Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-609/2025 07.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə icraat qaydasında) iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən 68.03 manat əsas borc, 0.02 manat faiz borcu, 0 manat cərimə, 0 manat komisyon haqqı olmaqla, cəmi 68.03 manat borc və ödənilmiş dövlət rüsumu olaraq 30 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq "xxxx" KB ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 1% ödəmək şərtilə 857.45 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verməyi və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 06 noyaabr 2024-cü il tarixinə "xxxx" KB ASC-yə 68.03 manat əsas, 0.02 manat faiz, 0 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 68.03 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.
İş materialları :
3. İddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-ci il tarixli, 4752rstDNG/19 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" KB ASC tərəfindən Cavabdeh 60 ay müddətinə, 12 ay güzəşt müddəti və komission haqqı 0 manat olmaqla, illik 1 faiz ödəmək şərtilə 857.45 manat kredit verilmişdir. Müştəri həmin müqavilə üzrə bank tərəfindən ona verilən kredit məbləğini məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür.
4. İddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-ci il tarixli, 4752rstDNG/19 saylı müqaviləyə 1 saylı əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2024-cü il tarixədək 60 ay müddətində, güzəşt müddəti 12 ay, 1 faiz dərəcəsi ilə, hər ay 19 manat ödəniş etməklə 857.45 manat əsas ödəniş və 25.47 manat faiz ödənişi etməlidir.
5. İddiaçı "xxxx" KB ASC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixinə 4752rstDNG/19saylı kredit müqaviləsi üzrə 68.03 manat əsas borc, 0.02 manat faiz borcu, 0 manat cərimə olmaqla, cəmi 68.03 manat borcu vardır.
7. İddiaçı "xxxx" KB ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdeh müqavilə üzrə öhdəliklərin icrasını gecikdirmiş, yəni “ödəniş cədvəli”ndə nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir. Nəticədə xx.xx.2024-cü il tarixinə cavabdehin 94.85 manat əsas borc, 0.21 manat faiz borcu və 0.04 manat cərimə olmaqla, cəmi 95.10 manat borcu yaranmışdır. Qeyd edilənlərə əsasən iddiaçı bütün borc məbləğinin tam olaraq 3 (üç) iş günü müddətində ödəməklə kredit müqaviləsinin 3 iş günü müddətində ləğv etməyi təklif etmiş, əks halda iddia tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir.
8. İddiaçı nibank” KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, “kredit müqaviləsi üzrə faizl’rin bağışlanmasına dair” sazişdən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 8232nkBANK/15 saylı kredit müqaviləsi üzrə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq 01 mart 2019-cu il tarixindən etibarən bu sazişin imzalandığı tarixədək hesablanmış 0 USD faiz borcu hər iki tərəfin razılığına əsasən ləğv olunmuşdur.
9. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" KB ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir.
İşin faktiki halları :
10. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır.
11. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək qeyd edir ki, işdə olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur.
12. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli, 4752rstDNG/19saylı kredit müqaviləsinin bağlanılmasından irəli gələn öhdəlik hüquq münasibətinə Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır.
Tətbiq edilən hüquq :
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :
739.1. borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
741. əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
442. maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1. əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
Məhkəmənin mövqeyi :
15. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
16. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
17. Azərbaycan Respublikası Konstitusiya məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən zəruri şərtlər dedikdə, müqavilənin müddəti, məbləği, faiz dərəcəsi, valyuta vəs. dair şərtlərdir.
18. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında müqavilənin bütün mühüm şərtləri barədə tələb olunan formada razılıq əldə edilmiş xx.xx.2019-cu il tarixli, 4752rstDNG/19saylı kredit müqaviləsi bağlanmışdır.
19. Belə ki, işin məhkəmə tərəfindən tədqiq edilən hallarına əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2024-cü il tarixədək 60 ay müddətində, 12 ay güzəşt müddəti, 1 faiz dərəcəsi ilə, hər ay 19 manat, ödəniş etməklə 857.45 manat məbləğində kredit verilmişdir.
20. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 Və 449-cu X1 Şərh Edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 Dekabr 2014-cü il qərarında qeyd edilir ki, MM-in 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir.
21. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixli, 4752rstDNG/19saylı kredit müqaviləsi üzrə iddiaçı "xxxx" KB ASC öz üzərinə düşən öhdəliyi yerinə yetirməsinə baxmayaraq, iş materiallarından (maliyyə arayışı, hesabdan çıxarış) görünür ki, Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra edilməmiş, nəticədə cavabdehin banka əsas və faiz borcu yaranmışdır.
22. Müqavilələrin 3.5-ci bəndində nəzərdə tutulmuşdur ki, “bank” “müştərinin” bu müqavilə üzrə öhdəliyini vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən “müştəri” krediti və onun faizlərinin ödənilməsi dövriliyini ən az 2 dəfə 5 təqvim günündən çox pozduqda müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə və kreditin məbləğini bu müqavilənin 1.3-cü bəndində nəzərdə tutulmuş bütün dövr üçün hesablanmış kredit faizinin qalıq məbləği ilə birlikdə qaytarılmasını “borcalan”dan tələb edə bilər.
23. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
24. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet (annuitet ödənişlər – əsas məbləğ və hesablanmış faizlər) ödənişlərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
25. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
26. İddiaçı "xxxx" KB ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, iddiaçı cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi ilə əlaqədar borcun vaxtından əvvəl qaytarılmasını tələb etmiş, bununla da öhdəliklərin lazımi qaydada icra edilməməsi ilə əlaqədar müqavilədən imtina etməsi ilə bağlı iradə ifadəsini qarşı tərəfə bildirmişdir. Odur ki, həmin tarixdən mübahisəli kredit müqaviləsinə birtərəfli qaydada ləğv edildiyindən iddiaçı yalnız həmin tarixədək olan müqavilə üzrə hesablanmış faizləri (xx.xx.2024-cü il tarixli bildirişdə göstərilən məbləğdə, 0.21 manat məbləğində) tələb edə bilər.
27. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
28. Həmçinin işin tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən müqavilədən birtərəfli qaydada ləğv edildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixindən sonra cavabdeh tərəfindən ümumi borc məbləğindən 31.14 manat ödəniş edilmişdir.
29. Mülki qanunvericiliyə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir (MM 432.4m).
30. Belə olan halda məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən ödənilmiş 31.14 manat pul vəsaitinin 0.04 manat məbləği cərimə, 0.21 manat məbləği faiz borcundan və 30.89 manat məbləği əsas borc məbləğindən silinməlidir.
31. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən qeyd edir ki, Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından xx.xx.2019-cu il tarixli, 4752rstDNG/19 saylı kredit müqaviləsi üzrə əsas borc 37.12 manat manat təşkil edir.
32. İş materialları əsasında müəyyən edilir ki, iddiaçı "xxxx" KB ASC məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir.
33. Buna görə də məhkəmə qeyd edir ki, iddia təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə uyğun olaraq dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Nəticə :
34. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli və xx.xx.2019-ci il tarixli, 4752rstDNG/19saylı kredit müqaviləsi üzrə 37.12 manat əsas borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı "xxxx" KB ASC-nin hesabına ödənilməlidir.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-5, 284-6, 326-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi :
İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, 4752rstDNG/19saylı kredit müqaviləsi üzrə 37.12 manat əsas borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" KB ASC-nin hesabına ödənilsin. İddiaçı "xxxx" ASC-nin iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva