Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-623/2024 17.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “borc” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)-623/2024 saylı qərardadı ilə, mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC (bundan sonra “İcarədar”) ilə Cavabdeh (bundan sonra “İcarəçi”) arasında 51 saylı notariat ofisində 3M-2845 saylı alınmış, xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, X1 markalı **-PV-*** qeydiyyat nişanlı avtomobili (bundan sonra “Avtomobil”) İcarəçiyə təhvil verməyi, sonuncu isə depozit və gündəlik icarə haqqı ödəməyi öz öhdəliklərinə götürmüşdür. Həmin müqavilənin 4-cü bəndlərinə əsasən, icarə haqqının ödənilməsi müddətini 41 ay təşkil edir. Bir icarə ayı 26 təqvim günü olaraq müəyyən Gündəlik müəyyənləşdirilmiş icarə haqqı 25 AZN təşkil edir. Müqavilənin 2.1.6-cı bəndinə əsasən avtomobil İcarəçiyə saz vəziyyətdə verilir və İcarəçi müqavilə qüvvədə olduğu müddət ərzində avtomobilin ziyyətdə saxlanılması üçün lazımı bütün tədbirləri həyata, keçirtməyi öz öhdəsinə götürür. Müqavilənin 2.1.15-ci bəndinə əsasən İcarəçinin dövlət orqanları tərəfindən tərtib olunmuş protokol və cərimələri ödəmək öhdəliyi mövcuddur. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından göründüyü kimi, İcarədar icarə müqaviləsi əsasında Avtomobili saz şəkildə İcarəçinin istifadəsinə vermişdir. İcarəçi Avtomobilin istifadəsi qarşılığında müqavilədə nəzərdə tutulmuş icarə haqqını İcarədara ödəmək öhdəliyini tam şəkildə yerinə yetirməmişdir. Nəticədə 375 AZN ödənilməmiş icarə haqqı borcu yaranmışdır. Avtomobil İcarəçinin istifadəsində olduğu müddətdə 220 AZN ödənilməmiş cərimələri olmuşdur. “X2” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qüsur aktından aydın şəkildə görünür ki, Avtomobil İddiaçı MMC-yə geri qaytarıldığı zaman avtomobilə 350 AZN dəyərində zərər dəymişdir. Həmçinin avtomobilin qeydiyyat şəhadətnaməsi cavabdeh tərəfindən təhvil verilmədiyi üçün yeni qeydiyyat şəhadətnaməsinin alınması zərurəti yaranmışdır. Qeydiyyat şəhadətnaməsi olmadan avtomibilin idarə edilməsi mümkün olmadığından isə yeni qeydiyyat şəhadətnaməsi alınana qədər Avtomobil evakuator daşınmış və əlavə xərclər yaranmışdır. Yeni qeydiyyat şəhadətnaməsinin alınması üçün xərclər və evakuator xərcləri İddiaçı MMC tərəfindən ödənilmişdir. Bu xərclər ümumilikdə 500 AZN təşkil edir. Mübahisənin həlli ilə bağlı cavabdehin qeydiyyatda olduğu ünvana xx.xx.2023-cü il tarixli pretenziya məktubu göndərilmişdir. Göstərilənlərə əsasən, Cavabdeh 375 AZN ödənilməmiş icarə haqqı borcu, 220 AZN ödənilməmiş inzibati cərimələr, 350 AZN avtomobilə dəymiş zərər, 500 AZN yeni qeydiyyat şəhadətnaməsinin alınması üçün xərclər və evakuator xərcləri olmaqla ümumilikdə 1445 (min dörd yüz qırx beş) AZN borc məbləği və 35 (otuz beş) AZN ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - BB267401 nömrəli qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Toyota Prius (Hibrid) minik markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-nin mülkiyyətindədir. - xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, İddiaçı MMC mülkiyyətində olan Toyota Prius (Hibrid) minik markalı **-PV-*** dövlət qeydiyyat nişanı olan avtomobilini təhvil-təslim aktı əsasında depozit almaqla və gündəlik icarə haqqı ödənilmək şərtilə icarəçi Cavabdeh təhvil vermişdir. - xx.xx.2022-ci il tarixli təhvil təslim aktına əsasən, “Toyota Prius” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı rəngi qara rəngli avtomobil Cavabdeh təhvil verilmişdir. - xx.xx.2023-cü il tarixli EQ14524310 №-li protokol ilə Cavabdeh Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə 40 AZN cərimə cərimə edilmişdir. - xx.xx.2023-cü il tarixli EQ13944882 №-li protokol ilə Cavabdeh Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə 40 AZN cərimə cərimə edilmişdir. - xx.xx.2023-cü il tarixli EQ13866528 №-li protokol ilə Cavabdeh Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə 40 AZN cərimə cərimə edilmişdir. - xx.xx.2022-ci il tarixli EQ12078089 №-li protokol ilə Cavabdeh Azərbaycan Respublikası İXM-in 328.1-ci maddəsi ilə 10 AZN cərimə cərimə edilmişdir. - xx.xx.2023-cü il tarixli EQ13176287 №-li protokol ilə Cavabdeh Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə 40 AZN cərimə cərimə edilmişdir. - xx.xx.2023-cü il tarixli EQ13567909 №-li protokol ilə Cavabdeh Azərbaycan Respublikası İXM-in 328.2-ci maddəsi ilə 50 AZN cərimə cərimə edilmişdir. - Ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən 220 manat məbləğində inzibati cərimələr ödənilmişdir. - İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023- ci il tarixli pretenziya məktubunun məzmunundan aydın olur ki, Cavabdeh şirkət qarşısında borcu olduğunu, həmin borcun 3 gün ərzində ödənilməsinin tələb edildiyini, əks halda bununla bağlı məhkəməyə müraciət olunacağı bildirilmişdir. - “X2” MMC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, “Toyota Prius” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilə 350 manat ziyan vurulmuşdur. - xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 35 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyüobyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. İşin mübahisəsiz halları bundan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında icarə müqaviləsi bağlanmışdır, həmin müqavilə etibarlıdır. Məhkəmə araşdırması zamanı təqdim olunmuş sənədlər əsasında məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında icarə müqaviləsi bağlanmışdır. İcarə obyekti qismində 2007-ci il buraxılışlı, “Toyota” markalı, Prius model, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobil çıxış etmişdir. Həmin müqaviləyə əsasən icarə verən qismində çıxış edən iddiaçı icarə obyektini cavabdehin müvəqqəti istifadəsinə və sahibliyinə verməyi öhdəsinə götürmüş, icarəçi qismində çıxış edən cavabdeh isə bunun müqabilində hər gün 25 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.2-ci bəndinə əsasən, avtomobilin icarə haqqının ödənilməsi müddəti 41 ay təşkil etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, icarə verən müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri icra etməsinə baxmayaraq, cavabdeh qismində çıxış edən icarəçi tərəfindən müqavilə üzrə öhdəliklər icra edilməmişdir. İddiaçı tərəfindən xx.xx.2023cü il tarixdə Cavabdeh “müqavilədən yaranan borc öhdəliklərinin yerinə yetirilməsi tələbilə pretenziya məktubu göndərilsə də, cavabdeh tərəfindən ödənilməmiş icarə haqqının ödənilməsi təmin edilməmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən icarə müqaviləsi üzrə icra etməli olduğu icarə ödənişləri vaxtında və lazımi qaydada icra edilməmiş, müqavilə şərtləri pozulmuşdur. Eyni zamanda cavabdeh məhkəmə araşdırması zamanı iddia tələbinə etirazını və etirazı əsaslandıran dəlillərini təqdim etməmişdir. Bununla da, cavabdehin iddiaçı qarşısında icarə müqaviləsindən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icra edilməməsinə görə mülki hüquqi məsuliyyəti yaranmışdır. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh icarə obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalıdır. Odur ki, məhkəmə iddia tələbini ödənilməmiş 375 manat icarə haqqının ödənilməsi hissəsində əsaslı hesab edir. Bundan əlavə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh **-PV-*** dövlət qeydiyyat nişanlı Toyota Prius markalı avtomobili icarə müqaviləsi əsasında idarə edərkən zərər vurmuşdur. Belə ki, “X2” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən 2007-ci il buraxılışlı “Toyota” markalı, Prius model, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 350 manat müəyyən edilir. Beləliklə, həmin avtomobilə dəymiş zərər 350 manat məbləğində müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi vurulmuş 350 manat maddi ziyanın ödənilməsi hissəsində də əsaslı olmaqla təmin edilməlidir. İddia tələbinin inzibati cərimə borcu ilə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, işə əlavə edilmiş qəbzlərdən göründüyü kimi, Cavabdeh müxtəlif tarixlərdə ümumilikdə 220 manat məbləğində inzibati cərimə olunmuşdur. Qeyd olunan cərimələr iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin təqsirli hərəkət və ya hərəkətsizliyinəticəsində iddiaçıya maddi ziyan vurulması və vurulmuş ziyanla cavabdehin hərəkətləri arasında səbəbli əlaqənin olması halı sübut edilmişdir. Bununla da, hazırkı mülki iş üzrə cavabdeh tərəfindən iddiaçıya ziyan vurulması halı müəyyən edilmişdir. İddia həmin hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin “yeni şəhadətnamənin alınması və evakuator xərclərinin ödənilməsi ilə xərclərin əvəzinin ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə də, işin faktiki halları ilə uyğunluq təşkil etdiyindən əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ödənilməmiş icarə haqqı borcu qismində 375 manat, 220 manat inzibati cərimələrin əvəzi, avtomobilə dəymiş zərərin əvəzi qismində 350 manat, yeni qeydiyyat şəhadətnaməsinin alınması üçün xərc və evakuator xərclərinin dəyəri 500 manat olmaqla, ümumilikdə 1445 manat pul vəsaiti və 35 manat ödənilmiş dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmalıdır.s Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ödənilməmiş icarə haqqı borcu qismində 375 manat, 220 manat inzibati cərimələrin əvəzi, avtomobilə dəymiş zərərin əvəzi qismində 350 manat, yeni qeydiyyat şəhadətnaməsinin alınması üçün xərc və evakuator xərclərinin dəyəri 500 manat olmaqla, ümumilikdə 1445 manat pul vəsaiti və 35 manat ödənilmiş dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №e-2(007)-623/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-623/2024
17.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver