Məhkəmə qərarları › İş №e-2(007)-902/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-902/2023

02.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-902/2023 02.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 4929.93 (dörd min doqquz yüz iyirmi doqquz manat, 93 qəpik) manat, bundan 1793.22 (bir min yeddi yüz doxsan üç manat, 22 qəpik) manat əsas, 790.08 (yeddi yüz doxsan manat, 08 qəpik) manat faiz, 2097.88 (iki min doxsan yeddi manat, 88 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 248.75 (iki yüz qırx səkkiz manat, 75 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 69,30 (altmış doqquz manat, 30 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Binəqədi filialı ilə Cavabdeh2 arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli Kredit Müqaviləsi üzrə Dövriyyə vəsaitinin artırılması və Cari xərclər məqsədi ilə cavabdehə 24 ay müddətinə illik 22% faiz dərəcəsi ilə 4700 (dörd min yeddi yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən kredit Borcalana “Dövriyyə vəsaitini artırmaq” məqsədi ilə verilsə də, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat əldə etmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində fiziki şəxslər üzrə ada görə “Cavabdeh2” vergi ödəyicisi kimi axtarılmış, lakin buna baxmayaraq həmin ada uyğun VÖEN müəyyən edilməmişdir (İnternet Vergi İdarəsinin portalından çıxarış qoşmaya əlavə edilmişdir). Cavabdeh2 kredit verilərkən Cavabdeh3 və Cavabdeh1 ilə Bank arasında ********* nömrəli xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli 01 saylı Kredit müqaviləsinə əsasən kredit restrukturizasiya edilmişdir. Borcalanın Kreditor qarşısındakı restrukturizasiya edilmiş kredit məbləğinin qalığı konvertasiya edilməklə 3165.45 (üç min yüz altmış beş dollar, 45 sent) ABŞ dolları kredit öhdəliyi (1 USD=1.50 AZN) 4748.18 (dörd min yeddi yüz qırx səkkiz manat, 18 qəpik) AZN təşkil edir. Kreditin müddəti xx.xx.2020-ci il tarixədək təyin olunmuşdur. Borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********342 saylı xx.xx.2022-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2022-ci il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 4929.93 (dörd min doqquz yüz iyirmi doqquz manat, 93 qəpik) AZN təşkil edir. Bundan 1793.22 (bir min yeddi yüz doxsan üç manat, 22 qəpik) AZN əsas, 790.08 (yeddi yüz doxsan manat, 08 qəpik) AZN faiz, 2097.88 (iki min doxsan yeddi manat, 88 qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 248.75 (iki yüz qırx səkkiz manat, 75 qəpik) AZN faiz borcu təşkil edir. Cavabdeh3 iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, 14 fevral 2023-cü il tarixində məhkəmə bildirişini almış, bildirişdə ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh1, Cavabdeh2 və ona qarşı cəmi borc 4929.93 (dörd min doqquz yüz iyirmi doqquz manat, 93 qəpik) iddia qaldırdığını qeyd etmiş və onların hüquqları izah edilmişdir. Qeyd edir ki, o, borclu deyil zamindir. Ləğv prosesində olan İddiaçı ASC ona qarşı zamin kimi iddia qaldırmaq müddətini artıq bitirib. Yəni ona qarşı iddia qaldıra bilməz. Və o, zamin kimi borc qarşısında artıq məsuliyyət daşımır. xx.xx.2015-ci il tarixli Kredit Müqaviləsi üzrə cavabdehlərə 24 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 4700 (dörd min yeddi yüz) ABŞ dolları kredit verilmişdir. Həmin tarixdə də onunla zaminlik müqaviləsi bağlanmışdır. Daha sonra devalivasiya olduğu üçün kredit cavabdehlər tərəfindən az-az ödənilmişdir. İkinci devalivasiyadan sonra isə ödəniş edə bilməmişlər. xx.xx.2017-ci il tarixli 01 saylı kredit müqaviləsinə əsasən kredit restruktruzasiya edilmişdir. Kreditin son müddəti isə xx.xx.2020-ci il tarixə təyin olunmuşdur. Amma həmin restruktrizasiya müqaviləsində o, zamin kimi durmamışdır. Yəni zaminlik müqaviləsi bağlamamışdır. İki səbəb və maddəyə görə zaminlikdən azad edilməlidir. Birinci səbəb budur ki, o, zamin durduğu kredit daha sonra ölkə başçısının “Problemli kreditlərin restruktruzasiya” ilə bağlı fərmanına düşdükdən sonra borclu yeni kredit müqaviləsi bağlayan zaman o, həmin kredit müqaviləsinə zamin kimi qol çəkməmişdir. Bu da Mülki Məcəllənin 477-ci maddəsinin (zaminliyə xitam verilməsi) 0.2-ci bəndinin (477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda) pozulması deməkdir. Cavabdeh2 ərizə verərək bildirmişdir ki, "xxxx" ASC restrukturizasiyadan sonra ona fərmanın şərtlərinə görə artıq ödəməsi var deyə hesabına pul köçürmüşlər. Həmin pulu o, bankdan götürmüşdür. Amma indi Əmanətlərin Sığortalanması Fondu ondan əsas borcdan çox faiz istəyir. Faiz borcunu iki dəfə hesablayır. Borcu 1793.22 manatdır. Amma 3000 manatdan əlavə pul tələb edilir. Qeyd edilənlərə əsasən Əmanətlərin Sığortalanması Fondunun hesabladığı 2097.88 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 248.75 manat faiz borcunun silinməsi, zaminlik müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 xx.xx.2023-cü il tarixdə ərizə verərək işlərinin çoxluğu səbəbindən məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsi barədə yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirdi ki, iddianı qismən qəbul edir. Hesab edir ki, hesablanmış faiz və cərimə məbləği əsassızdır. Onun yalnız əsas borcu qalmışdır. Bank isə əlavə 3000 manat da tələb edir. Bu səbəbdən iddianın qismən təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə baxış iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, Cavabdeh2 izahatını dinləyib, iş materiallarını tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Binəqədi filialı ilə Cavabdeh2 arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli Kredit Müqaviləsinə əsasən bank cavabdehə illik 22 % olmaqla, 24 ay müddətinə 4700 ABŞ dolları məbləğində kredit vermişdir. - "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış 100013294/ZM nömrəli xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 və Cavabdeh3 "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə zamin duraraq borclu borcu ödəmədiyi təqdirdə məsuliyyəti öz üzərinə götürmüşlər. - xx.xx.2017-ci il tarixli 01 nömrəli əlavə sazişdən görünür ki, ********* nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsi restrukturizasiya edilmişdir. Borcalanın Kreditor qarşısındakı restrukturizasiya edilmiş kredit məbləğinin qalığı konvertasiya edilməklə 3165.45 ABŞ dolları kredit öhdəliyi (1 USD=1.50 AZN) 4748.18 AZN təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. - xx.xx.2017-ci il tarixli 01 nömrəli əlavə sazişə əsasən xx.xx.2015-ci il tarixli ********* nömrəli restrukturizasiya edilmiş Kredit Müqaviləsinə dair ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 36 ay müddətində hər ayın 23-dən gec olmayaraq 164.60 manat sonuncu ay 164.46 manat ödəməli idi. - xx.xx.2015-ci il tarixli ********* nömrəli restrukturizasiya edilmiş Kredit Müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 01 nömrəli əlavə zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 və Cavabdeh3 "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə və xx.xx.2017-ci il tarixli 01 nömrəli əlavə sazişlə tanış olduqlarını, şərtləri ilə razılaşdıqlarını və müfaviq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. - 22 noyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 14 noyabr 2022-ci il tarixinə banka 1793.22 manat əsas, 790.08 manat faiz, 2097.88 manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanan 248.75 manat, cəmi 4829.93 manat məbləğində borcu yaranmışdır. - 31 oktyabr 2022-ci il tarixli bildirişdən görünür ki, 4923.43 manat məbləğində borcun ödənilməsi bank tərəfindən cavabdehə və zaminlərə xəbərdarlıq edilmiş, 3 gün ərzində borcun ödənilməsinin təmin edilmədiyi təqdirdə kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə məlumatlandırılmışlar. - xx.xx.2015-ci il tarixli, kassa məxaric orederindən görünür ki, Cavabdeh2 4700 ABŞ dolları kredit verilmişdir. - Hesabdan çıxarışdan görünür ki, Cavabdeh2 sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 165 manat ödəniş etmişdir. - Kompensasiya ilə bağlı çıxarışdan görünür ki, 21 fevral 2015-ci il tarixinə hesablanmış kompensasiyanın vətəndaşa çatan hissəsi 1807.33 manat təşkil edir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 sentyabr 2023-cü il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* saylı Kredit Müqaviləsi və xx.xx.2017-ci il tarixdə 01 nömrəli X3 qeyd olunan şərtləri nəzərə alınmaqla, Cavabdeh2 1807,33 manat kompensasiya hesablanaraq, banka olan borcu müqavilə bitən tarixə yəni xx.xx.2020-ci il tarixinə əsas borc üzrə 1780.23 manat, faiz borcu üzrə 265.55 manat, maliyyə arayışı müddətinə, yəni xx.xx.2022-ci il müddətinə (müqavilə bitdikdən sonra illik 5 faizlə) əsas borc üzrə 1780.23 manat, faiz borcu üzrə 242.56 manat. İş materiallarından göründüyü kimi İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* saylı Kredit Müqaviləsi və xx.xx.2017-ci il tarixdə 01 nömrəli X4 əsasən 1807.33 manat kompensasiya qalıq borc məbləğindən çıxılmaması, həmin məbləğin Cavabdeh2 qaytarılması müəyyən edilir. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" ASC tərəfindən 69.30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh2 illik 22 % olmaqla, 24 ay müddətinə 4700 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüş, xx.xx.2015-ci il tarixdə kredit vəsaitini "xxxx" ASC-dən nağd olaraq almışdır. Digər cavabdehlər Cavabdeh3 və Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi xx.xx.2015-ci il tarixdə borcalanla birlikdə bankla zaminlik müqaviləsi bağlamışlar və kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün borcalanla birgə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşlər. xx.xx.2017-ci il tarixli 01 nömrəli əlavə sazişə əsasən ********* nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsi restrukturizasiya edilmişdir. Borcalanın Kreditor qarşısındakı restrukturizasiya edilmiş kredit məbləğinin qalığı konvertasiya edilməklə 3165.45 ABŞ dolları kredit öhdəliyi (1 USD=1.50 AZN) 4748.18 AZN təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. xx.xx.2017-ci il tarixli 01 nömrəli əlavə zaminlik müqaviləsinə əsasən Cavabdeh3 və Cavabdeh1 xx.xx.2017-ci il tarixli 01 nömrəli əlavə sazişlə tanış olduqlarını, şərtləri ilə razılaşdıqlarını və müfaviq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Lakin cavabdehlər kreditin ödənilməsi ilə bağlı müqavilə ilə üzərlərinə düşən öhdəliklərə əməl etməmişlər, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişlər. Nəticədə cavabdehlərin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, tərəflər arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirərək müqavilədə nəzərdə tutulan məbləği cavabdehə versə də, sonuncu öz öhdəliklərinə əməl etməmiş və layiqincə icra etməmişdir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh2 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı 15 dekabr 2015-ci il tarixli kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyə əməl edib krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh2 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmçinin müəyyən olundu ki, Cavabdeh3 və Cavabdeh1 Mülki Məcəllənin 470.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada Cavabdeh2 "xxxx" ASC qarşısında öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti, habelə Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu Cavabdeh2 zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşımağı, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı öz üzərinə götürmüşlər. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə iddia tələbinin əsas və faiz borcu ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsində cavabdehlərdən tutulmalı olan əsas borcun məbləği 1793.22 manat və faiz borcunun məbləği 790.08 manat kimi göstərilmişdir. Məhkəmənin qərardadına əsasən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 04 sentyabr 2023-cü il tarixli rəyindən isə görünür ki, cavabdehlərin müqavilənin bitmə tarixinə xx.xx.2020-ci il tarixinə əsas borc üzrə 1780.23 manat, faiz borcu üzrə 265.55 manat təşkil edir. İddiaçı tərəfindən tutulmalı olan əsas və faiz borcu məbləğinin azaldılması ilə bağlı ərizə təqdim edilmədiyini və cavabdehin mənafeyini nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, tutulmalı əsas və faiz borcunun məbləği məhkəmənin qərardadına əsasən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 04 sentyabr 2023cü saylı rəyində göstərilmiş 1780.23 manat əsas və 265.55 manat faiz müəyyən edilməli, iddia həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Lakin yuxarıda qeyd edildiyi kimi hesablanmış dəbbə pulu (cərimə) dəyən zərərin-faiz borcunun həddini aşmışdır. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.1-ci maddəsinə görə əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Yəni, hazırki iş üzrə iddiaçı cavabdehdən dəbbə pulunu (cəriməni) zərərin (hazırki iş üzrə hesablanmış faizlərin) minimum məbləği kimi tələb edə bilər. Başqa sözlə, dəbbə pulu (cərimə) mümkün zərərin minimum məbləğindən çox ola bilməz. Hazırki halda isə cərimə hesablanmış faiz məbləğində əhəmiyyətli dərəcədə artıq hesablanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə 1793.22 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 2097.88 manat dəbbə (cərimə) pununun tutulması əsaslı hesab edilə bilməz və tənasübsüz yüksək olduğundan azaldılmalıdır. Cavabdehlərdən iddiaçının xeyrinə tutulması tələb edilən dəbbənin (cərimə) məbləği azaldılaraq 100 manat müəyyən edilməlidir. Məhkəmə, tələbin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014cü il tarixli Plenum qərarına əsasən hesablanmış 248.75 manat faiz borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 04 sentyabr 2023-cü il tarixli rəyindən görünür ki, illik 5% dərəcəsi ilə faiz borcu 242.56 manat müəyyən edilir. Belə olan halda Plenum qərarına əsasən hesablanmış illik 5% dərəcəsi ilə faiz borcu 04 sentyabr 2023-cü il tarixli rəydə göstərilmiş 242.56 manat müəyyən edilməli, iddia həmin hissədə də qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” 24 dekabr 2014-cü il tarixli qərarına əsasən banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 69.30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən, məhkəmə xərclərinə aid olan ödənilmiş 69.30 manat dövlət rüsumunun 33.57 manatı müştərək qaydada cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1, 35.73 manatı iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə aid edilməlidir. Həmçinin iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 48.44 manatı müştərək qaydada cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1, 51.56 manatı iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 1780.23 manat əsas, 265.55 manat faiz borcu, 100 manat cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 242.56 manat faiz borcu ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərclərinə aid olan ödənilmiş 69.30 manat dövlət rüsumunun 33.57 manatı müştərək qaydada cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1, 35.73 manatı iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə aid edilməli, məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 48.44 manatı müştərək qaydada cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1, 51.56 manatı iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına a keçirilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 1780.23 manat əsas, 265.55 manat faiz borcu, 100 manat cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 242.56 manat faiz borcu ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 69.30 manat dövlət rüsumunun 33.57 manatı müştərək qaydada cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1, 35.73 manatı iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə aid edilsin. Məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 48.44 manatı müştərək qaydada cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1, 51.56 manatı iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar