Məhkəmə qərarları › İş №e-2(007)-534/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-534/2024

21.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-534/2024 21.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb:

1. İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh motosikletinə dəymiş zərərə görə 9342,62 manat, yararsız hala düşmüş motodəbilqənin dəyəri olaraq 680 manat, yararsız hala düşmüş dizliyin dəyəri olaraq 110,50 manat, taksi xidmətinə çəkdiyi xərclərə görə 2620,50 manat, müalicə dövründə əmək haqqında olmuş azalmaya görə 300 manat, tərəfindən ödənilmiş dövlət rüsumu olaraq 130 manat, tərəfindən çəkilmiş vəkil xərci olaraq 250 manat, ümumilikdə isə 13433,62 manat məbləğində pulun onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən iddianın həcminin azaldılması barədə ərizə verərək, Cavabdeh motosikletə dəymiş zərərə görə 9342,62 manat, yararsız hala düşmüş motodəbilqənin dəyəri olaraq 680 manat, yararsız hala düşmüş dizliyin dəyəri olaraq 110,50 manat, taksi xidmətinə çəkilmiş xərclərə görə 1955,00 manat, müalicə dövründə əmək haqqında olmuş azalmaya görə 300 manat, ödənilmiş dövlət rüsumu olaraq 130 manat, çəkilmiş vəkil xərci olaraq 250 manat, ümumilikdə isə 12768,12 manat məbləğində pulun iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı, 08 iyun 2023-cü il tarixdə səhər saat 08:45 radələrində “Rivale 800” markalı, 99-B-590 dövlət qeydiyyat nişanlı motosikleti ilə Yasamal rayonu, N.Hikmət küçəsində Musabəyov parkının sağ tərəfi ilə hərəkətdə olan zaman (yəni işə gedərkən) iddia üzrə Cavabdeh idarə etdiyi “Mazda CX-5” markalı **-SC- *** dövlət qeydiyyat nişanlı avtomaşınla ikinci zolaqdan birbaşa sağa dönmə manevri edərək onu idarə etdiyi motosikletlə birlikdə vurub kənara tullamış və həmin hadisə nəticəsində o, yerə yıxılaraq xəsarət almış, motosikletinə ciddi ziyan dəymiş, dəbilqə və dizliyi isə yararsız hala düşmüşdür. Hadisə yerindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verilmiş, odur ki, az sonra polis əməkdaşları hadisə yerinə gələrək araşdırma aparmışlar. Habelə TTTYS-nın ekipajı hadisə yerinə gəlmiş, bədənində əzilmələr və qançırlar olduğunu müəyyən etdiklərinə görə onu X3 aparmışlar. Hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı polis baş leytenantı X2 tərəfindən araşdırma aparılmış, “hadisə nəticəsində sağlamlığına az ağır və ağır xəsarət vurulması müəyyən edilmədiyinə görə” xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanmasının rədd edilməsi, “Mazda CX-5” markalı **-SC-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qərarının surətinin Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilməsi qərara alınmışdır. Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin xx.xx.2023-cü il tarixli, İXP ******* saylı protokolu ilə Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi təsdiq olunmuş və onun barəsində qəbul edilmiş TP ******* saylı qərarla 40 (qırx) manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Baş vermiş hadisə ilə bağlı habelə qeyd etməlidir ki, hadisədən sonra cavabdehin ona qarşı saymazyana, etinasız və biganə münasibəti onu sarsıtmış və ona mənəvi iztirab vermişdir. Belə ki, hadisədən sonra maşından düşərək yıxıldığı yerə gəlib onun pis vəziyyətdə olduğunu və toz-torpaq içində çabaladığını görən cavabdeh ən azından ona köməklik etmək və üzrxahlıq etmək əvəzinə onu təhqir etmiş və xoşagəlməz sözlər deyərək oradan aralanmışdır. Hətta hadisədən dərhal sonra təcili tibbi yardım stansiyasının ekipajı tərəfindən Gömrük Hospitalına aparılıb orada bir neçə gün müalicə alan zaman da cavabdeh onunla qətiyyən maraqlanmamış, bütün bunlar azmış kimi, motosikletinə vurulmuş zərərin aradan qaldırılması və ya əvəzinin ödənilməsi məqsədi ilə özünün, sonradan isə vəkilinin zənglərinə və “WhatsApp” səsli mesajlarına cavab verməmişdir (araşdırma materiallarından cavabdehin onlara məlum olan əlaqə nömrəsi: *** *** ** **). Bildirir ki, motosikleti Avropada tanınmış markalardandır və onun təmiri yalnız “MOTO SERVİS BADAMDAR” "xxxx" MMC-də həyata keçirilir. Odur ki, həmin servisə müraciət etmiş və orada aparılan araşdırma və yoxlamalardan sonra dəymiş zərərin ümumilikdə 14342,62 (on dörd min üç yüz qırx iki 62 qəp.) AZN olduğu müəyyən edilmişdir ki, həmin məbləğin 5000 (beş min) AZN hissəsi ona sığortaçı “Atəşgah sığorta” tərəfindən qanuni əsaslarla, yəni cavabdehin icbari sığortası olduğuna görə ödənilmiş, 9342,62 AZN qalıq qalmışdır. Bundan əlavə 400 (dörd yüz) ABŞ dolları, yəni mövcud kursla 680 (altı yüz səksən) manat dəyəri olan motodəbilqə və 65 (altmış beş) ABŞ dolları, yəni mövcud kursla110,50 (yüz on manat, əlli qəpik) manat dəyəri olan dizliyi yuxarıda göstərilən hadisə nəticəsində sıradan çıxmışdır. Habelə qeyd etməlidir ki, tıxaclara görə o, adəti üzrə evdən işə və işdən evə həmin motosikleti ilə gedib gəlirdi, lakin hadisə nəticəsində həmin nəqliyyat vasitəsi istismara yararsız vəziyyətə düşdüyünə görə yalnız taksi xidmətindən istifadə etmiş və bu ilin oktyabr ayının sonunadək həmin xidmətə görə 2620,50 (iki min altı yüz iyirmi manata, əlli qəpik) manat məbləğində xərc çəkimişdir. Bütün bunlardan əlavə qeyd etməlidir ki, hospitalda müalicə aldığı dövrə görə iş yeri üzrə əmək haqqı da 300 (üç yüz) manat məbləğində azalma olmuşdur. Göründüyü kimi, cavabdehin təqsirli, yəni hüquqa zidd hərəkəti nəticəsində ona 13053,62 AZN məbləğində, o cümlədən: - 9342,62 AZN motosikletinə dəymiş zərərin qalıq hissəsi; 680 AZN yararsız hala düşmüş motodəbilqənin dəyəri; 110,50 AZN yararsız hala düşmüş dizliyin dəyəri; 2620,50 AZN taksi xidmətinə çəkilmiş xərclər; 300 AZN müalicə dövründə əmək haqqında azalma növündə zərər vurulmuşdur ki, həmin zərər məbləği ondan onun xeyrinə tutulmalıdır.

Tərəflərin izahatları:

4. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə bildirdi ki, iddia tələbini müdafiə edir və təmin olunmasını xahiş edir.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi Vəkil bildirdi ki, iddia tələbini qismən qəbul edirlər və iddia tələbində qeyd olunmuş məbləğlərlə razı deyillər.

İş materialları:

6. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, İddiaçı xəsarət alması barədə toplanmış material üzrə Cavabdeh əməlində cinayət tərkibi olmadığına görə rədd edilmişdir.

7. xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinib.

8. xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat məbləğində cərimə edilmişdir.

9. “MOTO SERVİS BADAMDAR” "xxxx" MMC şirkəti tərəfindən tərtib edilmiş 16 iyun 2023-cü il tarixli təmir kartındakı məlumatlara əsasən “Rivale 800” markalı, 99-B-590 dövlət qeydiyyat nişanlı motosikletin təmir-bərpa xərci 14332.62 manat müəyyən edilmişdir.

10. 08.07.2023-cü il tarixli qəbzin surətindən görünür ki, hüquqi xidmət üçün 250 manat ödəniş edilmişdir.

11. “Bolt” taksi xidmətindən çıxarılmış çıxarışlardan görünür ki, İddiaçı “Bolt“ taksi xidmətindən istifadə etdiyi üçün 1955 manat ödəniş etmişdir.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 aprel 2024-cü il tarixli, 9/1825 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, “MOTO SERVİS BADAMDAR” "xxxx" MMC tərəfindən tərtib edilmiş “Rivale 800” markalı, 99-B-590 dövlət qeydiyyat nişanlı motosikletin təmir-bərpa xərci hadisə baş verən tarixə dəyişilməli hissələrin təzə hissələrin qiymətinə müvafiq 13048.69 manat (dəyişilməli hissələri qiyməti 9998.69 manat, təmir bərpa işlərinin qiyməti 3050 manat), aşınma tətbiq edilməklə 9974 manat (dəyişilməli hissələri qiyməti 6924 manat, təmir bərpa işlərinin qiyməti 3050 manat) müəyyən edilir.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 sentyabr 2024-cü il tarixli, 9/6641nömrəli rəyindən görünür ki, “icon” markalı motodəbilqənin dəyəri 400 manat, “icon” markalı dizliyin dəyəri 95 manat müəyyən edilmişdir.

14. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin 07 may 2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı həqiqətən xx.xx.2023-cü il tarixdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsin Mərkəzi Hospitalının həkim-travmatoloqortepedinə müaricət etmişdir.

15. 21.11.2023-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən 130 manat dövlət rüsumu ödənilmişdir.

İşin faktiki halları:

16. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı 08 iyun 2023-cü il tarixdə saat 08:45 radələrində “Rivale 800” markalı, 99-B-590 dövlət qeydiyyat nişanlı motosiklet ilə Yasamal rayonu, N.Hikmət küçəsində Musabəyov parkının sağ tərəfi ilə hərəkətdə olan zaman Cavabdeh idarə etdiyi “Mazda CX-5” markalı **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə onu idarə etdiyi motosikletlə birlikdə vurmuşdur. Cavabdeh İXM-in 327.1-ci maddəsi ilə törətdiyi inzibati xətaya görə təqsirli bilinmiş və 40 manat cərimə olunmuşdur. Nəticədə “Rivale 800” markalı, 99-B-590 dövlət qeydiyyat nişanlı motosikletə zərər dəymişdir. Sığorta tərəfindən iddiaçıya icbari sığortaya görə 5000 manat məbləğində ödəniş edilmişdir. Hazırda iddiaçı Cavabdeh motosikletə dəymiş zərərə görə 9342,62 manat, yararsız hala düşmüş motodəbilqənin dəyəri olaraq 680 manat, yararsız hala düşmüş dizliyin dəyəri olaraq 110,50 manat, taksi xidmətinə çəkilmiş xərclərə görə 1955,00 manat, müalicə dövründə əmək haqqında olmuş azalmaya görə 300 manat, ödənilmiş dövlət rüsumu olaraq 130 manat, çəkilmiş vəkil xərci olaraq 250 manat, ümumilikdə isə 12768,12 manat məbləğində pulun iddiaçının xeyrinə tutulmasını xahiş edir.

Tətbiq edilən hüquq:

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi. tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 18 aprel 2022-ci il tarixli Qərarı:

Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. X5 yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Mülki Məcəllənin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslərin daşıması nəticəsinə gəlmişdir.

Məhkəmənin mövqeyi:

19. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir.

20. Belə ki, Cavabdeh “Mazda CX-5” markalı **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman “Rivale 800” markalı, 99-B-590 dövlət qeydiyyat nişanlı motosikleti vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Bu zaman iddiaçıya məxsus motosikletin əzilməsi nəticəsində ona maddi zərər vurulması, cavabdehin yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsi, iddiaçı tərəfindən həmin qərarın mübahisələndirilmədiyi işin mübahisəsiz hallarıdır və cavabdeh tərəfindən etiraf edilir, məhkəmə tədqiqi zamanı bu hallar öz təsdiqini tapmışdır. Cavabdeh iddia tələbini qismən qəbul edir və iddia tələbində qeyd olunmuş məbləğlərlə razı deyil.

21. Məhkəmə iclasında işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulan qaydada, mülki qanunvericiliyin normalarını pozan hərəkəti nəticəsində İddiaçı maddi zərər vurmuş və tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi zərərin əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi zərərin əvəzini ondan tələb etmək hüququ olan iddiaçıya ödəməlidir.

22. Məhkəmə, qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də Cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən, vurduğu maddi zərəri və iş üzrə digər xərcləri ödəməlidir.

23. Dəymiş maddi zərərin həcmi ilə bağlı qeyd edilməlidir ki, 16 iyun 2023-cü il tarixli zərər aktından görünür ki, “Rivale 800” markalı, 99-B-590 dövlət qeydiyyat nişanlı motosikletə 14332.62 manat zərər dəymişdir. Mübahisəli hal yarandığından, məhkəmə tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir, verilmiş ekspert rəyi ilə “Rivale 800” markalı, 99-B-590 dövlət qeydiyyat nişanlı motosikletin təmir-bərpa xərci hadisə baş verən tarixə dəyişilməli hissələrin təzə hissələrin qiymətinə müvafiq 13048.69 manat (dəyişilməli hissələri qiyməti 9998.69 manat, təmir bərpa işlərinin qiyməti 3050 manat), aşınma tətbiq edilməklə 9974 manat (dəyişilməli hissələri qiyməti 6924 manat, təmir bərpa işlərinin qiyməti 3050 manat) müəyyən edilmişdir. Cavabdehin icbari sığortası olduğuna görə "xxxx" Sığorta Şirkəti ASC tərəfindən 5000 manat məbləğində zərərin əvəzi İddiaçı ödənilmişdir.

24. Məhkəmə, məhkəmə iclası zamanı təqdim olunmuş və tədqiq edilmiş sübutları qiymətləndirərək, qeyd edir ki, ekspert rəyi əsas götürülməklə və "xxxx" Sığorta Şirkəti ASC tərəfindən icbari sığortaya görə ödənilmiş 5000 manat məbləğ nəzərə alınmaqla Cavabdeh motosikletə dəymiş zərərə görə 4974 manat, motodəbilqənin dəyəri olan 400 manat, dizliyin dəyəri olan 95 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır.

25. Məhkəmə taksi xidmətlərinə görə ödənilmiş və hüquqi xidmət üçün ödənilmiş ödənişləri nəzərə alaraq taksi xidmətinə çəkilmiş xərclərə görə 1955 manat, hüquqi xidmət üçün ödənilmiş 250 manat cavabdehdən tutulmalıdır.

Məhkəmə baxışının hədləri:

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmə xərcləri:

28. İddia tələbi qismən təmin edildiyindən və iddiaçı tələb etdiyindən 130 manat ödənilmiş dövlət rüsumunun 80.53 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

29. Məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 150 manatın 89.89 manatı Cavabdeh, 60.11 manatı İddiaçı tutularaq X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

Nəticə:

30. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh motosikletə dəymiş zərərə görə 4974 manat, motodəbilqənin dəyəri olan 400 manat, dizliyin dəyəri olan 95 manat, taksi xidmətinə çəkilmiş xərclərə görə 1955 manat, hüquqi xidmət üçün ödənilmiş 250 manat və ödənilmiş dövlət rüsumunun 80.53 manatı tutularaq İddiaçı ödənilməlidir.

31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh motosikletə dəymiş zərərə görə 4974 manat, motodəbilqənin dəyəri olan 400 manat, dizliyin dəyəri olan 95 manat, taksi xidmətinə çəkilmiş xərclərə görə 1955 manat, hüquqi xidmət üçün ödənilmiş 250 manat, ödənilmiş dövlət rüsumunun 80.53 manatı tutularaq İddiaçı ödənilsin. Məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 150 manatın 89.89 manatı Cavabdeh, 60.11 manatı İddiaçı tutularaq X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar