Məhkəmə qərarları › İş №e-2(007)-641/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-641/2025

12.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-641/2025 12.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi (direktor) Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:

1. İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Nizamı qızından 2680 (iki min altı yüz səksən) manat əsas məbləğ, 200 (iki yüz) manat dəbbə pulu və dövlət rüsumu olaraq ödənilmiş 50 (əlli) manat pul məbləğinin alınaraq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar:

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 27/400 saylı, xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanılıb. Müqavilənin təminatı kimi, Ford Fusion markalı, ** RA *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi günlük 60 (altmış) manat, ümumi 2760 (iki min yeddi yüz altmış) manat ödəmək şərtiylə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək icarəyə verilib. Bildirirlər ki, cavabdeh tərəfindən icarə müqaviləsindən əmələ gələn öhdəliklər pozulub və ya lazımınca icra edilməyib. Belə ki, cavabdeh tərəfində ödənilməli olan icarə haqqının 500 (beş yüz) manatı ödənilmiş, 2260 (iki min iki yüz altmış) manat icarə haqqı ödənilməmiş saxlanılıb. Əlavə olaraq cavabdeh nəqliyyat vasitəsi təhvil alınan zaman nəqliyyat vasitəsinin sol arxa tərəfində (arxa qapı və qanad) bir sıra əziklər aşkarlanıb. Nəqliyyat vasitəsinə dəymiş zərər mütəxəssizlər tərəfindən 420 (dörd yüz iyirmi) manat məbləğində qiymətləndirilib. Qeyd edirlər ki, cavabdeh tərəfindən cəmiyyətə dəymiş zərər ümumilikdə 2680 (iki min altı yüz səksən) manat dəyərindədir. Borcun ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə müraciət etsələrdə, cavabdeh hər dəfəsində borcun ödənilməsindən yayınıb, baş vermiş problemin müsbət həlli üçün heçbir səy göstərməyib. Bu səbəblə, onlar məhkəməyə müraciət etmək qərarına gəliblər.

İş materialları:

3. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 27/421 saylı xx.xx.2024-cü il tarixli avtomobilin icarə müqaviləsinin surətindən görünür ki, MMC tərəfindən Ford Fusion markalı, ** RA *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi günlük 60 (altmış) manat, ümumi 2760 (iki min yeddi yüz altmış) manat ödəmək şərtiylə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Cavabdeh icarəyə verilib.

4. İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixli maliyyət arayışının surətindən görünür ki, AvtoRent 727 MMC-nin istifadəsində olan Ford Fusıon markalı, **-RA-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixli, 27/421 saylı icarə müqaviləsinə əsasən Cavabdeh günlük 60 (altmış) manat, ümumi 2760 (iki min yeddi yüz altmış) manat olmaq şərti ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək icarəyə verilmişdir. Cavabdeh tərəfindən 500 (beş yüz) manat ödənilmiş, ödənilməli olan 2260 (iki min iki yüz altmış) manat icarə haqqı ödənilməmiş saxlanılmışdır. Əlavə olaraq, Cavabdeh 420 (dörd yüz iyirmi) manat zərərə görə (ümumilikdə 2680 manat) borcu yaranmışdır.

5. Mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə 50 manat dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları:

6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (direktor) Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

7. Məhkəmə iclasında Cavabdeh izahat verərək, iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirdi.

8. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, o, iddia tələbini qəbul edir. 2680 manat əsas məbləğ, 200 manat dəbbə pulu və 50 manat dövlət rüsumunun iddiaçının xeyrinə ödəməyə razıdır. Etirafın nəticələri ona aydındır. Məhkəmə baxışının hədləri:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir; 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər; 223.1. Məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir.

İşin faktiki halı:

11. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı MMC-nin istifadəsində olan “Ford Fusion” markalı, **-RA-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixli, 27/421 saylı icarə müqaviləsinə əsasən Cavabdeh günlük 60 (altmış) manat, ümumilikdə 2760 (iki min yeddi yüz altmış) manat olmaq şərti ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək icarəyə vermişdir. Cavabdeh tərəfindən 500 (beş yüz) manat ödənilmiş, ödənilməli olan 2260 (iki min iki yüz altmış) manat icarə haqqı ödənilməmiş saxlanılmışdır. Əlavə olaraq, Cavabdeh 420 (dörd yüz iyirmi) manat zərərə görə borcu yaranmışdır. İddiaçı cavabdehə pulun geri qaytarılması barədə ona müraciət etmiş, ödəniş edilməyib. Hazırda iddiaçı 2260 manat icarə haqqı, 420 manat maddi zərər, 200 manat cərimə və məhkəmə xərclərini cavabdehdən tələb edir. Cavabdeh tərəf isə buna etiraz etməyərək iddia tələbini qəbul etmişdir.

Məhkəmənin mövqeyi:

12. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

13. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Cavabdeh iddia tələbini etiraf etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh iddia tələbini etirafı qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalıdır.

Nəticə:

14. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh 2680 (iki min altı yüz səksən) manat məbləğində pul, 200 (iki yüz) manat cərimə, ümumilikdə 2880 (iki min səkkiz yüz səksən) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

Məhkəmə xərcləri:

15. Azərbaycan Respublikası MPM-nin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

16. İş materiallarında olan qəbzlərdən görünür ki, iddiaçı tərəfindən ərizəsinin verilməsi üçün 50 manat dövlət rüsumu ödənilmişdir. Hazırkı tələbə münasibətdə (2880 manat) 48,8 manat dövlət rüsumunün ödənilməsi tələb olunur.

17. İddiaçının tələbi məhkəmə tərəfindən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumunun 48,8 manatı cavabdehə aid edilməli, dövlət rüsumunun 1,2 manatı iddiaçıya aid edilməlidir.

18. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh 2680 (iki min altı yüz səksən) manat məbləğində pul, 200 (iki yüz) manat cərimə, ümumilikdə 2880 (iki min səkkiz yüz səksən) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 48,8 (qırx səkkiz manat səksən qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun 1,2 (bir manat iyirmi qəpiyi) manatı İddiaçı MMC-yə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədirlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar