Məhkəmə qərarları › İş №e-2(007)-7/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-7/2024

29.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-7/2024 29.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış 30 dekabr 2013-cü il tarixli 1xx/xx/102333/13 saylı kredit müqaviləsi üzrə cavabdehdən 192,76 (yüz doxsan iki, 76 qəpik) manat məbləğində əsas borc, 29,90 (iyirmi doqquz, 90 qəpik) manat məbləğində faiz borcu, 21,53 (iyirmi bir, 53 qəpik) manat məbləğində cərimə borcu, 31,29 (otuz bir, 29 qəpik) manat AR MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, ümumilikdə isə 275,48 (iki yüz yetmiş beş, 48 qəpik) manat məbləğində pulun və 20 (iyirmi) manat dövlət rüsumu hesablanmaqla ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, iddia əsaslıdır və cavabdehin vərəsələri müəyyənləşdirilməlidir. Cavabdehin ölümündən sonra vərəsəlik işi açılıb. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Cavabdeh xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Məhkəmə, iddia ərizəsini, ona əlavə olunmuş sənədləri və mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 46-cı maddəsinə əsasən tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdirlər; 48-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. 49.1-ci maddəsinə əsasən öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər; 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar; 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6— 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir; 261.0.7-ci maddəsinə iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə iş üzrə icraata xitam verilir. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Məhkəmə ilk növbədə qeyd edir ki, Mülki-Prosessual Məcəlləsində "cavabdeh" prosesin tərəfi kimi müəyyən edilmiş və "cavabdehin" ümumi qaydada anlayışı verilmiş, bu kateqoriyaya aid şəxslərin hüquq və vəzifələri təsbit edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Cavabdeh iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılmamışdan əvvəl, yəni xx.xx.2015-ci il tarixdə vəfat etmiş, iddiaçının iddia ərizəsi isə məhkəməyə xx.xx.2018-ci il tarixdə daxil olmuşdur. Belə ki, hazırda iddiaçı ölmüş şəxsə qarşı iddia qaldıraraq cavabdehin vərəsələrinin müəyyən edilməsi üçün hərəkətlər etməmişdir. Mülki Məcəllənin 25.2-ci maddəsinə görə fiziki şəxsin hüquq qabiliyyəti onun ölümü ilə xətm edilir. Belə olan halda isə ölmüş şəxsin Mülki Prosessual Məcəllənin 48-ci və 49cu maddələrində təsbit olunmuş mülki prosessual hüquq qabiliyyəti və mülki prosessual fəaliyyət qabiliyyəti mövcud deyildir. Ona görə də, məhkəmə hesab edir ki, ölmüş şəxsə qarşı iddia irəli sürülməsi, eyni zamanda məhkəmə tərəfindən həmin şəxsin tərəf kimi qəbul edilməsi prosessual baxımdan qeyri-mümkündür. Həmçinin, Mülki Prosessual Məcəllənin 58.1-ci maddəsinin tələblərinə görə mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Qeyd olunan maddədən də görünür ki, yalnız mülki iş üzrə tərəf sıradan çıxdıqda prosessual hüquq varisliyinə yol verilir. Hazırkı işdə cavabdeh kimi göstərilmiş şəxs isə tərəf kimi qəbul edilə bilməz. Çünki cavabdeh kimi göstərilmiş şəxs iddia ərizəsi verilməmişdən əvvəl vəfat etdiyinə görə işdə tərəf statusunu əldə etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh məhkəmədə iddia qaldırıldıqdan əvvəl öldüyündən hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar