Məhkəmə qərarları › İş №e-2(007)-562/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-562/2025

06.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-562/2025 06.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı BOKT KB MMC-nin Cavabdeh Qabil oğluna qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı BOKT MMC-nin Cavabdeh Qabil oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı BOKT MMC Cavabdeh Qabil oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən kredit üzrə əsas borcun məbləği 2157.11 manat, kredit üzrə faiz borcunun məbləği 28.73 manat, kredit üzrə hesablanmış cərimə məbləği 1.29 manat olmaqla, cəmi 2187.13 məbləğdə kredit borcunun və ərizənin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 42 manat məbləğdə dövlət rüsumunun Cavabdeh Qabil oğlundan tutularaq iddiaçı “X2 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə əlavə edilən sənədlərdən də göründüyü kimi, iddiaçı "X2 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra mətndə "xxxx" MMC adlandırılacaqi) ilə Cavabdeh Qabil oğlu arasında 12 dekabr 2019-cu il tarixli, 414 nömrəli Kredit (restrukturizasiya) müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh Qabil oğluna 5 (beş) il müddətinə (1 il güzəşt müddəti müəyyən edilməklə), illik 1 (bir) % olmaqla, 3790 (üç min yeddi yüz doxsan) manat məbləğdə güzəştli kredit verilmişdir. Cavabdeh Qabil oğlu uzun müddətdir ki, kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmir. İddiaçı "xxxx" MMC tərəfindən cavabdehə dəfələrlə yazılı və şifahi müraciət edilməsinə baxmayaraq, müqavilə üzrə öhdəliklər hələ də icra edilmir, kredit borcu ödənilmir. İddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışına əsasən, Cavabdeh Qabil oğlunun 12 dekabr 2019-cu il tarixli, 414 nömrəli kredit müqaviləsi üzrə kredit borcu - kredit üzrə əsas borcun məbləği 2157.11 (iki min yüz əlli yeddi manat on bir qəpik) manat, kredit üzrə faiz borcunun məbləği 28.73 (iyirmi səkkiz manat yetmiş üç qəpik) manat, kredit üzrə hesablanmış cərimə məbləği 1.29 (bir manat iyirmi doqquz qəpik) manat olmaqla, cəmi 2187.13 (iki min yüz səksən yeddi manat on üç qəpik) manat təşkil edir. İddiaçı tərəfindən cavabdehə kredit öhdəliyinin icra edilməsinə dair pretenziya məktubu ünvanlanmışdır (pretenziya məktubu və onun cavabdehə çatdırılmasına dair qəbz ərizəyə əlavə edilir). Buna baxmayaraq cavabdeh hələ də öz öhdəliklərini icra etməmişdir. Beləliklə, iddiaçının müvafiq tələblər üzrə məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmamışdır.

İş materialları :

3. "xxxx" BOKT MMC ilə Cavabdeh Qabil oğlu arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 414/1 saylı kredit (restrukturizasiya) müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən kreditor borclunun vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 3790 manat qalıq məbləğini ödəməsi məqsədi ilə 3790 manat məbləğində güzəştli krediti verməyi, borclu isə verilmiş krediti və ona hesablanmış faizləri bu müqaviləyə əlavə edilmiş ödəniş cədvəli üzrə kreditora ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öhdəsinə götürmüşdür.

4. xx.xx.2019-cu il tarixli, 414/1 saylı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə 1dən (Ödəniş Cədvəli) görünür ki, Cavabdeh Qabil oğlu illik 1 faiz dərəcəsi ilə ödəmək şərti ilə 60 ay (xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2024-cü il tarixədək) 3790 manat əsas borc, 115.78 manat faiz borcu olmaqla, cəmi 3905.78 manat məbləğində ödəniş etməlidir.

5. "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, kredit borcu üzrə ödənilmiş ümumi məbləğ 1600.30 manat, əsas borc 2157.11 manat, faiz borcu 28.73 manat, cərimə borcu 1.29 manat olmaqla, kredit borcu üzrə mövcud olan ümumi borcun məbləği 2187.13 manat təşkil edir.

6. İddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh Qabil oğluna ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, “Monetri (“PSG Finans) BOKT” MMC ilə bağlanılmış xx.xx.2019-cu il tarixli, 117 nömrəli kredit müqaviləsinə əsasən ona 3790 manat məbləğində kredit verilmişdir. Onun xx.xx.2024-cü il tarixinə “Monetri (“PSG Finans) BOKT” MMC-yə olan qrafik üzrə gecikən borcu-əsas borc üzrə 2157.11 manat, faiz üzrə 23.61 manat olmaqla, cəmi 2180.72 manat təşkil edir. Tam ödəniş üçün isə bu günə olan borc əsas borc üzrə 2157.11 manat, faiz üzrə 23.61 manat olmaqla, cəmi 2180.72 manat təşkil edir. Borcun kredit təşkilatına 3 təqvim günü ərzində ödənilməsi, əks təqdirdə məhkəməyə və müvafiq icra orqanına müraciət ediləcəyi barədə xəbərdar edilmişdir.

7. İddiaçı "xxxx" MMC tərəfindən təqdim edilmiş çıxarışdan görünür ki, cavabdeh tərəfindən sonuncu dəfə xx.xx.2023-cü il tarixində ödəniş edilmişdir.

8. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin çıxarışından görünür ki, xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmış İddiaçı BOKT MMC-nin əvvəlki adı "xxxx" BOKT MMC olmuşdur.

9. xx.xx.2024-cü il tarixli, ********** ömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 42 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

10. "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2015-ci il tarixli, 414 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" BOKT MMC tərəfindən cavabdehə illik 28% dərəcəsi ilə, 24 ay müddətinə qədər aylıq ödəniş məbləği 192.11 manat olmaqla, 3500 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür.

Tərəflərin izahatları :

11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

12. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilmiş, lakin həmin bildirişin ona rəsmən təqdim olunması barədə məlumat olmadığından məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandırmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

İşin faktiki halı :

13. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı BOKT MMC (əvvəlki adı "xxxx" BOKT) ilə Cavabdeh Qabil oğlu arasında xx.xx.2019-cu il tarixli, 414/1 saylı kredit müqaviləsinin bağlanması və həmin kredit müqaviləsi üzrə cavabdeh tərəfindən öhdəliyin pozulması, lazımi qaydada yerinə yetirməməsi və nəticədə iddiaçıya borcun yaranması hazırki mülki işin mübahisəsiz halıdır.

14. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli, 414/1 saylı kredit müqaviləsinin bağlanılmasından irəli gələn öhdəlik hüquq münasibətinə Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır.

Məhkəmə baxışının hədləri:

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin : 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 191.3. cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :

739.1. borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

741. əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 408.7. Əgər müqavilənin bütün mühüm şərtlərini əks etdirən təklifdən onu irəli sürmüş şəxsin təklifdə göstərilmiş şərtlər ilə müqaviləni cavab verən istənilən şəxslə bağlamaq iradəsi aydın görünürsə, belə təklif ümumi oferta sayılır. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

442. maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1. əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

Məhkəmənin mövqeyi :

18. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

19. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, İddiaçı BOKT MMC (əvvəlki adı "xxxx" BOKT) ilə Cavabdeh Qabil oğlu arasında kredit müqaviləsi bağlanmışdır. Mülki qanunvericiliyinə əsasən (MM 739.2) borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

20. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 Və 449-cu X1 Şərh Edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 Dekabr 2014-cü il qərarında qeyd edilir ki, MMin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir.

21. İş materiallarına əsasən (müqavilə, ödəniş qrafiki) müəyyən olunur ki, İddiaçı BOKT MMC tərəfindən xx.xx.2019-cu il tarixli, 414/1 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlik yerinə yetirilərək Cavabdeh Qabil oğluna 5 il müddətinə illik 1% ödəmək şərtilə 3790 manat məbləğində kredit verilmiş, lakin Cavabdeh Qabil oğlu iş materiallarına (maliyyə arayışı) və öz izahatına əsasən müəyyən olunur ki, müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca, yəni vaxtında, ödəniş qrafikinə uyğun yerinə yetirməmişdir.

22. Məhkəmə qeyd edir ki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditiora zərər dəyir. Mülki qanunvericiliyə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

23. Mülki qanunvericiliyə əsasən (MM 421.2) tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

24. Belə olan halda məhkəmə qeyd edir ki, Cavabdeh Qabil oğlunun öz üzərinə düşən öhdəliyi yerinə yetirməməsi işin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edildiyindən İddiaçı BOKT MMC hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır.

25. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet (annuitet ödənişlər – əsas məbləğ və hesablanmış faizlər) ödənişlərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

26. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

27. Həmin qərarda həmçinin qeyd edilir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir.

28. İddiaçı BOKT MMC tərəfindən Cavabdeh Qabil oğluna ünvanlanmış xx.xx.2024cü il tarixli bildirişdən görünür ki, iddiaçı cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi ilə əlaqədar borcun vaxtından əvvəl qaytarılmasını tələb etmiş, bununla da öhdəliklərin lazımi qaydada icra edilməməsi ilə əlaqədar müqavilədən imtina etməsi ilə bağlı iradə ifadəsini qarşı tərəfə bildirmişdir. Odur ki, həmin tarixdən mübahisəli kredit müqaviləsinə birtərəfli qaydada xitam verildiyindən iddiaçı yalnız həmin tarixədək olan müqavilə üzrə hesablanmış faizləri (xx.xx.2024-cü il tarixli bildirişdə göstərilən məbləğdə, 23.61 manat məbləğində) tələb edə bilər.

29. Məhkəmə yuxarıda qeyd edilənlərə qeyd edir ki, Cavabdeh Qabil oğlu ilə İddiaçı BOKT MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 414/1 saylı kredit müqaviləsi üzrə əsas borc 2157.11 manat, faiz borcu isə 23.61 manat təşkil edir.

30. Cavabdeh Qabil oğlu ilə İddiaçı BOKT MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 414/1 saylı kredit müqaviləsinin 5.2-ci bəndində nəzərdə tutulmuşdur ki, bu müqavilə ilə müəyyənləşdirilən öhdəliyin icra edilməməsi, qismən icra edilməsi və ya lazımınca icra edilməməsi halında bu Müqavilə üzrə restruktirizasiya edilən kredit borcunu gecikdirilmiş əsas məbləği üzrə 5 il müddətinə 0.1%-indən çox olmamaqla dəbbə pulunu təqvim üzrə hər yubunma günü üçün ödəməyi borclu öhdəsinə götürmüşdür.

31. Hazırda iddiaçı kredit üzrə hesablanmış 1.29 manat məbləğində cərimə məbləğinin tutulmasını xahiş etmişdir.

32. Məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilə münasibətlərinin ləğv edildiyi vaxtdan sonra müqavilə şərtinə istinad edilməklə hesablanan cərimə əsassız olduğundan təmin edilə bilməz.

Məhkəmə xərcləri :

33. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 42 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Nəticə :

34. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli və xx.xx.2019-cu il tarixli, 414/1 saylı kredit müqaviləsi üzrə 2157.11 manat əsas borc, 23.61 manat faiz borcu olmaqla, cəmi 2180.72 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 42 manat məbləğində pul vəsaiti Cavabdeh Qabil oğlundan tutularaq İddiaçı BOKT MMC-nin hesabına ödənilməlidir.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh Qabil oğlundan xx.xx.2019-cu il tarixli, 414/1 saylı kredit müqaviləsi üzrə 2157.11 manat əsas borc, 23.61 manat faiz borcu olmaqla, cəmi 2180.72 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 42 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı BOKT MMC-nin hesabına ödənilsin. İddiaçı BOKT MMC-nin iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar