Məhkəmə qərarları › İş №e-2(007)-818/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-818/2025

17.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-818/2025 17.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixli, GTKR7745354B226 saylı kredit müqaviləsinə əsasən 16160.57 manat əsas, 1566.05 manat faiz olmaqla, cəmi 17726.62 manat məbləğində borcun, xx.xx.2023-cü il tarixli, BRCB1921955B226 saylı kredit kartına dair müqaviləyə əsasən 222.35 manat əsas, 47.81 manat faiz olmaqla, cəmi 270.16 manat borcun və ödənilmiş 143.99 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2024-cü il tarixli, GTKR7745354B226 saylı kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə illik 22.2 faiz dərəcəsi ilə 16600 manat məbləğində kredit verilmişdir. Kredit online qaydada rəsmiləşdirilməsinə baxmayaraq filialdan nağd qaydada əldə edilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2023-cü il tarixli, BRCB1921955B226saylı Kredit Xətti müqaviləsinə əsasənona 1300 manat məbləğində kredit verilmişdir. Kredit online qaydada rəsmiləşdirilməsinə baxmayaraq kart filialdan əldə edilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış Kredit müqaviləsi, bu müqavilə üzrə əsas və faiz borcunu özündə əks etdirən Maliyyə arayışı, kassa və balansdan kənar məxaric orderi, cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanladıqları bildiriş məktubu və məktubun göndərilməsini sübut edən poçt reyestridir. Nəticədə cavabdehin xx.xx.2024cü il tarixə İddiaçı ASC-yə xx.xx.2024-cü il tarixli, GTKR7745354B226 saylı kredit müqaviləsinə əsasən 16160.57 manat əsas; 1566.05 manat faiz olmaqla, cəmi 17726.62 manat borcu, xx.xx.2023-cü il tarixli, BRCB1921955B226 saylı kredit kartına dair müqaviləyə əsasən 222.35 manat əsas; 47.81 manat faiz; cəmi 270.16 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir.

İş materialları :

3. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli GTKR7745354B226 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 48 ay müddətinə kreditdən istifadəyə görə illik 22.2 faiz dərəcəsi ilə ödəmək şərti ilə 16600 manat kredit verilməsini, borcalan isə əsas və faiz borcunu bu müqavilənin ayrılmaz hissəsi olan ödəniş qrafiki əsasında ödəməyi öhdəsinə götürmüşdür.

4. xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə Əlavə olan ödəniş qrafikindən görünür ki, Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2028-ci il tarixədək 48 ay müddətinə, illik faiz dərəcəsi 22.2 faiz olmaqla, hər ay 524.80 manat, sonuncu ay 534.40 manat ödəniş etmək şərtilə 16600 manat əsas, 8600 manat faiz ödənilməlidir.

5. İddiaçı ASC tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh 16600 manat məbləğində kredit verilmişdir.

6. xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Cavabdeh İddiaçı ASC tərəfindən 16600 manat məbləğində 48 ay müddətinə gündəlik tələbat krediti verilməsini xahiş etmişdir.

7. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, BRCB1921955B226 saylı kredit müqaviləsindən görünür ki, bank müştəriyə “Birbank Cashback” ödəniş kartı verməyi, həmin kartla bağlı bu müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə şəxsi istehlak məqsədi ilə bərpaolunan kredit xətti ayırmağı, həmin kartla bağlı və xəttin istifadəsi ilə əlaqədar müvafiq hesablar açmağı, müştəri isə kartdan və ya kredit xəttindən istifadə etməyi, yaranmış borclarını, habelə ona göstərilmiş bank xidmətlərinin haqqını bu müqavilə ilə müəyyən edilmiş qaydada və bankın qüvvədə olan tarif dərəcələrinə əsasən ödəməyi öz üzərinə götürmüşdür.

8. xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Cavabdeh ona gündəlik tələbat məqsədləri üçün İddiaçı ASC tərəfindən 1300 manat məbləğində, BRCB1921955B226 nömrəli müqavilə ilə Birbank kartı verilməsini xahiş etmiş və ondan istifadəyə görə faizlərin ödəniş mənbəyini aylıq gəlirlərinin təşkil edəcəyini bildirmişdir.

9. xx.xx.2023-cü il tarixli, “birbank kartı” yaddaş vərəqəsindən görünür ki, Cavabdeh xx.xx.2026-cı il tarixədək, gecikən məbləğə gündəlik 1% ilə kredit limitinin məbləği 1300 manat müəyyən edilməklə kredit xətti ayrılmışdır.

10. İddiaçı ASC tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə xx.xx.2024-cü il tarixli, GTKR7745354B266 saylı kredit müqaviləsi üzrə 16160.57 manat əsas, 1566.05 manat faiz olmaqla, cəmi 17726.62 manat məbləğində borcu, xx.xx.2023-cü il tarixli, BRCB1921955B226 saylı kredit kartına dair müqaviləyə əsasən 222.35 manat əsas, 47.81 manat faiz olmaqla, cəmi 270.16 manat borcu vardır.

11. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdeh müqavilə üzrə öhdəliklərin icrasını gecikdirmiş, yəni “ödəniş cədvəli”ndə nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir. Cavabdehə xx.xx.2023-cü il tarixli kredit xətti müqaviləsinə əsasən, 59 ay müddətinə 1300 manat məbləğində birkart müqaviləsi üzrə kredit xətti açılmış və bu kredit xətti müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə əsas borc məbləği 222.35 manat, faiz borc məbləği 47.81 manat olmaqla 270.16 manat, gecikmə günü 106 gün olmaqla 66.88 manat məbləğində gecikmə yaranması, xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə illik 22.2 faiz hesablanmaqla 16600 manat məbləğində gündəlik tələbat krediti verilmiş və bu kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə borc məbləği 16160.57 manat, faiz borc məbləği 1566.05 manat olmaqla 17726.62 manat məbləğində ümumi borcu olması, gecikmə günü 106 gün olmaqla 2390.38 manat məbləğində gecikmə yaranması barədə xəbərdar edilmişdir. Cavabdehə qrafikə uyğun ödəniş aparmadığı üçün kredit borcları üzrə tam borc məbləğinin ödənilməsi tələb olunmuşdur.

12. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzlərindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 143.99 manat dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları :

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək əlavə olaraq izahatında bildirmişdir ki, kredit müqavilələrini işlədiyi vaxt bağlamışdır. Hazırda isə işləmədiyi üçün kredit borcunu tam şəkildə ödəməyə imkanı yoxdur.

15. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşin faktiki halı :

16. İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, BRCB1921955B226 saylı və xx.xx.2024-cü il tarixli, GTKR7745354B226 saylı kredit müqavilələrinin bağlanması və həmin kredit müqavilələri üzrə cavabdehin iddiaçıya əsas və faiz borcunun olması hazırki mülki işin mübahisəsiz halıdır.

17. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli, BRCB1921955B226 saylı kredit müqaviləsinin bağlanılmasından irəli gələn öhdəlik hüquq münasibətinə Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək, xx.xx.2024-cü il tarixli, GTKR7745354B226 saylı kredit müqaviləsinin bağlanılmasından irəli gələn öhdəlik hüquq münasibətinə isə 2023-cü il oktyabrın 1-dən sonra qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır. Məhkəmə baxışının hədləri:

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :

743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 744.1. Kredit müqaviləsi tərəflər arasında yazılı formada bağlanılır və kredit müqaviləsinin bir nüsxəsi borcalana verilir. 744.2. Kredit müqaviləsində ən azı aşağıdakılar göstərilməlidir: 744.2.1. borcverənin adı və ünvanı; 744.2.2. borcalanın adı və ünvanı; 744.2.3. kreditin məbləği və valyutası; 744.2.4. kreditin qaytarılma müddəti və ödəniş şərtləri; 744.2.5. kreditin təyinatı; 744.2.6. kredit üzrə tətbiq edilən faizlərin illik dərəcəsi və (və ya) digər ödənişlərin məbləği, həmçinin faktiki illik faiz dərəcəsi (müqavilə üzrə dəyişən faiz dərəcəsi şərtləşdirildikdə, ilkin faktiki illik faiz dərəcəsi); 744.2.7. tətbiq edildikdə, kredit üzrə faizlərin tutulmadığı müddət barədə aydın və dəqiq məlumat. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 740.4. Faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır. 740.5. Müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borc müqaviləsi üzrə faizlər və (və ya) haqlar müqavilənin qüvvədə olduğu hər bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, faizlər və (və ya) haqlar borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

442. maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1. əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

Məhkəmənin mövqeyi :

21. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

22. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqavilələri bağlanmışdır.

23. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

24. Azərbaycan Respublikası Konstitusiya məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən zəruri şərtlər dedikdə, müqavilənin müddəti, məbləği, faiz dərəcəsi, valyuta vəs. dair şərtlərdir.

25. Mülki qanunvericiliyinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür (Mülki Məcəllə maddə 743.1).

26. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

27. Həmçinin mülki qanunvericiliyə əsasən kredit müqaviləsində ən azı aşağıdakılar göstərilməlidir : borcverənin adı və ünvanı; borcalanın adı və ünvanı; kreditin məbləği və valyutası; kreditin qaytarılma müddəti və ödəniş şərtləri; kreditin təyinatı; kredit üzrə tətbiq edilən faizlərin illik dərəcəsi və (və ya) digər ödənişlərin məbləği, həmçinin faktiki illik faiz dərəcəsi (müqavilə üzrə dəyişən faiz dərəcəsi şərtləşdirildikdə, ilkin faktiki illik faiz dərəcəsi); tətbiq edildikdə, kredit üzrə faizlərin tutulmadığı müddət barədə aydın və dəqiq məlumat.

28. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında müqavilələrin bütün mühüm şərtləri barədə tələb olunan formada razılıq əldə edilmiş kredit müqaviləsi bağlanmışdır.

29. Belə ki, işin məhkəmə tərəfindən tədqiq edilmiş halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, GTKR7745354B226 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 48 ay müdətinə, illik 22.2 % faiz dərəcəsi ilə, xx.xx.2024-cü il tarixdən xx.xx.2028-ci il tarixədək ayda 524.80 manat, sonuncu ay 534.40 manat ödəmək şərti ilə, 16600 manat məbləğində kredit verilmişdir.

30. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BRCB1921955B226 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə xx.xx.2026-cı il tarixədək 1300 manat kredit limiti açılmışdır.

31. Mülki qanunvericiliyə əsasən borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir (Mülki Məcəllə maddə 739.3).

32. Məhkəmə iclasında tədqiq edilmiş iş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdehə 16600 manat məbləğində pul vəsaiti, xx.xx.2023-cü il tarixdə isə 1300 mnaat məbləğində kredit limiti açılmışdır.

33. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası mülki Məcəlləsinin 746-cı maddəsinin istehlak kreditlərinə tətbiqinin mümkünlüyü baxımından şərh edilməsinə dair” 27 may 2019-cu il tarixli Qərarında qeyd edilir ki, kredit müqaviləsi ikitərəfli müqavilələrdən olub, bağlanması ilə hər iki tərəf, yəni həm kredit alan, həm də kredit verən üçün müəyyən vəzifələr yaratmış olur. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür.

34. Məhkəmə iclasında tədqiq edilmiş iş materiallarına (müqavilə, ödəniş qrafiki, hesabdan çıxarış) əsasən müəyyən olunur ki, İddiaçı ASC tərəfindən xx.xx.2024-cü il tarixli, GTKR7745354B226 saylı və xx.xx.2023-cü il tarixli, BRCB1921955B226 saylı kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəlik yerinə yetirilərək Cavabdeh 48 ay müdətinə, illik 22.2 % faiz dərəcəsi ilə, xx.xx.2024-cü il tarixdən xx.xx.2028-ci il tarixədək ayda 524.80 manat, sonuncu ay 534.40 manat ödəmək şərti ilə, 16600 manat məbləğində kredit verilmiş və cavabdehə 1300 manat məbləğində kredit limiti açılmışdır. Lakin cavabdehin izahatı və iş materiallarına (hesabdan çıxarış, maliyyə arayışı) əsasən müəyyən olunmuşdur ki, Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca, yəni vaxtında, ödəniş qrafikinə uyğun yerinə yetirməmişdir.

35. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, GTKR7745354B226 saylı kredit müqaviləsinin 2.8-ci və xx.xx.2023-cü il tarixli, BRCB1921955B226 saylı kredit xətti müqaviləsinin 3.4-cü bəndində nəzərdə tutulmuşdur ki, bank aşağıdakı hallarda kreditin hesablanmış faizi ilə və digər borcları ilə birlikdə qaytarılmasını müştəridən vaxtından əvvəl tələb edə bilər: mştəri tərəfindən bu müqavilə üzrə borcların (əsas, faiz və digər borcları) vaxtında ödənilməsi müddətləri pozulduqda; müştəri tərəfindən bankı aldatmağa yönəlmiş hər hansı bir hərəkətin edildiyi aşkar olunduqda və digər hallarda.

36. Mülki qanunvericiliyə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (MM 421.2m).

37. Belə olan halda məhkəmə qeyd edir ki, Cavabdeh öz üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirməməsi işin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edildiyindən İddiaçı ASC hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

38. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet (annuitet ödənişlər – əsas məbləğ və hesablanmış faizlər) ödənişlərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

39. Həmçinin məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

40. Həmin qərarda həmçinin qeyd edilir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir.

41. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, iddiaçı cavabdehin kredit müqavilələri üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi ilə əlaqədar borcun vaxtından əvvəl qaytarılmasını tələb etmiş, bununla da öhdəliklərin lazımi qaydada icra edilməməsi ilə əlaqədar müqavilələrdən imtina etməsi ilə bağlı iradə ifadəsini qarşı tərəfə bildirdiyi üçün müqavilələr həmin vaxtdan ləğv edilmişdir.

42. Məhkəmə qeyd edir ki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditiora zərər dəyir. Mülki qanunvericiliyə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur

43. Belə olan halda məhkəmə Cavabdeh xx.xx.2024-cü il tarixli, GTKR7745354B226 saylı və xx.xx.2023-cü il tarixli, BRCB1921955B226 saylı kredit müqavilələrindən irəli gələn öhdəliklərini icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 16160.57 manat və faiz borcu qismində 1566.05 manat, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 222.35 manat və faiz borcu qismində 47.81 manat pul vəsaitinin tutulması tələbini əsaslı hesab edir.

Məhkəmə xərcləri :

44. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyinə görə Azərbaycan Respublikası MPMnin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 143.99 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Nəticə :

45. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli, GTKR7745354B226 saylı kredit müqaviləsi üzrə 16160.57 manat əsas, 1566.05 manat faiz borcu olmaqla, cəmi 17726.62 manat, xx.xx.2023-cü il tarixli, BRCB1921955B226 saylı kredit müqaviləsi üzrə 222.35 manat əsas, 47.81 manat faiz borcu olmaqla, cəmi 270.16 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 143.99 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-nin hesabına ödənilməlidir.

46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixli, GTKR7745354B226 saylı kredit müqaviləsi üzrə 16160.57 manat əsas, 1566.05 manat faiz borcu olmaqla, cəmi 17726.62 manat, xx.xx.2023-cü il tarixli, BRCB1921955B226 saylı kredit müqaviləsi üzrə 222.35 manat əsas, 47.81 manat faiz borcu olmaqla, cəmi 270.16 manat məbləğində və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 143.99 manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar