Cavabdeh miras əmlakını qəbul etdiyindən o, mərhumun öhdəliyi üçün məsuliyyət daşıyır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, Cavabdeh oğlu xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış əsas borc məbləğini ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün "xxxx" ASC tərəfindən 78,43 manat dövlət rüsumu ödənilmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 78,43 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2020-ci il tarixli BPM**********70 saylı kredit müqaviləsi üzrə 5842,73 manat əsas borcun və 78,43 manat dövlət rüsumunun əvəzi Cavabdeh "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2020-ci il tarixli BPM**********70 saylı kredit müqaviləsi üzrə 5842,73 manat əsas borcun və 78,43 manat dövlət rüsumunun əvəzi Cavabdeh "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-493/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-493/2023
02.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver