Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-553/2025 06.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “borc” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı QSC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:
1. İddiaçı QSC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 13722,66 manat kredit bоrcu, 1185,61 manat faiz bоrcu və 308,91 manat cərimə olmaqla, ümumilikdə cəmi 15217 (on beş min iki yüz on yeddi) manat 18 qəpik məbləğində bоrcun və tərəfimizdən ödənilmiş 135,70 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar:
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixdə bağladığı müqaviləyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumişərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyniməna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1.375% оlmaqla 35 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 14250 (on dörd min iki yüz əlli) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2023-cü il tarixli 002A**********S saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilib. O, kredit müqaviləsinin 7.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmayıb. O, götürdüyü kredit bоrcundan 527,34 manat ödəniş edib və оnun iddiaçıya 13722,66 manat məbləğində kredit bоrcu qalıb. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cı maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən bildirlər ki, o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 186 gün üçün hesablanmış faiz borcu 1185,61 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 186 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 308,91 manat təşkil edir.
İş materialları:
3. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh 35 ay müddətinə kreditdən istifadəyə görə illik aylıq 1,375 % ödəmək şərtilə 14250 manat kredit verilmişdir.
4. xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əlavə olan Ödəniş qrafikindən görünür ki, cavabdehə 35 ay müddətinə, xx.xx.2023-cü il tarixdən xx.xx.2026-cı ilədək ayda 519 manat (sonuncu ay 525,07 manat), aylıq 1,375 % ödəmək şərtilə 14250 manat kredit verilmişdir. 5.İddiaçı QSC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 13722,66 manat əsas, 1185,61 manat faiz, 308,91 manat cərimə borcu olmaqla, cəmi 15217,18 manat borcu vardır.
6. İddiaçı QSC-nin Cavabdeh ünvanlandığı xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehlə İddiaçı QSC arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə borcunun ödənilməsinin təmin etməsi təklif edilmiş, əks halda qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq tədbirlər görüləcəyinə dair xəbərdarlıq edilmişdir.
7. xx.xx.2024-cü il tarixli 66356906 saylı qəbzdən görünür ki, İddiaçı QSC tərəfindən məhkəməyə müraciət etmək üçün 135,70 manat dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları:
8. İddiaçı QSC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə baxış iclasının iştirakları olmadan keçirərək, iş üzrə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir.
10. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia tələbini qəbul edir. 13722,66 manat əsas, 1185,61 manat faiz borcu və 308,91 manat cərimə olmaqla, cəmi 15217,18 manat borcu və 135,70 manat dövlət rüsumunun iddiaçıya ödəməyə hazırdır. Etirafın nəticələri ona aydındır.
11. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
İşin faktiki halı:
12. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı QSC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin bağlanması və həmin kredit müqaviləsi üzrə cavabdehin iddiaçıya əsas, faiz və cərimə borcunun olması hazırki mülki işin mübahisəsiz halıdır.
Məhkəmə baxışının hədləri:
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 223.1. Məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir.
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
Məhkəmənin mövqeyi:
16. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməlidir.
17. İş materiallarından (müqavilə, ödəniş qrafiki, kassa məxaric orderi) müəyyən olunur ki, İddiaçı QSC tərəfindən xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək Cavabdeh 35 ay müddətinə kreditdən istifadəyə görə illik aylıq 1,375 % ödəmək şərtilə 14250 manat kredit verilmiş, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca, yəni vaxtında, ödəniş qrafikinə uyğun yerinə yetirməmişdir.
18. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh İddiaçı QSC ilə bağladığı xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl edib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
19. Məhkəmə baxışında müəyyən edilmişdir ki, cavabdeh iddia tələbini etiraf etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin iddia tələbini etirafı qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalıdır.
Məhkəmə xərcləri:
20. İddiaçı QSC ödənilmiş 135,70 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh tutulması tələbini irəli sürmüşdür.
21. İş materiallarına əlavə edilmiş mədaxil qəbzlərindən görünür ki, İddiaçı QSC tərəfindən məhkəməyə müraciət etmək üçün 135,70 manat dövlət rüsumu ödənilmişdir.
22. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 135,70 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Nəticə:
23. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 13722,66 manat əsas, 1185,61 manat faiz, 308,91 manat cərimə borcu olmaqla, cəmi 15217,18 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 135,70 manat məbləğində pul vəsaiti tutulmalıdır.
24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh İddiaçı QSC-nin xeyrinə 13722,66 manat əsas, 1185,61 manat faiz, 308,91 manat cərimə borcu olmaqla, cəmi 15217,18 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 135,70 manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədirlik edən: Qumru Əliyeva