Məhkəmə qərarları › İş №e-2(007)-775/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-775/2023

29.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-775/2023 29.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" X2 cavabdehlər Cavabdeh3, Cavabdeh2 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X2 cavabdehlər Cavabdeh3, Cavabdeh2 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" X3 vurulmuş 4246 (dörd min iki yüz qırx altı) manat məbləğində maddi ziyanın cavabdehlər "xxxx" ASC-dən, Cavabdeh2 və Cavabdeh3 tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2, mülkiyyət hüququ Cavabdeh3 məxsus **-TB-*** dövlət qeydiyyat nişanlı “MAZ” markalı avtomobil ilə xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yol nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" X3 məxsus 1 ədəd çuğun altlıqlı 1 çıraqlı işıq dirəyi zərərə uğrayaraq sıradan çıxmışdır. Yol nəqliyyat hadisəsi ilə bağlı Binəqədi rayon DYPŞ-nin əməkdaşları tərəfindən tərtib edilən İXP ******* saylı İnzibati Xəta haqqında protokola və Binəqədi rayon məhkəməsinin 3(001)-5/2021 saylı xx.xx.2021-ci il tarixli qərarına əsasən, yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 tanınmışdır. Bildirirlər ki, 1 ədəd çuğun altlıqlı 1 çıraqlı işıq dirəyinin sıradan çıxması nəticəsində müəssisəyə dəymiş maddi zərər 4246 (dörd min yüz qırx altı) manat məbləğində hesablanmışdır. Cavabdeh tərəfindən idarə edilən “Maz 642208 232R8 yük” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası PGU********** saylı şəhadətnamə əsasında "xxxx" ASC-də sığortalanmışdır. Qeyd edirlər ki, hadisə nəticəsində zərər dəymiş işıq dirəyi dövlət mülkiyyətidir, istismarı və texniki xidmətinin təşkili məqsədi ilə əvəzsiz olaraq "xxxx" X2 balansına verilmişdir. Tərəflərindən cavabdehlərə maddi ziyanın ödənilməsi üçün müraciət olunmuş lakin onlar üzərlərinə düşən öhdəliyi yerinə yetirməmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər (ASC-nin nümayəndəsi) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdehlərin üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AD seriyalı 541646 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “MAZ 642208 232R8 yük” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh3 mülkiyyətindədir. - Bakı şəhəri Binəqədi rayon polis idarəsinin DYPŞ-nin xx.xx.2020-ci il tarixli, İXP ******* nömrəli protokolunun surətindən görünür ki, “MAZ 642208 232R8 yük” markalı, **- TB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh2 barəsində xx.xx.2020-ci ildə, saat 00:30-da törədilmiş yol nəqliyyat hadisəsi ilə bağlı, İXM-nin 327.1, 332.1 və 332.4-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(001)-5/2021 saylı qərarından görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.1, 327.6 və 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və həmin Məcəllənin 38.5-ci maddəsinə əsasən məsuliyyətə cəlb etmə müddəti keçdiyindən ona inzibati tənbeh tətbiq edilməmiş, həmçinin barəsində Bakı şəhəri Binəqədi rayon polis idarəsinin DYPŞ-nin İXM-nin 327.1, 332.1 və 332.4-cü maddələri ilə tərtib etdiyi xx.xx.2020-ci il tarixli, İXP ******* nömrəli protokola xitam verilmişdir. - Bakı Şəhər İcra Hakimiyyəti "xxxx" Elektrik Müəssisəsi tərəfindən cavabdeh "xxxx" ASC-yə ünvanlanmış məktublardan görünür ki, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində Bakı Şəhər İcra Hakimiyyəti "xxxx" Elektrik Müəssisəsinə məxsus 1 ədəd çuğun altlıqlı “Fonar” tipli işıq dirəyinə çırpılmış və nəticədə müəssisəyə 4246 manat manat ziyan dəymişdir. Həmin nəqliyyat vasitəsinin sahibliyinin mülki məsuliyyətinin icbari sığortasının, PGU********** saylı şəhadətnamə əsasında "xxxx" ASC-də sığortalandığı nəzərə alınaraq, cəmiyyətə xx.xx.2020-ci ildə məktub göndərilmişdir. Həmin məktuba cavab olaraq müəssisəyə xx.xx.2020-ci il tarixdə PGU-201845 saylı akt daxil olmuş, lakin həmin aktda zərərin məbləği azaldılaraq 2200 manat hesablanmış, aktda göstərilən məbləğlə razı olunmadığı bildirilmişdir. Qeyd edilmişdir ki, hadisə nəticəsində zərər dəymiş işıq dirəyi dövlət mülkiyyətidir, istismarı və texniki xidmətinin təşkili məqsədi ilə əvəzsiz olaraq "xxxx" X2 balansına verilmişdir. Bu səbəbdən dəymiş 4246 manat maddi ziyanın Müəssisənin bank hesabına köçürülməsi xahiş edilmişdir. - "xxxx" X2 direktoru tərəfindən təsdiq edilmiş Binəqədi rayonu, Tblisi şosesi R.İsmayılov küçəsində **-TB-*** dövlət nömrə nişanlı avtomobil ilə vurulmuş dirəyin bərpasına sərf olunan xərclərin Smetasından görünür ki, 1 ədəd “Çuğun altlıqlı” 1 çıraqlı işıq dirəyinin qiyməti 4246 manat təşkil edir. - "xxxx" ASC-nin nümayəndəsinin xx.xx.2023-cü il tarixdə Elektron kabinet vasitəsilə verdiyi vəsatətinə əsasən, məhkəmə tərəfindən təyin edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 12 iyun 2023-cü il tarixli, 9/2111 nömrəli rəyindən görünür ki, iş materiallarında olan "xxxx" X4 tərəfindən tərtib edilmiş akta əsasən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində zədələnmiş 01 ədəd çuğun altlıqlı 1 çıraqlı işıq dirəyinə dəyən zərərin məbləği 4246,0 manat müəyyən olunur. - İcbari Sığorta Bürosundan çıxarışdan məlum olur ki, “MAZ 642208 232R8 yük” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən sığortalanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh2 xx.xx.2020-ci il tarixdə "xxxx" ASC tərəfindən icbari sığorta ilə sığortalanmış avtonəqliyyat vasitəsi ilə qəza törətmiş, qəza nəticəsində "xxxx" EŞM-nin balansında olan işıq dirəyinə zərər dəymişdir. Bununla bağlı olaraq "xxxx" ASC-yə müraciət olunsa da sığorta şirkəti tərəfindən dəymiş zərər ASC tərəfindən qeyd olunan işıq dirəyinə dəymiş zərərin qiymətləndirilməsi nəticəsində 2200 manat olması əsas gətirilməklə ödənilməmişdir. Hazırda iddiaçı vurulmuş maddi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 923.1-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 925.5-ci maddəsinə əsasən əmlak sığortası müqaviləsi üzrə sığortalı, sığorta olunan və ya üçüncü şəxs zərərin qarşısının alınması və ya həcminin azaldılması, sığorta hadisəsinin nəticələrinin aradan qaldırılması, yaxud digər fəsadlara səbəb olmaması, habelə zərər dəymiş əmlakın sonrakı itkiləri üçün təhlükə ehtimalına səbəb ola bilən nəzarətsiz halda qalmaması, başqa şəxslərin hərəkətinə və ya fəaliyyətinə mane olmaması üçün zəruri tədbirlərin görülməsi, o cümlədən bu məqsədlərlə əmlakın hadisə yerindən kənarlaşdırılması zamanı zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə saxlanması mümkün olmadığı, sığortaçı sığorta hadisəsi barədə bu Məcəllədə nəzərdə tutulmuş qaydada məlumatlandırıldıqdan 5 gün müddətində onun nümayəndəsi zərər dəymiş əmlaka baxış keçirmədiyi, digər hallarda zərər dəymiş əmlakın sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə saxlanmamasına sığortaçının yazılı razılığı olduğu hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun: 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, bu Qanunun 8.1-1-ci və 8.1-2-ci maddələrinin tələbləri nəzərə alınmaqla, elektron sənəd formasında tərtib edilmiş və gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edilmiş müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. 15.3-cü maddəsinə əsasən əmlaka dəyən zərərin məbləği zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyəri, zərəri azaltmaq məqsədi ilə binaların, qurğuların, avadanlığın sökülməsi və başqa yerə köçürülməsi ilə bağlı xərclər zərər dəymiş əmlakın daşınması, habelə onun qalıqlarının yığılması və daşınması ilə bağlı xərclər, sığorta hadisəsi zamanı zərəri azaltmaq məqsədi ilə görülən tədbirlər nəticəsində əmələ gələn digər zərərlərdən ibarətdir. 20.2-ci maddəsinə əsasən bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Göründüyü kimi, qanunverici təqsirinin dərəcəsindən asılı olmayaraq mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsi ilə hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini ödəməsi vəzifəsini müəyyən etmişdir. Məhkəmə qeyd edir ki, baş vermiş sığorta hadisəsi nəticəsində iddiaçı "xxxx" X2 əmlakına zərərin vurulması işin mübahisəsiz halıdır. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən sığorta hadisəsi baş verdikdən sonra vurulmuş zərərin ödənilməsi ilə bağlı "xxxx" ASC-yə müraciət olunması öz təsdiqini tapmışdır. Nəqliyyat vasitəsi 5000 manat həddində sığortalanmış, iddiaçı tərəfindən dəymiş ziyan 4246 manat müəyyən edildiyi üçün "xxxx" ASC həmin məbləğlə razılaşmamış, vəsatətlə məhkəməyə müraciət edərək bununla bağlı məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməsini xahiş və məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertiza nəticəsində dəymiş ziyanın məbləği 4246 manat müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi vurulmuş 4246 manat məbləğində maddi ziyanın ödənilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddia tələbinin dəymiş ziyanın cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tutulması hissəsinə münasibətdə isə qeyd edir ki, həmin hissədə iddia təmin edilməməlidir, belə ki, nəqliyyat vasitəsi qanunla müəyyən olunmuş qaydada 5000 manat həddində sığortalanmışdır, dəymiş ziyanın ödənilməsi həmin cavabdehlərdən tələb edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" ASC-dən 4246 (dörd min iki yüz qırx altı) manat maddi ziyan "xxxx" X2 xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC-dən 4246 (dörd min iki yüz qırx altı) manat maddi ziyan "xxxx" X2 xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar