Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-743/2024 11.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı Bank "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşməsinə dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh3 arasında xx.xx.2021-ci il tarixli RPZ-00019-09/21A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2023-cü il tarixinə ödənilməmiş 8624.40 manat əsas borc, 1203.93 manat faiz borcu, 554.66 manat dəbbə borcu və iddia qaldırılması üçün ödənilmiş 122 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə tutularaq ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh3 arasında xx.xx.2021-ci il tarixli RPZ-00019-09/21A saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, Bank "xxxx" ASC 13266.85 məbləğində krediti illik 27 faizlə 48 ay müddətinə kredit verilmişdir. Cavabdeh2 xx.xx.2021-ci il tarixdə iddiaçıyla RPZZ- 00019-09-21A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh3 həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Cavabdeh1 xx.xx.2021-ci il tarixdə iddiaçıyla RPZZ- 00019-09-21A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh3 həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Cavabdeh3 kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə iddiaçı cavabdehlə arasında olan müqaviləsinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur.
İş materialları :
3. İddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli RPZ-00019-09/21A saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh3 illik 27% faiz ilə 48 ay müddətinə 13266.85 manat məbləğində kredit borcalanın mülkiyyətinə verilmişdir. Borcalan isə həmin krediti xx.xx.2025-ci il tarixinədək faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür.
4. İddiaçı Bank "xxxx" ASC ilə zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, RPZZ-00019-09/21A saylı Zaminlik müqaviləsinə əsasən və Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, RPEZZ-00019-09/21A saylı Zaminlik müqaviləsinə əsasən müəyyən olunur ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Bank "xxxx" ASC ilə borclu Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli RPZ-00019-09/21A saylı kredit müqaviləsində nəzərdə tutulan 48 ay müddətinə, 27% faiz olmaqla 13266.85 manat borc məbləğinin və ona hesablanılmış faizlərin və kredit müqaviləsinən irəli gələn digər ödənişlərin qaytarılmasını öhdəsinə götürmüşdür.
5. xx.xx.2021-ci il tarixli RPZ-00019-09/21A saylı kredit müqaviləsinə əlavə 1 olan ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, Cavabdeh3 kredit müqaviləsinə uyğun olaraq 48 ay müdətinə, illik 27% faiz dərəcəsi ilə, ayda 455 manat ödəmək şərti ilə, xx.xx.2021-ci tarixindən başlayaraq xx.xx.2025-ci il tarixədək 13266.85 manat məbləğində əsas borc ödənişi və 8543.43 manat faiz ödənişi etməyi öhdəsinə götürmüşdür.
6. İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ünvanlandırdığı bildirişin surətindən görünür ki, cavabdeh tərəfindən kredit müqaviləsinin tələbləri pozulmuş, kredit ödənişləri müqavilənin tərkib hissəsi hesab edilən ödəniş cədvəlinə uyğun həyata keçirilməmiş, bununla da kredit öhdəlikləri lazımınca icra edilməmişdir. Nəticədə cavabdehlərin xx.xx.2023-cü il tarixə olan borc qalığı 8624.4 manat əsas borc, 1203.93 manat faiz borcu, 554.66 manat dəbbə borcu olmaqla, cəmi 10382.99 manat borcu olmuşdur. Cavabdehlər müqaviləyə vaxtından əvvəl xitam veriləcəyi və məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişlər.
7. İddiaçı Bank "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü tarixli maliyyə arayışından görünür ki, Bank "xxxx" ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli RPZ-00019-09/21A saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə 8624.4 manat əsas borc, 1203.93 manat faiz borcu, 554.66 manat dəbbə borcu olmaqla, cəmi 10382.99 manat borcu vardır. Cavabdeh tərəfindən sonuncu ödəniş xx.xx.2023-cü il tarixdə edilmişdir.
8. xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı Bank "xxxx" ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 122 manat dövlət rüsumu ödənilmişdir.
9. Cavabdeh3 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, cavabdeh kreditin digər cavabdehlər tərəfindən ödənilməli olmadığını və kreditin tezliklə ödənilərək bağlanacağını bildirmişdir.
Tərəflərin izahatları :
10. Məhkəmə iclasında iştirak edən iddiaçı Bank "xxxx" ASC-nin nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında Cavabdeh3 zamin durduğunu, əsas borclunun şirkəti, əmlakı olduğunu və əsas borclu kredit borcunu ödəmədiyi halda kreditin zaminlərdən tutulmalı olduğunu bildirmişdir. Həmçinin əlavə olaraq bildirmişdir ki, əsas borclu Cavabdeh3 barəsində istintaq gedir, digər Cavabdeh1 isə Qarabağda işlədiyi üçün məhkəmə prosesinə gəlib getməsi çətindir.
İşin faktiki halı :
12. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı Bank "xxxx" ASC Cavabdeh3 arasında xx.xx.2021-ci il tarixli RPZ-00019-09/21A saylı kredit müqaviləsi, Bank "xxxx" ASC ilə zaminlər Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli RPZZ-00019-09-21A saylı və Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli RPEZZ-00019- 09-21A saylı Zaminlik müqavilələrinin bağlanması, Cavabdeh3 kredit müqaviləsindən və Cavabdeh2 və Cavabdeh3 Zaminlik müqavilələrindən irəli gələn öhdəlikləri lazımi qaydada yerinə yetirilməməsi hazırki mülki işin mübahisəsiz halıdır.
13. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasında bağlanılan müqavilədən irəli gələn öhdəlik hüquq münasibətinə Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır.
Məhkəmə baxışının hədləri:
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :
739.1. borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
Məhkəmənin mövqeyi :
17. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
17. Qeyd etmək lazımdır ki, qanunvericilikdə kredit müqaviləsi borc müqaviləsinin bir növü kimi müəyyən edilmişdir. Belə ki, mülki qanunvericiliyə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (MM 739.2)
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası mülki Məcəlləsinin 746-cı maddəsinin istehlak kreditlərinə tətbiqinin mümkünlüyü baxımından şərh edilməsinə dair” 27 may 2019-cu il tarixli Qərarında qeyd edilir ki, kredit müqaviləsi ikitərəfli müqavilələrdən olub, bağlanması ilə hər iki tərəf, yəni həm kredit alan, həm də kredit verən üçün müəyyən vəzifələr yaratmış olur. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür.
19. Qeyd etmək lazımdır ki, kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir.
20. İş materiallarına əlavə edilmiş Bank "xxxx" ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli RPZ-00019-09/21A saylı kredit müqaviləsi və xx.xx.2021-ci il tarixli RPZ-00019-09/21A saylı kredit müqaviləsi əlavə olan ödəniş cədvəlinə əsasən müəyyən edilmişdir ki, Cavabdeh3 kredit müqaviləsinə uyğun olaraq 48 ay müdətinə, 27% faiz olmaqla, ayda 455 manat ödəmək şərti ilə, xx.xx.2021-ci tarixindən başlayaraq xx.xx.2025-ci il tarixədək 13266.85 manat məbləğində əsas borc ödənişi etməyi öhdəsinə götürmüşdür.
21. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, iddiaçı Bank "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixli RPZ-00019-09/21A saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək Cavabdeh3 48 ay müdətinə, illik 27% faiz dərəcəsi ilə, ayda 455 manat ödəmək şərti ilə, xx.xx.2021-ci tarixindən başlayaraq xx.xx.2025-ci il tarixədək 13266.85 manat məbləğində kredit verilmiş, lakin Cavabdeh3 iş materiallarına əsasən (maliyyə arayışı) müəyyən olunur ki, xx.xx.2021-ci il tarixli RPZ-00019-09/21A saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca, yəni vaxtında, ödəniş qrafikinə uyğun yerinə yetirməmişdir.
22. Məhkəmə qeyd edir ki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditiora zərər dəyir. Mülki qanunvericiliyə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
23. Mülki qanunvericiliyə əsasən (MM 421.2) tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
24. İddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh3 arasinda bağlanmış xx.xx.2021-ci il tarixli RPZ-00019-09/21A saylı kredit müqaviləsinin 2.9-cu bəndində nəzərdə tutulmuşdur ki, borcverən borcalanın bu müqavilə üzrə öhdəliyinin vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən aşağıdakı hallarda bu müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə və kreditin qalıq məbləğinin bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş bütün dövr üçün hesablanmış kredit faizinin qalıq məbləği ilə birlikdə qaytarılmasını borcalandan tələb edə bilər : borcalan krediti və onun faizlərinin ödənilməsi dövriliyini ən azı iki dəfə beş təqvim günündən çox pozduqda və d.
25. Belə olan halda məhkəmə qeyd edir ki, Cavabdeh3 öz üzərinə düşən öhdəliyi yerinə yetirməməsi, ödəniş qrafikini pozması işin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edildiyindən iddiaçı Bank "xxxx" ASC hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
26. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən qeyd edir ki, Cavabdeh3 xx.xx.2021-ci il tarixli RPZ-00019-09/21A saylı kredit müqaviləsi üzrə əsas borcu 8624.4 manat, faiz borcu isə 1203.93 manat təşkil edir.
27. Həmçinin iddiaçı Bank "xxxx" ASC Cavabdeh3 544.66 manat məbləğində cərimənin tutulması tələbini irəli sürmüşdür.
28. İddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh3 arasinda bağlanmış xx.xx.2021-ci il tarixli RPZ-00019-09/21A saylı kredit müqaviləsinin 5.3-cü bəndində nəzərdə tutulmuşdur ki, borcverən kreditin dərhal qaytarılmasını tələb etməklə yanaşı borcalana qarşı istifadə edilmiş kreditin ümumi məbləğinin 1 faizi miqdarında cərimə tətbiq edə bilər. 5.4-cü bəndində nəzərdə tutulmuşdur ki. Borcalan kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənilməsini 3 təqvim günündən çox gecikdirdikdə, 4-cü günündən etibarən, kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc məbləğinin 0.5 faizi məbləğində gündəlik cərimə hesablanır.
29. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, 544.66 manat təşkil edən dəbbə pulu məbləğinin 50 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir.
Zaminlik müqavilələri üzrə zaminlərdən tutulmanın aparılması ilə bağlı :
26. Məhkəmə qeyd edir ki, iddiaçı Bank "xxxx" ASC-nin iddia tələbi zaminlər Cavabdeh1, Cavabdeh2 aid hissələrdə əsaslı olduğundan təmin edilməlidir.
27. Mülki qanunvericiliyə əsasən (MM 470.1) zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur (471). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (MM 472).
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır.
29. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2021-ci il tarixli, RPZZ-00019- 09/21A saylı və xx.xx.2021-ci il tarixli, RPEZZ-00019-09/21A Zaminlik müqavilələrində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilmişdir. Belə ki, xx.xx.2021-ci il tarixli müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuşdur ki, Bank "xxxx" ASC ilə “Borclu” arasında bağlanmış xx.xx.2021-ci il tarixli, RPZ-00019-09/21A nömrəli kredit müqaviləsinə əsasən 48 ay müdətinə, 27% faiz olmaqla, 13266.85 manat borc məbləğinin və ona hesablanmış faizlərin və kredit müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi “Zamin”-lər “Borclu”nun öhdəliklərinin yerinə yetirilməsinə görə Bank "xxxx" ASC qarşısında cavabdehlik daşımağı öhdələrinə götürürlər.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 472-ci maddəsində göstərilir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göründüyü kimi, qanunverici zaminin məsuliyyətinin iki növünü fərqləndirmişdir: - birgə məsuliyyət; - subsidiar məsuliyyət. Birgə (solidar, latınca “solidus”- tam, bütöv) məsuliyyətin başlıca cəhəti ondan ibarətdir ki, zaminlik müqaviləsi üzrə bu məsuliyyət növü razılaşdırıldığı halda kreditor əsas öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə öz istəyi və mülahizəsi ilə tələbini, eyni zamanda, həm əsas borcluya, həm də birgə məsuliyyət daşıyan zaminə və ya onlardan birinə qarşı yönəldə bilər. Subsidiar (latınca “subsidiarius” - ehtiyat, yardımçı) məsuliyyət zamanı zaminliklə təminat altına alınmış öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor, ilk növbədə, əsas borcluya qarşı tələb irəli sürməli, onun tərəfindən öhdəliyin icrasının təmin edilməsi üçün mümkün vasitələrdən istifadə etməli, məhkəmədə iddia qaldıraraq borclunun müqavilədən irəli gələn vəzifələrinin məcburi icrasına və (və ya) dəymiş zərərin əvəzinin ödənilməsinə yönəlmiş zəruri hərəkətləri etməlidir. Yalnız bundan sonra öhdəliyin icra edilməsi ilə bağlı tələb subsidiar məsuliyyət daşıyan zaminə qarşı irəli sürülə bilər.
31. Həmin müqavilələrin 2.1-ci bəndində nəzərdə tutulmuşdur ki, zamin borcalanın kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyinin nəticəsində əmələ gələn faizlərin, dəbbə pulunun, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla bağlı zərərin əvəzinin ödənilməsinə görə Bank qarşısında borcaıan ilə eyni həcmdə birgə məsuliyyət daşıyır.
32. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd etdiyimiz mövqeyindən çıxış edərək qeyd edir ki, tərəflər arasında bağlanmış zaminlik müqavilələri üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 “borc alan”la birgə məsuliyyət daşımağı öhdəsinə götürdüklərindən iddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia tələbi ilə müraciət etməkdə haqlı olmuşdur.
33. Qeyd olunanlara əsasən məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2021-ci il tarixli, RPZ- 00019-09/21A saylı kredit müqaviləsi üzrə 8624.4 manat əsas borc, 1203.93 manat faiz borcu və 50 manat dəbbə borcu olmaqla, cəmi 9878.33 manat pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASCyə ödənilməlidir.
Məhkəmə xərcləri :
34. İddiaçı Bank "xxxx" ASC məhkəməyə müraciət etmək üçün ödənilmiş ödənilmiş dövlət rüsumunun əvəzi qismində 122 manat və ödənilmiş bank xidmət haqqının əvəzi qismində 0.40 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutulmasını xahiş etmişdir.
35. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyinə görə Azərbaycan Respublikası MPMnin 119.1-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində ödənilmiş dövlət rüsumunun əvəzi qismində 122 manat və ödənilmiş bank xidmət haqqının əvəzi qismində 0.40 manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.
Nəticə :
36. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli və xx.xx.2021-ci il tarixli kredit müqaviləsi və zaminlik müqavilələri üzrə 8624.4 manat əsas borc, 1203.93 manat faiz borcu və 50 manat dəbbə borcu olmaqla, cəmi 9878.33 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçı Bank "xxxx" ASC-nin hesabına ödənilməlidir.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi:
İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2021-ci il tarixli, RPZ-00019-09/21A saylı kredit müqaviləsi üzrə 8624.4 manat əsas borc, 1203.93 manat faiz borcu və 50 manat dəbbə borcu olmaqla, cəmi 9878.33 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 122 manat və ödənilmiş bank xidmət haqqının əvəzi qismində 0.40 manat məbləğində pul vəsaiti iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə tutulsun. İddiaçı Bank "xxxx" ASC-nin iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva