Məhkəmə qərarları › İş №e-2(007)-68/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-68/2023

04.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-68/2023 04.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı QSC “Bank Standard” KB (ləğv prosesindədir) nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC “Bank Standard” KB-nın (ləğv prosesindədir) cavabdeh X4 oğluna qarşı “kredit müqaviləsi üzrə borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC “Bank Standard” KB (ləğv prosesində) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 7032,81 (yeddi min otuz iki, 81) manat məbləğində əsas borc, 7924,33 (yeddi min doqquz yüz iyirmi dörd, 33) manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 3918,09 (üç min doqquz yüz on səkkiz, 09) manat cərimə borcu, 996,66 (doqquz yüz doxsan altı, 66) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 19871,89 (on doqquz min səkkiz yüz yetmiş bir, 89) manat məbləğində pulun, 150 (yüz əlli) manat dövlət rüsümunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, QSC “Bank Standard” KB ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixində kredit verilməsi haqqında 1xx/xx/101651/15 saylı müqavilə bağlanmış, həmin kredit müqaviləsinə əsasən Bank tərəfindən cavabdehə illik 48 (qırx səkkiz) ay müddətinə illik 28 (iyirmi səkkiz) faiz ödənilməsi şərti ilə 8500 (səkkiz min beş yüz) manat məbləğində kredit verilmişdir. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 xx.xx.2015-ci il tarixli 1xx/xx/101651/15 saylı zaminlik müqaviləsi əsasında Kredit Müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Lakin cavabdehlər öz üzərinə götürdükləri kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehlərin Banka ümumilikdə 19871,89 manat məbləğində borcu qalmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-68\2023 saylı qərardadı ilə iddiaçı QSC “Bank Standard” KB-nın (ləğv prosesindədir) cavabdehlər X4 oğlu və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi” tələbinin Cavabdeh2 aid hissəsinə dair mülki işin icraatına Cavabdeh2 vəfat etməsi ilə əlaqədar xitam verilməsi, iddiaçı QSC “Bank Standard” KB-nın (ləğv prosesindədir) cavabdeh X4 oğluna qarşı “kredit müqaviləsi üzrə borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi” hissəsinə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi qərara alınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. O əlavə olaraq bildirdi ki, ekspert rəyi ilə razı deyillər. Cavabdeh1 ilə kredit müqaviləsi 4 illik bağlanmış, cavabdeh cəmi bir il, yəni 2016-cı ilin 8 ayına kimi ödəniş etmişdir. O, faiz borcuna münasibətdə bildirdi ki, faiz dərəcəsi 28 faiz dərəcəsidir, ona görə də məbləğ bu qədərdir və qanunamüvafiqdir. O, həmçinin qeyd etdi ki, hal-hazırki kredit müqaviləsi ilə bağlı hər hansı bir restruktruzasiya müqaviləsi imzalanmamış, yəni bu kredit restruktruzasiya olunmamışdır. Prezidentin fərmanı 10000 ABŞ dolları, 17000 manat ətrafında olmuş, amma tərəfin bankda başqa krediti də olmuş yəni onun banka daha artıq borcu olmuşdur. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh X4 oğlu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri barədə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş cavabdeh X4 oğlu iddia tələbini qismən, yəni əsas borca aid olan hissədə qəbul etdiyini, faizlərin həm vaxtına görə çox hesablandığını, həm də düzgün hesablanmadığını, faiz borcunu qəbul etmədiyini bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, Bankın o qədər faizi yazmaqda məqsədi nədir? O, 1000 manatı ödəyə bilmədiyi halda, 19000 manatı necə ödəyə biləcək? O, həmin bankdan əvvəllər də pul götürmüş, heç vaxt problem olmamış və vaxtlı-vaxtında ödəniş etmişdir. Bu krediti götürdüyü müddətdə də anası xəstə olmuş, anasının müalicəsinə həmin pulu sərf etmiş, sonra işdən çıxmış və ödəyə bilməmişdir. Sonradan bank bağlanmış, o da neçə dəfə ödəniş etmək, yenidən müqavilə imzalamaq və ya müqavilənin vaxtını uzatmaq məqəsilə banka müraciət etsə də, ona bankın bağlı olduğunu bildirmişlər. Ona bankdan faizlərinin bu qədər olması ilə bağlı bildiriş gəlməmiş, kredit borcu ilə bağlı sənədlər təqdim edilməmişdir. Beləliklə, o, faizlərdən xəbərdar olmamışdır. Bank isə faiz borcunu şişirtmişdir. O, sığorta fonduna yaxınlaşaraq borcunun nə qədər olduğunu öyrənməyə çalışsa da, aydınlıq gətirə bilməmişdir. O, kompensasiya da almamışdır. O, başqa bankdan pul götürməmişdir. O, ödəniş etməmiş, hal-hazırda bankın rəhbərliyə ilə ortaqa məxrəcə gəlmək istəmişdir. Ona görə də 1 ay vaxt verilməsini xahiş etmişdir. Ekspert rəyinin əsas borc hissəsi ilə razıdır. Digər məbləğlərlə razı deyildir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, QSC “Bank Standard” KB (Ləğv prosesindədir) ilə X4 oğlu arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/101651/15 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 48 ay müddətinə illik 28 faiz ödənilmək şərti ilə 8500 manat məbləğində kredit verilmişdir. Lakin X4 oğlu kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. QSC “Bank Standard” KB-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin kredit müqaviləsinə əsasən 7032,81 manat əsas, 7924,33 manat faiz, 3918,09 manat cərimə, 996,66 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi 19871,89 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin 9/9425 saylı xx.xx.2023-cü il tarixli rəyinə əsasən cavabdeh X4 oğlunun QSC “Bank Standard” KB-yə olan borcu müqavilə müddətinin bitmə tarixinə, yəni xx.xx.2019-cu il tarixə- əsas borc üzrə 6703,73 manat, faiz borcu üzrə 5048,93 manat, maliyyə arayışında qeyd edilən tarixə, yəni xx.xx.2022-ci il tarixə illik 5% hesablanmaqla əsas borc üzrə 6703,73 manat, faiz borcu üzrə 5980,93 manat, faiz borcu 5% ilə 932,00 manat, ekspert rəyinin tərtib edilmə tarixinə yəni xx.xx.2023-cü il tarixə illik 5% hesablanmaqla əsas borc üzrə 6703,73 manat, faiz borcu üzrə 6394,64 manat, faiz borcu 5% ilə 368,71 manat olaraq müəyyən edilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, kredit müqaviləsi üzrə məbləğlər restruktruzasiya olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” 24 dekabr 2014-cü il tarixli qərarına əsasən banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qeyd edilənlərlə müəyyən olundu ki, borclu X4 oğlu iddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB ilə bağladığı kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərini pozmuş və X4 oğlu öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hakimin işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalı olması barədə Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələblərindən çıxış edərək məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli rəy əsas götürülməklə, cavabdehdən iddiaçının xeyrinə əsas borc qismində 6703,73 manat əsas borc və 5048,93 manat faiz borcu, illik 5%-lə hesablanmaqla 368,71 manat məbləğində faiz borc tutulmalıdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, cərimə (dəbbə pulu) əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, 150 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə qeyd edir ki,məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi üçün sərf edilmiş 100 manat xərc cavabdehdən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, X4 oğlundan ləğv prosesində olan QSC “Bank Standard” KB-nın xeyrinə xx.xx.2015-ci il tarixli 1xx/xx/101651/15 saylı kredit müqaviləsi üzrə 6703,73 manat məbləğində əsas borc, 5048,93 manat məbləğində faiz borcu, 460 manat məbləğində cərimə borcu, 368,71 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, ümumilikdə 12581,37 manat məbləğində vəsait və 150 manat dövlət rüsümunun əvəzi tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. X4 oğlundan ləğv prosesində olan QSC “Bank Standard” KB-nın xeyrinə xx.xx.2015ci il tarixli 1xx/xx/101651/15 saylı kredit müqaviləsi üzrə 6703,73 manat məbləğində əsas borc, 5048,93 manat məbləğində faiz borcu, 460 manat məbləğində cərimə borcu, 368,71 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, ümumilikdə 12581,37 manat məbləğində vəsait və 150 manat dövlət rüsümunun əvəzi tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat pul X4 oğlundan alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (VÖEN: **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar