Məhkəmə qərarları › İş №e-2(007)-504/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-504/2024

15.03.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-504/2024 15.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X7 Cavabdeh qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 saylı ev üzrə istifadə qaydası müəyyən edilsin. İstifadəsində olan ev ilə cavabdehin istifadəsində olan ev arasında onun vəsaiti hesabına hasarın çəkilməsinə mane olmaması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X7 Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən əsl olmayan tərəfin əvəz edilməsi barədə ərizə verərək X2 əsl İddiaçı ilə əvəz edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evi ilə Cavabdeh məxsus fərdi yaşayış evi arasında İddiaçı vəsaiti hesabına hasar çəkilməsinə mane olması Cavabdeh və onun ailə üzvlərinə qadağan olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu Pəhlivan Fərzəliyev küçəsi, 12 saylı ev onun doğulduğu evdir. Bu ev atası Məlikov Ağalara məxsus olmuşdur. Hətta torpağa görə atasının adından bələdiyyəyə vergi ödənişləri olmuşdur. Hazırda torpaq vergisini o, ödəyir. Bu evdə o, bacısı və cavabdeh qardaşı ailəsi ilə birlikdə yaşayır. Qeyd edir ki, bir həyətdə iki ev vardır. Bir evdə o, bacısı ilə, digər evdə isə qardaşı ailəsi ilə birlikdə yaşayır. Hər iki evin ayrı-ayrı kommunal xətləri vardır. Kommunal xətlər onun və bacısının adınadır. O, öz yaşadığı evə görə, cavabdeh isə öz yaşadığı evə görə kommunal xərcləri ödəyir. Yəni faktiki olaraq evlər bir həyətdə olsa da bir-birindən təcrid olunmuş vəziyyətdədirlər. Cavabdeh və onun ailəsi ilə aralarında münasibtlər sağlam deyildir. Buna görə də aralaırnda tez-tez mübahisələr yaranır. Həyatı və yaşayışı üçün təhlükə yaranır. Bütün bunlardan narahatdır. Sakit yaşamaq istəyir. Qardaşı və onun ailəsi ilə aralarında olan münaqişələr nəticəsində dəfələrlə polisə müraciət olunub. Bütün bu hadisələr onların hər bir ailə üzvünə pis təsir edir. Cavabdeh və onun ailəsi onlarla səbəbsiz dava edir, nəticədə polis müdaxiləsinə ehtiyac yaranır. Buna görə də hesab edir ki, istifadəsində olan həyətdə aralarında hasar çəkməklə, ayrı giriş-çıxış yolu açmaq, evləri təcrid etmək mümkündür. Lakin cavabdeh buna mane olur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, aralarında hasar çəkməklə yaşayış sahəsindən istifadə qaydası müəyyən edilə bilər. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, iddia tələbini qəbul edir. İki ev arasında hasar çəkilməsinə razıdır və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə tərəflərin izahatını, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Qəbzlərdən görünür ki, kommunal xidmətlər İddiaçı və X2 adınadır. - 28 sentyabr 2020-ci il tarixli vəsiyyətnamədən görünür ki, X4 bütün əmlakını X5, X1, İddiaçı, Cavabdeh, X6 və X3 vəsiyyət edir. - AZ-İİ seriyalı 109708 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 1003 nömrəsi ilə qeyd edilmişdir. - 16 iyun 2023-cü il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində İddiaçı, Cavabdeh qeydiyyatdadırlar. - "xxxx" MMC-nin hesabat cədvəlindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adına xx.xx.2021-ci il tarixdə inventarlaşdırılmışdır. - "xxxx" MMC-nin 19 fevral 2024-cü il tarixli rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin naturada təcrid şəkildə ayrı-ayrı giriş-çıxış qapıları olmaqla bölgüsü mümkündür. - 02.10.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, X7 məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, ünvan 1 ünvanda iki ayrı girişli, tam şəraitli ev mövcuddur bir evdə iddiaçı və bacısı, digər evdə isə cavabdeh və ailəsi yaşayırlar. Cavabdehin ailəsi ilə iddiaçı və bacısı arasında daim münaqişələr olur, ona görə də İddiaçı iki ev arasında hasarın çəkilməsini məhkəmədən xahiş edir. Cavabdeh İddiaçı məxsus fərdi yaşayış evi ilə ona məxsus fərdi yaşayış evi arasında hasar çəkilməsinə razıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək, cavabdehin iddianı etiraf etməsini təsdiq edərək hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evi ilə Cavabdeh məxsus fərdi yaşayış evi arasında İddiaçı vəsaiti hesabına hasar çəkilməsinə mane olması Cavabdeh və onun ailə üzvlərinə qadağan olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evi ilə Cavabdeh məxsus fərdi yaşayış evi arasında İddiaçı vəsaiti hesabına hasar çəkilməsinə mane olması Cavabdeh və onun ailə üzvlərinə qadağan olunsun. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar