Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-685/2024 15.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh Qəhrəmani Əli Qəhrəman oğlunun iştirakları ilə, İddiaçı "X4" Bakı Filialının cavabdehlər Cavabdeh1 və Qəhrəmani Əli Qəhrəman oğluna qarşı “borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "X4" Bakı Filialı cavabdehlər Cavabdeh1 və Qəhrəmani Əli Qəhrəman oğluna qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "X4" Bakı filialı ilə Cavabdeh1 arasında imzalanmış 25 may 2021-ci il tarixli 461 saylı kredit müqaviləsinə əsasən sonuncuya illik kreditdən istifadə haqqı 19% ödəmək şərti ilə 36 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Həmin tarixdə verilmiş kreditin qaytarılmasının təminatı kimi "X4" Bakı filialı ilə Qəhrəmani Əli Qəhrəman oğlu arasında 630 saylı zaminlik müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinin 4.1 – ci maddəsinə əsasən “Borcalan” ssuda hesabında qalıq əmələ gəldiyi gündən 1 ay sonradan başlayaraq Banka ssuda borcu ssuda hesabının qalığına hesablanmış faizlər də daxil olmaqla 183,28 manat ödəməli idi. Bu müqavilənin 2.2-ci bəndinə görə “Borcalan” tərəfindən “Kredit müqaviləsi”nin hər hansı bir şərti pozulduqda “Bank” verilmiş krediti hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Müqavilə şərtlərinə uyğun olaraq “Borcalan” 11 dekabr 2023-cü il tarixə “Bank”a kredit borcu üzrə 5498,40 manat ödəniş yerinə yetirməli idi. Lakin xx.xx.2023-cü il tarixə kimi “Borcalan” tərəfindən “Banka”a cəmi 4342 manat ödəniş etmişdir. Tərəflərindən borcalana kredit müqaviləsi üzrə öhdəliklə yerinə yetirməsi üçün dəfələrlə yazılı və şifahi xəbardarlıqlar olunmuşdur. Lakin borcalan kredit borcunu yerinə yetirməmişdir. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən kredit vaxtında ödənilmədikdə gecikdirilmiş hər bir gün üçün, “Borcalan” “Bank”a illik 29% ödəməlidir. Cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edilərək, kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi tələb olunsa da, onun tərəfindən bu öhdəliklərin yerinə yetirilməsi üçün heç bir tədbir göstərilməmişdir. Cavabdeh1 ilə bağlanmış 25 may 2021-ci il tarixli, 30 saylı Güzəştli kredit müqaviləsinin təminatı olaraq həmin tarixdə Qəhrəmani Əli Qəhrəman oğlu arasında 630 saylı zaminlik müqaviləsi imzalanmışdır. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə görə Zamin borcalan bank qarşısında öz öhdəliyini yerinə yetirənədək bank qarşısında borcalanla birlikdə məsuliyyət daşıyır. Zaminlik müqaviləsinin 4.1-ci bəndinə görə “Borcalan” zaminliklə təmin olunmuş öhdəliyi təmin etmədikdə və ya lazımınca icra etmədikdə zamin Bank qarşısında kredit borcu üzrə yaranmış Bankın ilk tələbinə heç bir iddia irəlisürmədən dərhal ödəməyi öz öhdəsinə götürür. Qeyd edilənlərə əsasən Cavabdeh1 və Qəhrəmani Əli Qəhrəman oğlundan 2620,14 manat (bundan 2452,54 manat əsas borc və 167,60 manat faiz borcu təşkil edir) məbləğində 11 dekabr 2023-cü il tarixinə olan kredit borcunun və ödənilmiş 46,20 manat dövlət rüsumunun tutularaq "X4" Bakı filialına ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Qəhrəmani Əli Qəhrəman oğlu iddia tələbini qəbul edib izahatında bildirmişdir ki, onlar son 2-3 ay ərzində ödənişləri etməmişlər. Hazırda isə maddi imkanları yol verir ki, borclarını ödəsinlər. Göstərdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “X4” Bakı Filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 461 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh1 36 ay müddətinə illik 19% hesablanmaqla 5000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 36 ay müddətinə kreditin əsas məbləğinin və ona hesablanmış cərimənin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - xx.xx.2021-ci il tarixli 630 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Qəhrəmani Əli Qəhrəman oğlu kredit müqaviləsi üzrə banka olan krediti və faizləri məbləğində, həmçinin bu kreditlə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s. üçün məsuliyyət daşıyır. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən borcalan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin bank qarşısında kredit borcu üzrə yaranmış borc bankın ilk tələbində heç bir iddia irəli sürmədən dərhal ödəməyi öz öhdəsinə götürür və bank tərəfindən “X4” Bakı filialında və digər banklarda hesablarında olan vəsaitin tutulmasına, bankda girovda olan mənzilinin boşaldılmasına və tələbin girova yönəldilməsinə icazə verir. - “X4” Bakı Filialının 2023/1662 saylı, xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, “X4" Bakı Filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 461 saylı kredit müqaviləsi üzrə borclunun xx.xx.2023-cü il tarixə 2452,54 manat əsas, 167,60 manat faiz borcu olmaqla, cəmi 2620,14 manat borcu vardır. - “X4” Bakı Filialının xx.xx.2023-cü il tarixli bildirişlərindən görünür ki, Cavabdeh1 və Qəhrəmani Əli Qəhrəman oğlundan Bank qarşısında olan gecikdirilmiş borcun ödənilməsi tələb olunmuşdur, əks təqdirdə Bank tərəfindən məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşlar. - Dövlət rüsumu haqqında məlumatdan görünür ki, iddia ərizəsinin verilməsi üçün “X4” Bakı Filialı tərəfindən xx.xx.2023-cü il tarixdə 46,20 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı “X4” Bakı Filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 461 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 36 ay müddətinə illik 19% hesablanmaqla 5000 manat məbləğində kredit verilmiş, Cavabdeh1 həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Digər cavabdeh Qəhrəmani Əli Qəhrəman oğlu borcalan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin bank qarşısında kredit borcu üzrə yaranmış borc bankın ilk tələbində heç bir iddia irəli sürmədən dərhal ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin cavabdehlər kreditin ödənilməsi üzrə müqavilə ilə üzərlərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişlər. Nəticədə cavabdehlərin iddiaçıya borcları yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh1 iddiaçı "X4" Bakı Filialı ilə bağladığı xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl edib krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh1 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bununla da, müəyyən olundu ki, cavabdeh Qəhrəmani Əli Qəhrəman oğlu xx.xx.2021-ci il tarixli 461 saylı kredit müqaviləsi üzrə Mülki Məcəllənin 470.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada Cavabdeh1 "X4" Bakı Filialı qarşısında öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti, habelə Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu Cavabdeh1 zaminliklə təmin edilmiş öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşımağı, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdehlər müqavilə üzrə bank qarşısında öhdəlik götürdüklərindən və cavabdehlər müqavilə üzrə onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdıqlarından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və digər xərcləri ödəməlidirlər. Ona görə iddia əsaslı hesab olunaraq təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2021-ci il tarixli 461 saylı kredit müqaviləsi üzrə 2452,54 manat əsas borc və 167,60 manat faiz borcu olmaqla, cəmi 2620,14 manat borc Cavabdeh1 və Qəhrəmani Əli Qəhrəman oğlundan müştərək qaydada tutulub, "X4" Bakı Filialına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla bağlı məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli 461 saylı kredit müqaviləsi üzrə 2452,54 manat əsas borc və 167,60 manat faiz borcu olmaqla, cəmi 2620,14 manat borc və ödənilmiş 46,20 manat dövlət rüsumunun əvəzi Cavabdeh1 və Qəhrəmani Əli Qəhrəman oğlundan müştərək qaydada tutulub, "X4" Bakı Filialına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №e-2(007)-685/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-685/2024
15.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver