Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-882/2023 06.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kiçik iddia üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli FN-00348-00/21A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2023cü il tarixinə ödənilməmiş 2066.68 manat əsas borc, 182.27 manat faiz borcu, 259.48 manat dəbbə borcu, ümumilikdə 2508.43 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 45.09 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə tutularaq ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Bank "xxxx" ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli FN-00348-00/21A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə istehlak məqsədi ilə 24 ay müddətinə illik 20 faiz ödəmək şərti ilə 3500 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Cavabdeh1 xx.xx.2021-ci il tarixdə iddiaçı ilə FNZ-00348-00/21A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh2 həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Cavabdeh2 kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya və zaminə dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə iddiaçı cavabdehlərlə arasında olan müqaviləsinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. İşə əlavə olunmuş Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli FN-00348-00/21A nömrəli istehlak krediti müqaviləsindən görünür ki, borcluya 24 ay müddətinə illik 20 faiz ödəmək şərti ilə 3500 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 müəyyən olunmuş müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş xx.xx.2021-ci il tarixli FN-00348-00/21A nömrəli kredit müqaviləsinin ödəniş cədvəlindən görünür ki, borclu hər ayın 15-dən gec olmayaraq 24 ay müddətinə hər ay 178.13 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, FNZ-00348-00/21A nömrəli zaminlik müqaviləsindən görünür ki, Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli FN-00348-00/21A nömrəli kredit müqaviləsi üzrə zamin duraraq borclu borcu ödəmədiyi təqdirdə məsuliyyəti öz üzərinə götürmüşdür. İşə əlavə olunmuş Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 banka 2066.68 manat əsas borc, 182.27 manat faiz borcu, 259.48 manat dəbbə borcu, cəmi 2508.43 manat borcu vardır. İşə əlavə olunmuş xx.xx.2022-ci il tarixli MXD-2022/1746 saylı bildirişdən görünür ki, bank tərəfindən Cavabdeh2 və Cavabdeh1 borcun ödənilməsi barədə xəbərdar olunmuş, borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İşə əlavə olunmuş xx.xx.2023-cü il tarixli MXD-2023/129 saylı bildirişdən görünür ki, bank tərəfindən Cavabdeh2 və Cavabdeh1 borcun ödənilməsi barədə xəbərdar olunmuş, borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İşə əlavə olunmuş xx.xx.2022-cü il tarixli MXD-2022/391 saylı bildirişdən görünür ki, bank tərəfindən Cavabdeh2 və Cavabdeh1 borcun ödənilməsi barədə xəbərdar olunmuş, borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İşə əlavə olunmuş xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə müraciət etmək üçün 45.09 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Qeyd edilənlərlə müəyyən olundu ki, tərəflər arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi və zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı xx.xx.2021-ci il tarixli FN-00348-00/21A nömrəli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməmiş, kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməmişdir, hansı ki, o, iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni zamanda Cavabdeh1 Mülki Məcəllənin 470.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada Cavabdeh2 Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti, habelə Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu Cavabdeh1 zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşımağı, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Həmçinin, tərəflər arasında bağlanmış müqavilə ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da, xx.xx.2021-ci il tarixli FN-00348-00/21A saylı kredit müqaviləsi üzrə 259.48 manat məbləğində cərimənin tələb olunması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğu üçün, həmin cərimənin məbləği azadılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, 254.55 manat məbləğində dəbbə pulu azaldılmalı və 100 manat məbləğində müəyyən edilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 45.09 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınmasının zəruri olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək əsasən Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2066.68 manat əsas borc, 182.27 manat faiz borcu, 100 manat dəbbə borcu, ümumilikdə 2348.95 manat borc, 45.09 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqı tutularaq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2066.68 manat əsas borc, 182.27 manat faiz borcu, 100 manat dəbbə borcu, ümumilikdə 2348.95 manat borc, 45.09 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqı tutularaq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №e-2(007)-882/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-882/2023
06.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver