Məhkəmə qərarları › İş №e-2(007)-81/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-81/2025

15.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-81/2025 15.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Nümayəndə Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi ilə, İddiaçı Nümayəndə Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı Nümayəndə Cavabdeh oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 1520 manat əsas borcun, gecikdirilmiş peniya pulu olan 160 manatın, nəticə etibarı ilə ümumilikdə 1680 manat pulun və bundan əlavə iddia qaldırmaq üçün ödənilən 36.80 manat dövlət rüsumunun alınaraq iddiaçı Nümayəndə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Telefon mağazasının” satıcısı, o, Nümayəndə Cavabdeh ilə 15 iyun 2021-ci il tarixində 58 nömrəli nisyə mal satılması müqaviləsi bağlamışdır. 15 iyun 2021-ci il tarixində 58 nömrəli nisyə mal satılması müqaviləsinə əsasən cavabdeh X2 “X5 8” markalı telefonu 12 aylıq kreditlə 2020 manat dəyərində almış və hazırki vaxtadək onun tərəfindən ilkin ödəniş də daxil olmaqla 500 manat ödəniş edilmiş, lakin hazırda qalan 1520 manat borcu ödəməkdən imtina edir. Eyni zamanda, onu da qeyd etmək istəyir ki, bütün müqavilə şərtlərində gecikdirilmiş hər gün üçün 10 manat penya pulunun ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də həmin məbləğlər də cavabdehin borcu hesab olunur. Həmçinin onu da bildirmək istəyir ki, o, Nümayəndə telefon satışı ilə məşğul olaraq özü üçün maddi qazanc əldə edir və qanuni formada sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Yəni vaxtında ödənilməyən ödənişlər onun üçün maddi zərərə gətirib çıxarmışdır. Hazırki vəziyyətdə də cavabdehə satdığı telefonun vaxtında ödənilməyən pulları onun maddi itkilərə məruz qalmasına səbəb olmuşdur. Cavabdehə yox, başqa şəxsə həmin telefon satılsaydı, o, Nümayəndə maddi itkilərlə qarşılaşmayacaqdı. Həmçinin borcun ödənilməsi ilə bağlı cavabdeh tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmuş və borc pulun ödənilməsi ondan tələb edilmişdir. Lakin, o borcun ödənilməsindən imtina edilmişdir. O, buna görə ciddi maddi itkilərlə qarşılaşmışdır. Həmçinin onu da qeyd edir ki, o, Əliyev X3 şəhərində nüfuza və hörmətə malik olan bir şəxs kimi tanınır. Onun geniş müştəri dairəsi vardır. O, müştərilərinin yanında kifayət qədər inam və etibara, həmçinin nüfuza və hörmətə malikdir. Satıcı-alıcı münasibətlərinin kəskinləşməsi, münasibətlərin pozulması və mübahisənin məhkəməyə daşınması heç də yaxşı hal deyildir. Lakin, bu şəraitin yaranmasında cavabdehin yaratdığı səbəb və şərait dayanır. Əgər cavabdeh borcu vaxtında ödəsəydi, məsələ də bu səviyyəyə gəlib çatmazdı. Onu da qeyd etmək lazımdır ki, cavabdehin yuxarıda qeyd olunan 15 iyun 2021-ci il tarixli 58 nömrəli müqavilələrdən yaranan 1520 manat əsas borcu vardır. Bundan əlavə müqavilədə göstərilən 3.3-cü bəndinə əsasən müqavilə üzrə aylıq ödənişin 2%-i hər gecikdirilmiş gün üçün ödənilməli olan 2.53 manat cərimə, yəni ümumilikdə müqavilənin bitmə tarixinə görə 911.52 manat hesablanmışdır. Lakin cavabdehin maddi vəziyyətini nəzərə alaraq, əsas borcun 10 faizini, yəni ümumilikdə cərimə olaraq, 160 manat penya və 36.80 manat dövlət rüsumunun da cavabdehdən alınıb ona qaytarılmasını istəyir.

İş materialları :

3. Nümayəndə ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, 58 nömrəli “nisyə mal satınalması müqaviləsi”ndən görünür ki, müqaviləyə əsasən satıcı alıcıya ümumi dəyəri 2020 manat olan dəyərində “Galaxy Not 8” (İmei1: **********9371, İmei2) markalı mobil telefonu satmağı, alıcı ümumi məbləğin 500 manatını ilkin kimi müqavilənin imzalandığı tarixdə, qalan məbləğin 1520 manat ödənilməmiş hissəsini bu müqavilənin tərkib hissəsi olan Əlavə 1-dəki cədvələ müvafiq olaraq ödəyəməyi öhdəsinə götürmüşdür.

4. xx.xx.2021-ci il tarixli, 58 nömrəli “nisyə mal satınalması müqaviləsi”nə Əlavə 1-dən görünür ki, alıcı Cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, 12 ay müddətinə hər ay 126.66 manat ödəniş etməklə, cəmi 1520 manat ödəniş etməlidir.

5. xx.xx.2021-ci il tarixli, 58 nömrəli təhvil-təslim aktından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli 58 nömrəli müqaviləyə əsasən 1 ədəd qiyməti 1520 manat olan “Galaxy Not 8” markalı telefonu təhvil almışdır.

6. Nümayəndə tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilə 14 iyun 2021-ci il tarixində 58 nömrəli “Nisyə mal satılması” müqaviləsi bağlamış, 14 iyun 2021-ci il tarixli 58 nömrəli “Nisyə mal satılması” müqaviləsinə əsasən Cavabdeh telefon mağazasına borcu 1520 manat təşkil edir. Bundan əlavə gecikdirilmiş penya pulu olan 160 manat, nəticə etibarı ilə ümumilikdə 1680 manat borcu yaranmışdır.

7. Nümayəndə tərəfindən Cavabdeh ünvanlanmış xəbərnamədən görünür ki, Cavabdeh iddiaçı tərəfindən müqaviləyə əsasən ümumilikdə 1520 manat borc pulun ərizə ona çatdığı gündən 5 gün müddətində bütövlükdə Nümayəndə ödəməsi, əks təqdirdə tərəflərindən müvafiq tələb ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir.

8. xx.xx.2023-cü il tarixli, “qeydiyyatda olub-olmaması barədə arayış”dan görünür ki, Nümayəndə xx.xx.2008-ci il tarixdə Naxçıvan MR Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsində Qeydiyyatdan keçmişdir və “İxtisaslaşdırılmış mağazalarda mobil telefonların pərakəndə satışı və təmiri” fəaliyyət növü ilə məşğul olur.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/140 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, xx.xx.2021-ci il tarixli, 58 nömrəli nisyə mal satınalması müqaviləsinin 1-ci vərəqəsindəki imzadan və 2-ci vərəqəsindəki “Alıcı” hissəsində “İmza:” xx.xx.2021-ci il tarixli 58 nömrəli təhvil-təslim aktda “Təhvil aldı” hissəsində “İmza:” qrafasındakı imza – Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

10. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 36.80 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları :

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı Nümayəndə və Cavabdeh məhkəmə iclasına gəlməmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

12. Belə olan halda, Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşin faktiki halı :

13. İddiaçı Əliyev X3 MR-da mobil telefonların pərakəndə satışı və təmiri ilə məşğul olan və Dövlət Vergi Xidmətində qeydiyyatdan keçməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir.

14. İddiaçı Nümayəndə Cavabdeh ilə xx.xx.2021-ci il tarixdə 58 nömrəli “nisyə mal satınalması” müqaviləsi bağladığını, cavabdehə dəyəri 2020 manat olan “X6 8” markalı telefonu satdığını, cavabdeh tərəfindən ilkin ödəniş olaraq 500 manat ödənildiyini, geri qalan 1520 manatdan indiyə qədər ödəniş edilmədiyini bildirərək, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

15. Cavabdeh iddia tələbini qəbul etməyərək, iddiaçını tanıdığını, iddiaçıya məxsus olan mobil mağazadan müqavilədə qeyd edilən deyil də, amerika istehsalı olan telefon aldığını, iddiaçıya 200 manat borcunun qaldığını və xx.xx.2021-ci il tarixli müqavilədə olan imzaların ona aid olmadığını bildirmişdir.

16. İş üzrə xüsusi biliyə ehtiyac olduğu üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)-1109/2024 saylı qərardadı ilə mülki iş üzrə məhkəməxətşünaslıq ekspertizası təyin edilmişdir.

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/140 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş, xx.xx.2021-ci il tarixli, 58 nömrəli nisyə mal satınalması müqaviləsinin 1-ci vərəqəsindəki imzadan və 2-ci vərəqəsindəki “Alıcı” hissəsində “İmza:” xx.xx.2021-ci il tarixli 58 nömrəli təhvil-təslim aktda “Təhvil aldı” hissəsində “İmza:” qrafasındakı imza – Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

Məhkəmə baxışının hədləri:

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :

324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. 406.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər.

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

Məhkəmənin mövqeyi :

21. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməməlidir.

22. İddiaçı Nümayəndə Cavabdeh qarşı olan “pul” tələbini cavabdeh ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli 58 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti üzrə cavabdeh tərəfindən üzərinə götürülən öhdəliyin yerinə yetirilməməsi ilə əsaslandırmışdır.

23. Məhkəmə ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

24. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.

25. İddiaçı Nümayəndə iddia tələbinin faktiki halları qismində məhkəməyə bildirmişdir ki, Cavabdeh ilə 15 iyun 2021-ci il tarixində 58 nömrəli nisyə mal satılması müqaviləsi bağlamışdır. Həmin alqı-satqı müqaviləsi üzrə cavabdeh 2020 manat dəyərində olan “X5 8” markalı telefonu ilkin ödəniş olaraq 500 manat ödəmək və qalıq borc 1520 manatı hissə-hissə ödəmək şərtilə 12 aylıq kreditlə satın almışdır.

26. Belə olan halda iddia tələbinin qanuni əsası qismində mülki qanunvericiliyin alqısatqı müqaviləsinə dair müddəaları nəzərdən keçirilməli və Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqedən çıxış edərək iddiaçının iddia tələbinin faktiki hallarının iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıbuzlaşmadığını yoxlanılmalıdır.

27. İddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə alqı-satqı müqaviləsinə əsaslanan tələbi əsassız edir. İddiaçının bildirdiyi faktiki halların iddia tələbinin qanuni əsasının dipozisiya şərtlərinə uyğun olubolmaması yoxlanılmalıdır.

28. Mülki qanunvericiliyə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür (MM 567m).

29. Odur ki, hazırkı mübahisə üzrə ilk növbədə iddiaçı Nümayəndə tərəfindən Cavabdeh ilə alqı-satqı müqaviləsinin bağlanılması, alıcının mülkiyyətinə 15 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsinin obyekti olan əmlakı verdiyi sübuta yetirilməlidir. Yalnız qeyd olunan hal təsdiqini tapdığı halda müqavilə üzrə cavabdeh tərəfindən öhdəliyin pozulubpozulmamasının müəyyən edilməsi üzrə araşdırma aparıla bilər.

30. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən müqavilə dedikdə, iki və ya daha artıq şəxsin hüquqi nəticə əmələ gətirmək üçün ifadə etdikləri və bir-birinə uyğun olan iradə bəyanları başa düşülür. Əqdin tərəfinin iradəsi müqavilənin qurucu ünsürüdür. Başqa sözlə, tərəf arzu olunan hüquqi nəticəni əmələ gətirmək barədə razılığını-iradəsini bəyan edilmədiyi halda müqavilənin bağlanmasından söhbət gedə bilməz. Bir qayda olaraq, müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. sadə yazılı müavilələrdə iradə tərəfin imzası ilə təsdiqlənir və həmin əqd imzalandığı andan andan bağlanmış hesab edilir.

31. Qeyd edilməlidir ki, mülki qanunvericilikdə daşınar əşyalara dair alqı-satqı müqaviləsinin bağlanılması üçün məcburi forma tələbi müəyyən edilməmişdir. Yəni daşınar əşyalara dair alqı-satqı müqaviləsi şifahi və ya yazılı formada bağlanıla bilər. Hazırki, mülki iş üzrə iddiaçı cavabdeh ilə aralarında şifahi deyil, sadə yazılı formada bağlanılmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətinin yarandığını iddia edir.

32. AR MM-nin 331.1-ci maddəsinə əsasə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər.

33. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 avqust 2020-ci il tarixli Qərarında vurğulanır ki, yazılı formalı müqavilələr iki üsulla bağlanır. Birinci üsul bir sənəd tərtib etməkdən ibarətdir. Sənəd tərtibi yolu ilə bağlanan müqavilə onun şərtlərini əks etdirir və müqaviləni bağlayan tərəflər onu imzalayırlar. Tərəflərin vəkil etdikləri şəxslər də müqaviləni imzalaya bilərlər. Mülki Məcəllənin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. İkinci üsul isə sənədlər mübadiləsindən ibarətdir. Sənədlər mübadiləsi yolu ilə müqavilə bağlanarkən poçt, teleqraf, teletayp, telefon, elektron və digər rabitə vasitələrindən istifadə edilir. Yalnız zəruridir ki, həmin rabitə vasitələri sənədin müqavilə iştirakçısından (tərəfindən) gəlməsini dürüst müəyyənləşdirməyə imkan versin.

34. İddiaçı cavabdeh ilə arasında 15 iyun 2021-ci il tarixdə sadə yazılı formada alqısatqı müqaviləsinin bağlanıldığını iddia etsədə, cavabdeh iddia tələbinə etiraz edərək iddiaçı tərəfindən istinad edilən 15 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsinin ümumiyyətlə bağlanmadığını (imzalamadığını) bildirməklə onun etibarlılığını, həmin alıqsatqı müqaviləsi üzrə “X5 8” markalı telefonun ona verilməsini mübahisələndirmişdir. Belə ki, cavabdeh bildirmişdir ki, iddia edilən alqı-satqı müqaviləsi onun tərəfindən imzalanmamışdır. Həmin alqı-satqı müqaviləsi bağlanılan zaman o, ümumiyyətlə Naxçıvanda olmamışdır. O, iddiaçıdan 2018-2019-cu il tarixində telefon satın almış və həmin telefon isə qeyd edildiyi kimi “X5 8” deyil, təxminən 1000 manat dəyərində olan Amerika telefonu olmuşdur. Həmçinin bildirmişdir ki, o, şəxsiyyət vəsiqəsini 2020-ci ildə dəyişməsinə baxmayaraq, müqavilədə köhnə şəxsiyyət vəsiqəsinin seriya nömrəsi qeyd edilmişdir.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir”.

36. Eyni yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 02/2022 №-li, 14 iyun 2022-ci il tarixli qərardadında əks olunmuşdur (26- 27-ci bəndlər).

37. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.

38. Odur ki, bu xarakterli mübahisələrə baxılarkən tərəflərin söykəndikləri əqdin hüquqi nəticə yaradıb-yaratmaması müəyyən edilməlidir. Əqdin hüquqi nəticə doğurması onun etibarlı olmasından asılıdır. Əqd etibarsız olduqda isə tərəflər üçün hüquq və öhdəlik əmələ gətirmir (Mülki Məcəllə, maddə 337.4).

39. Məhkəmə bu halları işin düzgün həlli üçün əhəmiyyətli sayaraq iş üzrə məhkəməxətşünaslıq ekspertizası təyin etməklə iş üzrə ekspert rəyi almışdır. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli 4/140 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş, xx.xx.2021-ci il tarixli, 58 nömrəli nisyə mal satınalması müqaviləsinin 1-ci vərəqəsindəki imzadan və 2-ci vərəqəsindəki “Alıcı” hissəsində “İmza:” xx.xx.2021-ci il tarixli 58 nömrəli təhvil-təslim aktda “Təhvil aldı” hissəsində “İmza:” qrafasındakı imza – Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

40. Məhkəmə ekspert rəyini işin digər halları ilə birlikdə qiymətləndirərək qeyd edir ki, müqavilənin cavabdeh tərəfindən icra edilib-edilməməsinin müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən və məhkəmənin özü müstəqil qaydada həmin halları müəyyən edə bilmədiyindən, o cümlədən cavabdeh tərəfindən ekspert rəyini şübhə altına alan sübutlar təqdim edilmədiyindən ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir.

41. Həmçinin məhkəmə qeyd edir ki, iş üzrə tərəfin ekspert rəyi ilə razı olmaması özüözlüyündə həmin rəyin şübhə altına alınmasına əsas vermir. İddiaçı Nümayəndə ekspert rəyinin qeyri-müəyyənliyinin nədən ibarət olmasını, rəylə razı olmamasını əsaslandırmamış və həmin rəyin mötəbərliyini şübhə altına alan zəruri sübutları məhkəməyə təqdim etməmişdir.

42. Məhkəməyə təqdim edilmiş ekspert rəyindən görünür ki, həm alqı-satqı müqaviləsindəa “alıcı” qrafasında olan imza, həmçinin təhvil təslim aktında “təhvil aldı” qrafasında olan imza Cavabdeh tərəfindən icra edilməmişdir.

43. Həmçinin işin tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən şəxsiyyət vəsiqəsi xx.xx.2019-cu il tarixdə dəyişdirilərək yeni nəsil şəxsiyyət vəsiqəsi alınmasına baxmayaraq alqı-satqı müqaviləsində köhnə şəxsiyyət vəsqiəsinin seriya nömrəsi qeyd edilmişdir. Qeyd edilən halda məhkəmədə cavabdehin məhkəməyə bildirdiyi “iddiaçıdan 2018-2019-cu ildə telefon almasına dair” izahatın real olmasına inam yaradır.

44. Məhkəmə qeyd edir ki, iddiaçı hazırki iddia tələbi üzrə ilk növbədə cavabdeh ilə aralarında 15 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanıldığını sübutetmə vəzifəsi daşımasına baxmayaraq qeyd edilən halı sübuta yetirə bilməmişdir.

45. Belə ki, qeyd etdiyimiz kimi müqavilə tərəflərin qarşılıqlı iradə ifadəsinin bəyanı olduğundan və sadə yazılı müqavilə üzrə isə tərəf iradə bəyanını həmin müqaviləni imzalamaqla ifadə etdiyindən, hazırki mülki iş üzrə isə 15 iyun 2021-ci il tarixli müqavilənin cavabdeh tərəfindən icra edilməsi iddiaçı tərəfindən sübuta yetirilə bilmədiyindən iddiaçının cavabdehə qarşı irəli sürdüyü iddia tələbinin hüquqi əsası yoxdur.

46. Məhkəmə qeyd edir ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

47. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

48. Mülki Prosessual Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir.

49. Ona görə də məhkəmə qeyd edir ki, mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.

50. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.

51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

Məhkəmə xərcləri :

52. Məhkəmə qeyd edir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 110 manat məbləğində vəsait iddiaçıdan tutularaq dövlət büdcəsinə köçürülməlidir.

Nəticə :

53. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddiaçı Nümayəndə Cavabdeh 1520 manat əsas borc, gecikdirilmiş peniya pulu olan 160 manat olmaqla, cəmi 1680 manat məbləğində pulun vəsaitinin tutulmasına dair iddia tələbi təmin edilməməlidir.

54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi:

İddiaçı Nümayəndə Cavabdeh 1520 manat əsas borc, gecikdirilmiş peniya pulu olan 160 manat olmaqla, cəmi 1680 manat məbləğində pul vəsaitinin tutulmasına dair iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. 110 manat məbləğində vəsait iddiaçı Nümayəndə tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi AZ34CTRE********************) keçirilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar