Məhkəmə qərarları › İş №e-2(007)-776/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-776/2024

23.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-776/2024 23.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “alimentin miqdarının artırılması” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı olan “alimentin miqdarının artırılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi : 1.İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-507/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh tutulan alimentin miqdarı artırılaraq, 01 yanvar 2024-cü il tarixindən başlayaraq hər ay hər uşağa görə 235 manat olmaqla cəmi 470 manat məbləğində alimentin mənim xeyrimə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar : 2.İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2007-ci il tarixində rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 anadan olmuşdur. Qeyd etmişdir ki, faktiki olaraq 3 ildən artıqdır ki, birgə yaşamırlar və rəsmi olaraq nikahları Bakı şəhəri Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-987/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuş, nikah pozulduqdan sonra birgə nikahdan dünyaya gəlmiş xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 onun yanında saxlanılması qət edilmişdir. xx.xx.2021-cu il tarixində 243 saylı nikah akt qeydi ilə Nizami rayon qeydiyyat şöbəsində bağlanmış nikahlarının pozulması ilə bağlı AZ-İ seriyalı 392886 saylı nikahın pozulması haqqında şəhadətnamə əldə etmişdir. Bundan əlavə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-507/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixindən 31 yanvar 2022-ci il tarixinədək hər uşağa görə hər ay 193 manat olmaqla, cəmi 386 manat, 01 yanvar 2023-cü ildən başlayaraq hər uşağa görə hər ay 220 manat olmaqla, cəmi 440 manat aliment Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. Qeyd etmişdir ki, aralarında bağlanmış nikaha xitam verildikdən sonra cavabdeh ümumiyyətlə uşaqlarla maraqlanmır, eləcə də ünsiyyət saxlamır. Tərəfindən məhkəməyə müraciət etməmişdən əvvəl cavabdehlə aralarında yaranmış mübahisənin qarşılıqlı razılıqla həll edilməsi üçün ilkin mediasiya ilə bağlı 6 saylı Mediasiya Təşkilatına müraciət etmişdir və məsələnin mediasiya vaitəsilə həll edilməsinə cəhd göstərmişdir. Lakin mediasiyada cavabdeh iştirak etməmiş və 14 dekabr 2023-cü il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış təqdim olunmuşdur. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 14 dekabr 2023-cü il tarixli arayışından da göründüyü kimi ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat məbləğində mediasiyaya dair xərc tərəfindən ödənilmişdir. Hesab etmişdir ki, cavahdehin aylıq maaş və ya qazancı sabit olmadığından himayəsində olan hər iki uşağın saxlanılması üçün sabit pul məbləğində aliment tutulmalı və həmin məbləğ qanunvericiliyin tələbinə uyğun olaraq artırılmalıdır. Belə ki, həmin məbləğ uşaqların maddi ehtiyaclarını ödəməyə kifayət etmir, eləcə də uşaqların yaşı artıqda tələbləri və ehtiyaclarıda artır. Qeyd olunanlara əsasən hazırkı 2024-cü il üçün yaşayış minimumu nəzərə almaqla iddia təmin olunmalıdır. İş materialları :

3. AZ - İİ seriyalı, 095806 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X3 xx.xx.2008-ci ildə doğulmuş və bu barədə Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən doğum haqqında akt qeydləri kitabında xx.xx.2008-ci il tarixdə 856 nömrə ilə qeyd edilmişdir, atası İddiaçı, anası Cavabdehdır.

4. AZ - İİ seriyalı, 904623 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X4 xx.xx.2012-ci ildə doğulmuş və bu barədə Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən doğum haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə 1753 nömrə ilə qeyd edilmişdir, atası İddiaçı, anası Cavabdehdır.

5. AZ-İ seriyalı, 392886 nömrəli “nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh nikahı Nizami rayon Məhkəməsinin qətnaməsi əsasında pozulmuş və nikahlarına xx.xx.2021-ci il tarixində xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixində, 273 nömrə ilə qeyd edilmiş və nikah pozulduqdan sonra kişiyə Yusubov soyadı verilmişdir.

6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-987/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək İddiaçı ilə Cavabdeh arasında xx.xx.2007-ci il tarixdə Bakı şəhəri Səadət Sarayında bağlanılmış və 1763 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan dünyaya gəlmiş 28 aprel 2008-ci il təvəllüdlü X3 və 11 iyul 2012-ci il təvəllüdlü X4 ataları İddiaçı yanında saxlanılması və İddiaçı tərəfindən iddia verilməsinə görə ödənilmiş 20 manat dövlət rüsumu ona aid edilməsi qət olunmuşdur.

7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(007)-507/2023 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia qismən təmin edilərək xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2022-ci il tarixdən 31 yanvar 2022-ci ilədək hər uşağa görə hər ay 193 manat olmaqla cəmi 386 manat,01 yanvar 2023-cü ildən başlayaraq hər uşağa görə hər ay 220 manat olmaqla, cəmi 440 manat Cavabdeh İddiaçı xeyrinə tutulması, qalan hissədə iddianın təmin olunmaması və qətnamənin dərhal icra edilməsi qət olunmuşdur.

8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(007)-507/2023 saylı qərardadından görünür ki, həmin qərardad ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(007)-507/2023 saylı qətnaməsində olan yanlışlıq aradan qaldırılması, qətnamənin əsaslandırıcı və nəticə hissələrində “xx.xx.2008ci il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2022-ci il tarixdən 31 yanvar 2022-ci ilədək hər uşağa görə hər ay 193 manat olmaqla, cəmi 386 manat, 01 yanvar 2023-cü ildən başlayaraq hər uşağa görə hər ay 220 manat olmaqla, cəmi 440 manat Cavabdeh İddiaçı xeyrinə tutulsun” ifadəsi “xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 02 dekabr 2022-ci il tarixdən 31 dekabr 2022-ci ilədək hər uşağa görə hər ay 193 manat olmaqla, cəmi 386 manat, 01 yanvar 2023-cü ildən başlayaraq hər uşağa görə hər ay 220 manat olmaqla, cəmi 440 manat Cavabdeh İddiaçı xeyrinə tutulsun” kimi yazılması və oxunması qərara alınmışdır.

9. Bakı 6 saylı Mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli MŞB/6-0926 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmiş, lakin Cavabdeh iştirak etməmişdir. İddiaçı 50 manat İMS kargüzarlıq xərcini ödəmişdir. 10.“AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilən sorğu məlumatından görünür ki, Cavabdeh "xxxx" QSC-də satış üzrə nümayəndə (tibb və əczaçılıq məhsulları) vəzifəsində işləyir və aylıq əmək haqqı 650.0 manat təşkil edir.

11. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilən sorğu məlumatından görünür ki, İddiaçı "xxxx" QSC-də menecer vəzifəsində işləyir və aylıq əmək haqqı 3819.49 manat təşkil edir.

Tərəflərin izahatları :

12.Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, uşaqlar üçün bu il yaşayış minimumu artırıldığı üçün aliment məbləğinin artırılmasını istəyirlər. Artırılmış yaşayış minimumu məbləğini almaq uşaqların hüququdur. Aliment təyin edildikdən sonra cavabdehin əmək haqqısında artım olmamışdır. Oğlumun nə qədər əmək haqqı aldığını bilmirəm. Oğlumun maaşından asılı olmayaraq artım olubsa, uşaqların haqqıdır alimentin məbləği artmalı ödənilməlidir. 13.Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmyaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

14. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Cavabdeh əmək haqqından 100 manatı çıxılır, 500 manat əmək haqqı alır. Aldığı əmək haqqı məbləğinin 440 manatı da alimentə tutulur.

İşin faktiki halı :

15. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 anadan olmuşdur. Bakı şəhəri Nizami rayon Məhkəməsinin qətnaməsi ilə iddiaçı və cavabdeh arasında bağlanmış nikah pozulmuş, uşaqlar atanın himayəsinə verilmiş və hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat aliment təyin edilmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəmədən cavabdehdən yetkinlik yaşına çatmayan X3 və X2 yetkinlik yaşına çatanadək tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(007)-507/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment təyin edilməsini xahiş etmişdir.

Məhkəmə baxışının hədləri:

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

17. Azərbaycan Respublikası Konstitusiyasının :

Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 17. Vİ. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Maddə 25. İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 25. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.

19. Azərbaycan Respublikası Ailə Məcəlləsi :

29.1. Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. 29.2. Analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ərarvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 58.1. Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

20. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu :

9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar.

21. Uşaq Hüquqları haqqında Qanun :

19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mə nəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

22. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı :

8.3. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir.

23. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 26 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanunu : 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

Məhkəmənin mövqeyi :

24. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməməlidir.

25. Hazırda İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbini irəli sürmüş və tələbini uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğinin artırılması ilə əsaslandırmışdır.

26. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi çıxış edir.

27. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

28. Qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun üçün ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.

29. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-507/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il tarixədək hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat, xx.xx.2023-cü il tarixdən başlayaraq hər uşaq üçün hər ay 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir.

30. İddiaçı Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-507/2023 saylı xx.xx.2023cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin artırılması tələbini irəli sürərkən tərəflərin ailə və maddi vəziyyətində baş vermiş hər hansı dəyişiklik barədə məhkəməyə sübut təqdim etməmişdir. Öz tələbini yalnız bu il uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğinin artması ilə əsaslandırmışdır.

31. İddiaçının nümayəndəsi izahatında qeyd etmişdir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-507/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi qəbul edildikdən sonra tərəflərin maddi və ailə vəziyyətində dəyişiklik baş verməmişdir. O izahatında alimentin miqdarının artırılması tələbini məhz uşaqların ehtiyaclarının artması ilə deyil, yaşayış mimumumunun artan məbləğini almağın uşaqların hüququ olması ilə əsaslandırmışdır.

32. Məhkəmə iddiaçının “alimentin miqdarının artırılması” tələbinə dair iddiasını “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 26 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş uşaqlar üçün yaşayış minimumu ilə əsaslandırmasına hüquqi münasibət bildirərək qeyd edir ki, uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğinin artması alimentin miqdarının dəyişdirilməsi üçün əsas olsa da, həmçinin məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilməsi zamanı tərəflərin maddi vəziyyəti də nəzərə alınmalıdır.

33. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Pelunumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olubolmamasını və s. məsələləri nəzərə almalıdır.

34. Konstitusiya Məhkəməsinin Plenumu, həmçinin hesab etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

35. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, İddiaçı "xxxx" Group QSC-də işləyir və aylıq əmək haqqı 3819.49 manat təşkil edir, Cavabdeh isə "xxxx" QSC-də işləyir və aylıq əmək haqqı 650 manat təşkil edir.

36. Belə olan halda məhkəmə qeyd edir ki, tərəflərin maddi vəziyyəti, gəlirləri arasındakı fərq alimentin məbləğinin dəyişdirilməsi zamanı nəzərə alınmalı olan haldır.

37. Məhkəmə uşaqların üstün mənafeyi baxımından hesab edir ki, uşaqların həyat səviyyəsinin onlar üçün dövlət tərəfindən müəyyən edilmiş yaşayış minimumuna uyğunluğunun təmin edilməsi hər iki valideynin vəzifəsidir. Hazırki iş üzrə tərəflərin maddi vəziyyətinin müqayisəli təhlili nəticəsində məhkəmə belə qənaətə gəlir ki, “alimentin artırılması” ilə bağlı iddia tələbinin təmin edilməsi ədalətli və ağlabatan deyildir. Belə ki, tələb təmin edilərsə, cavabdehin maddi vəziyyəti həddən artıq pisləşəcək, belə qənaət isə ədalətli hesab oluna bilməz.

Məhkəmə Xərcləri :

38. Məhkəmə qeyd edir ki, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqları üçün və iddia rədd edildiyindən dövlət rüsumu dövlət büdcəsinə aid edilməlidir.

Nəticə :

39. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməməli, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-507/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh tutulan alimentin miqdarı artırılaraq, 01 yanvar 2024-cü il tarixindən başlayaraq hər ay hər uşağa görə 235 manat olmaqla cəmi 470 manat məbləğində alimentin onun xeyrinə tutulmasına dair iddia tələbi rədd edilməlidir.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət Etdi:

İddiaçı Cavabdeh qarşı olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-507/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh tutulan alimentin miqdarının artırılaraq, 01 yanvar 2024-cü il tarixindən başlayaraq hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat məbləğində alimentin tutulmasına dair iddia tələbi təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar