Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-510/2023 15.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Quluzadə Emil Mirələm oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB-nin cavabdeh Dadaşova (Qorelova) Leyla Vadimovnaya qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB cavabdeh Dadaşova (Qorelova) Leyla Vadimovnaya qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, QSC “Bank Standard” KB (bundan sonra – bank) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında 02 sentyabr 2014-cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/122401/14 saylı müqavilə (bundan sonra – kredit müqaviləsi) bağlanmış, həmin sənədlərə əsasən bank tərəfindən cavabdehə illik 25 (iyirmi beş) faiz ödənilməsi şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 2070 (iki min yetmiş) manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 798,54 (yeddi yüz doxsan səkkiz manat, 54 qəpik) manat məbləğində əsas borc, 602,26 (altı yüz iki manat, 26 qəpik) manat məbləğində faiz borcu, 972,41 (doqquz yüz yetmiş iki manat, 41 qəpik) manat məbləğində cərimə borcu, 241,78 (iki yüz qırx bir manat 78 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 2614,99 (iki min altı yüz on dörd manat, 99 qəpik) manat məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəflərindən cavabdehə yazılı xəbərdarlıq edilmişdir, lakin bundan sonra da kredit müqaviləsi üzrə öhdəliklər onun tərəfindən lazımınca icra edilməmişdir. Qeyd edilənlərə əsasən QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış 02 sentyabr 2014-cü il tarixli 1xx/xx/122401/14 saylı kredit müqaviləsi üzrə cavabdehdən 798,54 (yeddi yüz doxsan səkkiz manat, 54 qəpik) manat məbləğində əsas borc, 602,26 (altı yüz iki manat, 26 qəpik) manat məbləğində faiz borcu, 972,41 (doqquz yüz yetmiş iki manat, 41 qəpik) manat məbləğində cərimə borcu, 241,78 (iki yüz qırx bir manat 78 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 2614,99 (iki min altı yüz on dörd manat, 99 qəpik) manat məbləğində pulun, 46,15 (qırx altı manat, 15 qəpik) manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh Dadaşova (Qorelova) Leyla Vadimovna ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasını xahiş etmişdir. Nəzərə çatdırır ki, həmin kredit müqaviləsi 24 ay müddətinə bağlanılmış, tərəfimdən sonuncu ödəniş işə 2015-ci ildə edilmişdir. Hazırda iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edən zaman iddia müddətini ötürmüşdür. Qeyd edilənlərə əsasən iddia müddətini tətbiq etməklə hazırkı iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, 2019-cu il tarixli cavabdehə qarşı qaldırılmış iddia baxılmamış saxlanılmış və qərardadda ağlabatan müddətin iddia müddətinə daxil edilməməsi göstərilmişdir. Hazırkı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Dadaşova (Qorelova) Leyla Vadimovna məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında cavabdeh Dadaşova (Qorelova) Leyla Vadimovna izahat verərək bildirmişdir ki, o, iddia tələbini qəbul etmir. Kredit onun adına rəsmiləşdirilsə də, faktiki olaraq krediti həyat yoldaşı götürmüşdür. Sonuncu ödəniş 2015ci ildə edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia ərizəsi verilərkən iddia müddəti ötürüldüyündən və cavabdeh tərəf iddia müddətinin tətbiq edilməsi barədə yazılı müraciət təqdim etdiyindən, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - QSC “Bank Standard” KB ilə borcalan Cavabdeh arasında bağlanmış 02 sentyabr 2014-cü il tarixli 1xx/xx/122401/14 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdehna 24 ay müddətinə, illik 25 faiz ödəmək şərti ilə 2070 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin 15 sentyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 02 sentyabr 2014-cü il il tarixli kredit müqaviləsi üzrə 798,54 manat əsas, 602,26 manat faiz, 972,41 manat cərimə, kredit müqaviləsi bitəndən sonra hesablanmış 241,78 manat faiz borcu olmaqla, cəmi 2614,99 manat borcu vardır; - Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin bildirişindən görünür ki, cavabdeh, yaranmış 2007,24 manat borcun 3 gün müddətində ödənilməsi, əks halda borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə iddiaçı tərəfindən xəbərdar olunmuşdur; - xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün ləğv prosesində olan QSC “Bank Standard” KB tərəfindən 46,15 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, QSC “Bank Standard” KB ilə cavabdeh Dadaşova (Qorelova) Leyla Vadimovna arasında bağlanmış 02 sentyabr 2014-cü il il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən (Qorelova) Leyla Vadimovnaya illik 24 ay müddətinə, illik 25 faiz ödəmək şərti ilə 2070 manat məbləğində kredit verilmiş, (Qorelova) Leyla Vadimovna həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Lakin cavabdeh kreditin ödənilməsi ilə bağlı müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Məhkəmə iclasında cavabdeh Dadaşova (Qorelova) Leyla Vadimovna hazırkı tələb üzrə iddia müddətinin ötürüldüyünü qeyd edib, bu barədə ərizə təqdim edərək iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir; 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarına əsasən iddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. İddia müddətinin axımı kredit müqaviləsində müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Bununla belə, “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab etmişdir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Beləliklə, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, QSC “Bank Standard” KB ilə cavabdeh Dadaşova (Qorelova) Leyla Vadimovna arasında bağlanmış 02 sentyabr 2014-cü il il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən (Qorelova) Leyla Vadimovnaya illik 24 ay müddətinə, illik 25 faiz ödəmək şərti ilə 2070 manat məbləğində kredit verilmişdir. İddiaçı tərəf müqavilə münasibətləri üçün müəyyən edilmiş 3 illik iddia müddəti keçdikdən sonra, 02 dekabr 2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, tərəflər arasında bağlanmış 02 sentyabr 2014-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra müddəti kimi 24 ay müəyyənləşdirilmiş, bundan sonra iddiaçı tərəf hər hansı hüquqi prosedur həyata keçirməmiş, müqavilədən irəli gələn öhdəliklər üzrə iddia müddətinin axımının başlanmasına baxmayaraq, iddiaçı bu növ müqavilələr üzrə müəyyən edilmiş 3 illik tələb etmə müddəti ərzində öhdəliyin icrasını tələb etmə hüququndan istifadə etməmiş və hüquqi nəticə etibarı ilə iddia müddətini hər hansı üzrlü səbəb olmadan keçirmişdir. Cavabdeh tərəf isə hazırkı mülki iş üzrə məhkəmə qərarı qəbul edilənədək iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə iclasında iddiaçının nümayəndəsi cavabdehə qarşı daha əvvəl də iddia qaldırıldığını, lakin məhkəmənin qərardadı ilə MPMin 259.0.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanıldığını və məhkəmə tərəfindən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün sərf edilmiş ağlabatan müddətin iddia müddətinə daxil edilmədiyini qeyd etmişdir. Məhkəmə göstərilənlərə münasibətdə qeyd edir ki, məhkəmənin icraatından olmuş e- 2(007)-3110/2019 saylı iş xx.xx.2019-cu il tarixli qərardadı ilə mülki iş baxılmamış saxlanılmış və qərardadda aşağıdakı məzmunda bənd əlavə edilmişdir: “İddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB xx.xx.2014-cü il tarixli 1xx/xx/122401/14 saylı kredit müqaviləsi üzrə yaranmış əsas kredit məbləğinin restrukturizasiya olunan işlərin siyahısına düşüb-düşməməsi ilə bağlı hər hansı sənəd təqdim etmədiyindən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, analoji müqavilələr üzrə mübahisənin hazırki məhkəmədən kənar həlli qaydası sözügedən Fərmanla müəyyən edildiyindən, həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır”. Belə ki, MM-in 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Hazırda iddiaçı məhkəmə tərəfindən işin baxılmamış saxlanılması barədə qərardad qəbul etdikdən 3 il sonra, yəni xx.xx.2022-ci il tarixdə yenidən məhkəməyə müraciət etmişdir və məhkəmə göstərilən müddəti ağlabatan müddət kimi nəzərə ala bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iş üzrə müəyyən edilmiş faktiki hallara qiymət verərək, belə qənaətə gəlir ki, hazırkı mülki iş üzrə iddia müddətinin keçməsi nəzərə alınmalı və cavabdeh Dadaşova (Qorelova) Leyla Vadimovnanın iddia müddətinin tətbiqi ilə bağlı ərizəsi əsasında iş üzrə iddia müddəti tətbiq edilməklə iddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB-nin cavabdeh Dadaşova (Qorelova) Leyla Vadimovnaya qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı halda iddia tələbi təmin edilmədiyindən, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB-nin cavabdeh Dadaşova (Qorelova) Leyla Vadimovnaya qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-510/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-510/2023
15.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver