Məhkəmə qərarları › İş №e-2(007)-642/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-642/2024

01.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-642/2024 01.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı 056A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi X1 şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1.6667% olmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 (iyirmi min) manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 1717.51 manat ödəniş etmiş və onun iddiaçıya 18282.49 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-ci maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən bildirik ki, o, kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 134 gün üçün hesablanmış faiz borcu 1303.79 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun olaraq borclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 134 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 385.07 manat təşkil edir. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. Göstərilənlərə əsasən, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 18282.49 manat məbləğində kredit borcu, 1303.79 manat məbləğində faiz borcu və 385.07 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 19971.35 məbləğində borcun və tərəfimizdən ödənilmiş 149.92 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli ərizələr ilə müraciət edərək, iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, o, iddia ərizəsi ilə razı deyil. Cəmi 20000 manat pul götürmüş və hər ay ödənişlər etmişdir. Gecikmələr olduğundan cərimələr hesablanmış və o, cərimələri də ödəmişdir. Lakin onun ödədiyi məbləğlər ümumi borcdan çıxılmamışdır. Hesablanmalar düzgün aparılmamışdır. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2019-cu il tarixli Bank Xidmətlərinin Göstərilməsi X1 Şərtlərindən və 08 dekabr 2022-ci il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh aylıq faiz dərəcəsi 1.6667% olmaqla, 48 ay müddətinə 20000 manat məbləğində kredit verilmişdir. - İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehə ünvanlanmış xəbərdarlıq məktublarından görünür ki, cavabdeh "xxxx" QSC ilə bağladığı xx.xx.2022-ci tarixli müqaviləyə əsasən ödəniş planına uyğun olaraq 48 ay müddətinə aylıq ödəmək şərti ilə 20000,00 manat məbləğində kredit götürmüşdür. Borcluya kredit borcunu ödəməsi barədə dəfələrlə şifahi xəbərdarlıq olunmasına baxmayaraq, hazırki vaxtadək kredit borcunu ödəməkdən yayınmışdır. xx.xx.2023-cü il tarixinə gecikdirilmiş ödəniş məbləği 1854.82 manat (əsas məbləğ 929.14 manat, faiz ödənişi 646.56 manat, cərimə məbləği 279.12 manat) təşkil edir. xx.xx.2023-cü il tarixinədək gecikdirilmiş ödəniş məbləği banka qaytarılmasa, kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcək və borclunun borclu olduğu 19540.26 manat məbləğin (18362.76 manat təşkil edən əsas məbləğ, 908.06 manat faiz məbləği və 282.79 manat cərimə məbləği), həmçinin xx.xx.2023-cü il tarixindən sonra hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəkdir. - xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnun xx.xx.2022-ci il tarixli 056A********** saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixədək banka 18282.49 manat əsas borc, 1303.79 manat faiz borcu və 385.07 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 19971.35 manat borcu vardır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Məhkəmə Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/1353 saylı rəyindən görünür ki, xx.xx.2022-ci il tarixli, 056A********** saylı kredit müqaviləsində qeyd olunan şərtlərə əsasən, Cavabdeh xx.xx.2023-cü il tarixə (maliyyə arayışı üzrə tarixə) İddiaçı QSC olan borcu 19540.56 manat məbləğində (18309.74 manat əsas borc, 1230.82 manat faiz borcu) müəyyən edilir, o cümlədən xx.xx.2022-ci il tarixli, 056A********** saylı kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən Cavabdeh cərimə borcu hesablanmadı. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə müraciət etmək üçün 149.92 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına ələvə olunmuş Bank Xidmətlərinin Göstərilməsi X1 Şərtlərinin 7.32 və 7.32.1-ci bəndlərindən görünür ki, müştəri krediti və kredit faizini müqavilənin şərtlərinə əsasən və müvafiq ərizəyə uyğun olaraq qaytara bilmədikdə bank kredit və girov barədə qarışıq müqavilənin və ya nağd krediti barədə müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini və kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı QSC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli 056A********** saylı ərizəyə əsasən kredit müqaviləsi bağlanmışdır. İddiaçı QSC tərəfindən Cavabdeh 20000 manat məbləğində kredit verilmişdir. Cavabdeh qeyd olunan məbləği kredit müqaviləsində göstərilən 48 ay müddətinədək geri qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, kredit müqaviləsinə əsasən, cavabdeh müqavilədə üzərinə düşən öhdəliklərə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, tərəflər arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirərək müqavilədə nəzərdə tutulan məbləği cavabdehə versə də sonuncu öz öhdəliklərinə əməl etməmiş və icra etməmişdir. Cavabdehin kredit müqaviləsi üzrə borc məbləğlərinin müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın rəyi ilə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 056A********** saylı kredit müqaviləsi və hesabdan çıxarış məlumatları nəzərə alınaraq, Cavabdeh 28 noyabr 2023cü il tarixə (maliyyə arayışı üzrə tarixə) İddiaçı QSC-yə olan borcu əsas borc üzrə 18309,74 manat, faiz borcu üzrə 1230,82 manat müəyyən edilir. İddiaçı tərəfindən isə, cavabdehdən 18282,49 manat əsas borc, 1303,79 manat faiz borcu tələb edilmişdir. İddiaçı tərəfindən tutulmalı olan faiz borc məbləğinin azaldılması ilə bağlı ərizə təqdim edilməməsinə baxmayaraq, cavabdehin mənafeyini nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, ekspertizanın rəyi həmin hissədə mötəbər sübut növü qismində qəbul edilərək faiz borca dair hissədə iddia qismən təmin edilməlidir. İddia tələbinin əsas borcuna dair hissəsinə münasibətdə isə məhkəmə hesab edir ki, nə qədər ki, iddiaçı tərəfindən bununla bağlı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edilməmişdir, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbi baxımından məhkəmə hesab edir ki, iddia ərizəsində qeyd olunan 18282,49 manat əsas borc məbləği əsas götürülməli və iddia həmin hissədə təmin edilməlidir. Tərəflər arasında bağlanmış müqavilə ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da, Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 056A********** saylı kredit müqaviləsi üzrə 385.07 manat məbləğində cərimənin tələb olunması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğu üçün, həmin cərimənin məbləği azadılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, 385.07 manat məbləğində dəbbə pulu azaldılmalı və 100 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 18282.49 manat məbləğində kredit borcu, 1230.82 manat məbləğində faiz borcu, 100 manat məbləğində cərimə, cəmi 19613,31 manat tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli, ödənilmiş 49.92 manat dövlət rüsumu iddiaçıya aid edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 18282.49 manat əsas, 1230.82 manat faiz borcu, 100 manat cərimə olmaqla, cəmi 19523.31 manat borc və ödənilmiş dövlət rüsumu 100 manat tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 49.92 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar