Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-819/2024 08.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 xx.xx.2015-ci il tarixli, 130/2015 saylı kredit müqaviləsi üzrə ümumilikdə 240,68 (iki yüz qırx, 68) ABŞ dolları (əsas borcu- 230,32 (iki yüz otuz, 32) ABŞ dolları, faiz borcu- 10,36 (on, 36) ABŞ dolları) məbləğində borcun və 30 (otuz) manat dövlət rüsumunun tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə X3 arasında xx.xx.2015-ci il tarixində 130/2015 saylı Kredit müqaviləsi bağlanmışdır. xx.xx.2015-ci il tarixli, 130/2015 saylı Kredit müqaviləsinə əsasən, X3 illik 27 (iyirmi yeddi) faiz hesablanmaq şərti ilə, 18 (on səkkiz) ay müddətinə 1500 (bir min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. X3 tərəfindən xx.xx.2015-ci il tarixli, 130/2015 saylı Kredit müqaviləsinin müddəaları pozularaq, öhdəliklər icra edilmir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli arayışına əsasən, xx.xx.2015-ci il tarixli 130/2015 saylı Kredit müqaviləsi üzrə X2 əsas borcu- 230,32 (iki yüz otuz, 32) ABŞ dolları, faiz borcu- 10,36 (on, 36) ABŞ dolları ümumilikdə 240,68 (iki yüz qırx, 68) ABŞ dolları təşkil edir. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq iddiaçı ilə arasında olan kredit müqaviləsi üzrə ödənişləri tam şəkildə həyata keçirdiyini, “X5 Kredit Təşkilatı” MMC-nin xx.xx.2015-ci il tarixli kredit müqaviləsi bağlanan zamandan 8 ildən artıq müddət keçdikdən sonra iddia qaldırdığını bildirmiş və iş üzrə iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında Cavabdeh iddia müddəti barədə ərizənin məzmununa uyğun izahat verərək iddia müddətinin tətbiq edilməklə iddia tələbinin rədd edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, 2015-ci il tarixdə müqavilə üzrə ABŞ dolları ilə kredit götürmüş və borcu üzrə 2016-cı il tarixdə cədvələ uyğun olaraq hər ay 105 ABŞ dolları olmaqla tam ödəniş etmişdir. Lakin, o, ödəniş etməsi ilə bağlı qəbzləri köhnə olduğundan səhlənkarlı edərək hamısını saxlamamış, təmizlik arayışı isə almamışdır. O, dollar 0,78 manat valyuta kursu olanda kredit götürmüş, ödənişlər dollar ilə tələb edildiyi və manatı ekvalent olaraq qəbul etmədikləri üçün ödənişi dollar ilə etmiş, sonradan dolların qiyməti qalxmış, buna baxmayaraq qalxan qiymət ilə ödəniş etmişdir. Əslində iddiaçı tərəf ona pul qaytarmalıdır, çünki Prezidentin dollarla edilən əlavə ödənişlərin geri qaytarılması barədə Fərmanı olmuşdur. O, həmin pullar ilə bağlı yəqin ki, iddia qaldıracaqdır. "xxxx" MMC-nin onun evinə göndərdiyi bildiriş ilə məhkəməyə təqdim edilən iddia ərizəsində fərq vardır. Belə ki, evə göndərilən bildirişdə əsas borc 240 manat olaraq qeyd edilsə də iddia ərizəsində borcun məbləği 240 ABŞ dolları olaraq əks edilmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, iddiaçı məhkəməyə elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq məhkəmə iclaslarına onların iştirakları olmadan baxılaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 130/2015 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 18 ay müddətinə illik 27 faiz ödənilmək şərti ilə 1500 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh öz növbəsində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlıvaxtında ödənilməsini öhdəsinə götürmüşdür. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, kredit müqaviləsinə əsasən cavabdehin Banka 230,32 ABŞ dolları əsas, 10,36 ABŞ dolları faiz borcu olmaqla, cəmi 240,68 ABŞ dolları məbləğində borcu vardır. İddiaçı tərəfindən məhkəməyə xx.xx.2024-cü il tarixdə elektron qaydada məktub ünvanlanaraq kredit müqaviləsinin restrukturizasiya olunmadığı bildirilmişdir. İşin mübahisəli halları: İddiaçı cavabdehin kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etmədiyi, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirmədiyi üçün cavabdehin iddiaçıya borcu yarandığını bildirərək həmin borcun tutulması ilə bağlı iddia qaldırmışdır. Məhkəmə iclasında iştirak etmiş cavabdeh isə iddia tələbini qəbul etmədiyini, borc məbləğini ödəməsini bildirərək iş üzrə iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, cavabdehin izahatını dinləyib araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci, 373.2-ci, 373.3-cü, 374.1-ci, 375-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Plenum qərarına, Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarına əsasən hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən qeyd edir ki, Cavabdeh hazırkı mübahisəyə iddia müddətini tətbiq edərək rədd edilməsini xahiş etmişdir. Bu barədə məhkəməyə yazılı ərizə təqdim etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 2009-cu il 7 iyul tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Tərəflər arasında olan xx.xx.2015-ci il tarixli kredit müqaviləsi 18 ay müddətinə bağlanılmış, kredit müqaviləsinin son müddəti xx.xx.2017-ci il tarix olduğu halda iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəmədə iddia qaldırılmışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilir ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, AR MM-nin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Həmin Plenum qərarında göstərilir ki, kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə, hesab edir ki, iddiaçı tərəfindən qanunla müəyyən edilmiş iddia müddəti üzürsüz səbəbdən buraxılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə edilmiş dəyişikliyə və 01 oktyabr 2023cü il tarixdən qüvvəyə minmiş 745.4-cü maddəsinə əsasən, borcverənin kredit müqaviləsindən irəli gələn tələbləri üzrə iddia müddəti bir il müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Nəzərə alsaq ki, tərəflər arasında kredit müqaviləsi 08 oktybar 2015-ci il tarixdə imzalanmışdır, o zaman bu münasibətlərə Mülki Məcəllənin 745.4-cü maddəsi deyil, 373.2-ci maddəsi tətbiq olunmaqla iddia müddəti üç il nəzərə alınmalıdır. Məhkəmə bununla yanaşı bildirir ki, Mülki Məcəllənin 745.4-cü maddəsinin normaları tətbiq edildiyi halda belə iddiaçı tərəfindən iddia müddəti ötürülür. Belə ki, xx.xx.2015-ci il tarixdə 18 ay müddətinə bağlanılmış kredit müqaviləsi üzrə iddia müddəti xx.xx.2018-ci il tarixdə bitir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu ona aid edilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı “X5 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “Cavabdeh iddiaçı “X5 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 230.32 (iki yüz otuz.32) ABŞ dolları əsas, 10,36 (on.36) ABŞ dolları faiz olmaqla, cəmi 240.68 (iki yüz qırx.68) ABŞ dolları borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində vəsaitin tutulması” barədə iddia tələbi təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-819/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-819/2024
08.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver