Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-556/2023 05.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Bakı Şəhəri 50 saylı Notariat Ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı Şəhəri 50 saylı Notariat Ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 50 saylı Notariat Ofisinin xüsusi notariusu Kənan Rəhmanov tərəfindən Dursun Mustafa ilə onun arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə dair verilmiş xx.xx.2022-ci il tarixli icra qeydinin ləğv edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Dursun Mustafa ilə onun arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinə əsasən, D.Mustafa ondan xx.xx.2022-ci il tarixində qaytarmaq şərti ilə 32 000 (otuz iki min) manat borc almışdır. Lakin sonradan D.Mustafa ondan aldığı borc pulu qaytarmadığına görə, borcun ondan məcburi qaydada tutulması məqsədi ilə o, cavabdehə müraciət edərək, müqavilə üzrə icra qeydinin verilməsini xahiş etdi. Onun müraciəti əsasında 50 saylı Notariat ofisinin xüsusi notariusu Kənan Rəhmanov müqaviləyə dair xx.xx.2022-ci il tarixli icra qeydi vermişdir. Lakin buna baxmayaraq, icra qeydi əsasında borclu barəsində ciddi tədbirlərin götülməsi mümkün olmamışdır. Müqavilə üzrə borc alandan borc məbləğinin alınması üçün bütün məcburi icra tədbirlərinin həyata keçirilməsi üçün məhkəmə qətnaməsinə ehtiyac duyulur. Bu məqsədlə, icra qeydi əsasında verilmiş icra sənədinin geri qaytarılması üçün Bakı Şəhəri Suraxanı Rayon İcra və Probasiya Şöbəsinə müraciət etmiş və onun müraciəti əsasında icra qeydi Bakı şəhəri 50 saylı Notariat Ofisinə geri qaytarılmışdır. Bundan sonra, Dursun Mustafa ilə arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit müqaviləsi üzrə borcun tutulması barədə iddia ərizəsi ilə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(010)- 4153/2022 saylı qərardadı ilə onun Dursun Mustafaya qarşı “pul tələbinə dair” iddiası üzrə icraata xitam verilmişdir. Qərardad belə əsaslandırılmışdır: “Göründüyü kimi icra sənədinin hazırda geri qaytarılmış olması onun tələbkarın ərizəsi əsasında yenidən icraya yönəldilməsini istisna etmir və icra sənədinin ləğv edildiyi mənasına gəlmir. Eyni zamanda icra qeydinin məhkəmə tərəfindən ləğv edilməsinə dair iş materiallarında heç bir sübut yoxdur, eləcə də tərəflərin belə bir iddiası olmamışdır. Bu vəziyyətdə məhkəmə belə nəticəyə gəlir ki, hazırki iddia tələbinin əsasını təşkil edən kredit müqaviləsi üzrə borcun borc alandan tutulmasına dair ləğv edilməmiş icra qeydi var. Bu isə həmin kredit müqaviləsi üzrə eyni borcun borc alandan tutulmasına dair məhkəmə qətnaməsinin çıxarılmasını, dolayısı ilə bu işə məhkəmədə baxılmasını istisna edir. Ona görə ki, məhkəmə qərarı əsasında verilmiş icra sənədi və notarisun icra qeydi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun mənası baxımından eyni – icra sənədi statusuna malikdir. Eyni borcun tutulmasına dair iki icra sənədinin icraya yönəldilməsi isə yolverilməzdir. Bu səbəbdən hazırki işə məhkəmədə baxıla bilməz”. Bundan başqa, o, kredit müqaviləsi üzrə borcun, eləcə də borcun vaxtında ödənilmədiyinə görə borca hesablanmalı olan bank uçot dərəcələrinin və əldən çıxmış faydanın tələb edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək niyyətindədir. Buna görə də, 50 saylı Notariat ofisinin xüsusi notariusu Kənan Rəhmanov tərəfindən Dursun Mustafa ilə onun arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə dair verilmiş xx.xx.2022-ci il tarixli icra qeydi ləğv edilməlidir. Çünki, hazırda mövcud olan məhkəmə təcrübəsinə görə, icra qeydi verilmiş bir müqavilə üzrə öhdəliyin icrası tələbinə dair məhkəmədə iddia qaldırılması qanunvericiliyin tələblərinə uyğun deyildir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddiaçı ilə eyniməzmunlu izahat verərək Bakı şəhəri 50 saylı Notariat Ofisinin xüsusi notariusu Kənan Rəhmanov tərəfindən Dursun Mustafa ilə onun arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə dair verilmiş xx.xx.2022-ci il tarixli icra qeydinin ləğv edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Bakı Şəhəri 50 saylı Notariat Ofisinə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçını, onun vəkili və nümayəndəsinin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Borc verən” İddiaçı ilə “Borc alan” Dursun Mustafa arasında Bakı şəhəri 50 saylı notariat ofisində bağlanmaqla reyestrdə 3M-172 nömrə ilə qeyd edilmiş 16 fevral 2022-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, həmin müqavilənin: 1-ci bəndinə əsasən, Borc verən Borc alana 32000 manat məbləğində pul borc verir. 2-ci bəndinə əsasən, Borc alan krediti xx.xx.2022-ci il tarixinədək Borc verənə qaytarmağı öhdəsinə götürür. 3-cü bəndinə əsasən, tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər. 4-cü bəndinə əsasən, hazırkı borc müqaviləsi üzrə pul vəsaitinin verilməsi və geri qaytarılması notariusun depozit hesabı vasitəsi ilə həyata keçirilir. 8-ci bəndinə əsasən, ödəniş müddətinin keçirilməsi haqqında kreditorun borcluya yazılı bildiriş göndərməsindən 20 gün sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. - Bakı şəhəri 50 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən verilmiş və reyestrdə 8İ-7368 nömrə ilə qeyd edilmiş 22 iyun 2022-ci il tarixli icra qeydinin surətindən görünür ki, Dursun Mustafadan vaxtında ödənilməmiş 32000 manat pul və tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. - Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(010)- 4153/2022 saylı qərardadından görünür ki, İddiaçı cavabdeh Dursun Mustafaya qarşı “pul tələbinə dair” iddiası üzrə icraata xitam verilmişdir. - xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Dursun Mustafa arasında Bakı şəhəri 50 saylı notariat ofisində 16 fevral 2022-ci il tarixdə kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən borc alan 32.000 manat məbləğində pulu 22 fevral 2022-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Hazırki iş üzrə borc alan Dursun Mustafa İddiaçı 16 fevral 2022-ci il tarixli kredit müqaviləsinə əsasən yaranmış borcu ödəmədiyindən, iddiaçının müraciəti əsasında borcun qaytarılmasının təmin edilməsi məqsədilə Bakı şəhəri 50 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən reyestrdə 8İ-7368 nömrə ilə qeyd edilmiş 22 iyun 2022-ci il tarixli icra qeydi verilmiş və icra qeydində Dursun Mustafadan vaxtında ödənilməmiş 32000 manat pul və tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməsi qeyd olunmuşdur. Qanunvericilikdə müəyyən olunmuş qaydada icra sənədinin icrası borclu tərəfindən təmin edilmədiyindən, iddiaçı notariusun icra qeydinin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Qeyd edilənlərlə müəyyən edildi ki, tərəflər arasında olan 16 fevral 2022-ci il tarixli kredit (borc) müqaviləsi (əqd) yazılı (notarial) qaydada bağlanmış, həmin müqavilə (əqd) müqavilə tərəfləri sayılan İddiaçı və Dursun Mustafanın özləri tərəfindən təsdiq edilmişdir. Bu zaman müqavilə tərəflərinə onların hüquq və vəzifələri izah edilmiş, notariat hərəkətinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmçinin, məhkəmə qeyd edir ki, hazırda iddiaçının mübahisələndirdiyi icra qeydinin verilməsinə əsas tərəflər arasında bağlanmış kredit müqaviləsi olmuşdur. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 79-cu maddəsinə əsasən icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 saylı qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci bəndinə əsasən notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda qeyd olunur ki, pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydinin aparılması üçün notariat qaydasında təsdiq edilmiş əqdin əsli təqdim olunur. Məhkəmə qeyd edir ki, Bakı şəhəri 50 saylı notariat ofisi qanunvericiliyin tələblərinə uyğun olaraq İddiaçı təqdim etdiyi sənədlər əsasında, borcun mübahisəsiz olduğunu müəyyənləşdirərək, ödəniş müddətinin keçirilməsi haqqında yazılı bildirişi borcluya göndərmiş, lakin borclu öhdəliyini icra etməmişdir. Bundan sonra, yəni 22 iyun 2022-ci il tarixdə notariat ofisinin notariusu tərəfindən icra qeydi aparılmışdır. Göründüyü kimi iddiaçı qeyd olunanların əksini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, icra qeydinin ləğvi üçün əsaslar olmadığından iddia tələbi əsassızdır və təmin edilməməlidir. Həmçinin “Notariat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən icra qeydi tələbkar tərəfindən deyil, yalnız borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Belə olan halda iddiaçı, tələbkar olaraq, onunla Dursun Mustafa arasında 16 fevral 2022-ci il tarixdə bağlanmış və notarial qaydada rəsmiləşdirilərək qeydə alınmış kredit müqaviləsi üzrə notarius tərəfindən 22 iyun 2022-ci il tarixdə verilmiş Dursun Mustafadan vaxtında ödənilməmiş 32000 manat pul və tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə icra qeydinin ləğv edilməsi barədə tələb irəli sürmək hüququna malik deyil, bu kimi tələbin tələbkar tərəfindən irəli sürülməsinin hüquqi əsası yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı Şəhəri 50 saylı Notariat Ofisinə qarşı, Bakı Şəhəri 50 saylı Notariat Ofisinin xüsusi notariusu Kənan Rəhmanov tərəfindən Dursun Mustafa ilə onun arasında bağlanmış 16 fevral 2022-ci il tarixli müqaviləyə dair verilmiş 02 iyun 2022-ci il tarixli icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Bakı Şəhəri 50 saylı Notariat Ofisinə qarşı Bakı Şəhəri 50 saylı Notariat Ofisinin xüsusi notariusu Kənan Rəhmanov tərəfindən Dursun Mustafa ilə onun arasında bağlanmış 16 fevral 2022-ci il tarixli müqaviləyə dair verilmiş 02 iyun 2022-ci il tarixli icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №e-2(007)-556/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-556/2023
05.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver