Məhkəmə qərarları › İş №e-2(007)-628/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-628/2023

27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-628/2023 27.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2762,80 manat məbləğində əsas kredit borcunun və 444,79 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, cəmi 3207,59 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 52,08 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2019-cu il tarixli 009CASA193370004 saylı kredit müqaviləsinə əsasən cavabdeh Cəfərov Ağaməmməd Gülməmməd oğluna 22 ay müddətinə illik 25% dərəcəsi ilə 6000,00 manat məbləğində kredit verilmişdir. Kredit üzrə öhdəliklərin icrasının təmini kimi bankla Cavabdeh xx.xx.2019-cu il tarixli 009FİZAM09139301 saylı zaminlik müqaviləsi bağlanmış və o, kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cəfərov Ağaməmməd Gülməmməd oğlu xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Müvafiq dövlət orqanlarına edilmiş sorğular nəticəsində mərhum Cəfərov Ağaməmməd Gülməmməd oğlu ilə bağlı vərəsəlik işinin açılmaması (vərəsələrinin olmaması) müəyyən edilmişdir. Yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyindən cavabdeh (zamin) Cavabdeh dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, onun tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Qeyd olunan kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə cəmi 3207,59 manat məbləğində borc qalığı mövcuddur. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etdiyini, əsas borcu qəbul etdiyini, faizləri qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, atası Cəfərov Ağaməmməd Gülməmməd oğlu müalicə olunmaq üçün İddiaçı ASC-dən xx.xx.2019-cu il tarixdə kredit götürmüşdür. xx.xx.2020-cil tarixdə atası rəhmətə getmiş və sonra atasının kredit öhdəlikləri onun adına keçmişdir. O, həmin kredit borcunu ödəmiş, amma ödənişdə yubanmalar olmuşdur. Belə ki, şirkəti olmuş, 5 dil bilərək tərcüməçi işləmiş, yoldaşı və oğlu xəstə olmuş və ödənişlərdə yubanmalar əmələ gəlmişdir. Ailədə ondan başqa işləyən yoxdur. Sonra banka ayda 100 manat ödəyəcəyini bildirəndə onlar razılaşmış, o da yeni qrafiklə ödənişlərini ödəmişdir. O, yanvar, fevral və mart və aprel aylarını 100 manat ödəniş etməklə ümumilikdə 400 manat ödəniş etmişdir. Bu gün onun maddi vəziyyəti ağırdır, amma bankın borcunu ödəyəcəkdir. Onlara atasından ünvan 1 ünvanı miras qalmışdır. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, iddiaçı məhkəməyə ərizə ünvanlayaraq mülki işə iştirakları olmadan baxılmasını və təqdim olunmuş sübutlar əsasında iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə iddiaçının nümayəndəsi iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasda iştirak edən şəxsin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cuil tarixli, 009CASA193370004 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 22 ay müddətinə illik 25% faiz ödənilmək şərti ilə 6000 manat məbləğində kredit verilmişdir. Bu kredit müqaviləsinə əsasan yaranmış öhdəliklərin icrasına təminat olaraq İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 009FİZAM09139301 saylı zaminlik müqaviləsinə əsasən, Cavabdeh zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuş və müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi ilə bağlı Cəfərov Ağaməmməd Gülməmməd oğlu ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Daha sonra Cəfərov Ağaməmməd Gülməmməd oğlu xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Hazırda Cavabdeh həm əsas borclunun hüquqi varisi, həm də kredit müqaviləsi üzrə zamindir. Lakin Cavabdeh həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürməsinə baxmayaraq kredit müqaviləsindən irəli gələn öhdəliklərini pozmuş iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin kredit müqaviləsinə əsasən Banka 2762,80 manat əsas, 444,79 manat borcu olmaqla, cəmi 3207,59 manat məbləğində borcu vardır. Hazırda cavabdeh həmin kredit müqaviləsi üzrə borcu qismən qəbul etmiş və borc məbləğindən xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli ödəniş qəbzlərinə əsasən ümumilikdə 400 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Bununla da müəyyən olundu ki, Cavabdeh Mülki Məcəllənin 470.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada Cəfərov Ağaməmməd Gülməmməd oğlunun İddiaçı ASC qarşısında öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti, habelə Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən Cavabdeh zaminliklə təmin edilmiş öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşımağı, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı üzərlərinə götürmüşdür. Eyni zamanda, Cavabdeh xx.xx.2019-cu il tariхli kredit müqaviləsi üzrə zamin olmaqla yanaşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsi ilə hüquqi varis olmaqla atası Cəfərov Ağaməmməd Gülməmməd oğlunun kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməyə və Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və digər xərcləri ödəməlidir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddia ərizəsi verildikdən sonra 400 manat borc məbləğindən ödənildiyindən iddia tələbi qismən təmin edilərək cavabdehdən ümumilikdə 2762,80 manat vəsait iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli 009CASA193370004 saylı kredit müqaviləsi üzrə 2762,80 manat əsas borc, 444,79 manat məbləğində faiz borcu olmaqla, cəmi 3207,59 manat borcdan ödənilmiş 400 manat vəsait çıxılmaqla 2807,59 manat borc və ödənilmiş 52,08 manat dövlət rüsumunun əvəzi tutulmalı, iddia tələbi qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli 009CASA193370004 saylı kredit müqaviləsi üzrə 2762,80 manat əsas borc, 444,79 manat məbləğində faiz borcu olmaqla, cəmi 3207,59 manat borcdan ödənilmiş 400 manat vəsait çıxılmaqla 2807,59 manat borc və ödənilmiş 52,08 manat dövlət rüsumunun əvəzi tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar